Elam dili | |
---|---|
Orijinal adı | Hatamti/u, Haltamti. |
Ölkə | Elamlar |
Regionlar | Qərbi Asiya, İran |
Rəsmi status | Elam dili |
Ölü dil | b.e.ə. 2600-cü ildən - b.e.ə. 330-cu ilə qədər (danışıq dili kimi) |
Təsnifatı | |
Kateqoriya | Avrasiya dilləri |
Yazı | mixi yazı |
Dil kodları | |
QOST 7.75–97 | эла 834 |
ISO 639-1 | — |
ISO 639-2 | elx |
ISO 639-3 | elx |
IETF | elx |
Glottolog | elam1244 |
Vikianbarda əlaqəli mediafayllar |
Elam dili — qədim Elam ərazisində b.e.ə. 2600-cü ildən - b.e.ə. 330-cu ilə qədər İranın cənub-qərbində (indiki Xuzistan əyalətində) mövcud olmuş, mənşəyi dəqiq bəlli olmayan ölü dil; mixi yazı sistemi ilə yazılmış və qədim Yaxın Şərq tarixində mühüm rol oynayan dillərdən biri.
Elam dilinin öyrənilməsində mühüm əhəmiyyət kəsb etmiş elam dili lüğəti - "Elamisches Wörterbuch" 1987-ci ildə Valter Hints və Haydemari Koç tərəfindən nəşr edilib.
E.ə. XXIII əsrin sonunda Akkad mixi yazı sistemindən istifadə edərək elam dilində kitabələr yazılmağa başlanır. İndiyədək bunun yalnız bir nümunəsi məlumdur. Akkad hökmdarı Naram-Suenlə Elam hökmdan Kutüc/Puzur-İnşuşinak arasında bağlanan müqavilənin mətni 15 sm x 16 sm ölçülü dördkünc gil lövhəciyin hər iki üzündə yazılıb və hazırda Sb. 9933 inventar sayı ilə Lüvr muzeyində sərgilənir. Müqavilənin akkad dilindəki mətni isə hələ tapılmayıb.[1]
Protoelam yazılarının tədqiqi ilə məşğul olan fransız məktəbinin görkəmli nümayəndələrindən biri də Rolan de Mekkenem idi. O, 65 piktoqrafik və 10 xətti mətnlərin sürətini dərc etmiş və 102 piktoqrafik sənədin məzmununu müəyyənləşdirməyə səy göstərmişdir. Şumer işarələri ilə müqayisəli təhlilə üstünlük verən R. de Mekkenem 200-dən artıq protoelam piktoqrammın semantikasını təklif etmişdir.[1]
Suzdan tapılan piktoqrafik mətnləri son dəfə Fransua Vala nəşr edib. E.ə. III minillikdə İranda mövcud olan yerli yazı sistemlərinin son təsnifatı və mədəni təbəqələrə uyğun xronologiyası F.Valaya məxsusdur. Fransada protoelam yazılarının nəşri tezliklə Almaniyada da geniş maraq doğurdu. Alman tədqiqatçılarının səyi xətti mətnlərin sirrinin açılmasına yönəlmişdi. Ferdinand Brok ilk dəfə düzgün təyin etdi ki, “A” mətni Puzur-İnşuşinakın akkad dilində tərtib olunmuş kitabəsinin elam dilinə tərcüməsidir. O, həmin mətndəki bəzi işarələr qurupunun “B ” mətnində də təkrarlandığını söyləsə də, yalnız 3 işarənin oxunuşunu düzgün təyin edə bilmişdir. Karl Frank xətti mətnlərin hecalı və sözlü oxunuşa malik işarələrlə yazıldığını müəyyənləşdirdi və ilk dəfə olaraq “A” mətnində Elam tanrısı İnşuşinakın adını düzgün oxuya bildi.
Elam xətti mətnlərin dilinin açılması Valter Hinsin adı ilə bağlıdır. 1961-ci ilin yayında şərqşünasların Gettingen şəhərində keçirilən konfransında o, Elam xətti mətnlərinin oxunuşuna dair məruzə etdi. Məruzənin mətni 1 ildən sonra dərc olundu. Müəllif məqalədə 10 mətnin (bunlardan dördü eyni məzmunlu idi) və 60 işarənin oxunuşunu təyin etdi. Bu sahədəki tədqiqatlar onun növbəti əsərlərində də davam etdirilmişdir.
Azərbaycanda protoelam yazı sisteminin tədqiqi ilə professor Yusif Yusifov və təqdim olunan monoqrafiyanın müəllifi məşğul olmuşdur. Onların məqalələrində rəqəmlərlə bağlı işarələr araşdınlmış və piktoqrafik sənədlərdə yazılışının istiqamətləri nəzərdən keçirilmişdir. Bundan əlavə, Allahverdi Əlimirzəyev adlı digər Azərbaycan tarixçisinin apardığı araşdırmalar piktoqrafik mətnlərdə hecalı yazılışının tətbiqi hallarını üzə çıxartdı.[1]
Elam dili əvvəlcə proto-Elam yazısı ilə, daha sonra isə Akkad mixi yazı sistemi əsasında inkişaf etdirilən Elam mixi yazısı ilə yazılıb. Elam mixi yazısı eramızdan əvvəl III minillikdən başlayaraq istifadə olunub. Bu dilin hansı dil ailəsinə aid olması barədə dəqiq məlumat yoxdur. Bəzi tədqiqatçılar onun təcrid edilmiş bir dil olmasını, yəni heç bir məlum dil ailəsinə daxil olmadığını irəli sürür. Bununla belə, bəzi nəzəriyyələr Elam dilini dravid dillərlə əlaqələndirməyə çalışsa da, bu fikir fərziyyə olaraq qalır. Elam dilində yazılmış bir çox rəsmi mətnlər, kral fərmanları və müqavilələr tapılıb. Elam mətnlərinin əksəriyyəti inzibati sənədlər, müqavilələr və dualardır. Elam dili əsasən qədim İran tarixində və Mesopotamiya ilə qarşılıqlı əlaqələrdə mühüm rol oynayıb. Xüsusilə Əhəmənilər imperiyasının erkən dövründə inzibati dil kimi istifadə olunub, lakin zaman keçdikcə Elam dili öz yerini Fars və digər dillərə vermişdir. Elamdilli mətnləri 3 fərqli yazı sistemi ilə (piktoqrafik, xətti-cizgili və mixi) tərtib olunub. Bunlardan ən qədiminin - piktoqrafiyanın elam dilində yazıldığı yalnız ehtimala əsaslanır. [2]
Elam dilinin tarixi aşağıdakı kimi dövrləşdirilə bilərː
Orta elam dili Elam tarixinin klassik dövrünə aid edilir, lakin dilin ən yaxşı növü Əhəməni dövründə istifadə edilmiş elam dili hesab edilir. Bu dil Əhəmənilər dövlətinə aid rəsmi mətnlərdə, o cümlədən də inzibati sənədlərdə geniş şəkildə istifadə edilmişdir.[3]
Persepolis inzibati arxivləri 1930-cu illərdə Persepolisdə aşkar edilmişdir və bu mətnlərin əksəriyyəti elam dilindədir. 10.000-dən artıq mixi yazılı sənədlər tədqiq edilmişdir. Aramey dili ilə müqayisədə təxminən 1000-ə yaxın orijinal mətn aşkar edilmişdir. Bu sənədlər Persepolisə aid inzibati fəaliyyətə dair məlumatları özündə əks etdirir və b.e.ə. 509-cu ildən b.e.ə. 457-ci ilə qədər olan dövrə dair məlumatlar verir.[4]
Qədim Elam və erkən yeni Elam dilində sənədlərə nadir hallarda təsadüf edilmişdir. Elam dilindən Əhəmənilər dövründən sonra da istifadə edilmişdir. Elamasin (Elamın ellin dövründə adlanma forması) bir sıra hökmdarları b.e.ə. II və b.e.ə. I əsrlərdə Elam adlarından istifadə etmişdir. "Apostolların fəaliyyəti" adlı (80-90-cı illərə aid) əsərdə elam dili hələ də istifadə də olan dil kimi xatırlanır. Talmuda əsasən demək olar ki, elam dili yerli dil olaraq qalırdı, Ester kitabı Sasanilər dövründə (226-651) hər il Suz yəhudiləri tərəfindən oxunurdu. VIII-XIII əsrlərdə müxtəlif ərəb müəllifləri Xuzistanda danışıq dili olan xuzi dilindən bəhs edirlər. Bu dil bu müəlliflərə bəlli olan heç bir İran dilinə bənzəmirdi. bu dilin "Elam dilinin son variantı" olması ehtimal edilir.[5]
Xuz dili barədə son məlumatı 988-ci ildə Əl-Müqəddəsi adlı ərəb coğrafiyaçısı vermişdir. O Xuzi dilini ikidilli bir dil kimi xarakterizə edir və yazır ki, Ramhörmüz şəhərində "başa düşülməyən" bir dildə danışırlar. Bu dillə bağlı son xatırlatma məhz əl-Müqəddəsiyə aid olduğu üçün və ondan sonra bu dil barədə məlumat verənlərin məhz ona istinad etməsi nəzərə alınarsa Xuzi dili XI əsrə qədər istifadə edilmişdir. [6]
Tipoloji baxımdan iltisaqi dillər qrupuna daxil olan bir dildə danışan elamlılar artıq e.ə. IV minillikdə Suziana düzənliyinin aparıcı etnik qruplaşmasına çevrilir. Elam dilində sözün kökü dəyişməz qalır, qrammatik göstəricilər isə sözün kökünə əlavə olunurdu. İsimlərin sonuna - r (müəyyən) və - k (qeyri-müəyyən) göstəriciləri əlavə olunurdu. İsimlərin hallanması elam dili üçün xarakterik deyildi. Elam dilinin zəif öyrənilməsi səbəbindən onun müasir dillərlə genetik qohumluğu müəyyənləşdirilməyib. Onu vaxtilə Qafqaz və türk-altay dilləri ilə müqayisə etməyə çahşsalar da, bu araşdırmalar uğursuzluqla nəticələndi. Hazırda elam və dravid dillərinin genetik qohumluğu fikri daha çox müdafiə olunur.[7][2]