Eldorado

Eldorado (isp. El Dorado - qızıldan olan) — Amazon çayı hövzəsində yerləşdiyi iddia olunan əfsanəvi şəhər. Əfsanəyə görə, bu şəhərdə hər şey qızıldan hazırlanıb.

El Hombre Dorado (qızıl adam), El İndio Dorado (qızıl hindu), və ya El Rey Dorado (qızıl kral), Avropalılıar tərəfindən Kolumbiyada yerli qəbilənin başçısı olan Muiskaya verilən addır. Muiska qızıla çox həris bir insan olmuş və rəvayətə görə özünü qızıl tozu ilə örtmüşdür. El Dorado bu əfsanəvi qızıl kralın imperatorluğu kimi təsvir olunaraq yer anlayışına çevrilmişdir.

Eldorado ədəbiyyatda məcazi mənada insanların ömürləri boyu axtardığı bir şeyi təsvir etmək üçün işlədilir. Bu əsl sevgini, cənnəti, xoşbəxtliyi və ya uğuru təmsil edə bilər. Uzun müddət axtardıqdan sonra tapılmayan və ya tapılma ehtimalı olmayan bir şeyi ifadə etmək üçün də Eldorado sözü işlədilir. Bu konteks Edqar Allan Poenin şeirində öz əksini tapır:


     Eldorado
Həvəslə silahlanmışdı,
Uzun bir yola çıxmışdı.
Qəhrəman, cəsur cəngavər,
Dilində qədim nəğmələr,
Gedirdi gündə, kölgədə,
Eldoradonun izində.

Zamanla qocaldı o da,
Qəhrəman, igid olsa da.
Kölgələr qəlbini sardı,
Ruhunu qorxular aldı.
Bir yer də görünmədi ona,
Bənzəyən Eldoradoya.

Gücü də tərk etdi onu,
Ararkən Eldoradonu.
Köçəri bir kölgə gördü,
Durmadı, tez onu sordu:
“Cavab ver, bilirsən əgər,
Hardadır o gözəl şəhər?”

“Aydaki dağlardan çap, keç.
Qorxmadan get, yubanma heç.
Dərində kölgə vadisi”
Duyuldu kölgənin səsi.
“Orada taparsan onu
Arasan Eldoradonu.”