Episentr (yun. ἐπι-, lat. centrum-mərkəz) — zəlzələ hiposentrinin Yer səthindəki proyeksiyasıdır. Episentrin vəziyyəti seysmik stansiyalar tərəfindən qeyd edilən titrəyişlərin tədqiqi əsasında müəyyənləşdirilir Azərbaycan Sovet Ensiklopediyası\4\ səh.75 Güclü zəlzələlərdə Episentr əsasən Yer səthində ən çox dağılmış yerlər hesab edilir.
Hələ zəlzələlərin alət (instrumental) üsulu ilə müşahidəsi olmayan dövrlərdə müxtəlif zəlzələləri bir-biri ilə intensivliklərinə görə müqayisə etmək üçün onların Yer səthindəki təzahürlərini (dağıntıları, zədələri və s.) əsas götürürdülər AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi. XIX əsrin ortalarından başlayaraq zəlzələləri insan hissiyatına, fiziki obyektlərə vurduğu ziyana, ətraf geoloji mühitə vizual təsirinə görə təsnifləşdirməyə cəhdlər edilirdi. Həmin əsrin sonlarında İsveçrədə və İtaliyada tərtib olunmuş Rossi-Forel (RF) zəlzələ intensivliyi şkalası geniş yayılmışdı. Bu cədvəldə seysmik titrəyişlər intensivliklərinə görə on dərəcəyə bölünürlər. 1902-ci ildə İtaliyada Cüzeppe Merkalli tərəfindən yeni, 12 ballıq intensivlik şkalası tərtib edildi. 1931-ci ildə amerikalı alimlər Q. Vud və F. Nyumen, 1956-cı ildə isə Çarlz Rixter həmin şkalada müəyyən dəyişikliklər etmişlər və hazırda bu şkala "Modifikasiya olunmuş Merkallı şkalası (MMİ)" adlanır. 1964-cü ildən Şərqi Avropada, o cümlədən Azərbaycanın da daxil olduğu keçmiş SSRİ-də rəsmi olaraq 12 ballıq MSK-64 şkalası qəbul edildi. Şkalanın adı onu tərtib edən seysmoloqların soyadlarının baş hərflərindən ibarətdir: S. V.Medvedyev (SSRİ), V. Şponhoyer (ADR) və V. Karnik (Çexoslavakiya). Bir-birindən az fərqlənən MMİ və MSK-64 şkalalarından əlavə 12 ballı Avropa makroseysmik şkalası (EMS, 1998), həmçinin Yaponiyada 1951-ci ildən tətbiq edilən Yaponiya meteoroloji agentliyinin (JMA) 7 ballı şkalası mövcuddur.
I bal — Zəlzələ hiss olunmur.
II bal — Çətinliklə hiss olunur. Titrəyişlər yalnız evdə, xüsusilə də yuxarı mərtəbələrdə sakit halda olan insanlar tərəfindən hiss olunur.
III bal — Zəif titrəyişlər. Zəlzələ evdə sakit halda olan az adamlar və çöldə tək-tək adamlar tərəfindən hiss olunur. Minik avtomobili keçərkən əmələ gələn titrəyişlərə oxşardır. Diqqətli insanlar yüngül əşyaların zəif, yuxarı mərtəbələrdə isə bərk yellənməsini müşahidə edirlər.
IV bal — Aydın titrəyiş. Zəlzələ bina daxilindəki adamların çoxunun, çöldəkilərin isə bəzilərinin tərəfindən hiss olunur. Ağır yüklü maşının əmələ gətirdiyi titrəyişlərə oxşardır. Mebelin titrəyişi, asılan əşyaların yüngül silkələnməsi, açıq qablardakı mayelərin dalğalanması müşahidə olunur. Dayanmış avtomobillərdə təkan hiss edilir.
V bal — Zəlzələ bina daxilindəki bütün insanlar çoxu tərəfindən hiss olunur. Bəzi adamlar çölə qaçırlar. Heyvanlar narahat olurlar. Bina bütünlüklə titrəyir. Asılı əşyalar güclü silkələnirlər. Bəzi dayanıqsız əşyalar aşır və ya sürüşürlər. Çiy kərpicdən, gildən tikilmiş kənd evlərində yüngül zədələr, suvaqda xırda çatlar əmələ gələ bilər və suvaq qopub düşə bilər. Bəzi hallarda bulaqların debiti dəyişir.
VI bal — Zəlzələ bina daxilindəki və çöldəki çox insanlar tərəfindən hiss olunur, onların çoxu qorxaraq küçəyə qaçır. Bəziləri müvazinətini itirir, ev heyvanları yuvalarından qaçırlar. Şüşə qabların sınması, kitabların düşməsi, ağır mebellərin hərəkəti müşahidə edilə bilir. İribloklu və panel tipli, adi kərpic binaların bəzilərində və çiy kərpicdən, gildən tikilmiş evlərin çoxunda yüngül zədələr, xırda çatlar əmələ gəlir.
VII bal — Binalar zədələnir. İnsanların böyük əksəriyyəti qorxu içində küçəyə qaçırlar. Onların çoxu ayaq üstdə çətinliklə dururlar. Sürücülər avtomobilin hərəkəti zamanı zəlzələni hiss edirlər. Dəmir-beton karkas binaların çoxunda yüngül zədələr, suvaqlarda xırda çatlar əmələ gəlir, suvağın hissələri qopur, adi kərpic evlərdə, iribloklu və panel binalarda orta zədələnmə, divarlarda kiçik çatlar müşahidə edilir. Çiy kərpicdən tikilmiş kənd evlərində böyük zədələr, divarlarda dərin çatlar qeyd olunur. Belə evlərin bəzilərində evin divarlarının üçması, divarlarda birbaşa çatlar, binanın ayrı-ayrı hissələri arasında birləşmələrin dağılması və s. ola bilər. Bəzi hallarda yol kənarındakı iti yamaclarda sürüşmələr, yollarda çatlar qeyd edilir. Su səthində dalğa əmələ gəlir, lil qalxdığından su bulanır, quyularda suyun səviyyəsi dəyişir, bir sıra hallarda mövcud bulaqlar itir və ya yenisi əmələ gəlir.
VIII bal- Binalar ciddi zədələnir. Ağır mebellərin sürüşməsi, bəzən aşması, asılı lampaların bir hissəsinin zədələnməsi qeyd olunur. Dəmir-beton karkas binalarda orta zədələr, divarlarda xırda çatlar, bəzilərində ağır zədələr, divarlarda dərin çatlar əmələ gəlir. İribloklu və panel binalarda ağır zədələr, divarlarda böyük çatlar, bəzilərində divarların uçması, birbaşa çatların əmələ gəlməsi müşahidə edilir. Çiy kərpicdən tikilmiş kənd evlərində divarların uçması, birbaşa çatların əmələ gəlməsi, bəzən isə evlərin tamamilə üçması baş verir. Boru kəmərlərinin qırılması, heykəllərin sürüşməsi, qəbirüstü daşların aşması, daş hasarların dağılması qeyd olunur.
IX bal — Bütün binaların zədələnməsi, heyvanların qaçışması müşahidə edilir. Dəmir-beton karkas binaların dıvarlarında dərin çatlar, bəzilərində divar uçması, birbaşa çatların əmələ gəlməsi və hətta tamamilə dağılması baş verir. Adi kərpic, iribloklu və panel binalarda divarlarda birbaşa çatlar, bəzi divarların uçması, bəzən isə tam dağılması müşahidə olunur. Abidələr və sütunlar aşır, yeraltı boru kəmərləri qırılır, bəzi hallarda dəmir yolu reysləri əyilir. Qruntdakı çatların eni 10 sm-ə çatır, sürüşmə halları, su üzərində iri dalğalar qeyd olunur.
X bal — Bütün binalarda dağıntı qeyd olunur. Dəmir-beton karkas binaların dıvarlarında birbaşa çatlar, uçma, bəzən isə binanın tam dağılması, adi kərpic, iribloklu və panel binalar, həmçinin çiy kərpicdən kənd evlərinin tam dağılması müşahidə olunur. Qruntda onlarla santimetr, bəzən 1 m-ə qədər enində çatlar, iti yamaclarda sürüşmələr qeyd olunur, sahilyanı bölgələrdə lillə qum kütlələrinin qarışması, çaylardan, göllərdən suyun kənara çıxması, yeni göllərin əmələgəlməsi hallarına rast gəlinir.
XI bal — Fəlakət baş verir. Yaxşı tikilmiş tikililər, körpülər, bəndlər, dəmir yolları ciddi zədələnir, yeraltı boru kəmərləri dağılır, şose yolları yararsız hala düşür. Yer səthində enli çatlar, horizontal və vertikal istiqamətlərdə yerdəyişmələr, dağ uçqunları baş verir. Zəlzələnin intensivliyini təyin etmək üçün xüsusi tədqiqat tələb olunur.
XII bal- Demək olar ki, bütün yerüstü və yeraltı qurğuların zədələnməsi, yer səthinin dəyişməsi, qruntlarda böyük yerdəyişmələrlə müşayət olunan iri çatlar, dağ uçqunları müşahidə olunur, göllər, şəlalələr əmələ gəlir, çaylar istiqamətini dəyişir [1].