Eskapizm

Eskapizm (ing. escape — qaçmaq, uzaqlaşmaq) — insanların, bütövlükdə, cəmiyyətin reallıqlardan uzaqlaşaraq, illüziyalar, fantaziyalar aləminə qapılması.[1]

Eskapizm gündəlik həyatın xoşagəlməz hallarından əyləncə və istirahət vasitəsilə əqli yayınmadır. Psixoloji travmalar, gərgin işlər zamanı qazanılan stressə cavab reaksiyası kimi meydana çıxır. Eskapizmin məqsədi insanları gündəlik həyat sıxıntılarından uzaqlaşdırmaqdır. Sağlam həyatın tərkib hissələri (yemək, yatmaq, idman və s.) eskapizmin vasitəsi ola bilər. Eskapizm zamanı sosial reallıqlardan uzaqlaşmaq, dünyanı öz xəyalındakı kimi təsəvvür etmək və s. hallar meydana gəlir. Ziqmund Freyd reallıqdan uzaqlaşdıran fantaziyaların payını insanların həyatında zəruri element hesab edirdi: "Onlar real həyatdan aldıqları yoxsul məmnunluqda mövcud ola bilmirlər". Klayv Steyplz Lyuisin (1898–1963) fikrinə görə, eskapizm xəyal potensialını möhkəmləndirməyə və zənginləşdirməyə xidmət edə bilər. Yazıçı Con Tolkin eskapizmə reallıqdan "ikinci (xəyali) dünyaya" keçid kimi baxırdı.