Federiko Fellini | |
---|---|
it. Federico Fellini | |
Doğum tarixi | |
Doğum yeri | İtaliya, Rimini |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | İtaliya, Roma |
Vəfat səbəbi | ürək tutması |
Həyat yoldaşı | Culyetta Mazina |
Fəaliyyəti | Rejissor |
Fəaliyyət illəri | 1950-1990 |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları | "Oskar" (1956, 1957, 1963, 1974, 1993) |
IMDb | ID0000019 |
federicofellini.it | |
Vikianbarda əlaqəli mediafayllar |
Federiko Fellini (it. Federico Fellini; 20 yanvar 1920[1][2][…], Rimini, Emiliya-Romanya[1][3] – 31 oktyabr 1993[2][4][…], Roma[3]) — görkəmli italyan kinorejissoru, 5 Oskar mükafatı, Kann kinofestivalı "Qızıl palma budağı" (fr. le Festival international du film de Cannes və ya qısaca fr. le Festival de Cannes) laureatı. Rimini şəhərinin hava limanı onun adını daşıyır.
Federiko Fellini 1920-ci il yanvarın 20-də İtaliyanın Adriatik dənizi sahilində yerləşən Rimini şəhərində dünyaya gəlib. Onun uşaqlığına bu şəhərin xüsusi təsiri olub. Şəhərdə sirk sənətçiləri tez-tez tamaşalar göstərər, vodevil göstəriləri keçirilərmiş. Federiko da onları heyranlıqla seyr edərək, xalq oyunlarından təsirlənərək böyüyüb. Sonralar rejissor uşaqlıqda gördüklərinin hamısını çəkdiyi filmlərdə əks etdirib. Onun 1973-cü ildə çəkdiyi "Amarkord" filmini isə kino tənqidçiləri avtobioqrafik film sayırlar.
İlk təhsilini katolik məktəbində alıb. Burada yaşadıqları da sonralar filmlərində əks olunub. Gənclik illəri faşizm dövrünə düşüb. Bir xeyli sənət dəyişdirib. Karikatura ilə məşğul olmağa başlayıb, müxbirlik edib, sığorta agenti olub və s. İtaliya faşistlərdən təmizlənəndən sonra — 23 yaşında kinoya baş vurub, həyatının qadını ilə rastlaşıb və buradan 50 il sonra dünya kinosunun tapındığı bir şəxsiyyət olaraq əbədiyyətə qovuşub.
Keçən əsrin 40–50-ci illəri kino tarixində "Yeni dalğa"nın yarandığı illər idi. Artıq köhnə kino — bütün dünya kinoteatrlarında göstərilən filmlər, kinoya yeni gələnləri bezdirirdi. Onlar bu filmləri "Sinema dü Papa" — atamın kinoları adlandırırdılar. Deyirdilər ki, bu filmlərdə yaradıcı enerji yoxdur, təxəyyüldə kasadlıq var. Kino adamı təkcə əyləndirməməlidir, həm də bir işə, hərəkətə ruhlandırmalıdır. Və özləri də arzuladıqları filmləri çəkirdilər.
İtaliyada da bu cərəyan var idi. Həm də italyanlar öz "Yeni dalğa"larını yaratdılar. Buna tənqidçilər ikinci kinorenessans deyirlər. Həmin kino dalğanın ən böyük fiqurlarından biri isə Federiko Fellini oldu.
Tale Fellinini italyan neorealizminin öncülü — Roberto Rosselini ilə qarşılaşdırdı. Rosselini 1945-ci ildə çəkdiyi "Roma – açıq şəhər" filmininin ssenarisini yazmağı Federikoya təklif etdi. Film həmin il Kann festivalının baş mükafatını qazandı. Bundan ruhlanan ikili 3 il sonra Federikonun ssenarisi ilə daha bir film – "Eşq" filmini çəkir. Ən maraqlısı isə bu filmdə tanınmış italyan aktrisası Anna Manyani ilə Federikonun bir yerdə oynamasıdır.
İki il sonra Fellini ilk rejissor işi – "Varyete işıqları"nı çəkir. Ancaq ilk dünya şöhrətini 4 il sonra — 1954-cü ildə çəkdiyi "Yol" — "Bitməyən küçələr" filmi ilə qazanır. Filmdə qadın obrazını Culyetta Mazina – Fellininin ömür dostu canlandırır. Sonra "Kabiriyanın gecələri", "Şirin həyat" (bu filmdən sonra hökumətin yasağı ilə qarşılaşmışdı), "Səkkiz yarım", "Culyetta və ruhlar", "Klounlar" və s. — ümumilikdə 24 film. 1990-cı ildə Fellini son filmini çəkir – "Ayın səsi"… Fellini artıq 5 Oskarlı rejissor idi. Saysız film festivallarının laureatıydı. Dünyasını dəyişən il — 1993-cü ildə İtaliya Kino Akademiyası onu bütün filmlərinə görə Ləyaqət Oskarı ilə mükafatlandıranda, Fellini zarafatla söyləmişdi: "İnanıram ki, bu son, bağlanış mükafatı deyil…".
Fellini haqqında yazanlar onun əksər filmlərinin bəstəkarı Nino Rotadan, filmlərinin əvəzsiz ulduzu aktyor Marçello Mastroyannidən bəhs etmədən sözlərini bitirmirlər. Nino Rota ilə Fellinini dünya kino tarixinin ən ünlü rejissor — musiqiçi ikililərindən biri adlandırırlar (Nino Rota həm də "Xaç atası" filminə musiqi yazmışdır). Qaldı Marçelloya, Federiko deyərmiş: "Bəzən aramızdakı anlaşma o qədər mükəmməl olur ki, sözləri düşüncələrdən ayıra bilmirəm. Biz danışmadan da bir-birimizi anlayırıq".
Culyetta Roma Universitetində Marçello ilə bir yerdə oxumuşdu. Tələbə teatrlarında oynamışdılar. Fellini Culyettanı kinoya baş vurduğu il — 1943-cü ildən tanıyır. Elə həmin ildə də evlənirlər. Culyetta Mazina onun həm həyatının, həm filmlərinin qəhrəmanına çevrilir. 50 il bir yerdə yaşayırlar. Fellini deyərmiş: "Bir adam biri ilə həyatının 50 ilini keçirirsə, o zaman bütün xatirələr — ortaq xatirələrlə dolu bank hesabı kimi o birinə də keçir. Biz hər ikimiz yaşayan qeyd dəftəriyik".
Federiko onları "Federiko və Culyetta" çağıranlara belə deyərmiş: "Görəsən Romeo və Culyetta 50-ci evlilik ildönümlərini necə yaşardılar? Sevgiləri bu illər boyunca davam edərdimi? İnanıram ki, onların durumu da Culyetta ilə mənimkindən fərqli olmazdı".
Onlar 49 il, 11 ay, 29 gün birlikdə yaşadılar. 1993-cü il oktyabrın 31-də böyük rejissorun ürəyi dayandı. Sabahı — noyabrın 1-i onların qızıl toyu olmalı idi.
Onu anadan olduğu Rimini şəhərində doğmalarının yanında dəfn etdilər. Romadan Riminiyə qədər matəm kortejinin keçdiyi yol boyu böyük izdiham seli onu son mənzilə uğurlayırdı. Dünya kinosunun tanınmış isimləri onun haqqında deyirdilər: "Ölümü kinonun bu yüzildəki ən böyük itkisidir" (Vudi Allen). "Kino tarixi "Fellini öncəsi" və "Fellini sonrası" deyilən iki dönəmə ayrılıb" (Yves Boisset).
Federikodan sonra onsuz da xəstə olan Culyetta cəmi 5-cə ay yaşadı.