Flora (lat. Flora – Roma mifologiyasında çiçək və bahar tanrısı) — bitki növlərinin, mikroorqanizmlərin və göbələklərin müəyyən vilayət, zona, rayon, bitki tipi, formasiya və ya biosenoz daxilində onların müasir təbii şəraiti və geoloji keçmişi ilə bağlı tarixən təşəkkültapmış məcmusu. Flora müxtəlif bitki qruplaşmalarının cəmidir. Florada növ əmələgəlmə prosesləri, bir növün digərini sıxışdırması, bitkilərin miqrasiyası və s. hadisələr səciyyəvidir. Hər hansı flora özünə məxsus müxtəlifliyi, yaş tərkibi, endemikliyi ilə fərqlənir. Müəyyən ərazilərin lorası arasında fərqlər bu regionların geoloji tarixləri, həmçinin torpaq və iqlim şəraitlərinin müxtəlifliyi ilə bağlıdır.[1]
Məs. Qafqazın florası, Azərbaycanın florası, sporlu bitkilərin florası, mamırların florası (brioflora), yosunların florası (alqoflora) və s. Hər bir floranın təyin əsası onun növ və cins tərkibinin aşkar edilməsidir. Flora haqqında məlumat (bilik) bitki örtüyünün təsnifatını düzgün tərtib etmək (qurmaq), geobotaniki məsələlərin həlli üçün vacib şərtdir.
Flora fondu – müəyyən regionun bitki növlərinin məcmusu.
Flora və faunanın analizi növlərin genetik, coğrafi, ekoloji, təsərrüfat və digər xassələrinə uyğun olaraq müəyyən ərazidə, bitki tipində və ya ekosistemdə flora və faunanın təhlili. Bütün hallarda flora və faunanın zənginliyinə və sistematik tərkibinə diqqət yetirilir. Bütün bunlar növlərin yerləşməsindən, mənşəyindən və tutduğu ərazinin böyüklüyündən asılıdır. Genetik təhlil zamanı genoelementlər ayırırlar: məs. keçmiş floranın reliktləri; müxtəlif dərəcədə adaptasiya olunmuş müxtəlif dövrlərin immiqrantları; gətirilmiş növlər (neofitlər). Coğrafi təhlildə geoelementlər ayırd edilir: endemlər, alloxtonlar və s.
Ekoloji təhlildə ekomorf və ya ekobiomorflar kimi ekoelementlər ayırd edilir. Flora və faunanın faydalılığı bu və ya digər coğrafi və ya inzibati rayonlara və vilayətlərə görə müəyyənləşdirilir. Bu zaman faydalı növlərin miqdarı müəyyən edilir və onlar müvafiq qruplara (dərman, qida, texniki, xəzlilik və s.) bölünür.[2]
Yerin florası hazırda 375 min növü birləşdirir ki, bunun da 250 mini çiçəkli bitkilərin payına düşür. Yerin florası materiklərin və onların hissələrinin florası, ada florası, dağ sistemlərinin florası və s.-a ayrılır. Bundan başqa, ayrı-ayrı sistematik qrupların, məsələn, yosunların florası, mamırların florası və s. ayırd edilir.[1]