Frankokratiya[a] — orta əsr Balkanlar və Anadolu[b] tarixində, 1204-cü ildə Konstantinopolun səlibçilər tərəfindən ələ keçirilməsindən sonra siyasi və iqtisadi gücün müxtəlif Qərbi Avropa mənşəli sülalələrin və hökmdarların əlində olduğu dövr. Pərakəndə və kiçik olmalarına baxmayaraq, frankokrat hakimiyyətlər dövrə görə təkmilləşmiş hərbi və iqtisadi keyfiyyətlər nümayiş edirdilər, lakin mədəni, dil və dini səbəblərdən yerli əhalinin əsas hissəsinin dəstəyindən məhrum olduqlarından bir müddət sonra Osmanlı imperiyası tərəfindən fəth edilmişdilər. Bu dövrü "Türkokratiya" adlandırırdılar.
XII əsrin ikinci yarısında Bizans imperiyasının zəifləməsi Şərqi Aralıq dənizində Qərbi Avropa dövlətlərinin təsirinin güclənməsinə zəmin yaratmışdır. Bu dövrdə əsasən fransızlardan ibarət səlibçi cəngavər-feodal ordusu, eyni zamanda Venesiya, Genuya və Piza kimi donanmaya malik İtaliya respublikaları Bizans imperiyasını süquta uğratmışdır. Birinci səlib yürüşünün təcrübəsi onu göstərirdi ki, aqressiv müsəlman dövlətləri ilə əhatə olunmuş səlibçi dövlətlərini saxlamaq Avropa xristianları üçün çətin idi. Səlibçilərin hədəfi tezliklə daha yaxın olan Bizans imperiyası tərkibindəki Egey adalarına və Balkan yarımadasına yönəlmişdir. Bu ərazilər böyük sahil ticarəti və hərbi postlar şəbəkəsinə malik idi. Səlibçi işğalının rəsmi səbəbi katolik və pravoslav xristianlar arasındakı fərqləri "həll etmək" cəhdi idi.
Bizans imperiyası türklərin Anadoluya daxil olması və Balkan yarımadasında yaşayan slavyanların azadlıqçı hərəkatlarının şiddətlənməsi nəticəsində tədricən vahid imperiya xarakterini itirməyə başlamışdı. 1204-cü ildə Konstantinopolun səlibçilər tərəfindən ələ keçirilməsi Bizans imperiyasının yerli şüurda mərkəzləşmiş gücünün varlığına son qoymuşdur. 50 ildən çox davam edən soyğunçuluq və quldurluqdan sonra şəhər faktiki olaraq əhalisizləşmiş və əvvəlki şöhrətini itirmişdir. Əlavə olaraq, yerli knyazlıqların mərkəzinə çevrilən Durasso və Teben kimi şəhərlərin rolu artmışdır. Səlibçilər imperiyanın qalıqları üzərində Qərbi Avropa knyazlıqlarının analoqlarını yaratmışdılar. Frankokrat dövlətlərdən olan Latın imperiyası formal xarakter daşıyırdı və Konstantinopol da daxil olmaqla Şərqi Frakiya ərazisini əhatə edirdi. Əksər frankokrat dövlətlərin köhnə imperiya ilə müqayisədə kompakt təbiəti onların rifahına müsbət təsir etmişdir. Ən uzun müddət mövcud olan frankokrat ərazilər Rodos, Kipr, Krit və Dalmatiya kimi ərazilər idi, çünki onlar böyük donanmalar tərəfindən qorunurdular və quru istilaları üçün əlçatmaz idilər.