Georgi Millyar

Georgi Millyar
rus. Гео́ргий Фра́нцевич Милля́р
Doğum adı Георгий Францевич де Мильё
Doğum tarixi
Doğum yeri Moskva, Rusiya
Vəfat tarixi (89 yaşında)
Vəfat yeri Moskva, Rusiya
Dəfn yeri
Fəaliyyəti teatr aktyoru, kino aktyoru, aktyor
Fəaliyyət illəri 1920–1993
Mükafatları RSFSR xalq artisti RSFSR əməkdar artisti
IMDb ID0587711
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Georgi Millyar (rus. Гео́ргий Фра́нцевич Милля́р; d. 7 noyabr 1903, Moskva, Rusiya – ö. 4 iyun 1993, Moskva, Rusiya) — mahir ifaçısı, məşhur teatr və kino aktyoru, Rusiyanın Xalq artisti.

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Georgi Millyar 7 noyabr 1903-cü ildə Moskva şəhərində anadan olmuşdur.[1]

Atası fransalı körpü-tikinti mühəndisi Franst de Milyon işlə əlaqədar Rusiyaya gəlmiş və İrkutsk şəhərinin qızıl mədənində bir mühəndisin qızı onun gələcək anası ilə tanış olmuşdu.[1] Georginin 3 yaşı olanda atası rəhmətə getmişdi. Buna baxmayaraq, onlar çox yaxşı yaşayıblar, iki yerdə mənzilləri, bağ evləri olub. Xalası aktrisa olduğundan Georgini tez-tez teatra apararmış. Beləcə onda uşaqlıqdan sənətə məhəbbət yaranıb. Georgi evə gələn qonaqlara kiçik səhnəciklər göstərərdi.[1]

1917-ci ildə Rusiyada inqilab başlayanda anası onu Krasnodar diyarının Gelincik qəsəbəsinə - babasının yanına göndərir və o, beş il orada yaşayır. Bolşeviklər onların mülklərini əllərindən alır və öz evlərində qalmaq üçün bir otağı onlara verirlər. Georgi orta məktəbi burada bitirir. Sonra teatrda butafor işləməyə başlayır. İşinə məsuliyyətli olsa da, aktyorluq karyerası haqda xəyallar qurur. Tale onun üzünə 1920-ci ildə gülür. Tamaşaların birində baş rolu oynayan aktrisa xəstələnir, məcbur qalıb rolu Georgiyə verirlər. Beləliklə, Georgi Millyarın qadın rolu ilə teatr karyerası başlayır.[1]

1924-cü ildə artıq o, təcrübəli aktyor kimi Moskvaya qayıdır və V.Mayakovski adına teatra işə düzəlir. Orada 1938-ci ilə qədər işləyir və oynadığı bir-birindən maraqlı rollarla məşhurlaşır. Lakin onu kino daha çox maraqlandırır. Tədricən teatrdan uzaqlaşıb, kinoda epizodik rollara çəkilməyə başlayır. 1939-cu ildə rejissor Aleksandr Rounun “Gözəl Vasilisa” nağıl-filmində birdən-birə üç (Küpəgirən qarı, Ata və Quslyar) rolu canlandırır. Əvvəlcə Küpəgirən qarı rolunu qadın rolu olduğuna görə oynamaq istəməyən aktyor sonradan rejissorun təkidiylə razılaşır. Bunun ardınca “Şahzadə və dilənçi”, “Şveyk döyüşə hazırlaşır”, “Şveykin yeni sərgüzəştləri” və s. filmlərə çəkilir. Həmçinin bir çox cizgi filmlərinin səsləndirilməsində iştirak edir.[1]

1944-cü ildə yenə Aleksandr Rounun dəvəti ilə “Soyuzuşaqfilm”in istehsalı olan “Ölməz Kaşşey” nağıl-filmində qorxulu Kaşşey və Qoca rollarını oynayır. Ümumiyyətlə, aktyorun istedadı filmlərdə iki-üç rolu birdən oynamağa imkan verirdi. Kaşşey roluna çəkilməzdən əvvəl o, malyariya xəstəliyinə tutulur və həddindən çox arıqlayır. Hətta arıq olduğuna görə ona canlı skelet də deyirdilər. Nağıl-film 1945-ci il mayın 9-u - Qələbə günündə ekrana çıxır. Film çox uğurlu alındığından milyonlarla uşaq izləyicisini özünə cəlb edir.[1]

Georgi Millyar rejissor Aleksandr Rounun ümumilikdə 16 filmində 30 rol oynayıb. 1964-cü ildə “Morozko” filmində yenə Küpəgirən qarı və Quldur rollarını canlandırıb. Bütövlükdə aktyorun çəkildiyi 100-dən artıq filmlərdə 10-dək Küpəgirən qarı rolu var. Bundan başqa, o, “Od, su və mis trubalar”, “Qızıl buynuz”, “Ələddinin sehrli çırağı”, “Köhnə ev”, “Qafqaz əsiri” və s. filmlərə də çəkilir.[1]

85 yaşında Rusiyanın Xalq artisti adına layiq görülən aktyor ömrünün axırına kimi filmlərə çəkilir. 1993-cü ildə son ekran əsərində - “Kakadu” filmində vəkil rolunu oynayır və həmin il iyunun 4-də, 90 yaşında dünyasını dəyişmişdir.[1]

Aktyorun şəxsi ailə həyatı isə elə də uğurlu olmayıb. 30 yaşında bir aktrisa ilə ailə həyatı qursa da, uşaqları olmadığından ayrılırlar.[1]

2003-cü ildə Georgi Millyar haqqında "Georgi Miller nağıllarda və həyatda" adlı sənədli film çəkilmişdir.[1]

  1. İşgüzar adamlar (film, 1962) / Деловые люди
  1. 1 2 3 4 5 6 7 8 9 10 Səbinə Əlibalaqızı. Canlı skelet və ya uşaqları qorxudan aktyor[ölü keçid] medeniyyet.az, 26.11.2014  (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]