Gerçək rejim (en. real mode) – IBM-uyumlu və Intel 80x86 mikroprosessorlar ailəsinin bazasında olan başqa kompüterlərin “doğma”, yəni susqunluqla qəbul olunmuş iş rejimi; yalnız MS-DOS’da işləyir. Gerçək rejim yalnız mikroprosessora və onun yaddaşla işləmə üsuluna aiddir, ancaq bu rejim istifadəçiyə təktapşırıqlı iş rejimi (verilmiş anda yalnız bir proqram işləyir) vermək baxımından da xarakterizə oluna bilər. Gerçək rejim Intel 80286, 80386 və i486 mikroprosessorları üçün hazırlanmış bir araya sığışmayan iki rejimdən biridir. Daha universal qorunmuş rejimdən [protected mode] fərqli olaraq, gerçək rejim çoxtapşırıqlı rejimin iki vacib komponenti – yaddaşın idarəolunması və onun qorunması üçün imkanlar təklif etmir (OS/2 əməliyyat sistemində bu imkanlar var).
Gerçək zaman canlandırması (en. real-time animation) – kompüter animasiyasında: görüntünün kadrlarının öncə hesablanıb yazıldığı, sonra isə rəvan hərəkət illüziyası almaq üçün daha yüksək sürətlə virtual zamanda yerinə yetirildiyi multiplikasiyadan fərqli olaraq, imitasiya olunan obyekt real şəraitdə hansı sürətlə hərəkət edə bilərsə, ekrandakı görüntülərin də həmin sürətlə yenilənməsi.
Gerçək zamanlı əməliyyat sistemi (en. real-time operating system (RTOS)– idarəedici avadanlıqlar, yaxud maşınlar üçün işlənib hazırlanmış, yaxud optimallaşdırılmış əməliyyat sistemi.
Gerçək zamanlı proqramlaşdırma (en. real-time programming) – proqramın lazım olan kimi çalışmasının sərf olunan zamanla bağlı olduğu proqramlaşdırma. Məsələn, avtomat qurğuları idarə edən kompüterlər tez-tez dəqiq müəyyən olunmuş uzunluqlarına malik zaman ləngimələrini aşkarlamalı və təqdim etməlidirlər.
Gerçək zamanlı sistem (en. real-time system) – hadisələrə köhnəlməmişədək reaksiya verən kompüter və / və ya proqram təminatı; məsələn, təyyarələrin toqquşmasını xəbərdarlıq edən sistem radiolokasiya stansiyasından gələn siqnalı emal etməli, toqquşma ehtimalını qiymətləndirməli və nə qədər ki, tədbir görməyə vaxt var, aviadispetçeri və pilotları xəbərdar etməlidir. Biletlərin bron edilməsi sistemlərində bu müddət 3 saniyəyədək, raketin uçuşunun idarə olunmasında isə saniyənin çox cüzi hissəsində ola bilər.