Gi de Mopassan | |
---|---|
fr. Guy de Maupassant | |
Doğum adı | Henry-René-Albert-Guy de Maupassant |
Təxəllüsü | Joseph Prunier[2], Guy de Valmont[2], Maufrigneuse[2] |
Doğum tarixi | 5 avqust 1850[1] |
Vəfat tarixi | 6 iyul 1893[1] (42 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | sifilis |
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | hekayə yazıçısı[d], dramaturq, jurnalist, romançı, yazıçı, şair |
Fəaliyyət illəri | 1880-ci ildən |
Əsərlərinin dili | fransız dili |
İstiqamət | ədəbi realizm |
maupassantiana.fr/index.… | |
Gi de Mopassan Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Anri Rene Alber Gi de Mopassan (fr. Henri René Albert Guy de Maupassant; 5 avqust 1850[1] – 6 iyul 1893[1], Pasi[d], Paris, Üçüncü Fransa Respublikası) — Fransa yazıçısı.
Anri Rene Alber Gi de Mopassan 5 avqust 1850-ci ildə Fransanın Dənizkənarı Sena departamenti, Turvilyasur-Ark yaxınlığındakı Miromenil qəsrində anadan olmuşdur. Atası yoxsullamış zadəgan, anası mədəni burjua ailəsindən idi. O, Ruan liseyini bitirmiş, 1869-cu ildə bakalavr adı almışdır. Mopassan ömrünün son ilərində dərin mənəvi böhran keçirmişdir. O, 1891-ci ildə ruhi xəstəliyə tutulmuş, tədriclə görmə qabiliyyətini, yaddaşını itirmiş, 2 yanvar 1892-ci ildə intihar etməyə cəhd göstərmişdir. 6 iyul 1893-cü ildə Parisdəki psixiatriya xəstəxanasında beyin iflicindən vəfat etmişdir.[3]
Yaradıcılığa 1870-ci illərdə anasının uşaqlıq dostu Qüstav Floberin bilavasitə köməyi ilə başlamış, onun vasitəsilə fransız yazıçıları, habelə ikinci müəllimi hesab etdiyi İvan Turgenevlə tanış olmuşdur. İlk hekayə kitabını ("Telyenin müəssisəsi", 1881) Turgenevə ithaf etmişdir. Mopassan XIX əsr realist fransız ədəbiyyatının son görkəmli nümayəndələrindəndir. Özünün dediyi kimi, ədəbiyyata "meteor kimi gəlib, onu şimşək kimi tərk" edən Mopassan bir cild şeirlər toplusunun, 6 romanın, 16 hekayə və novella, 3 yol oçerkləri kitabının müəllifidir. Üçüncü respublika dövrü burjua demokratiyasının riyakarlığına, militarizmə və müstəmləkəçiliyə kəskin etiraz Mopassanın yaradıcılığının əsas ideya məzmununu təşkil edir. "Gombul" (1880) adlı ilk novellası ilə tanınmışdır. Əsərlərində burjua əxlaqı, eqoizm və bayağılığına qarşı çıxaraq, təbii, bakir insani hissləri ona qarşı qoymuşdur ("Ay işığı", "Səadət", "Məhəbbət", "Kürsü toxuyan qadın" və s. novellalar). Lakin burjua gerçəkliyi Mopassanda bədbinlik doğurur, onun qəhrəmanları çox vaxt tənha ("Tənhalıq"), aciz vəziyyətə düşür ("Boyunbağı"). Novella və hekayələrində məhəbbəti alqı-satqıya çevirən ("Qisas", "Görüş", "Daşqaş", "İvetta", "Vəsiyyət" və s.) burjua nümayəndələrinin obrazlarını yaratmış, məzlumların acınacaqlı taleyinin ("Avara", "Şkaf", "Dilənçi"), onların mənəvi saflığını ("Simonun atası", "Martenin qızı"), vətənpərvərliyini ("Gombul", "Madmuazel Fifi", "Milon dayı", "İki dost" və s.) tərənnüm etmişdir. "Həyat" (1883) adlı ilk romanında burjua cəmiyyətində insanın romantik arzularının puç olması göstərilir. "Gözəl dost" (1885) romanında Üçüncü respublikada hökm sürən siyasi fırıldaqçılıq, maliyyə hiylələri, karyerizm, "Mont Oriol" (1886), "Pyer və Jap" (!887-1888) romanlarında varlanmaq ehtirasının ailə münasibətlərini pozması ifşa olunur. İncə lirizm və qəzəbli sarkazm, dərin psixologizm Mopassanın yaradıcılığının səciyyəvi xüsusiyyətləridir. Əsərləri bir sıra dillərə tərcümə olunmuş, səhnələşdirilmiş və ekranlaşdırılmışdır. Mopassan burjua cəmiyyətinə nifrət edir, lakin onun dəyişdirilə biləcəyinə inanmırdı.[3]