Göl qurbağası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Göl qurbağası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Göl qurbağası (lat. Pelophylax ridibundus) — Suda-quruda yaşayanlar sinfindən olan qurbağa növdür.
Daxili daban qabarı aşağıda yerləşir. Bel tərəfi müxtəlif çalarlı qonurumtul-yaşıl rəngdə olub, az və ya çox sayda tutqun xallara malikdir. Beli boyunca çox vaxt uzununa zolaq keçir. Qarnı çirkli ağ və ya sarımtıl olub, tutqun xallı və ya nöqtəlidir. Erkəklərdə ağızın künclərində boz rəngdə rezanatorlar yerləşir. Qurbağanın bədəni bel-qarın istiqamətdə basıq olub, qismən qısa və enlidir. Bədən baş, gövdə və ətraflardan təşkil olunmuşdur. Bədənə hərəkətsiz birləşən başın yanlarında bir cüt qabarıq göz yerləşir. Gözləri quru onurğalılarına xas olan alt və üst göz qapaqlarına malik olmaqla bərabər, həm də alt göz qapağının altında onun törəməsi kimi inkişaf edən üçüncü göz qapağı ilə örtülmüşdür. Nisbətən böyük ağızın üst çənəsinin üstündə bir cüt burun dəliyi yerləşir. Arxa ətraflar ön ətraflara nisbətən yaxşı inkişaf edərək, aralarında pərdəsi olan beş barmağa malikdir. Ön ətraf isə qısa və bütün hazırkı amfibilər üçün xarakterik olan dörd barmaqlıdır. Bədənin arxa ucunda kloaka yerləşir.
Dəri bədənə hər yerdən deyil, yalnız müəyyən nahiyələrdə birləşir. Bədənlə dəri örtüyü arasında böyük boşluqlar vardır. Bura limfa toplandığından, bu boşluqlara limfa kisələri və ya limfa boşluğu da deyilir. Dərinin epidermis qatı çoxhüceyrəli qədəhəbənzər vəzilərlə zəngin olduğundan, bədən həmişə yaş olur və onların suda rahat üzməsi üçün şərait yaradır.
Skelet üç hissəyə bölünür: kəllə qutusu, onurğa və ətrafların skeleti. Kəllə qutusu iki hissədən-ox və visseral kəllədən ibarətdir. Ox kəllə və ya kəllə qutusu əsasən qığırdaqdan və qismən sümüklərdən təşkil olunmuşdur. Kəllə qutusunun ənsə hissəsi iki yan ənsə sümüklərindən ibarət olub, alt və üst hissələri qığırdaqdır. Hər bir yan ənsə sümüyünün bir oynaq çıxıntısı vardır ki, məhz bu çıxıntı vasitəsilə kəllə birinci boyun fəqərəsinə qismən hərəkətli birləşir. Kəllədə iki ənsə çıxıntısının olması amfibilər üçün xarakterikdir. Eşitmə nahiyəsində balıqlardan fərqli olaraq, yalnız bir cüt ön eşitmə sümüyü qalır. Görmə nahiyəsinin önü dairəvi formalı paz-qoxu sümüyü ilə əhatə olunmuşdur. Kəllənin visseral hissəsində damaq-kvadrat qığırdağı qurbağanın bütün ömrü boyu qalır və özünün ön və arxa ucu ilə kəllə qutusuna birləşir. Bu cür kəllə tipi autostil kəllə adlanır. Damaq-kvadrat qığırdağın önündə yerləşən gözqabağı çıxıntının alt hissəsinə bir cüt çöpşəkilli damaq sümüyü birləşir. Damaq-kvadrat qığırdağın arxa hissəsi üstdən kvadrat-almacıq və pulcuq sümüklərilə, altdan qanadvari (pterygoideum) sümüklə örtülmüşdür. Çənə vəzifəsini isə iki ədəd cüt çənəarası (praemaxillare) və üst çənə (maxillare) sümükləri yerinə yetirir. Üst çənə sümüyünün arxasında kvadrat-almacıq (quadratoyugale) sümüyü yerləşir. Bu sümük ön ucu ilə üst çənə sümüyünə, arxa ucu ilə damaq-kvadrat qığırdağına birləşərək ağızın kənarlarında aşağı gicgah qövsü adlanan sümük körpücüyünü əmələ gətirir. Alt çənə, əsasən, mekkel qığırdağından əmələ gələrək, xaricdən diş (dentale) və künc (angulare) sümükləri ilə örtülmüşdür. Kəllə tipinin autostil olması ilə əlaqədar olaraq, qəlsəmə qapaqları tam reduksiya etmiş və dilaltı qövsün üst elementi (hyomandibulare) çox kiçik üzəngi (stapes) sümüyünə çevrilmişdir. Bu sümük orta qulaq boşluğuna keçib eşitmə sümüyü vəzi-fəsini icra edir. Dilaltı və qəlsəmə qövslərinin alt elementləri dilaltı skeletə çevrilmişdir. Ümumiyyətlə, amfibilərin kəlləsi ilə balıqların kəlləsi bir-biri ilə müqayisə edildikdə burada bir sıra xüsusiyyətlər aşkar edilir. Belə ki, ancaq suda-quruda yaşayanlar üçün xarakterik xüsusiyyətlərə aşağıda-kıları göstərmək olar: damaq-kvadrat qığırdağın kəllə qutusuna keçməsi, hiamandibularenin qəlsəmə qapaqlarının dayağı vəzifəsindən azad olub, qulaq sümüyünə-üzəngiyə çevrilməsi, qəlsəmə qövslərinin qismən atro-fiya etməsi və dilaltı skeletə çevrilməsi, iki ənsə çıxıntısının olması və ilk kəllənin (chondrocranium) çox hissəsinin qığırdaq olaraq qalmasıdır. Onurğa: 9 fəqərədən ibarət olan ox skeleti: 1 boyun, 7 gövdə, 1 oma və quyruq şöbələrinə bölünür. Quyruq hissəsi nisbətən uzun bir sümük olub, urostil (urostyl) adlanır. Fəqərələr ön tərəfdən basıq, arxa tərəfdən isə qabarıq olduğundan prosöl tipli fəqərə adlanır. Fəqərələrin bel və yan çıxıntıları vardır. Bel çıxıntılarının əhatəsində onurğa beyni yerləşir. Qabırğalar yoxdur. Ətraf skeleti-ön və arxa ətraf skeletindən ibarət olub, ayrı-ayrılıqda qurşaq və sərbəst ətraf skeletinə bölünür. Ön ətrafın çiyin qurşağına 3 element — kürək sümüyü (scapula), korakoid (coracoideum) və prokorakoid (procoracoideum) daxildir. Bu üç sümük bazu sümüyünün oynaq yerində bir-birilə birləşir. Qığırdaq formada olan prokorakoidin üzərində körpücük (clavicula) sümüyü yerləşir. Kürək sümüyünün distal ucuna enli kürəküstü qığırdaq yapışır. Çiyin qurşağının qarın tərəfini korakoid üstü qığırdaq, onun önündə isə döşqabağı sümük (episternum) yerləşir. Döşqabağı sümüyün arxasında qığırdaqla qurtaran döş sümüyü (sternum) yerləşir. Fəqərələrdə qabırğalar olmadığı üçün döş sümüyü onurğa ilə birləşmir. Döş qəfəsinin olmamasına görə, ön ətrafın qurşaq hissəsi döş elementləri ilə birlikdə əzələlər içərisində uzanan qövs əmələ gətirir. Çanaq qurşağı qalça, qasıq və oturaq sümüklərindən ibarətdir. Qalça (ilium) sümükləri qismən uzun sümüklər olub, proksimal ucları ilə oma fəqərəsinin köndələn 1,2 çıxıntısına, distal ucları isə bir-birilə birləşib, sirkə kasasının (acetabulum) əmələ gəlməsində iştirak edirlər. Bud sümüyünün oynaq başının daxil olduğu sirkə kasasının əmələ gəlməsində qalça (ilium), oturaq (ischium) və qasıq (pubis) sümükləri iştirak edir. Sərbəst ətraf skeleti. Həm ön, həm də arxa ətraf skeleti eyni sxemdə olub, onurğalıların ətraf skeletinə müəyyən qədər oxşasa da, bir sıra xüsusiyyətləri ilə onlardan fərqlənir. Belə ki, qurbağanın ön ətrafında mil və dirsək sümükləri öz aralarında birləşərək bir sümük əmələ gətirmişdir. Biləyin distal sırasında olan 3 sümük həm öz aralarında, həm də biləyin orta cərgəsindəki sümüklərlə birləşərək bir sümük yaratmışdır. Birinci barmaq tam inkişaf etməmiş və ancaq əl darağı sümüyü şəklində qalmışdır. Arxa ətrafda isə baldırda qamış və incik sümükləri bir-birilə birləşə-rək bir sümük əmələ gətirmişdir. Ayaq daraqarxasının proksimal cərgəsi qismən uzunsov olan iki sümükdən ibarətdir. Ayaq daraqarxasının distal və orta hissələri birləşmiş və 1-ci barmağın qabağında əlavə barmağın rudimenti qalmışdır.
Balıqlara nisbətən ətraf əzələlərin yaxşı inkişaf etməsi və çox differensiasiya etmiş əzələlərin olması ilə fərqlənir. Əzələlərin seqmentasiyası pozulmuş və yalnız qarın və bel əzələlərində nəzərə çarpır.
Ümumi ağız-udlaq boşluğu qısa qida borusuna, o da öz növbəsində mədəyə açılır. Bağırsağın arxa qurtaracaq hissəsi nisbətən geniş olub, kloaka ilə qurtarır. Ağız-udlaq boşluğuna bir cüt xoanalar, orta qulaq 5 boşluğu olan yevstax dəliyi və qırtlaq yarığı açılır. Ağız-udlaq boşluğunun dibində əsl dil yerləşir. Dilin ön ucu ağız dibinin ön hissəsinə birləşmişdir. Dişlər xırda, eyni tipli, konusvari formada olub, çənəarası, üst çənə və xış sümükləri üzərində yerləşir. Onların əsas funksiyası qidanı çeynə-mək deyil, yalnız tutub saxlamaqdan ibarətdir. Həzm prosesində nisbətən yaxşı inkişaf etmiş qaraciyərin ifraz etdiyi ödün xüsusi rolu vardır.
Balıqlardan fərqli olaraq, qurbağada ürək üçkameralı olub, iki qulaqcıqdan və bir mədəcikdən ibarətdir. Ürəyin bu əsas hissələrindən başqa arteriya konusu və sağ qulaqcıq üzərində yerləşən vena sinusu da vardır. Ürəkdə iki qulaqcığın mədəciyə açıldığı yerdə bir ümumi qulaqcıq-mədəcik (atrioventrikulyar) dəliyi vardır ki, mədəciyin daxili səthində uzun əzələ bağlarında bu dəliyi örtən iki qapağın kənarlarına birləşmişdir. Ürəkdə olan arteriya konusunun həm əsasında, həm də ucunda klapanlar vardır. Arteriya konusunun içərisində uzun spiralabənzər klapan vardır ki, məhz bu klapanın köməyi ilə mədəcikdə yerləşmiş müxtəlif qanların paylanması tənzim olunur. Bundan başqa qurbağada ilk dəfə olaraq iki qan dövranı meydana gəlir. Qurbağada qan-damar sistemi onurğalıların digər qruplarına nisbətən mürəkkəbdir. Bu mürəkkəblik bir tərəfdən iki cür tənəffüsün olması (ağciyər və dəri), digər tərəfdən isə qanın damarlara paylanması zamanı arteriya konusunun daxilində uzununa yerləşmiş spiralabənzər klapanın işləmə mexanizmi ilə əlaqədardır. Ürəyin iki qulaqcığı arasında arteriya konusu bir qədər mədəciyin sağ tərəfinə yaxın yerləşmişdir. Arteriya konusunun ümumi aortaya keçdiyi yer uzununa arakəsmə ilə qarın və bel hissələrə ayrılır. Məhz bu iki hissədən üç cüt arteriya qövsü başlanğıc götürür. Birinci cüt (öndən arxaya tərəf götürdükdə) balıqların birinci cüt qəlsəmə arteriyalarına müvafiq olub, başı arterial qanla təmin edən yuxu arteriyalarıdır (arteria corotis). Bu damarlar öz başlanğıcını arteriya konusunun qarın (alt) hissəsindən götürür. İkinci cüt balıqların II-cüt qəlsəmə arteriyalarına müvafiq olub, sağ və sol aorta qövsləridir. Bu qövslər də öz başlanğıcını arteriya konusunun qarın nahiyəsindən götürür. Sağ və sol aorta qövsləri özlərindən müvafiq tərəflərə körpücükaltı arteri-ya ayırdıqdan sonra yarımdairəvi forma alaraq, arxaya yönəlir və bel nahiyəsində bir-birilə birləşib bel aortasını əmələ gətirir. Bel aortası (aorta dorsalis) onurğanın altı ilə arxaya doğru getdikcə daxili orqanlara bir sıra şaxələr verir. Bel aortası çanağa çatdıqdan sonra arxa ətrafları qanla təmin edən iki qalça arteriyasına (arteria iliaca) ayrılır. Balıqların dördüncü cüt qəlsəmə arteriyalarına müvafiq olan üçüncü cüt damarlar ağciyər-dəri arteriyalarıdır və arteriya konusunun bel tərəfindən başlan-ğıc götürür. Ağciyər-dəri arteriyaları ürəkdən çıxdıqdan sonra ağciyər və böyük dəri arteriyalarını (arteria cutanae magna) əmələ gətirir. Böyük dəri arteriyası dəri tənəffüsünün əsas gətirici qan damarı olub, amfibilər üçün olduqca xarakterikdir. Venoz qan bədənin arxa hissəsindən və arxa ətraflalar-dan bud (v.femoralis) və oturaq (v.ischiadica) venalara töküldükdən son-ra cüt qalça və ya böyrəyin qapı venasında (v.portae renalis) toplanır. Böyrəyin qapı venası böyrəyə daxil olduqdan sonra kapillyar sistemi əmələ gətirir. Sağ və sol bud venalarının hər birindən bir vena çıxır və birləşərək tək qarın venasını (v. abdominalis) əmələ gətirir. Qarın venası qarın divarı ilə gedərək qaraciyərə daxil olub, kapillyar sistemi əmələ gətirir. Bundan başqa, bağırsağın bütün şöbələrindən və mədədən venoz qanın hamısı bir yerə toplanaraq qaraciyərin qapı venasını (v. portae hepatis) əmələ gətirir ki, bu, qaraciyərə daxil olub, kapilyar sistem əmələ gətirir. (Bütün suda-quruda yaşayanlarda qaraciyərin qapı sistemi, yəni kapillyar sistemi qarın və qapı venalardan əmələ gəlir). Böyrək kapillyarları çoxsaylı çıxarıcı venaları əmələ gətirir, onlar da bir-ləşib tək arxa boş venaya (v. cava posterior) açılır. Arxa boş venaya cinsi vəzilərin venaları açılır. Arxa boş vena qaraciyərdən keçir, lakin burada kapilyar şəbəkə əmələ gətirmir, yəni ondakı qan qaraciyər toxumalarına daxil olmur. Bu vena qaraciyərdən qanı çıxaran qısa qaraciyər venalarını özünə birləş-dirib vena sinusuna açılır. Bədənin ön tərəfində venoz qanın toplanması isə aşağıdakı kimidir. Dəridə oksigenlə zənginləşən venoz qan arterial qana çevrilərək böyük dəri venasına (v.cutanea magna) toplanır. Böyük dəri venası bazu venası ilə birlikdə körpücükaltı venaya (v.subclavia) açılır. Körpücükaltı vena hər iki tərəfdən daxili və xarici vidaci venalarla (v.jugularis externa et interna) birlikdə cüt ön boş venalara (v.cava anterior dextra et sinistra), o da öz növbəsində vena sinusuna açılır. Vena sinusuna açılmış tək arxa boş vena (içərisində təmiz venoz qan) və cüt ön boş venalar vasitəsilə gələn qan (içərilərində qarışıq qan) vena sinusuna keçdikdən sonra sağ qulaqcığa, oradan da qismən hər iki qulaqcıq üçün ümumi olan atrioventrikulyar dəliklə mədəciyin sağ tərəfinə tökülür. Ağciyərlərdə qazlar mübadiləsi zamanı əmələ gəlmiş arterial qan ağciyər venaları vasitəsilə sol qulaqcığa və oradan da hər iki qulaqcıq üçün ümumi olan atrioventrikulyar dəliklə mədəciyin sol tərəfinə keçmiş olur. Beləliklə, qurbağa ürəyinin mədəciyinin sağ tərəfində venoz qan olsa da (qismən qarışmış qan), ortasında iki dəfə qarışmış qan, sol tərəfində isə təmiz arterial qan olur. Qanın ürəkdə və mühüm qan damarlarında paylanması. Arteriya konusu ilə mədəcik arasındakı atrioventrikulyar dəlik mədəciyin sağ tərəfində yerləşdiyindən mədəciyin yığılması zamanı arteriya konusuna venoz qan daxil olur. Bu zaman spiralabənzər klapanın köməyi ilə konusa daxil olmuş venoz qan arteriya konusunun bel tərəfi ilə iki ağciyər-dəri arteriyasına daxil olur (arteriapulmocutanea). Bu arteriyaların hər biri iki şaxəyə ayrılaraq ağciyər arteriyasını (arteria pulmonalis) və böyük dəri arteriyasını (arteria cutanea magna) əmələ gətirir. Mədəciyin yığılması və ya sistolası davam etdiyindən qarışıq qan arteriya konusuna daxil olarkən konusda təzyiq artır və spiralabənzər klapan öz yerini dəyişərək ağciyər arteriyalarına gedən yolları bağlayır, konusun qarın nahiyəsində yerləşmiş aorta qövslərinin dəlikləri açılır və onlara qarışıq qan daxil olur. Sağ və sol aorta qövsləri hələ bel nahiyəsində bir-birilə birləşib bel aorta-sını əmələ gətirməmiş hər biri özündən bir şaxə ayıraraq körpücükaltı arteriyaları (arteriasub clavicularis) əmələ gətirir. Öz ardıcıllığına görə üçüncü növbədə mədəciyin sol tərəfində yerləş-miş təmiz arterial qan arteriya konusuna daxil olan anda ağciyər arteriya-ları və aorta qövsləri qanla dolu olur. Nəticədə, arterial qan onlara daxil ola bilmir və arteriya konusunun qarın tərəfilə hərəkət edərək cüt yuxu arteriyalarına keçir. Ümumi yuxu arteriyasından başa doğru hər iki tərəf-dən daxili və xarici yuxu arteriyaları ayrılır. Beləliklə, qurbağa ürəyinin mədəciyində yerləşmiş üç cür qandan venoz qan ağciyərlərə və dəriyə gedərək ağciyər və dəri tənəffüsünü təmin etmiş olur. Mədəciyin ortasında yerləşmiş qarışıq qan başdan başqa ön ətraflara, gövdədə yerləşmiş bütün orqanlara və arxa ətraflara gedərək onları oksigenlə təmin edir. Təmiz arterial qan isə bilavasitə beyni qidalandırır. Burada mədəciyin orta və sol hissəsindən qarışıq və təmiz arterial qanın bütün bədənə gedib, onun orqan və toxumalarını oksigenlə təmin etdikdən sonra tək arxa və cüt ön boş venalar vasitəsilə sağ qulaqcığa qədər keçdiyi yol böyük qan dövranı adlanır. Mədəciyin sağ hissəsindən venoz qanın iki böyük ağciyər arteriyaları vasitəsilə ağciyərlərə gedib, orada oksigenlə zənginləşəndən sonra ağciyər venaları vasitəsilə sol qulaqcığa qədər keçdiyi yola kiçik qan dövranı deyilir.
Suda-quruda yaşayanlar metamorfoz inkişafa malik olduqlarından onların sürfələrində pronefros, yetkin formalarda isə bir cüt mezonefros (gövdə) böyrəklərdən və Volf kanalına uyğun cüt sidik axarlarından ibarətdir. Qurbağanın böyrəyi balıqların böyrəyindən fərqli olaraq, yastılaşmış kompakt cisim olub, onurğanın oma fəqərələri nahiyəsinin sağ və sol tərəflərində yerləşir. Sidik axarları və cinsiyyət vəzilərinin axarları kloakaya açılır. Böyrəklərin üzərində yerləşmiş böyrəküstü vəzi mühüm daxili sekresiya vəzisi hesab edilir.
Görmə orqanı qismən quruluşca quru onurğalıların görmə orqanına oxşasa da, yalnız yaxın məsafədə görməni təmin edir. Hərəkətli göz qapaqlarının olması gözün qurumamasını təmin edir.
Amfibilərdə balıqlardan fərqli olaraq, daxili qulaqdan başqa orta qulaq və orta qulağın xarici dəliyini örtən təbil pərdəsi vardır. Artıq dərəcədə kiçilmiş hiomandibulare orta qulağa keçmiş və üzəngini (stapes) əmələ gətirir. Autostil kəllə tipinin meydana gəlməsi və qəlsəmə qapaqlarının reduksiyası hiomandibulareni çənənin asılmasından və qəlsəmə qapaqlarına dayaq olmasından azad edir. Üzənginin bir ucu təbil pərdəsinə, digər ucu isə oval pəncərəyə söykənir. Pərdəli labirint olan daxili qulaqda endolimfa mayesi vardır ki, bu maye içərisində xırda həcmli kristallar (otolitlər) yerləşir. Burada üç iri qulaq daşı vardır. Onlardan biri iri, ikisi isə nisbətən kiçikdir. Bu üç qulaq daşları amfibilərin yaşından asılı olaraq həcmcə artmış olur. Onların kəsiyində olan konsentrik dairələrlə amfibilərin yaşını da təyin etmək olar. Digər hiss orqanlarından mikroskopik həcmdə olan dad tumurcuqları, yan xətt orqanı (sürfə mərhələsində) və su onurğalıları üçün xarakterik olan bir cüt kisəşəkilli qoxu orqanı vardır. İlk dəfə ambifilərdə təbil pərdəsi üzə çıxıb. Rezenatorlar səsi 20 dəfəyə qədər artırırlar. Qurbağada rezenatorlara baxmaqla onun cinsini müəyyən etmək olar. Çünki rezenatorlar yanlız erkək qurbağalarda olur.
Su mühitindən quru mühitinə keçid prosesi qurbağada sinir sisteminin müəyyən qədər mürəkkəbləşməsinə səbəb olmuşdur. Belə ki, amfibilərin baş beyninin yarımkürələrə ayrılması və balıqlara nisbətən yaxşı inkişaf etməsi, eyni tipli hərəkətlərlə əlaqədar olaraq beyinciyin zəif inkişaf etməsi özünü aydın göstərir. Amfibilərdə ilk beyin tağı-arxipallium meydana çıxmışdır. Ön beyin nisbətən yaxşı inkişaf etmiş və tam iki yarımkürəyə ayrılmışdır. Hər bir yarımkürədə ayrıca boşluq kimi beynin yan mədəcikləri əmələ gəlir. Ara beyin akuladakına nisbətən kiçikdir və ön beyindən hələ tam ayrılmamışdır. Orta beyin digər hissələrə nisbətən yaxşı inkişaf etmişdir. Beyincik kiçik olub, orta beyindən arxada, dördüncü beyin mədəciyi boşluğu nahiyəsində yerləşir (şəkil 298). Baş beyindən, sümüklü balıqlarda olduğu kimi, 10 cüt sinir çıxır (I–X). Belə ki, XI cüt (əlavə sinir) sinir ümumiyyətlə inkişaf etməmiş, XII cüt sinir (dilaltı sinir) kəllə qutusunun xaricindən çıxır. Qurbağada onurğa beyni sinirlərinin sayı da 10 cütdür. Bunlardan birinci 3 cütü bazu kələfinin əmələ gəlməsində iştirak edərək, ön ətraflarının innervasiyasını təmin edir, sonrakı yeddi cüt bel-oma kələfinin əmələ gəlməsində iştirak edir.
Şimali Afrikada, Ön və Orta Asiyada, Qafqazda, Krımda, Cənubi və Mərkəzi Avropada yayılmışdır.
Göl qurbağası çox saylı olub, yarımsəhra və ya çöl zonasından başlayaraq, yüksək dağlıq çəmənliyiklərə qədər yayılıb. Ömrü boyu suda olan göl qurbağası müxtəlif tipli su hövzələrində məskən salmaqla, həmin yerdən 15–20 m-dən artıq uzaqlaşmırlar.
Gün ərzində fəal olur. Əsasən quruda qidalanır, su hövzəsi isə onun istirahət və düşməndən gizlənmək üçün etibarlı sığınacaq yeridir. Bu qurbağanın əsas qidasını onurğasızlar, xüsusilə də cücülər təşkil edir. Uzağa tullanmaq və sıçrayışla çölə atılan yapışqanlı dilinin hesabına uçan cücüləri asanlıqla tutur. Mart ayında yaz oyanışından dərhal sonra çoxalmağa başlayırlar. Bu dövrdə erkəklər çox fəal olub, dişini cəlb etmək üçün bərkdən "oxuyur". Cütləşmə vaxtı erkək dişinin ön ətrafının arxa nahiyəsindən yapışaraq, sanki onu "qucaqlayır". Bu cütləşmənin mühüm bioloji əhəmiyyəti var. Belə ki, eyni zamanda həm kürünün, həm də spermotozoidlərin suya tökülməsini stimullaşdırır. Kürü kütlə halında tökülür. 7–10 gündən sonra çömçəquyruqlar artıq kürüdən çıxır. Metomorfoz 80–100 gün davam edir. Ekstremal şəraitdə, yəni soyuqlar tez düşdükdə və soyuq çay hövzələrində çömçəquyruqlar metamorfoz mərhələsini başa vura bilmir və inkişafının bu mərhələsində qışı keçirir. Göl qurbağasının sürfə mərhələsi su hövzəsində keçir. Burada onlar adətən birhüceyrəli yosunlarla qidalanır. Çömçəquyruq mərhələsində suda yaşayır və qidalanır, cavan, yetkin və yaşlı fərdləri isə suda yaşayır, əsasən quruda, həm də suda qidalanırlar. Beləliklə, qurbağanın trofik və sahə mövqeyi, həyatının müxtəlif dövrlərində tam ayrılmış olur ki, bu da cavan və yetkin fərdlər arasındakı rəqabəti aradan götürür.