Hülya Koçyiğit | |
---|---|
türk. Hülya Koçyiğit | |
Doğum tarixi | 12 dekabr 1947[1] (77 yaş) |
Doğum yeri | Qozqunçuq, İstanbul, Türkiyə |
Milliyyəti | türk |
Vətəndaşlığı | Türkiyə |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1963–h.h. |
Tanınma səbəbi | kino akrtisası |
Mükafatları | Antalya Qızıl Portağal kinofestivalı (1969, 1973, 1975, 1983, 1990) |
IMDb | ID0462607 |
hulyakocyigit.net | |
Vikianbarda əlaqəli mediafayllar |
Hülya Koçyiğit (türk. Hülya Koçyiğit, 12 dekabr 1947[1]) — türk kinoaktrisası, ictimai xadimi. Yeşilçamın görkəmli qadın baş rol aktrisası, Antalya Qızıl Portağal kinofestivalı da daxil olmaqla, beynəlxalq film festivallarında çoxsaylı mükafatlar sahibidir. Ümumilikdə o, 180-ə yaxın filmdə rol alıb. 1991-ci ildə Dövlət sənətçisi seçilmişdir. 1991–1992-ci illərdə təsisçisi olduğu "SO-DER" təşkilatının prezidenti seçilib. O, bu vəzifəni 4 il davam etdirib və indi də direktorlar şurasının üzvüdür.
Hülya Koçyiğit atası Bolqarıstandan olan türk mühacirdir. İstanbulda böyüyüb, orta təhsilini Ankarada başa vurub, orada Atatürk Qızlar Liseyində oxuyub. Orta təhsili zamanı İstanbul Şəhər Teatrına daxil olub. Daha sonra Ankara Dövlət Rəssamlıq Akademiyasının sənət təhsili üçün balet fakültəsinə qəbul edilib. Hülya Koçyiğit 1963-cü ildə "Səs" jurnalının təşkil etdiyi gözəllik yarışmasında ikinci olduqdan sonra kinoya getməyə qərar verdi. Onun debüt filmi 1964-cü ildə 14-cü Berlin Beynəlxalq Film Festivalında "Qızıl Ayı" Mükafatını qazanan "Susuz Yaz" (Quru Yay) idi.[2]
Bu uğur türk filminə verilən ilk beynəlxalq mükafat idi. Onun baş rol aldığı "Dərman" filmi beş qitədə oynayan ilk türk filmi oldu. Onun çəkildiyi digər məşhur "Kurbağalar" türk filmi də beynəlxalq televiziyalara satılan ilk türk filmi olmuşdur. Hülya Koçyiğit 1991-ci ildə "Türkiyə dövlət sənətçisi" fəxri adına layiq görülüb.
Hülya Koçyiğit Türkiyə kinosunun Lütfü Akad, Atıf Yılmaz, Şerif Gören, Metin Erksan, Orhan Aksoy, Memdüh Ün, Ertem Eğilmez, Osman F. Seden, Halit Refiq kimi məşhur rejissorları ilə çalışmışdır. Türkan Şoray, Filiz Akın və Fatma Girik ilə birlikdə o, türk kinematoqrafiyasında qızıl dövrün simvoludur və türk kinosunun dörd ən mühüm aktrisasından biri kimi qəbul edilir.[3]
Hülya Koçyiğit ən çox milli və beynəlxalq mükafat qazanan türk aktrisası olma xüsusiyyətini daşıyır və yəqin ki, Türkiyə kinosunun ən tanınan simasıdır. Onun 1965–1974-cü illərdə çəkdiyi filmlər, onun karyerasının qızıl dövrü sayılır. Hülyanın bu illərdə çəkildiyi filmlər daim kinosevərləri ovsunlayırdı. O, Əlcəzair, Yunanıstan, İran, Livan kimi bir çox ölkələrdə də tanınırdı.
2009-cu ildə o, məşhur Amerika serialı "Qızıl Qızlar"ın Türkiyə çəkilişində rol alıb. Bea Arturun yaratdığı rolu Koçyiğit canlandırıb.
1968-ci ildə "Fənərbaxça"nın futbolçusu Səlim Soydanla ailə qurmuşdur. Cütlüyün Gülşah adlı bir qızı var.[4] Onun Neslişah və Aslışah adlı iki nəvəsi var. Qızı Gülşah gənc yaşlarında bir neçə filmdə rol alıb. Hülya Koçyiğit bir müddət müğənni kimi də fəaliyyət göstərib. 2014-cü ildə aktyor Engin Altan Düzyatan Hülya Koçyiğitin nəvəsi Neslişah Alkoçlarla ailə qurub.[5] Bu evlilikdən Hülya Koçyiğitin Əmir Aras adlı nəticəsi vardır[6].