Hannibal

Hannibal Barka
Hannibal
Hannibal döyüş zamanı öldürdüyü Roma zadəganlarının nişan üzüklərini sayarkən, Sebastian Slodtzun yaratdığı heykəl, 1704, Luvr.
Hannibal döyüş zamanı öldürdüyü Roma zadəganlarının nişan üzüklərini sayarkən, Sebastian Slodtzun yaratdığı heykəl, 1704, Luvr.
Şəxsi məlumatlar
Doğum tarixi e.ə. 247
Doğum yeri
Vəfat tarixi e.ə. 183
Vəfat yeri
Vəfat səbəbi zəhərlənmə
Fəaliyyəti siyasətçi, hərbi lider[d]
Hərbi xidmət
Mənsubiyyəti Karfagen dövləti
Rütbəsi Ali Baş Komandan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hannibal (E.ə 247, Karfagen, Tunis – E.ə 183-181, Vifiniya) — Karfagen sərkərdəsi

Hamilkar Barka İspaniya və başqa ərazilər uğrunda Roma ilə mübarizə apararkən 9 yaşlı oğlu Hannibalı məbədə aparıb orada mehrab önündə qatı düşmənləri olan Roma ilə ömrü boyu düşmən olacağına and içdirmişdi. Hannibal öz andına sadiq qaldı.

Atası öləndən sonra qardaşı Hasdrubal romalılarla sülh tərəfdarı kimi saziş bağlayıb İspaniyadakı Saqunt şəhərini iki dövlət arasında sərhəd kimi qəbul etdi, lakin Hasdrubal öldürüldü. Hannibal əvvəl Saqunt şəhəri ətrafındakı qəbilə və tayfaları fəth etdi. Rəqiblərin 100 mindən çox əsgəri vardı. Saqunt şəhərinin əhalisi bunu görüb müdafiə üçün Romaya elçi göndərdilər, lakin Roma senatı qərar çıxarana kimi Hannibal bu ispan şəhərini almaq qərarına gəldi. Döyüş zamanı ön cərgələrdə vuruşan Hannibal budundan ağır yara aldı. Bu hücumdan qəzəblənən romalılar Karfagen senatına elçi göndərib müqaviləni pozduqlarına görə Hannibalın onlara verilməsini tələb etdilər, fəqət rədd cavabı aldılar. Hannibal bu tələbə 8 aylıq mühasirədən sonra Saquntu ələ keçirməklə cavab verdi.

Bu xəbəri alan Roma bir-birinə dəydi. Senat Karfagenə müharibə elan etdi. Konsul Publi Korneli Ssipiona İspaniyanı, Tiberi Semproniyə isə Afrikanı müdafiə etmək üçün hərəsinə 6 legion verildi. Elə bununla da II Pun müharibəsi başlandı.

Gənc Hannibal romalıları qabaqlamaq və sarsıtmaq üçün Alp dağlarını aşıb İtaliyaya hücum etmək qərarına gəldi. O, 90 minlik piyada, 12 minlik süvari ordusu və 37 fil ilə keçilməz aşırımları aşıb 5 aylıq çətin yürüşdən sonra Şimali İtaliyada peyda oldu. Ordusunun yarısını itirsə də, Qalliya köməkçiləri ilə bərabər Ssipionun legionları ilə Po çayının sol sahilində toqquşmalı oldu. Hannibal Tisinus və Trebi adlanan yerdə iki dəfə romalılara qalib gələ bildi. Senat qorxuya düşüb ona qarşı Emiliya Pavel və Terrensi Varronun başçılığı ilə kömək üçün çoxlu qüvvə — 8 legion göndərdi.

Dünya hərb tarixində yeni səhifə olan Kanna vuruşması belə başlandı. Roma sərkərdələri legionlara növbə ilə, hərəsi bir gün komandanlıq edirdi. Onlar Kanna kəndini döyüş üçün münasib yer bildilər. Roma ordusunun sayı karfagenlilərdən iki dəfə çox idi. Buna görə də Varron qələbəsinə arxayın idi. O, qoşunu sıx cərgələrlə kvadrat şəklində, Hannibal isə qoşunlarını aypara şəklində düzdü. Ortada nisbətən zəif və təcrübəsiz, uclarda isə sınanmış, təcrübəli, döyüşkən süvarilərini və piyadalarını yerləşdirdi.

E.ə. 216-cı il avqustun 2-də başlanan döyüşdə əvvəlcə Hannibalın səkkiz minlik seçmə süvariləri sol cinahdan hücuma keçərək romalıların sağ cinahını əzdi və legionların arxasına keçib rəqib süvarilərini pərən-pərən salıb tədricən ayparanın o biri ucu ilə qovuşdu. Mərkəzdə güclü olan Roma piyadaları da sanki karfagenlilərin işini yüngülləşdirib irəli getdilər. Bayaqkı "aypara" əvvəl "nal" şəklini aldı və az sonra dairəyə döndü. Beləliklə, dünya hərb tarixində ilk dəfə olaraq mühasirə taktikası tətbiq olundu. Romalılar bir-birilərini sıxan, əzən kütləyə döndü. Sutka yarım ərzində 70 minə qədər döyüşçü məhv edildi, lakin bu parlaq qələbədən sonra Hannibal birbaşa Romaya getmək əvəzinə özünə müttəfiqlər axtarmağa başladı. Və beləliklə o, Romaya özünə gəlib yeni qüvvələr toplamağa şans verdi. Belə ki, Hannibal Kapuya şəhərinə çəkilib yeni qüvvələr gözləməyi qərara aldı. Təşəbbüs də bununla əldən getdi. Hannibalın köməyinə gələn qardaşı Hasdrubal 207-ci ildə İtaliyada Roma konsulları Livi Salinator və Klavdi Neron tərəfindən Metavr döyüşündə məğlub edilib həlak oldu. Hannibal kömək ala bilmədi. Əksinə, Karfagen senatı onu şəhərin müdafiəsinə çağırdı. Beləliklə, bütün qələbələri faydasız olan Hannibal Afrikaya adladı. Ssipiona danışıqlara başlamağı təklif etdi, amma Ssipion ondan danışıqsız təslim olmağı tələb etdi. Əlacsız qalan sərkərdə döyüşə girməli oldu. E.ə. 202-ci il sentyabrın 19-də Zama adlanan yerdə həlledici toqquşmada ilk dəfə məğlub oldu. Bu məğlubiyyətdən sonra Karfagen aristokratiyası ona düşmən kəsildi. Əlacsız qalan Hannibal suriyalı Antioxun yanına gedib onu Roma ilə mübarizəyə çağırdı, fəqət Antiox da məğlub edildi. Romalılara verilmək təhlükəsini hiss edən Hannibal Krit adasına qaçdı. Orada da həmin təhlükəyə məruz qaldığını görüb e.ə. 183-cü ildə Vifiniyada zəhər içib intihar etdi.

[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Mark, Joshua J. "Hannibal". Dünya Tarihi Ansiklopedisi (türk). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-17.