Henri Roys | |
---|---|
Frederik Henri Roys | |
Doğum tarixi | |
Doğum yeri | Pitersborq yaxınlığı |
Vəfat tarixi | |
Fəaliyyəti | sahibkar, ixtiraçı, avtomobil mühəndisi[d], mühəndis |
Vikianbarda əlaqəli mediafayllar |
Frederik Henri Roys (1863-1933) - mühəndis.
Frederik Henri Roys 1863-cü ildə Pitersborq yaxınlığında, Elvaltonda çoxuşaqlı yoxsul dəyirmançı ailəsində anadan olub. Henri mexanikanı, cəbri və ali riyaziyyatı öyrənməyi çox istəyirdi, amma təhsilə pul çatmırdı. Buna görə də 10 yaşlı oğlan qəzet satmaqla məşğul olmağı qərara aldı.
O, məktəbdə 11 yaşından 12 yaşınadək oxudu. 1879-cu ildə ailələrində faciə baş verdi – valideynləri yanğında həlak oldular. Henri dəmiryol stansiyasında teleqrafçı işində işləməyə məcbur oldu, boş vaxtlarında isə elmin incəliklərinə yiyələnirdi. 15 yaşında ikən o, Lidsə köçdü və dəzgah istehsal edən şirkətdə işə düzəldi. O, firmada çalışdığı müddətdə elektrik işini öyrəndi və qəzetdə London şəhərinin elektriklə işıqlandırma sisteminə keçdiyi barədə elanı oxuyan kimi paytaxta yola düşdü.
Orada onu böyük həvəslə qarşıladılar. 19 yaşlı oğlanın elektrik sahəsindəki bilikləri o qədər dərin idi ki, onu Liverpula "Maxim&Western Elektric" şirkətinin məsləhətçisi vəzifəsinə göndərdilər. Orada üç il işlədikdən sonra Henri 1884-cü ildə gənc elektrik Ernest Klermontla tanış oldu və dostlaşdı.
Çox keçmədən dostlar Mançesterdə öz müəssisələrini açdılar. Şirkətin kassasına 50 funt pul qoyan Klermont firmanın kommersiya direktoru Roys isə baş konstruktoru oldu. O, kassaya daha 20 funt əlavə edərək şirkətin onun adını daşıması hüququnu əldə etdi.
Müəssisə elektrik lampaları üçün sokollar (elektrik lampasının patrona taxılan metal hissəsi) və maqneto, bir müddət sonra isə həm də elektrik rels kranları istehsal etdi.
20-ci əsrin əvvəlində çoxları avtomobillərlə maraqlanmağa başladılar, bu həvəs sahibkar və mexanik Roysdan da yan keçmədi. O, gündəlik səfərlər üçün De DION et BOUTON kvadrisiklini aldı. Amma konstruktorluq həvəsi Roysun bu "arabada" rahat hərəkət etməsinə imkan vermirdi. O, bir neçə dəfə avtomobili sökdü və yığdı, onun bir çox detallarını dəyişdirdi və təkmilləşdirdi.
Roys kvadrisikli bəyənmirdi, buna görə də onu satdı. Amma əvəzində bu texnikanın necə işlədiyini öyrəndi. İndi o, öz nəqliyyat vasitəsini düzəldə bilərdi.
1903-cü ilin noyabrında o, Fransa istehsalı olan kiçik Decavile avtomobilini aldı. Avtomobil istehsalının başlanğıcı məhz bu avtomobilin adı ilə bağlı idi. Roys mükəmməl avtomobil hazırlamağı qarşısına məqsəd qoydu. O, üç avtomobil hazırlamağı qərara aldı: özü üçün, Klermont üçün və digər dostu Henri Edmonds üçün.
Roys Decavile avtomobilini hissələrə ayıraraq onun təkmilləşdirilməsi ilə məşğul oldu və ilk növbədə mühərrikdən başladı. Təbii ki, 1902-ci ildə buraxılmış 10 at gücünə malik 2 silindrli mühərrik Henrini qane etmirdi. 1904-cü il yanvarın 6-da o, mühərrikin üzərində işləməyə başladı.
Roys mühərrikin konstruksiyasında dəyişiklik etmədən avtomobili daha etibarlı, təhlükəsiz və yüngül etməyə nail oldu. Alüminiumdan istifadə mühərrikin kütləsini 840 kiloqramdan 735 kiloqramadək azaltmağa imkan verdi.
Bir şahidin sözlərinə görə, bir dəfə Roysa təcili olaraq dəridən aralıq qatlar lazım oldu. Mağazada onları tapmayanda tərəddüd etmədən öz əlcəyinin boğaz hissəsini kəsib ondan istifadə etdi. Roys hesab edirdi ki, avtomobilin kuzovu xüsusi atelyelərdə istehsal olunmalıdır.
O, ikiyerlik üstüaçıq torpedonun kuzovunun hazırlanmasını Barker şirkətinə, dördyerlik versiyanınkını isə Canne firmasına həvalə etdi. 1904-cü il aprelin 1-də Royce markalı ilk avtomobil Kuk-stritdəki fabrikin darvazalarından çıxdı və Roysun evinə qədər 21 kilometr məsafə qət etdi.
Hər ehtimala qarşı onun ardınca adi Decavile avtomobilini hərəkət edirdi, amma onun yardımına ehtiyac olmadı. Yeni avtomobil markası bu cür yarandı. 1904-cü ilin yayı ərzində iki ədəd ikiyerlik və bir ədəd dördyerlik ekipaj istehsal olundu.
O vaxtlar çox sayda bu cür firmalar yaranır və müxtəlif növ (ilk növbədə maliyyə xarakterli) çətinliklər ucbatından tezliklə bağlanırdı. Kim bilir, Royce şirkəti haqında xəbər 27 yaşlı aristokrat idmançı Çarlz Stüart Rollsa çatmasaydı, müəssisənin gələcək taleyi necə olardı.
Roysun tərəfdaşı, onun yığdığı üç avtomobildən birinin sahibi olan Henri Edmonds onu varlı idmançı Çarlz Rolls ilə tanış etdi. 1904-cü ilin dekabrında Roys ilə Rollsun ittifaqı Rolls-Royce markalı ilk sınaq avtomobilinin yaranması ilə nəticələndi. F.H. Royce & Company şirkətindən asılı olmayan müstəqil Rolls-Royce Ltd. firması 1906-cı ildə rəsmən Rolls-Royce avtomobillərinin istehsalına başladı. Avtomobillər kiçik seriyalarla buraxılırdı.
1911-ci ildə Roysun səhhəti kəskin şəkildə pisləşdi. 1912-ci ildə o, əməliyyat olundu. Həkimlər onun sağalacağına ümid etmirdilər, amma o yaxşılaşdı və işinə qayıtdı. Lakin Roys daha əvvəlkitək zavod sexlərinə baş çəkə bilmirdi. O, ömrünün sonunadək Rolls-Royce konstruktorları tərəfindən hazırlanan bütün çertyojları şəxsən özü yoxladı, əsas diqqətini isə aviasiya mühərrikləri üzərində cəmləşdirdi.
Birinci Dünya müharibəsi illərində Britaniya aviasiyasının əsasını təşkil etmiş Rolls-Royce mühərriklərinə görə 1930-cu ildə Frederik Henri Roysa baronet zadəgan rütbəsi verildi. 1933-cü ildə isə Frederik Henri Roys vəfat etdi.