Humanist psixologiya

Humanist psixologiya— Psixoanalitik istiqamət şəxsiyyətin motivasiyası və strukturunu öyrənməklə psixologiyada mühüm yenilikləri, kəşfləri meydana çıxardı. Lakin psixoanaliz şəxsiyyətin bir sıra keyfiyyətlərinin məqsədyönlü şəkildə inkişafının mümkünlüyünü inkar edirdi. Bundan başqa, psixoloqlar psixoanalitiklərin şəxsiyyətin inkişafının uşaqlıq dövründə başa çatması ilə razılaşmır, hesab edirdilər ki, şəxsiyyət həyatı boyu inkişaf edir.

psixologiya

Humanist psixologiyanın yaranması və inkişafı

[redaktə | mənbəni redaktə et]

Humanist psixologiya ötən əsrin 40-cı illərində ekzistensialit fəlsəfi məktəbin əsasında ABŞ-də yarandı. Onun ilk yaradıcılarından biri Q. Olport qeyd edirdi ki, Amerika psixologiyası Seçenov, Bine, Freyd və digər alimlərin yaratdıqlarını inkişaf etdirib, yayıb, sintez edib humanist psixologiyanı formalaşdırdı.30–50-ci illərdə aparılan tədqiqatlar göstərdi ki, insanın yalnız mühitə uyğunlaşdırılması motivasiyası kifayət etmir. Situasiyanın təzyiqini aradan qaldırmaq imkanları insanlarda deyildiyindən daha çoxdur. İnsanların mənəvi tərəflərinin inkişafı problemlərini ənənəvi təbii-elmi determinantlarla izah etmək mümkün deyildi. Deməli, yeni fəlsəfi yanaşmalar da tələb olunurdu.[1] Humanist psixologiyada şəxsiyyətin cəmiyyətlə qarşılıqlı münasibəti, eləcə də sosial mühitin şəxsiyyətə təsiri məsələləri araşdırılmaqla başlandı. Humanist psixologiyanın nümayəndələri psixoanalizin şəxsiyyətlə mühit arasındakı barışmaz ziddiyyətin olması fikrini qəbul etmirdilər. Bununla yanaşı, ünsiyyət məsələlərini, şəxsiyyət və cəmiyyətin qarşılıqlı münasibətlərini öyrənərkən psixoanalizə də istinad edirdilər. Bununla belə, onlar göstərirdilər ki, psixologiya yalnız nevrotikləri deyil, həm də yaradıcılığı, normal insanları öyrənməlidir. Beləliklə, cəmiyyətin ideologiyasından, eləcə də psixologiyanın inkişafından şəxsiyyəti öyrənən yeni bir istiqamət — humanist psixologiya yarandı. Onun yaradıcıları isə məşhur Amerika psixoloqları Q. Olport, A. Maslou və K. Rocersdir.

Humanist psixologiyanın ilk yaradıcılarından biri olan Q. Olport (1897–1967) humanist psixologiyanı həm insanın davranışını mexaniki şəkildə öyrənən biheviorizmə, həm də şəxsiyyəti biolojiləşdirən psixoanalizə alternativ bir istiqamət hesab edirdi. Olport eyni zamanda psixikası pozulmuş, nevrotik xəstələrin əlamətlərinin sağlam adamlara da şamil edilməsinin yolverilməzliyini qeyd edirdi. Qeyd edirdi ki, bihevioristlərin istifadə etdiyi müşahidə olunan faktların toplanması və təsvir edilməsi də düzgün deyil. Faktlar sistemləşdirilməli və təhlil olunmalıdır. Yalnız quru faktları toplayan psixoloqları Olport "başsız atlı"ya bənzədirdi. Olporta görə, insan ilk növbədə sosial varlıqdır, nəinki bioloji. Ona görə də ətrafdakı insanlarla, cəmiyyətlə əlaqə qurmadan şəxsiyyət inkişaf edə bilməz. Bu səbəbdən də psixo- analitiklərin şəxsiyyət və cəmiyyət antoqonist ziddiyyətdədir fikrini qəbul etmirdi. Olport göstərirdi ki, şəxsiyyət açıq sistem olduğundan başqa adamların və cəmiyyətin təsirinə də açıqdır. O, hesab edirdi ki, şəxsiyyətin cəmiyyətlə münasibəti mühitlə özü arasında tarazlıq yaratmaq deyil, qarşılıqlı ünsiyyət, münasibət və təsirdir. Bununla Olport o dövrlərdə qəbul edilən "İnkişaf insanın ətraf mühitə adaptasiyasıdır" fikrinə qarşı çıxırdı. Olport sübut edirdi ki, şəxsiyyətin inkişafının əsasında daimi inkişaf, özünütəkmilləşdirmə tələbatı durur. Olport şəxsiyyət konsepsiyasını yalnız nəzəri cəhətdən işləməmişdir. O həm də psixikanın öyrənilməsi ilə bağlı metodlar işləyib hazırlamışdı. Olporta görə, hər bir insanda oxşar keyfiyyətlər vardır. Lakin onların inkişaf səviyyəsi, şəxsiyyətin strukturunda yeri, müstəqilliyi hər bir şəxsdə fərqlidir. Bu fikrə istinad edərək o, çoxfaktorlu sorğu hazırlamışdır ki, onun köməyilə hər bir fərdin şəxsi keyfiyyətlərinin inkişaf səviyyəsini müəyyənləşdirmək mümkündür. Onların içərisində Minnesot Universitetinin (MMPİ) sorğusu daha geniş yayılıb və modifikasiya olunub. Bu metodla nəinki şəxsiyyətin strukturunu, həm də peşə yararlığını öyrənmək mümkündür. Olport daim bu metodları təkmilləşdirirdi və hesab edirdi ki, intervü anketə nisbətən daha etibarlı metoddur. Çünki intervü zamanı situasiyadan asılı olaraq sualları, onların qoyuluşunu dəyişdirmək mümkündür. Anketdə isə bu mümkün deyil.

R. Meyin nəzəri görüşlərinin əsasını insan psixikasının şəxsiyyətin özünü subyekt və obyekt kimi qavraması təşkil edir. Şüurun bu iki qütbü iradə azadlığını müəyyənləşdirir. Meyə görə, şəxsiyyət özünüdərk və identifikasiya ilə şərtlənir. O, psixoanalizdən qeyri- şüuriliyi götürür və onu insanın reallaşmayan qabiliyyəti və cəhdləri ilə əlaqələndirir. Reallaşmayan cəhd və qabiliyyətlər həyəcan yaradır və tədricən nevroza çevrlir. Ona görə də psixoterapevt ilk növbədə sərbəst inkişafa, özünütəkmilləşdirməyə mane olan səbəbləri müəyyənləşdirməyə çalışmalıdır. Sərbəstlik çevikliklə, dəyişikliyə hazır olmaqla bağlıdır və insana özünü dərk etməyə kömək edir. Belədə insan öz həyatını reallığa uyğun qura bilir.

Humanist psixologiyanın başlıca məsələlərini: özünüfəallaşdırma, şəxsiyyətin inkişaf mexanizmləri və tələbatın növləri problemlərini də A. Maslou işləmişdir. Psixikanın formalaşmasına yeni yanaşmanın zəruri olduğunu qeyd edən Maslou göstərirdi ki, o nə antibihevioristdir, nə də antipsixoanalitik. Bu məktəblərin yanaşmalarını inkar etməsə də, onların ehkam kimi qəbul olunmasını da yolverilməz hesab edirdi. Bildirirdi ki, onlar insanın imkanlarını məhdudlaşdırır, inkişafına dar çərçivədən yanaşırlar. Maslouya görə, psixoanalizin çatışmazlıqlarından biri də şüurun rolunu məhdudlaşdırmaqla bağlıdır. Maslounun fikrincə, insanla heyvanın fərqindən biri də ondadır ki, insan mühitlə özü arasında tarazlıq yaratmağa çalışmır, əksinə, bu tarazlığı dağıtmağa cəhd edir. Mühitə uyğunlaşma, tarazlıq insanın özünüfəallaşdırmasını məhdudlaşdırır, hətta yox edir. Buna görə də inkişafa cəhd, şəxsi inkişaf, yəni özünüfəallaşdırma insanlığın və cəmiyyətin inkişafının əsasını təşkil edir. Maslou, eyni zamanda bihevioristlərin psixi həyatın bütovlükdə davranışla bağlılığına qarşı çıxırdı. Hesab edirdi ki, psixikanın ən vacib tərəfi özünüinkişafla bağlıdır. Maslou, demək olar ki, genişmiqyaslı, qlobal eksperimentlər aparmışdır. Eksperimentlər əsasən özünüfəallaşdırma ilə bağlı olmuş, nəzəri fikirlərinin təsdiqinə yönəldilmişdir. Psixoanalitiklərdən fərqli olaraq, o, hesab edirdi ki, psixologiya xəstə və orta səviyyəli adamları deyil, ən yaxşı, yaradıcı insanları öyrənməlidir. Ən qabiliyyətli adamları öyrənməklə psixologiya insanın imkanlarının sərhədlərini müəyyənləşdirə bilər. Maslouya görə, hər bir insan özünəməxsus keyfiyyət və qabiliyyətlərlə doğulur və bu onun "Mən"inin əsasnı təşkil edir. Hər bir şəxs bu imkanları bilməli, həyat və fəaliyyətində ondan istifadə etməlidir. Buna görə də insan şəxsiyyətini instinktlər deyil, dərk olunmuş motiv və cəhdlər formalaşdırır. Lakin özünüfəallaşdırma cəhdi ətraf mühitin bir sıra maneələrinə rast gəlir. Bu səbəbdən də bəzi insanlar çətinliklə rastlaşdıqda öz istəyindən imtina edir. Bu da izsiz ötüşmür, inkişafın qarşısını alır, nevroza səbəb olur. Maslou ilk dəfə olaraq şəxsiyyətin neqativ tərəfləri ilə yanaşı, pozitiv tərəflərinin də inkişafa təkan verdiyini göstərdi. Bu isə hər bir insanın özünüinkişafı və özünütəkmilləşdirməsidir.

Rocersin konsepsiyasının əsasını insana inam, onun şəxsiyyətinə hörmət təşkil edir. O yazır: "İnsana ən qiymətli hədiyyə onun emosional vəziyyətini dinləmək, hörmətlə yanaşmaq və öz yerini tapmaqda kömək etməkdir". Rocersin nəzəri baxışlarında ilkin yerlərdən birini insana inam tutur. Halbuki, Qərb sivilizasiyası, onun sosial institutları üçün insana inamsızlıq geniş yayılıb. Onlara görə insan təbiətən tənbəl və idarəolunmaz olduğundan daim kənar nəzarət altında olmalıdır. Rocersin konsepsiyasına görə insan daxili təbiəti etibarilə pozitiv, sosial və konstruktivdir. İkincisi, onun daxili təbiəti hər dəfə başqa admalarla qarşılıqlı münasibətdə olarkən, pozitiv münasibətlə üzləşərkən özünütəsdiqə doğru yönəlir. Rocers hesab edir ki, insanın özünü dərk etməsi üçün böyük imkanları vardır. Lakin bu imkanların inkişafı mühitdən asılıdır. Rocersə görə, ənənəvi təhsil sisteminin əsas çatızmazlığı təlimin və müəllimin rolunun həddən artıq şişirdilməsi ilə bağlıdır. Bu sistemdə düşündürücü təlimə və ümumiyyətlə şagirdin özünə az yer ayrılır. Şəxsiyyətyönümlü təhsildə isə şagird sərbəst olur, öz hərəkətlərinin məsuliyyətini dərk edir, təlim yaradıcılığına xidmət edir. Rocers uzunmüddətli müşahidə və tədqiqatlar nəticəsində belə bir qənaətə gəlmişdir ki, insanlara emosionalkoqnitiv kömək həyatda daha yaxşı yaşamağa kömək edir, cəmiyyətdə isə pozitiv davranış artır. 70 – 80-ci illərdə isə belə bir qənaətə gəlir ki, konfliktdə olan qruplar arasında ünsiyyətin qurulması, insanların özünütəsdiqi onların şüurunda da pozitiv dəyişikliyə səbəb olur, arı-ayrı insanlarda və bütövlükdə cəmiyyətdə gərginlik azalır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Ramiz Əliyev. Psixologiya tarixi (az.). 2006.