Hüceyrə transplantologiyası (ing. Cell therapy) — hüceyrə terapiyası olaraq da tanınır və hüceyrələrin müalicə məqsədi ilə xəstə bir bədənə köçürülməsinə əsaslanan terapevtik yanaşmalar toplusudur. Hüceyrə transplantologiyasının geniş tanınan və sürətlə inkişaf edən sahələrindən biri kök hüceyrələr terapiyasıdır[1].
Hüceyrə transplantasiyası ardıcıl olaraq aşağıdakı mərhələləri əhatə edir:
Hüceyrə transplantasiyasının bir əsrdən artıq tarixə malik olmasına baxmayaraq, onun müasir elmi və klinik mərhələləri çoxda qədim dövrlərə təsadüf etmir. Hüceyrə transplantasiyası regenerativ təbabətdə (zədələnmiş toxuma və orqanların bərpası), irsi xəstəliklərin, xərçəngin, sağalmaz ürək-damar, neyrodegenerativ və autoimmun xəstəliklərin müalicəsində uğurlu nəticələr verir. Hüceyrə transplantasiyası üsullarının klinik praktikaya tətbiqi leykemiyanın bəzi formalarınının müalicəsinə, şəkərli diabet, dağınıq skleroz kimi xəstəliklərdən əziyyət çəkən xəstələrin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan vermişdir.
Hüceyrə transplantologiyasının inkişafını empirik və müasir (elmi və klinik) mərhələlər olmaqla 2 hissəyə ayırmaq olar.
Hələ 1667-ci ildə fransalı Jan-Batist Denis (1640-1704) qoyundan insana qan köçürdüyü haqda məlumat vermişdi. Daha sonra isə Villiams 1884-cü ildə diabet xəstəsinin dərisi altına qoyunun mədəaltı vəzi toxumasının fraqmentlərinin implantasiya etdiyini bildirmişdir. 1890-cı ildə Nyu-York Universitetində Tomson beyin hüceyrələrinin pişikdən itə transplantasiyası üzərində təcrübə apardığını qeyd etdi. 1907-ci ildə Nyu-Yorkda Mount Sinai Xəstəxanasında Reuben Ottenberg (Reuben Ottenberg, 1882-1959) dünyada ilk dəfə qan qruplarını nəzərə alaraq insandan insana qan köçürmüşdür[3]. Ottenberqin çarpaz uyğunlaşdırılmış qanköçürməsi insanlarda ilk elmi əsaslandırılmış hüceyrə transplantasiyası hesab olunur[2]. 1931-ci ildə İsveçrədə Paul Niehans (1882-1971) dünyada ilk dəfə olaraq paratiroid vəzlərinin səhv cərrahi yolla çıxarılması nəticəsində qıcolma vəziyyətində olan xəstəyə dana paratiroid hüceyrələrinin süspansiyonunu köçürdü[4]. Sonrakı hüceyrə terapiyası üçün heyvan hüceyrələrini dondurmaq üçün Niehans liyofilizasiya metodundan istifadə etdi. Bundan sonra Qərbi Avropada dondurulmuş heyvan hüceyrələri ilə terapiya və cavanlaşma (“Niehans metodu”) geniş vüsət almışdır. Hüceyrə terapiyası geniş istifadə edilməyə başlansa da, infeksiyalar və immun reaksiyalar nəticəsində ölüm hallarına da tez-tez rast gəlinirdi. Bu səbəbdən 1980-ci illərdə Almaniyada, daha sonra isə ABŞ-da hüceyrə terapiyası qadağan edildi[2].
Hüceyrə transplantologiyasının müasir inkişafı mərhələsinin başlanğıcı 1968-ci ildə Minnesota Universitetindən E. D. Tomasın ilk olaraq insanda leykozun müalicəsində sümük iliyinin köçürülməsi zaman hesab olunur. Bundan əvvəl isə 1951-ci ildə Lorenz ölümcül şüalanmış heyvanların sümük iliyi transplantasiyasından sonra sağ qaldığını nümayiş etdirmiş, 1958-ci ildə G. Mathe şüalanmış nüvə fiziklərinin sümük iliyinin transplantasiyasını həyata keçirmişdir. Bu əməliyyatlar zamanı uyğunluq yalnız qan qrupları ilə müəyyən edilmiş və transplantasiyadan əvvəl immunoablyasiya aparılmamışdır. Zamanla sümük iliyi transplantasiyasının klinik effektivliyi sübuta yetirildi və onkohematoloji xəstəliklərin müalicəsinin praktiki olaraq yeganə üsuluna çevrildi. Sümük iliyi transplantasiyası tədqiqatları insan hüceyrələrinin təcrid edilməsi və ayrılması texnologiyalarının təkminləşdirilməsində mühüm rol oynadı[2].
1972-ci ildə V. F. Ballinqer və P. E. Lesi şəkərli diabetin müalicəsi zamanı mədəaltı vəzinin adacıq hüceyrələrinin transplantasiyasının effektivliyini eksperimental olaraq əsaslandırdılar. 1981-ci ildə M.J.Evans və M.H.Kaufman siçanların blastokistlərindən embrion kök hüceyrələrini təcrid etdilər, G.R.Martin isə embrion kök hüceyrə terminini elmə daxil etdi. Bundan sonra aparılan elmi tədqiqatlar nəticəsində hüceyrələrin pluripotent diferensiallaşma imkanları və hüceyrə transplantasiyasında istifadə perspektivləri nümayiş etdirildi. 1986-cı ildə Pol Leysi Hüceyrə Köçürmə Cəmiyyətini qurdu[2].
1987-ci ildə İsveçdə Lindvallın başçılıq etdiyi bir qrup alim Parkinson xəstəliyindən əziyyət çəkən iki xəstənin beyninə böyrəküstü vəzi toxumasını köçürdü. Daha sonra həmin qrup fetal sinir toxumasının transplantasiyasına başladı. Elə həmin il Avstraliyada daun sindromu üçün “hüceyrə terapiyası” cəhdləri edildi və bu cəhdlər nəticəsiz qaldı. 1988-ci ildə Fransada Gluckman E. və onun həmkarları Fanconi anemiyasından əziyyət çəkən beş yaşlı uşağa göbək ciyəsi qan hüceyrələrinin ilk uğurlu transplantasiyasını həyata keçirdilər[2].
Qaraciyərin detoksifikasiya funksiyasını təqlid edən ənənəvi tibbi (afferent) üsulların istifadəsi orqandakı regenerativ bərpa prosesini maneə törədir, bədəndən təkcə zəhərli maddələri deyil, həm də qaraciyərin reparativ regenerasiyası üçün zəruri olan amilləri mexaniki olaraq çıxarırdı[5]. 1992-ci ildə Mito M. və 1994 Habibullah C. M. qaraciyər çatışmazlığını müalicə etmək üçün ilk hepatosit nəqlini həyata keçirdilər[6][7].
Hal-hazırda hüceyrələrin transplantasiyaya[8] hazırlanması üsulları şərti olaraq minimal travmatik izolyasiya üsullarına və hüceyrə yetişdirmə üsullarına bölünür[2].
Nanotexnologiyalar hüceyrə terapiyasında istifadəsi aşağıda göstərilmiş qaydada aparılır: