III Səlim Gəray | |
---|---|
sentyabr 1765 – mart 1767 | |
Əvvəlki | Krım Gəray |
Sonrakı | Arslan Gəray |
noyabr 1770 – noyabr 1771 | |
Əvvəlki | II Qaplan Gəray |
Sonrakı | II Sahib Gəray |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1713 |
Vəfat tarixi | 1786 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | suveren[d] |
Atası | II Fateh Gəray |
Ailəsi | Gəraylar |
Dini | sünni islam |
III Səlim Gəray (1713 – 1786, Vize Kırklareli, Kırklareli ili) — XXXXII Krım xanı.[1]
1713-cü ildə doğuldu. Krım xanı II Fateh Gərayın oğludur. Əmisi Arslan Gərayın ilk səltənətində kalqay ünvanı aldı. Ruslara və polyaklara qarşı apardığı təcavüzkar siyasət səbəbilə 1765-ci ilin sentyabrında əmisi Krım Gəray vəzifədən alındı və yerinə Səlim Gəray taxta çıxarıldı. İlk səltənətində qardaşı Mehmed Gəray kalqay, digər qardaşı Krım Gəray isə nurəddin təyin edildi.
Taxta çıxdıqdan sonra Osmanlı sultanı III Mustafayla görüşən Səlim Gəray, onu Avstriya ilə sülh bağlamağa və ruslara qarşı birlikdə mübarizə aparmağa razı saldı. Uzun danışıqların ardından Sultan Mustafanı razı salsa da, ruslarla müharibə tərəfdarı olmayan sədrəzəm Muhsinzadə Mehmed Paşa tərəfindən vəzifədən alındı (mart 1767) və yerinə əmisi Arslan Gəray yenidən Krım xanı oldu.
1770-ci ildə Səlim Gəray yenidən Krım xanlığına gətirildi. Qardaşı Mehmed Gərayı kalqay, Həlim Gərayın oğullarından Krım Gərayı isə nurəddin təyin etdi. Üstəlik arzuladığı Rusiya-Osmanlı müharibəsi çoxdan başlamış, hətta Osmanlılar şimali Qara dəniz sahilindəki mülklərini qorumaqdan aciz vəziyyətə düşmüşdü. Digər yandan Osmanlıların cəbhədəki məğlubiyyətlərini görən noqaylar qarşı cəbhəyə keçmiş və rusların təbəəliyini qəbul etmişdi. Buna qarşı çıxan Səlim Gəray dərhal yerli bəylər vasitəsilə ordu toplamağa başladı. Ancaq gecikdi və 1771-ci ilin iyununda rus qoşunları general Dolqorukovun idarəsində yarımadanı işğal etdi. 14 iyunda Perekop və 29 iyulda Feodosiya yaxınlığında iki böyük tatar ordusu məğlub edildi. Ardından Perekop, Feodosiya, Yeniqala, Kerç və Arabat kimi mühüm strateji qalalar işğal olundu.
Bu vəziyyətdə hakimiyyətini qoruya bilməyən Səlim Gəray dəstək toplamaq məqsədilə İstanbula qaçsa da, burada gözlədiyi dəstəyi ala bilmədi və 1771-ci ilin noyabrında vəzifədən çəkildi. Qalan ömrünü Vizedə keçirən Səlim Gəray 1786-cı ildə burada vəfat etdi.