Cəsur Byörn | |
---|---|
Bjǫrn Járnsíða isl. Björn Járnsíða isv. Björn Järnsida | |
| |
İsveç kralı | |
Əvvəlki | Östen Beli |
Sonrakı | III Erik |
Şəxsi məlumatlar | |
Doğum tarixi | IX əsr |
Vəfat tarixi | bilinmir |
Vəfat yeri | İsveç |
Atası | Raqnar Lodbrok |
Anası | Lagerta |
Uşağı | III Erik |
Ailəsi | Munsyö sülaləsi |
Vikianbarda əlaqəli mediafayllar |
Cəsur Björn (isl. Björn Járnsíða; IX əsr – bilinmir) — Raqnar Lodbrokun oğlu, Munsyö sülaləsinin banisi yarım-əfsanəvi vikinq döyüşçü, İsveç kralı.
Raqnarın oğulları saqasına əsasən Björn Raqnar Lodbrok və Lagertanın oğlu idi. Onun Halfdan Hvitserk, Sümüksüz İvar, Siqurd Raqnarsson, Ubbe Raqnarsson, Erik Raqnarsson və Aqnar Raqnarsson adında ögey qardaşları vardı. Yetərincə böyüyəndən sonra Björn və qardaşları Zelandiya, Eland və sairə kiçik Danimarka adalarını ələ keçirib orda hakimiyyətə başlamışdı. Ögey qardaşları Erik və Aqnar Raqnar Lodbrokun İngiltərəyə hücumu zamanı üsyan etmiş və Raqnarın öz yerinə müvəqqəti idarəçi kimi qoyduğu Östen Beli tərəfindən ələ keçirilib edam olunmuşdular. Buna qəzəblənən Björn anası Lagerta və qardaşı Halfdan Hvitserk ilə birlikdə Östeni məğlubiyyətə uğradıb edam etmişdi.
Atasının ölümündən sonra bütün Avropanı yağmalayan Björn qardaşlarına İngiltərəni işğal etməyə kömək etmişdi. 860-cı ildə digər qardaşı Hastein Raqnarssonla birgə Aralıq dənizini yağmalağa yola düşdü. Cəbəli-Tariq və Cənubi Fransanı yağmalayandan sonra İtaliyanın Piza şəhərini ələ keçirmişdilər. Qədim Luna şəhərinə çatandan sonra Björn buranın Roma olduğunu zənn etmişdi. Şəhərə xəbərçi göndərən Björn özünü ölü kimi qələmə verdi və son vəsiyyətinin kilsədə basdırılmaq olduğunu xəbər verdi. Buna inanan şəhər əhalisi onun tabutunu kiçik bir dəstə ilə içəri buraxdı. Kilsənin içində tabutdan sıçrayan Björn kiçik dəstəsi ilə qapıya qədər gəldi və ordunu içəri buraxdı. İsveçə geri dönərkən Cəbəli-Tariq boğazında ərəb donanması ilə vuruşmalı olan Björn 40 gəmisini itirsə də İsveçə geri döndü. Qardaşları ilə gəldiyi nəticəyə əsasən İsveç və Uppsala Björnün payına düşdü. Björn bu baxımdan İsveç tarixində ilk əfsanəvi olmayan kraldır.
Björnün ailəsi haqda az məlumat qalmışdır. İki oğlu olduğu məlumdur: dəniz kralı Refil Björnsson və onun yerinə kral olan III Erik.
Yaşadığı dövrlər kimi ölüm tarixi də məlum deyil. Munsyö kəndində tapılan bir kurqanda onun qəbri olduğu iddia olunur.[1] Qəbrin üstündəki başdaşında yazılıb:
[Þo]rgautr þeir ... ... ôndu ok Guð[s]...[2]
Torqautr, onlar ... ruh və Tanrının