Jupan (pol. żupan) — XVI-XVIII əsrlərdə Şərqi Avropa ölkələrində, slavyan xalqlarında,[1] xüsusilə müasir Polşa, Belarus, Ukrayna, Litva ərazisində varlı təbəqələr (zadəganlar, bürgerlər) arasında geniş yayılmış rəngli, qızıl düymələr və bahalı xəzlər ilə bəzədilən geyim növüdür.[2] Polşada jupanla bağlı atalar sözü də geniş yayılmışdır: "Harada geyinilirsə jupan, orada yaşayır pan".[3]
Bahalı parçalardan tikilirdi. Əvvəllər jupan yun parçadan və məxmərdən hazırlanırdı.[4] Gündəlik istifadə üçün nəzərdə tutulan jupanlar yun parçadan, müxtəlif tədbirlər və şənliklər üçün nəzərdə tutulan jupanlar isə ipək parçadan hazırlanırdı.[5] Jupan adətən, boz, sarı, mavi, qırmızı rənglərdə olurdu. Onun üstindən heyvan dərisindən hazırlanan və qılınc asılan kəmər bağlanırdı. Jupan,ilk vaxtlar zireh altından geyilən geyim kimi istifadə olunurdu və bir sözlə hərbi mundir hesab olunurdu. XVI-XVIII əsrlərdə onun modeli çox dəyişmədi, yalnız uzunluğu, yaxası kəsildi və istifadə olunan parça növü dəyişdi.
Qaynaqlara əsasən jupan haqqında ilk məlumat 1393-cü ilə aid olsa da, o, yalnız XVI əsrin ortalarından klassik geyim formalarından birinə çevrilmişdir.[6] Jupan uzun qollu və uzun ətəkli, dekorativ düymələri olan kişi geyimi isi. XVI əsrdə bu paltara xəz yaxalıq da daxil edilmişdir.
Jupan tədricən üst geyim kimi əhəmiyyətini itirdi və yalnız kontuş altından geyinilirdi. XVII əsrin ikinci yarısından etibarən hündür yaxalıqlar dar zolaqlar və ya adi örtüklü boyun haşiyəsi ilə əvəz edilmişdir. 1680-ci illərdən sonra jupan davamlı olaraq kontuş altında geyilirdi və bu iki geyim birlikdə XIX əsrin ortalarına qədər Polşanın milli geyiminə çevrilmişdi.[7] XVIII əsrdən sonra Jupan kətan və ya pambıq kimi ucuz parça hazırlandığına görə daha yüngül oldu.