Kənd təsərrüfatı texnikası — kənd təsərrüfatının texniki cəhətdən yenidən qurulmasını həyata keçirən maşınqayırma sahəsi. Başlıca vəzifəsi kənd təsərrüfatı istehsalını kompleks mexanikləşdirməkdir.[1]
Kənd təsərrüfatı maşınqayırması XIX əsrin əvvəllərində Birləşmiş Krallıqda, az sonra isə ABŞ-də yaranmışdır. Kommunizmdən əvvəlki Rusiyada kəndlilərin çox hissəsi primitiv kənd təsərrüfatı inventarlarından istifadə edirdi. Kənd təsərrüfatı inventarı istehsal edən ilk müəssisə XIX əsrdə meydana gəlmişdi. Oktyabr inqilabından sonra Xalq Komissarları Sovetinin 1 aprel 1921 il tarixli dekreti kənd təsərrüfatı maşınqayırmasının planlı inkişafının əsasını qoymuşdur. 1926-cı ildə traktor kultivatoru, 1928 ildə traktor kotanı, 1930-cu ildə taxılyığan kombayn, 1932-ci ildə kartofyığan maşın istehsalına başlanmışdır. SSRİ 1937-ci ildə taxılyığan kombaynın illik istehsalına görə dunyada birinci yerə çıxmışdır.[1]
İkinci Dünya müharibəsi illərində kənd təsərrüfatı maşınqayırması zavodlarının çoxu müdafiə məhsulları istehsalına keçirilmidir. Şərqdə kənd təsərrüfatı maşınları istehsalının yeni bazası yaradılmışdır. Altayda, Özbəkistan SSR-də, Qazaxıstan SSR-də və s. yeni zavodlar tikilmişdir. Kənd təsərrüfatı maşınqayırması xüsusilə muharibədən sonra sürətlə inkişaf etdirilmişdir. Kənd təsərrüfatı maşınqayırmasının "Rostselmaş", "Altayselmaş", "Qapselmamaş", "Ryazselmamaş", "Lvovselmamaş", "Oktyabr inqilabı adına" (Odessa), "Krasnaya zvezda" (Kirovoqrad), Taqanroq kombayn zavodu və s. kimi ixtisaslaşdırılmış müəssisələri var idi. İstehsalın artması ilə yanaşı, yeni konstruksiyaların yaradılması və mənimsənilməsi sahəsində də işlər görülmüşdür. Bu, iqlim zonaları da nəzərə alınmaqla kənd təsərrüfatının muxtəlif sahələrini daha tam mexanikləşdirməyə imkan vermişdir.[1]
1962-ci ildə Azərbaycan SSR-də, Şamxor rayonunun Zəyəm qəsəbəsində kənd təsərrüfatı maşınqayırması zavodu yaradılmındır. Həmin zavodda kartof boşaldan və yükləyən transportyorlar sistemi, soğan çıxaran maşın, kənd təsərrüfatı maşınları üçün ehtiyat hissələri hazırlanırdı. Mingəçevir yol maşınları zavodunda, Bakıdakı 26 Bakı komissarı adına, Əzizbəyov adına mexaniki təmir zavodlarında da kənd təsərrüfatı maşınları üçün ehtiyat hissələri hazırlanırdı.[1]