Kəskin respirator infeksiyalar | |
---|---|
MeSH | D012141 |
Vikianbarda əlaqəli mediafayllar |
Kəskin respirator infeksiyalar tənəffüs yollarının selikli qışasının zədələnməsi ilə əmələ gələn yoluxucu xəstəliklərdir.[1][2] Bu cür infeksiyalar əsasən hava-damcı yolu ilə ötürülür,[3] tənəffüs yollarının müxtəlif hissələrinə təsir edir və insanlar arasında sürətlə yayılır.[3] Kəskin respirator infeksiyalar zökəm, faringit, laringit, traxeit, bronxit, bronxiolit,[4] ağciyər iltihabı və bronxopnevmoniya şəklində özlərini göstərirlər. Bu cür xəstəliklərin davam etmə müddəti 30 gündür. Əksər infeksiyalarda xəstəlik öz-özünə sağalır, lakin bəzi hallarda tibbi yardım da tələb oluna bilər.[5]
Bu cür xəstəliklərin törədiciləri viruslar, bakteriyalar və ya göbələklərdir.[3] Viruslar nəticəsində əmələ gələn infeksion xəstəliklərə qripi, paraqripi, rinovirusları, koronavirusları, adenovirusları, respirator sinsitial virusları misal göstərmək olar. Kəskin respirator infeksiyalarının əsas hissəsini virus infeksiyaları tutur. Bakteriyalar nəticəsində yaranan xəstəliklərə isə streptokoku, pnevmokoku, stafilokoku, meningokoku, Haemophilus influenzaenı, mikoplazmanı, xlamidiyanı və legionellanı göstərmək olar.[3] İnfeksiyalar virusların və bakteriyaların birgə fəaliyyəti nəticəsində də əmələ gələ bilər. Bəzi patogenlər xüsusi klinik təzahürlərə də sahib ola bilərlər.[6]
Kəskin respirator infeksiyalar aşağı tənəffüs yollarının infeksiyaları və yuxarı tənəffüs yollarının infeksiyaları olmaqla iki yerə ayrılır.[7] İnfeksiyanın bədənin digər hissələrinə yayılması, bədənin iltihablanmaya məruz qalması və ya ağciyər funksiyasının azalması səbəbindən kəskin respirator infeksiyalar tənəffüs sistemindən kənara çıxa və bədənə sitemli şəkildə təsir göstərə bilirlər.[7] Kəskin respirator infeksiyalar difteriya, göyöskürək və qızılca kimi xəstəliklərin göstəricisi olaraq da əmələ gələ bilərlər. Respirator infeksiyalarına qrip, pnevmoniya və bronxiolit daxildir.[8]
Hər il təxminən 3,9 milyon insan kəskin respirator infeksiyalar səbəbindən dünyasını dəyişir. Bu xəstəlikdən dünyasını dəyişən isə əsasən uşaqlardır.[9]
Tənəffüs yolu infeksiyaları xəstəliklərini simptomlarına və tənəffüs sisteminin ayrı-ayrı hissələri vasitəsilə yoluxmasına görə qruplaşdırırlar.[10] Kəskin respirator infeksiyaları yuxarı tənəffüs yollarının infeksiyaları və aşağı tənəffüs yollarının infeksiyaları olmaqla 2 qrupda təsnif edilir.[7] Yuxarı tənəffüs yolları burundan başlayaraq, paranazal sinuslar və orta qulaqda daxil olmaqla qırtlaqdakı səs tellərinə qədər uzanır. Aşağı tənəffüs yolları nəfəs borusu və bronxlardan başlayır və bronxiollar və alveollarla bitir. İnfeksiyalar yuxarı və ya aşağı tənəffüs yollarının hansının üstünlük təşkil etməsinə görə təsnif edilir.[11]
Yuxarı tənəffüs yollarının infeksiyaları əksər hallarda viruslar tərəfindən törədilir və öz-özlüyündə sağalır. Belə infeksiyalar təhlükəli sayılmasa da, orqanizmə fəsadlar verdiyi hallara da rast gəlinir.[12] Kəskin yuxarı tənəffüs yollarının infeksiyalarına isə soyuqdəyməni,[13] sinüziti, faringiti, tonzilliti, epiqlottiti, laringiti və laringotraxeiti misal göstərmək olar.[5]
Aşağı tənəffüs yollarının infeksiyaları özlərini bronxit,[13] bronxiolit və pnevmoniya şəklində göstərirlər.[14] Belə xəstəliklər çox ağır fəsadlar verərək, ölümlə də nəticələ bilirlər.[15] Aşağı tənəffüs yolları infeksiyaları yuxarı tənəffüs yolları infeksiyalarından daha uzun uzun müddət davam edirlər.[5] Bədən hərarətinin 38 °C-dən yüksək olduğu, öskürək ilə müşayiət olunan və xəstəxana şəraitində müalicəni tələb edən ağır kəskin respirator infeksiyaları xüsusi bir anlayış olaraq Ümumdünya Səhiyyə Təşkilatında istifadə olunur. Şiddətli kəskin respirator [16]infeksiyanın tərifi qripin səbəb olduğu pnevmoniya hallarının,[17] eləcə də astma və ürək xəstəlikləri daxil olmaqla xroniki xəstəliklərin qriplə əlaqəli kəskinləşməsinin uçotuna yönəldilmişdir.[18]
Kəskin aşağı tənəffüs yollarının infeksiyaları bütün dünyada uşaqlar və böyüklər arasında tənəffüs xəstəlikləri səbəbiylə olan ölümlərin əsas səbəblərindən biridir.[19][20] 5 yaşına qədər olan uşaqlar arasında bu xəstəliyə yoluxma və ölüm hallarına daha çox rast gəlinir.[21] Aşağı tənəffüs yollarının kəskin infeksiyaları aşağı və orta gəlirli ölkələrdə daha geniş yayılmışdır.[22] Epidemioloji baxımdan bunlara kəskin bronxit, bronxiolit, qrip və pnevmoniya daxildir.[23] Bununla belə, bronxiolit 1 yaşa qədər olan uşaqlarda əsasən xəstəxana şəraitində müalicəni tələb edir. 2010-cu ilə olan məlumatlara görə bütün dünya üzrə 14,9 milyon insan aşağı tənəffüs yollarının infeksiyaları səbəbindən xəstəxanaya yerləşdirilmişdir.[19] Kəskin bronxit böyüklər arasında daha geniç yayılmışdır. Belə ki, hər 1000 nəfərdən təxminən 30-50 nəfəri bu xəstəlikdən əziyyət çəkir. Qrip mövsümi və ya pandemiya tipli olmaqla 2 yerə ayrılır. Qrip əsasən uşaqlar arasında geniş yayılmışdır.[22] 65 yaşdan yuxarı insanlarda qripdən ölüm nisbəti daha yüksəkdir. Mövsümi qripin yayılma tezliyi hər il fərqli olur. Ümumilikdə isə əhalinin təxminən 5%-20%-i hər il bu xəstəliyə tutulur.[24] Pnevmoniyaya gənclər və yaşlılar arasında daha çox rast gəlinir. Avropada cəmiyyətdən qaynaqlanan pnevmoniyaya ildə 1000 nəfərdən təxminən 2-12 nəfəri yoluxur. Bu xəstələrin əksəriyyəti evdə müalicə olunur, lakin bu infeksiyadan olan ölümlərin sayı da heç az deyildir.[25] 2016-cı il tarixinə olan etioloji məlumatlara əsasən pnevmokok, Haemophilus influenzae tip B,[26] qrip və respirator sinsitial virusun törətdiyi aşağı tənəffüs yolları infeksiyaları arasında yoluxma nisbətinə və ölüm hallarına görə ən çox rast gəlinən xəstəlik pnevmokok pnevmoniyadır.[27] Respirator sinsitial infeksiya xəstəliyi isə [28] ölüm sayına görə ikinci yeri tutur. Ölümlərinin təxminən yarısı 5 yaşdan kiçik uşaqlar arasında baş verir.[29]
Xəstəliyin əmələ gəlməsinə səbəb olan xarici amillərə aktiv və passiv siqaret çəkmə, selikli qişaları qıcıqlandıran maddələrin inhalyasiyası, tez-tez iqlim dəyişikliklərinə məruz qalma kimi hallar daxildir.[30]
Digər xəstəliklərin və bədəndə müəyyən pozğunluqların olması da risk faktorlarını artırır. Burun septumunun sapması, diş müdaxilələri kimi burun boşluğunun və ya paranazal sinusların anatomik quruluşunun pozulması zamanı da risk artır.[30] Bu xəstəliklə əlaqədar risk faktorlarına yuxarı tənəffüs yollarının infeksiyaları, mukosiliar klirensin pozulması, immunçatışmazlıqlar, sistik fibroz, atopiya, allergik rinit, bronxial astma və ondogen infeksiyalar daxildir.[30] Bəzi psixi pozğunluqlar, narahatlıq və depressiya kimi hallar da risk faktorlarına daxildirlər.
Respirator infeksiyaların qarşısının alınması və müalicəsi əsasən səhiyyə sisteminin keyfiyyətindən asılıdır.[23][31] Respirator infeksiyalar əsasən öz-özlərinə sağalırlar və əksər bakterial infeksiyalar antibiotik müalicəsinə müsbət cavab verirlər.[32] Praktikada bu tip xəstəliklərin müalicəsi üçün müxtəlif dərmanlardann istifadə olunur. Bu dərmanların əksəriyyəti demək olar ki, müsbət təsir göstərmirlər.[33] Onların yan təsirlərinə də rast gəlinir. Alternativ təbabətin homeopatiya adlı növü ən çox istifadə olunan növlərindən biridir. Homeopatiyanın prinsipləri qeyri-elmidir və hər hansı müsbət nəticələr plasebo effekti ilə izah olunur. Uşaqlarda kəskin respirator infeksiyaların müalicəsi üçün istifadə edilən Coçrane meta-analizi onun istifadəsindən sonra heç bir müsbət təsirin olmadığını göstərdi.[34]
Pnevmoniya antibiotiklər vasitəsilə müalicə olunur. Lakin, bəzən antibiotikorezistentlik kimi halların olması antibiotiklərin fəaliyyətini azaldır. Böyük bir ictimai sağlamlıq problemi olan müqavimət antibiotiklərin sui-istifadəsi nəticəsində yarana bilər ki, bu da istifadə edilən antibiotikə davamlı bakteriyaların seçilməsi ilə nəticələnir.[23] Antibiotiklərdən daha düzgün istifadə bu problemi azalda bilər. Müalicədən sonra yaxşı nəticə almaq üçün vacib amillərdən biri testlər və təkminləşmiş üsullar vasitəsilə yoluxucu xəstəliklərin tez bir zamanda müəyyən etməkdir. Coçrane tərəfindən 12 ölkədən alınan məlumatların meta-analizi müəyyən edib ki, antibiotik müalicəsinin başlanmasına qərar verərkən və müalicənin müddətini təyin edərkən prokalsitoninin bakterial infeksiyanın göstəricisi kimi nəzərə alınması ölüm, antibiotik tullantıları və mənfi nəticələr riskinin azalması ilə nəticələnir.[35] Aşağı tənəffüs yollarının ağır infeksiyalarını effektiv müalicə etmək üçün oksigen aparatları ilə yanaşı pulsoksimetrlərdən də istifadə olunmalıdır.[23]
Qızılca, difteriya, göyöskürək, Haemophilus influenzae tip B, pnevmokok və qripə qarşı peyvəndlərin geniş tətbiqi uşaqlar arasında kəskin respirator infeksiyaların yayılmasını əhəmiyyətli dərəcədə azaldır.[36] Bu peyvəndin milli peyvənd proqramlarında olduğu ölkələrdə Haemophilus influenzae tip B-yə qarşı peyvəndlərin istifadəsi sayəsində bu patogenin törətdiyi invaziv xəstəliklər, o cümlədən meningit və ağciyər iltihabı praktiki olaraq yoxa çıxmışdır.[37]
Körpələr arasında ana südü ilə qidalanma kəskin aşağı tənəffüs yollarının infeksiyalarının sayını azaltmağa kömək edir. Sink çatışmazlığından əziyyət çəkən ölkələrdə qida vasitəsilə əlavə sink qəbulunun olunması bu xəstəliyi dörd dəfə azaldır.[38]
Fiziki aktivlik insan sağlamlığına müsbət təsir göstərsə də, Cochrane araşdırmasına görə kəsbu faktor kəskin respirator infeksiyaların tezliyinə təsir göstərmir.[39][40]Bununla belə, bəzi tədqiqatlar idmanın bu xəstəliklərin şiddətini azalda biləcəyini göstərmişdir.