Katerina Zeno

Katerina Zeno
it. Caterino Zeno
Zeno ailəsinin gerbi
Zeno ailəsinin gerbi
Doğum tarixi
Doğum yeri Venesiya
Vəfat tarixi
Vəfat yeri Venesiya
Vətəndaşlığı Venesiya
Həyat yoldaşı Violante Krispo
Atası Draqone Pietro Zeno
Anası Miçele Morosini
Milliyyəti İtalyan
Dini Katolik
İxtisası Diplomatiya
Fəaliyyəti diplomat, səyyah, yazıçı, səfir
Fəaliyyət illəri 1448-1478
Tanınır Ağqoyunlu dövlətinə etdiyi səfər ilə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Katerina Zeno (it. Caterino Zeno) ; (1440-cı illər, Venesiya1490-cı illər, Venesiya) — italyan siyasətçiVenesiya Respublikasının diplomatı. Ağqoyunlu hökmdarı Uzun Həsənin yanında Venesiya səfirliyi etməsi ilə məşhurdur.

Zeno 12 iyul 1418-ci ildə Venesiyada dünyaya gəlmişdir. O, Zeno ailəsinin üzvü olaraq zadəgan ailəsində dünyaya gəlmişdi.[1] Atası Draqone Pietro Zeno (ö. 1430), anası Anna Morosini idi. Anna Morosini Venesiyanın bir müddət doju olmuş Miçele Morosininin qardaşının qızı idi.[2] Zenonun Antonio və Nikolo adlı iki qardaşı, Antonia adlı bir bacısı olmuşdur. Bacısı 1439-cu ildə Antonio Zorzi ilə evlənmişdir.[3][4]

Katerino Zeno Venesiya elit cəmiyyətinə anası və dayıları vasitəsiylə daxil edilmişdir. Zeno 1445 və 1446-cı illərdə İsgəndəriyyə və Tanais şəhərlərinə təşkil edilən ekspedisiyalarda iştirak etmişdir.[3][4]

1448-ci illərdən dövlət vəzifələri yerinə yetirməyə başlamış, 1448-1450-ci illərdə kiçik məhkəmələr üçün dövlət müvəkkilliyi etmiş və 1448-1455-ci bir neçə dəfə illərdə Qırxlar Şurasına seçilmiş və 1450-ci ildə Venesiya şəhərinin hissələrindən biri olan San Markonun caposestieresi (rəhbəri) olmuşdur.[3][4]

1453-cü ildə Nikolo Krisponun qızı Violante Krispi ilə evlənmiş, bu evlilikdən ən azı bir oğlu olmuşdur. 1457-ci ildə doğulan oğlu Pietro İstanbul səfiri kimi fəaliyyət göstərmişdir. Bundan başqa Zenonun bu evlilikdən ən azı iki qızı da olmuşdur. Adriana adlı qızı Federiko Qradeniqo ilə 1476-cı ildə evlənmiş, adı bəlli olmayan digər qızı isə Andros lordu Leone di Sommaripa ilə evlənmişdir. Zenonun xidmətlərini fərqləndirmək üçün Venesiya Respublikası 8 yanvar 1476-cı ildə onun hər bir qızına 1500 dukat təqaüd verməyə başlamışdır. Onun Oktavian adlı ikinci bir oğlunun olub-olmaması məsələsi dəqiq bilinməməkdədir.[3][4]

1455-ci ildə Zeno SuriyaBeyruta gedən yolu maliyyələşdirmiş,, 1463-cü ildə gəmi kapitanı olmuş, 1467-ci ildə isə malların transportuna nəzarət edən ilam məmuru vəzifəsində çalışmışdır.[3][4]

Ağqoyunlu imperiyasında səfirliyi

[redaktə | vikimətni redaktə et]

Venesiya Cumhuriyyət Senatı 2 dekabr 1463-cü ildə Fateh Sultan Mehmedə qarşı Ağqoyunlular və Anadolu bəylikləri ilə ittifaqa girmək barədə qərar qəbul etmişdi. Venesiya administrasiyası 1464-cü ildən sonra Ağqoyunlu sarayına bir neçə elçi də göndərmişdi. Bununla da Osmanlılarla baş verəcək 16 illik müharibənin də başlanğıcı qoyulmuşdu.[5]

7 mart 1471-ci ildə əvəvlki iki namizədin təklifi rədd etməsindən sonra Zeno Uzun Həsənin yanına Venesiya səfiri olaraq göndərildi. Onun səfirliyi qarşısında qoyulmuş başlıca tapşırıq Osmanlı hökmdarı II Mehmetə qarşı iki dövlətin ittifaqını qurmaq idi. Onun səfirliyə təyin edilməsinin bir digər səbəbi isə arvadının Uzun Həsənin arvadı olan Bizans şahzadəsi Teodora Dəspinə Xatunla olan qohumluq iddiaları idi.[a] Lakin bu qohumuluğun olub-olmaması və ya hansı dərəcəyə sahib olması hələ də sübut edilməmiş, qeyri-müəyyən məsələ olaraq qalmaqdadır.[3][4] Zeno öz səyahətnaməsində Dəspinə Xatunun onunla maraqlandığını, söhbət etdiyini, ona öz qohumlarını soruşduğunu yazmışdır.[7] Zeno Venesiyaya döndükdən sonra da Dəspinənin ailəsi maraqlanmış, övladları barədə qeydlər etmişdir. O, Dəspinə Xatunun dəfn yeri barədə yazmasından başqa, onun dini inancı ilə də bağlı qeydlər etmişdir:

Dəspinə dövrünün ən inanclı qadınlarından biri idi və buna bağlı olaraq, xristianlıqdakı gözəl inancını davam etdirirdi. Hər gün müqəddəs axşam yeməyi ayinini Rum kilsəsi üsullarına görə təşkil edir, özü də böyük bir ixlas ilə bunda iştirak edirdi. Əri də başqa bir dinə mənsub olmasına və arvadının dininə düşmən olmasına baxmayaraq, bu məsələdə ona əsla bir şey deməyir, onu dinini tərk etməyə məcbur etmirdı. Doğrusu təəccüblənəcək olan şey necə olur da bunların bir-birinə uyğunluq göstərirməsidir.[8]

Zeno Uzun Həsənin sarayına 1472-ci ilin aprelində çatdı və bir il yarım orada qaldı. Bu zaman ərzində Uzun Həsənlə yaxşı münasibət quran Zeno, həmçinin onun ailəsi ilə də yaxşı əlaqələr formalaşdırdı. O, Uzun Həsənin qızları ilə birdə 1473-cü ildə Şam şəhərində görüşmüşdür. Onun səyləri nəticəsində Uzun Həsən ilə Venesiya arasında ititfaq formalaşdırılmış və o, Həsənin məktubu ilə vətəninə dönmüşdür. Onun Ağqoyunlu sarayındakı yerini İosafat BarbaroAmbrozio Kontarini almışdır.[4][3]

Zenonun 9 fevral 1472-ci il tarixli Venesiyaya göndərilmiş məktubunda İosafat Barbaronun yazdıqlarından əlavə, 100-ə qədər mütəxəsis döyüşçünün də göndəriləcəyi bilgisi verilməkdədir. Zenonun 1472-ci ilin noyabrında yazılmış bir məktubunda içində iki mühəndisin olduğu iki gəminin 400 paund ağırlığında altı ədəd böyük top, 10 ədəd 50 paund ağırlığında top, bürünc və dəmirdən hazırlanmış 10 spingarde, 1000 çəllək barıt, 10.000 ədəd uzun dəmir nizə, 3000 qədər güllə, 3000 qədər güclü kürək, 2000 bel, 1000 schiopettio gətirdiyi bilinməkdədir. Bu ləvazimatlar Trabzonun uyğun bir yerində Ağqoyunlu nümayəndələrinə təslim edilməli idi.[9] Zenonun Venesiyaya yazdığı və ya Uzun Həsənin italyan dilinə tərcümə edilərək göndərilmiş məktublarında Osmanlı ilə müharibə ilə bağlı ətraflı məlumatlar verilməkdədir. Ağqoyunlu sərkərdələrindən Yusif Mirzə və Qaramanoğullarından Pir Əhməd bət başda Tokat olmaqla Anadoludakı müxtəlif bölgələri yağmalayaraq Osmanlı ordularını məğlubiyyətə uğratmışdır. Bursaya qədər yaxınlaşan bu Türkmən ordusunu Şahzadə Mustafa (ö. 1474) və Anadolu bəylərbəyi Davud paşa (ö. 1498) ancaq odlu silahların yardımı ilə durdura bilmişdir. Yuzif Mirzədən əvvəl "Əmir Ömər bəy" rəhbərliyində bir Ağqoyunlu ordusunun Tokata hücum etdiyi, lakin Şahzadə Bəyazidə məğlub olaraq Diyabərkirə geri çəkildiyi bilinməkdədir. Bu məqamda, Ömər bəy ilə başqa məktublarda adı keçən Əmir bəyin eyni şəxs olduğu bilinməkdədir. Lakin Zeno səyahətnaməsində "amarbei Giusultan Nichienizza" deyə keçməkdədir, buna görə də, bu iki şəxsin əslind eyni adam olduğu şübhəlidir.[10] Zenonun yazdıqlarından onun bacarıqlı bir sərkərdə olduğu düşünülməkdədir. Bundaş başqa, Zeno onun 100 min nəfərlik orduya rəhbərlik etdiyi, bunların bir qisminin italyan üsulu süvarilər kimi geyindiklərini, digərlərinin də dəri və ya ipək zirehlərə sahib olduğunu yazır.[11]

Söz verilən silahlar Mərsinə çatdırılsa da, Osmanlılar hərəkətə keçərək yükün daşınmasına mane oldular. Nəticədə Uzun Həsənin ordusu odlu silahsız qaldı.[12]

Geri dönərkən Zeno Osmanlı imperiyasına əsir düşmək təhlükəsi ilə üzləşmiş, pulu o qədər tükənmişdir ki, yoluna davam edə bilmək üçün xidmətçilərindən birini qul kimi geridə buraxmışdır. Geri döndükdən sonra Polşa kralı II Kazimir, Müqəddəs Roma imperatoru III FrederikMacar kralı I Matyaş Korvinus ilə də ittifaq formalaşdırmağa çalışmış, lakin elə bir nəticə əldə edə bilməmişdir. Lakin o, I Matyaş tərəfindən 1474-cü ilin 20 aprelində cəngavər elan edilmişdir. O, Venesiyada Uzun Həsənin cavabını açıqlayarkən özünü "Möhtəşəm Domino Katerino Zeno" kimi təqdim etmişdir.[3][4]

Sonrakı fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

22 avqust 1474-cü ildə Zeno RomaNeapola göndərilən diplomatik heyətin tərkibinə daxil edilmiş, 8 avqust da təyin edildiyi ehtiyat qüvvələr hakimi vəzifəsini icra etməyə 1475-ci ilin yanvarında başlamışdır. 29 sentyabr 1476-cı ildə Onlar Şurasına təyin edilmiş, növbəti aylarda dəfələrlə ona rəhbərlik və ya inkvizitorluq etmiş, 1477-ci ilin may ayında Arsenalın patronu təyin edilmişdir Bu vəzifə çox mühüm vəzifə olmaqla birlikdə, ənənəvi olaraq Onlar Şurasının əvvəlki liderlərinə verilməkdə idi.[3][4]

Zenonun 1478-ci ilin iyunundan əvvəl öldüyü bilinməkdədir. Onun ölüm səbəbinin vəba olduğu ehtimal edilir. O, Krociferi kilsəsində dəfn edilmişdir. Həyatı boyunca xeyli sayda əsərlər yazmış, əsərləri ölümündən sonra nəticəsi tərəfindən çap edilmişdir. Genişləndirilərək və redaktə edilərək 1558-ci ildə Nikolo Zeno tərəfindən çap edilən əsərinə Commentari adı verilmişdir. Zenonun səyyah kimi məşhur olması 1783-cü ildə Vinçenzo Formaleoni tərəfindən fantastik əsərinin yazılmasına da Storia Curiosa ilham mənbəyi olmuşdur.[13][3][4]

  1. Zeno öz qeydlərində bildirir ki, onun arvadı Violantenin anası Eudoksiya Valenza Trabzon imperatoru IV İohannın qızı idi. Bu imperator eyni zamanda Teodora Dəspinənin də atası idi. Belə olduğu halda, Zenonun arvadı Dəspinənin bacısının qızı olurdu. Azərbaycan tarixçisi Yaqub Mahmudov da gümanki buna əsaslanaraq öz əsərində Zenonun qeydini olduğu kimi təqdim edir.[6] Hər bir halda, tarixi sənədlər göstərir ki, Dəspinə imperatorun yeganə övladı idi. Eudoksiya üçün alternativ kimliklər iddia edilsə də, bunu qəti şəkildə sübut edəcək materiallar yoxdur. Məsələn, iddia edilmişdir ki, Eudoksiya IV İohannın yox, əslində onun atası IV Alekseyin qızıdır. Belə olduqda, o, Dəspinənin bacısı yox, bibisi olur və Violante də bacısının qızı yox, bibisinin qızı olur. Lakin müasir tarixçilər iddia edir ki, ümumiyyətlə Eudoksiya Komninlər sülaləsinə mənsub olmamış, ya yunan, ya da genuyalı olmuşdur.
  1. Tassini, 2009
  2. Staley, 2008. səh. 317
  3. 1 2 3 4 5 6 7 8 9 10 Mazzon, 2020
  4. 1 2 3 4 5 6 7 8 9 10 Caraci, 1937
  5. Mahmudov, 1986. səh. 12
  6. Mahmudov, 2012. səh. 99
  7. Başkan, 2015. səh. 40
  8. Başkan, 2015. səh. 42
  9. Yıldız, 2020. səh. 98
  10. Yıldız, 2020. səh. 110
  11. Yıldız, 2020. səh. 111
  12. Uzunçarşılı, 1988. səh. 91-92
  13. Zeno, 1558