Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Kim Kempbel | |
---|---|
Kim Campbell | |
| |
25 iyun 1993 – 4 noyabr 1993 | |
Monarx | II Elizabet |
Əvvəlki | Brayan Malruni |
Sonrakı | Jan Kretyen |
Şəxsi məlumatlar | |
Doğum adı | Avril Phædra Douglas Campbell |
Doğum tarixi | |
Doğum yeri | Port-Alberni, Britaniya Kolumbiyası, Kanada |
Partiya |
Proqressiv Mühafizəkar Partiya (1988–2003) Britaniya Kolumbiyası Sosial Kredit Partiyası (1988-dən əvvəl) |
Təhsili |
Britaniya Kolumbiyası Universiteti London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi |
Fəaliyyəti | siyasətçi, vəkil, diplomat, avtobioqraf[d], politoloq |
Atası | Corc Tomas Kempbel |
Anası | Filis Liza Kuk |
Həyat yoldaşları |
Natan Divinski (1972–1983) Hovard Eddi (1986–1993) Hörşi Felder (1997–dən) |
Uşağı | qızı: Pamela |
Dini | Anqlikan |
|
|
kimcampbell.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Kim Kempbel (ing. Avril Phædra Douglas "Kim" Campbell; 10 mart 1947) — Kanadalı siyasətçi, diplomat, yazıçı və professor. 25 iyun — 4 noyabr 1993-cü il tarixləri arasında Kanadanın 19-cu baş naziri olmuşdur (132 gün). Kanadanın ilk və bugünədək yeganə qadın baş naziri, həmçinin Britaniya Kolumbiyasında doğulmuş yeganə baş nazir və İkinci dünya müharibəsindən sonra dünyaya gəlmiş ilk baş nazirdir.
Siyasi karyerası ərzində dörd müxtəlif nazirliyə rəhbərlik etmiş, o cümlədən Kanadanın ilk qadın Ədliyyə naziri, Baş Prokuror və Müdafiə naziri olmuşdur.
O, 1996-cı ildə nəşr etdirdiyi və öz bioqrafiyasını əks etdirən "Vaxt və İmkan" kitabında keçdiyi həyat yolunu geniş şəkildə əks etdirmişdir.
Kim Kempbell 10 mart 1947-ci ildə Kanadanın Britaniya Kolumbiyası əyalətinin Port-Alberni şəhərində Corc Tomas Kempbel və Filis Liza Kukun ailəsində dünyaya gəlmişdir. O 12 yaşında olarkən anası ailəni tərk etmiş və onunla bacısı Aliksin qayğısına ataları qalmışdır. Kempbel gənc yaşlarında özünə, aktrisa Kim Novakın şərəfinə "Kim" ləqəbini götürmüşdür.
Erkən yaşlarında Kim Kempbel CBS kanalının Uşaq televiziya klubunda aparıcı və müxbir kimi çalışmışdır. Kempbell və ailəsi daha sonralar Vankuverə köçmüş və burada o, Uels Şahzadəsi Orta Məktəbinə daxil olmuşdur. O, məktəbin ilk qadın şagird prezidenti seçilmiş və buranı 1964-cü ildə bitirmişdir.
O, Britaniya Kolumbiyası Universitetinin Siyasi elmlər fakültəsini 1969-cu ildə fərqlənmə ilə bitirmişdir. Tələbə təşkilatlarında fəal iştirak etmiş və birinci kursların ilk qadın prezidenti olmuşdur. Daha sonra universitetdə birillik magistr kursunu bitirmiş və doktorluq səviyyəsində elmi fəaliyyətə başlamışdır. Kim Kempbel 1970-ci ildə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinə daxil olmuş və burada Sovet İttifaqı mövzusunda doktorluq işinə başlamışdır. Bu vaxt ərzində o, 1972-ci ilin aprel–iyun aylarını SSRİ-də keçirmiş və bir neçə il ərzində rus dilini mükəmməl səviyyədə öyrənmişdir.
Kim Kempbel 1972-ci ildə Natan Divinski ilə ailə qurduqdan sonra doktorluq təhsilini yarımçıq qoyaraq Vankuverə qayıdır. 1983-cü ildə Britaniya Kolumbiyası Universitetinin Hüquq fakültəsindən bakalavr dərəcəsi alır. Bir il sonra, 1984-cü ildə Britaniya Kolumbiyası Hüquqşünaslar Assosiasiyasına dəvət olunan Kim Kempbel, 1986-cı ilə kimi Vankuverdə hüquqşünas kimi çalışır.
Natan Divinski ilə evli olduğu illərdə Kim Kempbel Britaniya Kolumbiyası Universitetində və Vankuver İctimai Kollecində siyasi elmlərdən dərs demişdir. Kempbel və Divinski 1983-cü ildə boşandılar, bundan üç il sonra isə o, Hovard Eddi ilə ailə həyatı qurdu. Bu nikah onun baş nazirliyinə az müddət qalmış sona çatdı. Bununla da, xanım Kempbel Pyer Trudodan (ing. Pierre Trudeau) sonra, Kanadanın ikinci boşanmış baş naziri oldu.
Kim Kempbel hazırda aktyor, yazıçı, bəstəkar və pianoçu Hörşi Felderlə vətəndaş nikahındadır. Uşağı olmasa da o, keçmiş həyat yoldaşı Natan Divinskinin qızı Pamela ilə yaxın münasibətdədir.
1983-cü ildə Britaniya Kolumbiyasının Qanunvericilik Assambleyasına keçirilən seçkilərdə Kim Kempbel Britaniya Kolumbiyası Sosial Kredit Partiyasının Vankuver üzrə namizədi olmuş, lakin 12740 səslə məğlub olmuşdu. 1986-cı ildə həmin partiyanın rəhbərliyinə namizədliyini irəli sürsə də, bu da uğursuzluqla nəticələndi və bu seçkidə o sonuncu oldu. Ancaq, həmin ilin oktyabrında 19716 səslə Vankuver Point-Qrey seçki dairəsindən Britaniya Kolumbiyasının Qanunvericilik Assambleyasına üzv seçildi.
İki ildən bir qədər az müddət sonra Kim Kempbel Vankuver-Mərkəz federal seçki dairəsindən Proqressiv Mühafizəkarlar partiyasının (ing. Progressive Conservative) nümayəndəsi kimi 1988-ci il federal seçkilərinə qatılmaq məqsədilə Qanunvericilik Assambleyasından istefa verdi. O, gözlənilməz nəticə ilə qalib gəldi və tezliklə Brayan Malruninin rəhbərlik etdiyi hökumətin tərkibinə qatıldı. Əvvəlcə Hinduların İşləri və Şimalın İnkişafı üzrə nazir (1989–1990), daha sonra isə Kanadanın ilk qadın Ədliyyə naziri və Baş prokuroru (1990–1993) oldu. 1993-cü ildə Baş nazir Brayan Malruninin kabinetdə apardığı yerdəyişmələr nəticəsində o, Milli Müdafiə naziri təyin edildi.
1993-cü ilin fevralında Baş nazir Brayan Malruni siyasətdən ayrıldığını elan etdi və 25 iyun 1993-cü ildə səlahiyyətlərini buraxacağını bildirdi. Kim Kempbel Proqressiv Mühafizəkarlar partiyasının rəhbərliyi uğrunda keçirilən seçkilərdə iştirak etdi və rəqibi Jan Şare (fr. Jean Charest) ilə mübarizədən qalib çıxdı. Kanadanın general-qubernatoru Rey Natişen (ing. Ray Hnatyshyn) iyunun 25-də onu formal olaraq Kanadanın Baş Naziri vəzifəsinə təyin etdi.
Xanım Kempbel Proqressiv Mühafizəkarlar partiyasının rəhbərliyinə gəlməzdən əvvəl çox önəmli 4 fərqli sahəyə başçılıq etmişdi. Buna görə də onun partiya rəhbərliyinə gəlməsi üzvlər tərəfindən müsbət qarşılandı. Partiya rəhbəri və baş nazir olduqdan sonra, Kim kempbel kabineti dəyişməyə başladı və islahatlar həyata keçirdi. O, nazirliklərin sayını 35-dən 23-ə endirdi. Bəzi nazirlikləri birləşdirərək Səhiyyə, Kanada İrsi və İctimai Təhlükəsizlik nazirliklərini yaratdı. Daha sonra o, beynəlxalq arenada fəaliyyətə başladı və 1993-cü ildə Tokioda keçirilmiş Böyük Yeddiliyin zirvə toplantısında Kanadanı təmsil etdi. Kempbel yay ərzində ölkəni qarış-qarış gəzərək növbəti seçkilərə hazırlıq kampaniyasını davam etdirirdi. 1993-cü ilin avqustunda Gellap təşkilatının (ing. The Gallup Organization keçirdiyi sorğularda Kempbel 51% səs topladı, bu nəticə son 30 ildə onu Kanadanın ən populyar baş naziri səviyyəsinə qaldırdı. Yayın sonlarına qədər onun şəxsi populyarlığı daha da artdı. Onun təmsil etdiyi Proqressiv Mühafizəkarlar Partiyasının da populyarlığı Liberallardan öndə idi.
1993-cü ilin payız seçkiləri elan olunduqda partiya hakimiyyətdə qalmağa və ya ən azından Liberalların ən güclü rəqibi olacaqlarına ümid edirdi. Hökumət mandatının 5 illik müddəti bitdiyinə görə Kempbelin seçkilərin vaxtını təyin etməyə səlahiyyəti çatmırdı.
Baxmayaraq ki, yayda ölkəni qarış-qarış gəzmiş, populyarlığını xeyli artırmışdı, bununla belə, ictimaiyyətlə əlaqələr sahəsində buraxılan müəyyən səhvlər də mövcud idi və bu da xanım Kempbelin populyarlığını aşağı saldı. O, özü, uğursuzluğunun səbəbini gender diskriminasiyasında görürdü. Yeni Brunsvik Universitetinin professoru Coanna Everit yazırdı ki, əgər KİV, Kempbelin kişi rəqiblərinin apardığı kampaniyaları sadəcə xalqa çatdırırdısa, onun fəaliyyətində həmişə "niyə, nə üçün" deyə səbəb axtarmağa çalışırdı. Yəni onun fəaliyyəti bir çox hallarda insanlara lazımi səviyyədə, olduğu kimi çatdırılmırdı və kişi rəqiblərindən fərqli olaraq onun addımlarında həmişə çatışmazlıqlar, nüfuzunu zəiflədən məsələlər axtarılır və təqdim edilirdi. Bu da təbii ki, təsirsiz ötüşə bilməzdi.
Beləliklə, kampaniyanın gedişində Mühafizəkarların populyarlığı getdikcə aşağı düşməyə başladı. Artıq oktyabr ayında məlum idi ki, Kim Kempbelin rəhbərlik etdiyi partiya seçkilərdə qalib gələ biməyəcək və seçkiləri Liberallar Partiyası udacaq. Buna baxmayaraq, sorğuların nəticələrinə görə Kim Kempbelin şəxsi populyarlığı hələ də digər namizədlərdən yüksək idi. Bu amildən yararlanmağa çalışan Mühafizəkarlar Liberalların nümayəndəsi Jan Kretyenin (fr. Jean Chrétien) ünvanına xoşagəlməz video-çarxlar hazırladılar. Sonrakı çıxışlarında Kim Kempbel bu işdə birbaşa məsuliyyət daşımadığını iddia etsə də, bu hərəkət seçicilər arasında nəinki mühafizəkarların dəstəyini artırdı, əksinə ona çox böyük zərbə vurdu. Bundan sonra Mühafizəkarlara seçici dəstəyi kəskin azalmağa başladı və bu seçkilərin nəticələrində özünü göstərdi.
25 oktyabr – seçki günündə Liberallar Mühafizəkarlara böyük fərqlə qalib gəldilər. Məğlubiyyətdən sonra Kim Kempbel partiya rəhbərliyindən də istefa verdi və onu Jan Şare əvəz etdi.
Seçkilərdə məğlubiyyətinə baxmayaraq, Kim Kempbel Kanada qadın jurnalı "Chatelaine" tərəfindən 1993-cü ilin qadını seçildi. Xanım Kempbel Harvard Universitetində Siyasi elmlər üzrə bir neçə il dərs deməyə başladı. Onun Rusiyaya səfir göndəriləcəyi barədə məlumat yayılsa da, bu öz təsdiqini tapmadı. 1996-cı ildə Kempbeli məğlub edən Liberal hökumət onu Los-Ancelesə konsul təyin etdi və o, bu vəzifədə 2000-ci ilə qədər qaldı.
Kempbel 1996-cı ildə çap etdirdiyi avtobioqrafik "Vaxt və İmkan" (Time and Chance) adlı kitabda öz həyat yolundan bəhs etmişdir. Bu kitab işıq üzü gördükdən qısa müddət sonra Kanadada ən çox satılan kitablar siyahısına daxil oldu. 1997-ci ildə Kempbel, həyat yoldaşı Hörşi Felderlə birlikdə Los-Ancelesdə "Nuhun gəmisi" (Noah's Ark) müziklinin hazırlanmasında iştirak etmişdir.
2001–2004-cü illərdə, o, Harvard Kennedi Məktəbində mühazirələr oxumuş və indiyədək Kennedi məktəbinn fəxri üzvüdür. O, eyni zamanda texnologiya və biotexnologiya sahəsində bir neçə ictimai təşkilatın direktorudur.
1999–2003-cü illərdə xanım Kempbel Dünya Qadın Liderləri Şurasının katibi oldu. Bu Şura prezident və ya baş nazir olmuş qadınların birliyidir. Onu Şuranın katibi vəzifəsində İrlandiyanın keçmiş prezidenti Meri Robinson əvəz etmişdir.
2003–2005-ci illərdə o, baş qərargahı Vaşinqtonda yerləşən Beynəlxalq Qadınlar Forumuna başçılıq etmişdir.
Kim Kempbel Beynəlxalq Böhran Qrupunun və Federasiyalar Forumunun Direktorlar Şurasının üzvüdür, bundan başqa bir çox beynəlxalq təşkilatın məsləhət şurasında çalışır.
2004-cü ildə o, Milli Coğrafiya Cəmiyyətinin (National Geographic Society) tərtib etdiyi "Dünya Tarixi Almanaxı"nda tarixdəki 50 ən vacib siyasətçi siyahısına daxil edildi.
Kim Kempbel Madrid Klubunun əsasını qoyanlardan biridir. Bu Klubun əsas məqsədi dünyada demokratiyani gücləndirməkdir. Bu kluba üzvlük yalnız dəvətlə olur və üzvləri keçmiş dövlət və hökumət başçılarından ibarətdir. O, 2004-cü ildə bu beynəlxalq qurumun baş katibi seçilmişdir.
2004-cü il, noyabrın 30-da, xanım Kempbelin portreti Kanada parlamentinin Baş nazirlər Qalereyasında vuruldu. Portret Britaniya Kolumbiyasından olan rəssam Devid Qotli tərəfindən hazırlanıb. Portretlər sırasına baxan xanım Kempbel, baş nazirlər arasında yeganə qadın olduğundan qürurlandığını gizlətmirdi: "Ümid edirəm ki, gün gələcək burada daha çox qadının portreti asılacaq."
Xanım Kempbel Ədliyyə naziri olarkən cinsi zorakılığa qarşı yeni qanun layihəsi irəli sürmüşdü. O, ümumiyyətlə hökumətdəki fəaliyyəti dövründə, nazir olduğu zamanlar daim zorakılığa qarşı sərt mübarizlərdən biri kimi tanınmışdır. O, həmçinin şəxsin cinsi keçmişinin məhkəmə prosesində ortaya çıxmasına qadağa qoyan qanun layihəsi də hazırlamışdı. İnsan haqları, qadın haqları, zorakılığa qarşı mübarizə sahəsində daim fəal çalışan Kempbel bu istiqamətdə yüksək fəaliyyətini bu gün də davam etdirir.
O, tarixə baş nazirliyi dövründə Kanada hökumətində etdiyi radikal dəyişikliklər, islahatlarla da düşdü. Onun baş nazirlik fəaliyyəti qısa olsa da, bu müddət ərzində o, federal kabinetin tərkibini 35-dən 23-ə, Kabinet komitələrinin sayını isə 11-dən 5-ə qədər azaltdı. O, Kanadalı Baş nazirlər arasında Senata nümayəndə təyin etməyən ilk şəxsdir.
Kanadalı tarixçilər Cek Qranatsteyn və Norman Hillmerin müəllifliyi ilə çıxan "Baş nazirlər: Kanada liderlərinin sıralaması" kitabında Kempbel Kanada tarixində ən məşhur 20 Baş nazir sırasında yer alır. O, çoxlu sayda orden və medalların sahibi, tanınmış universitetlər və mərkəzlərin fəxri üzvüdür.
O, CBS kanalının təşkil etdiyi, gənc və prespektivli liderləri seçən "Kanadanın növbəti böyük Baş naziri" (Canadas Next Great Prime Minister) televiziya proqramında münsif kimi çıxış edir.