Kimberlit | |
---|---|
Minerallar | Olivin, Floqopit, Piroksenlər, Serpentin, Xromşpinelidlər, İlmenit, almaz |
Vikianbarda əlaqəli mediafayllar |
Kimberlit — porfir quruluşlu ultraəsasi süxur kimberlit eruptiv hipabissal brekçiya olub, tərkibində müxtəlif möhtəvilər içərisində, habelə həmişə dərinlik mənşəli pirop saxlayan ultraəsasi süxurlar (pirop peridotitləri, bəzən pirop olvinit və piroksenitləri) iştirak edir. Möhtəvilərin varlığı kimberlit fərqləndirici əlaməti olub, kimberlit maqmasının böyük dərinlikdə yaranmasını və onun sürətlə qalxaraq hipabissal şəraitdə kristallaşmasını göstərir. Pirop peridotitlərin qırıntılarına nisbətən onların ayrı-ayrı mineralları (olivin, pirop, ilmenit, xrom-diopsit, floqopit və bəzən almaz) daha çox yayılmışdır. Qırıntıların miqdarına görə massiv, brekçiyavari kimberlit, kimberlit brekçiyası və tufları fərqləndirilir. Kimberlit sementi, mineral tərkibi olivin və floqopitin fenokristallarından, dəyişilmiş olivin, piroksen, floqopit, perovskit, maqnetit, bəzən montiçellit və apatitin xırda dənələrindən, habelə serpentinitləşmiş və karbonatlaşmış şüşəvari əsas kütlədən təşkil olunmuşdur. Piroksen kimberlit içərisində fenokristal əmələ gətirmir, yalnız əsas kütlədə mikrolitlər şəklində rast gəlinir. Hazırda yalnız yuxarıda göstərilən əlamətləri kompleks şəklində özündə birləşdirən süxurlar kimberlit adlandırılır. Kimberlit almazın köklü mənbəi hesab olunur. Dünyanın almazlı əyalətlərində kimberlit partlayış "trubkalarını" doldurur və daykalar şəklində rast gəlir. Kimberlit ən çox Yakutiyada, Cənub və Mərkəzi Afrikada yayılmışdır. Şimal Afrikada, Hindistanda, Çexiyada da kimberlit məlumdur.