Kiprian

Karfagenli Kiprian
lat. Thascius Caecilus Cyprianus
Doğum tarixi təq. 200[1][2][…]
Doğum yeri
Vəfat tarixi 14 sentyabr 258
Vəfat səbəbi başın kəsilməsi
Fəaliyyəti yazıçı, keşiş, filosof
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karfagenli Kiprian (lat. Thascius Caecilus Cyprianus; təq. 200[1][2][…], Karfagen, Roma imperiyası14 sentyabr 258) — ilk dövr xristian ilahiyyatçılarından biri.

O, Şimali Afrikanın Karfagen şəhərində, zəngin senator ailəsində doğulmuşdur. Burada mükəmməl təhsil almış və natiqlik sənəti üzrə məşhurlaşmışdır. Məktəbdə fəlsəfəritorika müəllimi vəzifəsində çalışmış, həmçinin məhkəmələrdə tez-tez vəkil kimi iştirak etmişdir. Kiprian bu dövrdə həyatını, əsasən, əyləncələrə həsr etmiş, tüfeyli həyat tərzi sürmüşdür.

Dövrün məşhur ilahiyyatçısı Tertullianın əsərləri ilə tanış olduqdan sonra isə Xristianlığı qəbul etmişdir. Çox keçməmiş yepiskop vəzifəsinə seçilmişdir. İmperator Desius xristianlara qarşı təqib siyasətinə başlayan vaxt xeyli xristian əzab-əziyyətə qatlaşmaqdan çəkinərək, dindən dönmüşdülər. Onların sonradan kilsəyə geri qəbul edilməsi məsələsi ilahiyyatçılar arasında mübahisələrə səbəb olmuşdur. Kiprianın təkidilə bu problemin həlli üçün Karfagendə kilsə məclisi çağırılmışdır. Məclisdə onun təsirilə bütün növ günahların (dindən dönmə daxil olmaqla) bağışlanmasının kilsənin səlahiyyətinə daxil olduğu barədə qərar qəbul edilmişdir. Zaman keçdikcə onun mövqeyini bütün ilahiyyatçılar təsdiqləmişdir. Bir neçə il sonra imperator Valerian xristianlara qarşı yeni təqib proseslərinə başlamış və Kiprian sürgünə məhkum edilsə də, cəzası dəyişdirilərək edam olunmuşdur.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Onun əsərləri apologetik və etik olmaq üzrə iki qrupa ayrılır. Demək olar ki, bütün yaradıcılığında Tertullianın təsiri hiss olunur. Ən məşhur əsərləri "Məhv olmuşlar haqqında" və "Kilsənin vəhdəti haqqında" kitablarıdır. Bu əsərlərdə Kiprian xristian dininin əsaslarını araşdırmış, imana gəlməklə insanın həyatında baş verən müsbət dəyişiklikləri diqqətə çatdırmışdır.

Etik sahədə yazılmış əsərlərində müxtəlif mövzulara toxunulmuşdur. Məsələn, vəba epidemiyası yayılarkən yazılmış "Ölüm haqqında" traktatında Kiprian xristianların ölümdən qorxmadıqlarını, əksinə onu əbədi həyata və mükafata aparan, həmçinin dünyanın əzab-əziyyətindən qurtaran yol kimi gördüklərini diqqətə çatdıraraq, ölənlər üçün kədər hissi ilə matəm mərasimləri keçirilməsini tənqid etmişdir.

"Məhv olmuşlar haqqında" əsərində təqib zamanı dinindən dönən, lakin daha sonra tövbə edərək kilsəyə qayıtmaq istəyən xristianların dini-etik problemləri araşdırılmışdır. Kiprianın fikrincə, təqiblərin əsas səbəbi sülh dövründə dini unudaraq dünyəvi işlərin ardınca qaçan, pullarını və əmlakını artırmaq üçün hər yola baş vuran, nəticədə imanlarını itirən xristianların günahlarıdır. O, hələ təqiblər başlamamış cəmiyyətdə tutduqları mövqe və nüfuzu itirmək qorxusundan dinlərindən üz döndərənləri xüsusilə pisləmişdir. Kiprian onları yalnız Tanrının bağışlaya biləcəyini bildirmişdir. Onun fikrincə, tövbə yalnız Tanrının məkanı sayılan kilsə daxilində baş verməlidir. Mürtədləri isə yepiskoplar Tanrının iradəsini yerinə yetirib kilsəyə geri qəbul edərək, bağışlamaq hüququna malikdirlər.

Kilsə ilə münasibəti

[redaktə | mənbəni redaktə et]

Kiprian bütün əsərlərində kilsənin bir təşkilat kimi vahidliyini müdafiə etmişdir. Bu mövzuya həsr edilmiş "Kilsə vəhdəti haqqında" əsərində o, məsələni dərindən araşdırmışdır. Onun fikrincə, bidətlər və bölünmələr son dərəcə, hətta təqiblərdən daha böyük təhlükə sayılırlar. Kiprian bu hərəkətlərin nəticəsində imanın məhvə uğradığını, həqiqətin yox olduğunu və kilsə nüfuzuna ağır zərbə endirildiyini bildirmişdir. O, deyirdi ki, kilsənin vəhdətini qorumaq bütün xristianların vəzifəsidir. Hər kəs yepiskopların sonsuz hakimiyyətini tanımalı və əmrlərinə tabe olmalıdır. Bu prinsip sonradan Roma Katolik Kilsəsinin inkişafına da mühüm təsir etmişdir.

Bu əsərlərdən əlavə Kiprian "Bakirələrin geyimi haqqında" adlı traktatında həyatını Tanrıya həsr etmiş rahibələrə nəsihətlər vermişdir. Onun fikrincə, rahibələr simanı gözəlləşdirən heç nə etməməli, gözəl paltarlar geyinməməli, toy məclisinə getməməli, kişilərdə duyğu oyada biləcək heç bir hərəkətə yol verməməlidirlər.

Kiprian dövrünün nüfuzlu din xadimlərindən olmaqla bərabər, kilsə iyerarxiyası və strukturunun formalaşmasında mühüm xidmətlər göstərmiş ilahiyyatçılardandır. Onun ədəbi irsi əsrlər boyunca tədqiq edilərək, özünə xeyli tərəfdar qazandırmışdır.

Xristian kilsəsi tərəfindən müqəddəs elan edilmişdir.

  1. 1 2 Dictionary of African Biography (ing.). / E. K. Akyeampong, Henry Louis Gates, Jr. NYC: OUP, 2012.
  2. 1 2 Thascius Caecilius Cyprianus // CONOR.SI.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]