Klonal seleksiya nəzəriyyəsi

Klonal seleksiya nəzəriyyəsi — Qazanılmış immun sisteminin işləmə mexanizmini izah edən immunoloji nəzəriyyədir. Bu nəzəriyyə Avstraliyalı həkim Frenk Makfarleyn Börnet tərəfindən 1957-ci ildə irəli sürülmüşdür. Bu nəzəriyyəyə görə orqanizmin milyardlarla limfositləri milyonlarla klonları əmələ gətirir. Limfositlərin inkişafı zamanı hər bir klonun hüceyrələri (klon-ailəcik deməkdir) genetik gəhətcə yalnız müəyyən bir quruluşlu antigenbirləşdirən reseptorun sintezi üçün proqramlaşdırılır. Yəni klonlar bir birilərindən səthlərindəki bu reseptorlara görə fərqlənirlər. Klon daxilindəki hüceyrələr isə eyni reseptorlara malikdirlər. Ona görə də , orqanizmdə hazır şəkildə, antigenlə qarşılaşmaqdan asılı olmayaraq , milyonlarla müxtəlif reseptorlar mövcuddurlar. Buna antigenbirləşdirən reseptorlar repertuarı deyilir. Adi, normal halda klon daxilindəki hüceyrələrin miqdarı cüzi olduğundan, onlar orqanizmə düşmüş antigenə qarşı adekvat (müvafiq) immunoloji reaksiya yarada bilmirlər. Antigenin müvafiq klonlarla tutulması və antigen-reseptor kompleksinin yaranması həmin klonların hüceyrələrini aktivləşdirir. Yəni , antigenin özü bu prosesin induktoru və hərəkətverici qüvvəsi kimi çıxış edir.

Aktivləşmiş hüceyrələr (limfositlər) bir neçə gün ərzində müxtəlif böyümə və inkişaf faktorlarının təsirindən bölünüb çoxalır (klonun ekspansiyası) və differensiasiyaya uğrayaraq effektor və yaddaş hüceyrələrinə çevrilirlər. B-limfositləri üçün bu effektor hüceyrələri plazmatik hüceyrələrdirlər. Onlar bir neçə gün ərzində intensiv sürətdə anticisimlər sintez etdikdən sonra məhv olurlar. Aktivləşmiş T-limfositləri isə bölünüb-çoxalıb, differensiasiyaya uğrayaraq sonra sitotoksikliyə malik effektor hüceyrələrinə çevrilirlər.

Yaddaş hüceyrələri uzunömürlüdürlər. Onlar orqanizmdə uzun müddət dövr edir, və antigenlə yenidən qarşılaşdıqda aktivləşərək ona qarşı əvvəlkindən daha güclü immunoloji reaksiya yaradırlar. İmmunitetin yaranması məhz yaddaş hüceyrələrinin fəaliyyəti ilə əlaqədardır.[1]

  1. Ziyəddin Məmmədov, Rasim Axundov immunologiyanın əsasları .2009.