Kolvari amorfa

Kolvari amorfa
Elmi təsnifat
Beynəlxalq elmi adı

Kolvari amorfa (lat. Amorpha fruticosa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin amorfa cinsinə aid bitki növü.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Təbii halda Şimali Amerikada yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 2 m-ə çatan, şaxəli, çubuqvari koldur. Yanlardan çoxlu kök pöhrələri verir. Yarpaqları təklələkvari, tökülən, uzunluğu 8-20 sm-dir. Yarpaqcıqların sayı 11-25 ədəddir. Yarpaqcıqları uzunsov-ellipsvarı və ya ovalşəkilli, uzunluğu 2,5-4 sm-ə çatır, rəngi tünd yaşıldır. Xırda çiçəkləri əvvəlcə bənövşəyi, sonradan tutqun qırmızımtıl rəngdə olub, uzunluğu 15 sm-ə qədər, sıx, ensiz, dikduran, sünbülvari təpə salxımlarda yerləşir. Çiçəkaltlıqları xırdadır. Kasacığı zəngvarı, vəzili olub, 4 küt dişli və bir alt çıxıntılıdır. Tacı birləçəkli, qırmızımtıl-bənövşəyi, uzunluğu kasacığından 2-3 dəfə böyükdür. Erkəkcikləri uzanmış, narıncı-sarı rəngdə, tozkisəlidir. Tozkisələri tacın ləçəyi üzərində ucalır. Sütuncuğu düz yönəlmiş, telvaridir. May-iyun aylarında çiçəkləyir, meyvəsi avqust-sentyabrda yetişir. Paxlası tünd-qonur, açılmayan, uzunluğu 7-9 mm-ə qədər, eni 2,8-3,3 mm-dir. Xırda, uzunsov, ovalşəkilli toxumları, yaşılımtıl-şabalıdı rəngli, parlaqdır. Uzunluğu 3-5 mm, eni 1,5-2 mm və ya əyilmiş buruncuqludur. Toxum, kök bicləri və qələm vasitəsilə çoxalır.

Quraqlığa, işığa, şaxtayadavamlı, işıqsəvən koldur. Quru, qumlu və şoran torpaqlarda yaxşı inkişaf edir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Dendrologiya İnstitutunun təcrübə sahəsində introduksiya edilmişdir.

Dekorativ bitki kimi park və bağların yaşıllaşdırılmasında istifadəsi məqsədyönlüdür. Meyvələrin qabığından alınmış cövhərdən təbabətdə istifadə olunur. Efir yağlı bitkidir. Yarpaqlarınının tərkibində terpen, amorfen və kadinen adlanan xüsusi seskviterpenli, 0,05-0,08% efir yağı vardır.

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 713.