Kosovonun neolit dövrü abidələrinə Kosovonun bütün ərazisində demək olar ki, rast gəlinir. Buz dövrünün sona çatmasından bir qədər sonra baş verən holosenin isti, nəmli iqlimi insanlara, flora və faunaya da öz təsirini göstərdi.[1]
Neolit dövrü iqtisadiyyatının əsasını əkinçilik, əmək alətləri, silah və keramika istehsalı, heyvanların əhliləşdirilməsi və yetişdirilməsi, ovçuluq və balıqçılıq təşkil edirdi. Buna görə də yaşayış yerləri təbii sərvətlərin və suyun bol olduğu ərazilərdə salınırdı. Kosovodakı neolit dövrü abidələrinin əksəriyyəti yaşayış məntəqələrinin yaxınlığında tapılan materiallardan tikilmiş yaşayış evləridir. Arxeoloqlar və elm adamları Balkanlarda neolit dövrünün dəqiq tarixi ilə bağlı fikir ayrılığına düşsələr də, dövrün e.ə.6500-3500-cü illərə aid olduğunu qəbul edirlər.[2]
Vlaşnyanın arxeoloji təbəqəsi Prizrendən təxminən 6 kilometr qərbdə, Priştinadan Jura gedən yolda, dəniz səviyyəsindən 335 metr hündürlükdə yüksək qayalı terrasın düz yaylasında yerləşir. Arxeoloji abidənin təbəqələri müxtəlif dövrlərə: Starçevo və Vinçanın erkən mədəniyyətlərindən ellinizm, son antik dövr və erkən orta əsrlərə aiddir. Qazıntı zamanı tapılan maddi mədəniyyət nümunələrinə saxsı qablar, daş və sümük alətlər, dekorativ və utilittar əşyalar, sikkələr daxildir. Son Antik dövrdə Vlaşnja (Qradişta kimi tanınır) I Yustinian dövrünə xas olan divarlarla möhkəmləndirilmişdi. Təxminən 2 hektar ərazini əhatə edən istehkam binası, ehtimal ki, yaşayış məntəqəsini əhatə edən Liss-Naiss yoluna nəzarət etmək üçün istifadə olunurdu.
Vlaşnyadan tapılan neolit dövrü maddi mədəniyyət nümunələrinə: həndəsi xətlərlə çəkilmiş saxsı qab parçaları, Starçevo mədəniyyətinə aid çaxmaq daşından hazırlanmış bıçaq, e.ə.VI minilliyə aid antropomorfik və zoomorfik heykəlciklər daxil idi. Həmçinin Vinka mədəniyyətinə xas olan bəzəkli bişmiş gil qab (e.ə.III minillik), Tunc dövrünə aid bişmiş gil qablar və e.ə.55-ci ilə aid 3,72 qramlıq sikkə tapılmışdır.[3] Spiral formalı daş ev isə əsas qazıntı sahəsindən təxminən 1,5 kilometr qərbdə yerləşir.
Runik arxeoloji ərazisi Mitrovitsadan təqribən 25 kilometr cənub-qərbdə və Skenderajdan 10 kilometr şimal-qərbdə (Skenderajdan İstoqa gedən yolun yaxınlığında) Drenica bölgəsindəki Skenderaj bələdiyyəsinin eyniadlı kəndində yerləşir. Bu, Starçevo mədəniyyətinə aid artefaktların tapıldığı bu günə qədər Kosovonun ən məşhur erkən neolit dövrü abidələrindən biridir. Burada qazıntılar 1966-1968-ci illərdə və yenidən 1984-cü ildə Runikin Dardaniya bölgəsindəki təxminən 35 şəxsi torpaq sahələrində aparılmışdır. Burada e.ə.6500-3500-cü illərə aid Starçevo və Vinça mədəniyyətlərinə aid saxsı qab fraqmentləri aşkar edilmişdir. 2010-cu ilin mart ayında bu ərazinin 10.000 m²-lik sahəsində aparılan tədqiqatlar nəticəsində, buradan taxta daxmaların qalıqları aşkar edildi. Qırmızıboya ilə bəzədilmiş monoxrom saxsı qablar, barbotin məmulatları, xətti və həndəsi naxışlarla boyanmış saxsı məmulatlar, həmçinin antropomorfik heykəlciklər və kult masaları (kiçik qurbangahlar) aşkar edilmişdir. Aşkar edilmiş dekorativ artefaktlara oxra ilə örtülmüş tünd rənglərə boyanmış spiral formada bişmiş gil vazalar daxildir. Runikadan tapılmış əhəmiyyətli maddi mədəniyyət nümunəsi Runika okarinası kimi tanınan 8 sm uzunluğunda bişmiş gil okarinadır ki, bu da bu günə qədər Kosovodan tapılmış ən qədim musiqi alətidir.[4]