Kolofonlu Ksenofan | |
---|---|
Ξενοφάνης ὁ Κολοφώνιος | |
Doğum tarixi | e.ə. 560[1] |
Doğum yeri | |
Vəfat tarixi | e.ə. 478[1] |
Vəfat yeri | |
Dövr | Sokrataqədərki fəlsəfə |
İstiqaməti | Sokrataqədərki fəlsəfə, antik fəlsəfə |
Əsas maraqları | fəlsəfə |
Vikianbarda əlaqəli mediafayllar |
Kolofonlu Ksenofanes (yunanca Ξενοφάνης ὁ Κολοφώνιος; m. ö. 570, Kolofon — m. ö. 475 , Elea) – qədim yunan şairi və filosofu. Elea məktəbinin ilk filosofu hesab edilir.
O, indiki Türkiyənin Qərbində yerləşən Kolofon (yun. Κολοφών) şəhərindən idi. Sonra Cənubi İtaliyaya səfərlər etmiş və sonradan Eleaya köçmüşdür.
Ksenofanes çoxtanrılı yunan panteonunu şiddətli tənqid etmişdir. O hesab edirdi ki, Olimpus dağında yaşayan yunan tanrıları əslində şairlərin uydurduqları və xalq təxəyyülündə formalaşan mifik obrazlardan başqa bir şey deyildir. Ksenofanesə görə insanlar özlərinə bənzər tanrılar yaratmışdılar. Bu baxımdan hər bir xalqın tanrılar haqqındakı təsəvvürləri məhz öz dünyagörüşləri əsasında formalaşmışdır. Yenə Ksenofanesə görə əgər öküzlər, atlar və başqa heyvanların düşüncəsi olsaydı, onlar tanrılarını elə özlərinə bənzər təsvir edərdilər[2].
Tanrıların təbiəti və başqa xüsusiyyətləri haqqında doğru biliyi əldə etmək olmaz, bu barədə ancaq ehtimal edilə bilər. Buna görə də, Ksenofanes qədim yunan şairləri Hesiodos və Homeri tanrılara insan xüsusiyyətlərini aid etməkdə (antpopomorfizm) günahlandırmışdır[3].
Eyni zamanda, Ksenofanes ateist də olmamışdır. O, dini və tanrını özünəməxsus tərzdə təsəvvür edirdi. Onun fikrincə yunan toplumunda olan baxışlar ibtidai səviyyədə olmuşdur. Buna görə də Ksenofanes yunanların dini dünyagörüşləri ilə razılaşmayaraq öz fikirlərini açıqlamışdır. Onun fikrincə Tanrı bir və bölünməzdir; eyni zamanda, o dünyadan ayrı bir şey də deyildir[2]. Beləliklə, Ksenofanes Tanrını dünya ilə eyniləşdirmiş, onu təbiətdən ayırmamışdır. Buna görə də, dünya yaradılmamış, həmişə var olmuş və hər zaman da olacaqdır. Bu baxımdan Ksenofanes panteizmin əsasını qoyan filosoflardan biri olmuşdur. O güman edirdi ki, dünya əbədi, məhv olunmaz və vahiddir. Ona görə vahidlik elə Tanrının özüdür.
Ksenofanes ay, günəş və ulduzları tanrılaşdırmamış, onları fiziki cisimlər kimi təsəvvür etmişdir. Onun fikrincə dünyaların sayı sonsuzdur. Yağışlar isə yerdən günəş şüalarının təsiri altında baş verən buxarlanmanın nəticəsidir[4]. Buxar göyə qalxır və yenidən su olub yerə yağır. Onun fikrincə insanlar və başqa canlılar su və torpağın qarışığından yaranmışdırlar[4]. Qədim Misir dinində də insanları qoyunbaşlı tanrı Xnum torpaqdan (gildən) yaratmışdır. İnsanın torpaqdan yaradılması haqqında rəvayətlər Yəhudilik, Xristianlıq və İslamda da vardır.