Kumamon (くまモン?) – YaponiyanınKumamoto prefekturasının rəsmi talismanı. Kumamon qara rəngli, iki ayaq üstə gəzən, qırmızı yanaqlı ayıdır. 1,5 metr boyundadır.[1]
Kumamonun yaradılma ideyası 2011-ci ildə Kyuşu şinkanseninin şimal sektorunun açılması zamanı yaranmışdır. Bu sektorun açılması ilə Kumamoto prefekturasının Osaka və Tokio kimi böyük şəhərlərlə birbaşa dəmiryolu əlaqəsi yaranmışdır. Bu isə prefekturada yeni turizm və biznes imkanlarına şərait yaratmışdır. Prefektura rəsmiləri Kumamotonu təbliğ etmək üçün işlərə başlamış və "Kumamoto sürprizi" kampaniyası başlatmışdırlar. Bu kampaniya çərçivəsində Kumamon yaradılmışdır.[2]
Kumamonun dizayneri Mizuno Manabu olmuşdur. Şinkansenin açılışı 12 martda baş tutduğu üçün bu tarix Kumamonun ad günü qəbul olunmuşdur. Ona Kumamotonun satış meneceri və xoşbəxtlik meneceri kimi vəzifələr verilmişdir. Kumamoto şəhərində onun şərəfinə Kumamon meydanı yaradılmışdır.[3]
Kumamon Yaponiyada ən populyar prefektura talisman hesab olunur. O, 2011-ci ildə 287 min səslə Yaponiyanın ən populyar yuru-kyarası seçilmişdir.[4] O, sadəcə Kumamoto prefekturasında deyil, Yaponiya boyunca, hətta Cənubi Koreya, Çin və Braziliyada da tanınır. Kumamon məhsulları prefekturasının yerli hakimiyyətinə böyük miqdarda gəlir gətirir. 2016-cı ildə Kumamotoda baş vermiş zəlzələdən sonrakı yenidənqurma işlərinin talismanı da Kumamon olmuşdur.