Kyusu (急須?) – ənənəvi yapon çaydanı. Əsasən gildən hazırlanır. Kiçik ölçüyə malikdir və qulpu yanda yerləşir.
Kyusunun mənşəyi Çində iqtidarda olmuş Sun sülaləsi ilə bağlıdır. Yaponiyada çay içkisinin populyarlaşmasından sonra Çin çaydanları əsrlər boyunca yapon mədəniyyətinin təsiri ilə kyusuya çevrilmişdir.[1]
XVI–XVII əsrlərdə yaşamış şair və keşiş İnqen Ryuki Yaponiyanı Çinin İsin gil çaydanları ilə tanış etmişdir. İlk kyusuların yaradıcılarından biri Çin mədəniyyətinin pərəstişkarı olan Aoki Mokubey olmuşdur.[1]
Kyusu əllə hazırlanır və hazırlanması zamanı vulkanik regionlardan gətirilmiş gildən, bəzən isə çinidən istifadə olunur. Kyusunu hazırlamaq üçün ikomi texnikası tətbiq olunur: hər bir hissə (gövdə, qulp, lülək, süzgəc, qapaq) ayrı hazırlanır və sonda birləşdirilir. Müxtəlif gil növlərindən hazırlanan müxtəlif növ kyusular mövcuddur. Mie prefekturasının Yokkayçi şəhəri banko-yaki, Ayçi prefekturasının Tokoname şəhəri isə tokoname-yaki adlı kyusu növünün istehsalına görə tanınır.[1]
Ümumiyyətlə, Yaponiyada ən yaxşı kyusuların Tokoname regionunda hazırlandığı hesab olunur. Bu regiondan olan Yamada ailəsində kyusu hazırlamaq nəsildən nəsilə keçən praktikadır və III Yamada Cozan hazırladığı kyusulara görə 1998-ci ildə Yaşayan xəzinə elan olunmuşdur.[1]
Kyusu Qərbdə istifadə olunan çaydandan nisbətən kiçik ölçüyə malikdir və həcmi 100–300 ml olur. 300 ml-dən çox həcmi olan kyusu bir neçə qonaq üçün nəzərdə tutulub. Kyusunun ən ayrıcı xüsusiyyəti qulpunun yanda yerləşməsidir. Bu, kyusunu tutmağı asanlaşdırır və biləyə düşən təzyiqi azaldır, lakin bəzi kyusu növlərində qulp fərqli yerləşdirilə bilər. Arxa qulplu (uşirode kyusu), üst qulplu (uvade kyusu) və hətta qulpsuz (hohin kyusu) növləri də var.[1]
Kyusunun içərisinə bir neçə çay yarpağı atılır ki, otağa xoş qoxu yayılsın. Yarpaqlar çay süzərkən lüləkdən keçməsin deyə gil və ya metal süzgəc taxılır. Kyusuda hazırlanan çayın daha dadlı olduğu düşünülür. Gilin tərkibindəki dəmir, sink, xrom və manqan kimi elementlərin mineralları qaynar sudakı minerallarla reaksiyaya girərək çayın dadını dəyişdirir. Kyusunun formasının da çayın dadına təsir etdiyi düşünülür.[1]
Kyusuda sença və qyokuro kimi yaşıl çay növləri dəmlənir.[2] Onunla həm yapon üslubunda, həm də Qərb üslubunda çay süzmək olar. Kyusu istifadə olunduqdan sonra isti su ilə durulanır; bu, onun daha tez qurumasına səbəb olur.[1]