Kömür Qazı Zavodu və ya Qazxana kömür qazı qaz istehsalı üçün nəzərdə tutulmuş sənaye zavodu və anbar sahəsidir.
Daş kömürünün yüksək temperaturda distillə edilməsi nəticəsində əldə edilən kömür qazı XIX əsrdə işıqlandırma məqsədilə istifadə edilmişdir. Yeni işıqlandırma texnologiyalarının inkişafı ilə bərabər kömür qazı zavodları da öz funksiyalarını itirmişdir.
Kömürdən məişət yanacağı kimi istifadə olunmağa XVI əsrin sonlarından başlanmış və kömürün içindən yanan qaz çıxdığı və buna da kömürün yanması zamanı yaranan alovun səbəbi olduğu müşahidə edilmişdir. XVIII əsrin sonunda Belçikada yaşayan Minckelaers adlı bir əczaçı tərəfindən kömürün sobada yanarkən şiddətli bir parıltı verdiyi kəşf edilmişdir. Bundan sonra kömür qazının (hava qazının) işıqlandırma məqsədilə yandırılması ilə bağlı müxtəlif tədqiqatlara başlanılmışdır. İngiltərədəki Boulton and Watt firmasında mühəndis olaraq çalışan William Murdoch, bu qazın partlama və parıltı kimi xüsusiyyətləri olduğunu meydana çıxarmışdır. Merdok böyük bir anbarda yığdığı qazı yandırsa da heç bir partlayış olmadığını müşahidə etdikdən sonra qazın işıq əldə edərək şəhəri işıqlandıra biləcəyi fikrini irəli sürmüşdür. 1804-cü ildə Boulton və Watt firması qaz əldə etmək üçün istifadə edilən retortlar istehsal etməyə başladı. Müxtəlif xüsusi tikililərin və ərazilərin işıqlandırılması üçün kömür qazından istifadə olunurdu.
Qazın vahid mərkəzdən borularla paylanması ideyası 1806-cı ildə alman əsilli Frederik A. Winsor tərəfindən irəli sürülmüşdür. Bu ideyanı həyata keçirmək üçün ilk kömür qazı qaz şirkəti olan Gas Light and Coke Co. 1812-ci ildə təsis edilmişdir. Qazın vahid mərkəzdən borularla paylanmasına əsaslanan ilk ümumi işıqlandırma bu şirkət tərəfindən 1814-cü il aprelin 1-də Londonda həyata keçirilmişdir. Şəhərlərin qazla işıqlandırılması bundan sonra geniş vüsət aldı. İstehsal olunan qazı saxlamaq üçün bütün şəhərlərdə qazometrlər tikilirdi. Qazometrlər daxili diametri 62 metr və hündürlüyü 72 metr olan nəhəng çəlləklərə oxşayan görünüşü ilə anbar yerləri idilər. Osmanlı imperiyasında ilk dəfə 1855-ci ildə İstanbulda Dolmabağça sarayının yanında qazometr məntəqəsi tikilmiş və saray işıqlandırılmış, bundan sonrakı on il ərzində İstanbulun müxtəlif hissələri bu məntəqədən təmin edilən kömür qazı ilə işıqlandırılmışdır. 1862-ci ildə Kuzguncuk, 1880-ci ildə Yedikule, 1892-ci ildə Kadıköy (Hasanpaşa) kömür qazı zavodları istifadəyə verilmişdir.
Kömür qazının yerini təbii qazın əvəz etməsi və sənaye fəaliyyətlərinin şəhərlərdən kənarlara çıxarılması ilə bütün dünyada kömür qazı zavodları öz funksiyalarını itirmişdir. 1999-cu ildə İngiltərədə qazometrlərin əksəriyyətinin sökülməsinə dair qərar qəbul edilmişdir. XX əsrin son onilliyində tərk edilmiş binaların təmiri Avropada daha populyarlaşmış və bəzi qaz zavodlarının interyerləri yenilənmiş və onlar yeni funksiyalar əldə etmişdirlər.
Vyananın Simmering rayonunda yerləşən və tərkibində dörd böyük qazometr olan Vyana qaz zavodu 1984-cü ildə fəaliyyətini dayandırıb. 2001-ci ildə bina Vyana Milli Arxivi, ticarət sahələri, ofislər, yaşayış yerləri və tələbə yataqxanasının yerləşdiyi yerə çevrilmişdir.
Milanda Bovisa kömür qazı zavodu 1992-ci ildə fakültə binasına çevrilmişdir.
1888-ci ildə inşa edilən Varşava Kömür Qazı Zavodu 1978-ci ildə fəaliyyətini dayandıraraq Kömür Qazı Zavodu Muzeyi kimi istifadə olunmağa başlanmışdır.
1940-cı ildə bağlanan Kuzguncuk Kömür Qazı Zavodunun incəsənət və mədəniyyət fəaliyyətlərinə ev sahibliyi edəcək bir mədəniyyət mərkəzi olması planlaşdırılmış, lakin 2002-ci ildə binanın təmiri başa çatdırılmadan yarımçıq qalmışdır.