La La Lend | |
---|---|
La La Land | |
Janr | romantik film, komediya-dram, komediya filmi, musiqili film, dram filmi |
Əsas mövzu | Romantik sevgi[4], müvəqqəti münasibət[d][4], Hirs[d][4], müvəffəqiyyət[d][4], caz[4], aktyorluq[4], film sənayesi[4] |
Rejissor | Demyen Şazel |
Prodüser |
|
Ssenari müəllifi | Demyen Şazel |
Baş rolda | |
Operator | Linus Sandqren |
Bəstəkar | Castin Hurvitz |
Quruluşçu rəssam | Devid Uosko[d] |
İstehsalçılar | |
Distribütor | Summit Entertainment |
İlk baxış tarixi |
31 avqust 2016 (Venesiya Film Festivalı) 9 dekabr 2016 (ABŞ) 12 yanvar 2017 (Birləşmiş Krallıq) 12 yanvar 2017 (Azərbaycan) |
Müddət | 128 dəq[1] |
Büdcə | $30 milyon[2] |
Gəlir | $397 milyon[3] |
Ölkə | ABŞ |
Dil | İngilis dili |
İl | 2016 |
Rəng | rəngli |
Çəkiliş yeri | Lonq-Biç[5], Los-Anceles |
IMDb | ID3783958 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
La La Lend (ing. La La Land) — ssenari müəllifi və rejissoru Demyen Şazel olan, əsas rolları Rayan Qoslinq, Emma Stoun, Con Lecend və Rozmari Deuittin canlandırdığı, 2016-cı ildə romantik musiqili komediya-drama janrında çəkilmiş ABŞ filmidir. Filmdə musiqiçi və yeni fəaliyyətə başlayan aktrisanın Los-Ancelesdə görüşüb bir-birlərinə aşiq olmalarından bəhs edilir. Filmin adı həm hadisələrin baş verdiyi şəhərə, həm də reallıqdan uzaq anlamlı idioma işarədir.
Şazel ssenarini hələ 2010-cu ildə yazsa da, onun yaradıcılıq ideyalarını sıxışdırmadan maaliyyələşdirməyə razılaşacaq studiya tapmaqda çətinlik çəkirdi. 2014-cü ildə çıxarılmış "Qamçı" filminin uğur qazanmasından sonra, layihə "Summit Entertainment" tərəfindən qəbul edilmişdir. "La La Lend" filminin premyerası 31 avqust 2016-cı ildə Venesiya Film Festivalında baş tutmuş, film ABŞ-də 9 dekabr 2016-cı ildə, Azərbaycanda 12 yanvar 2017-ci ildə təqdim edilmişdir. $30 milyon büdcəsi olan film, ümumilikdə $132 milyon gəlir gətirmişdir.
Çıxarıldığı dövrdən başlayaraq təriflənən "La La Lend", 2016-cı ilin ən yaxşı filmlərindən biri kimi dəyərləndirilmişdir. Tənqidçilər tərəfindən Şazelin ssenarisi və rejissor işi, Stoun və Qoslinqin aktyor işi, Castin Hurvitzin orijinal film musiqisi və musiqi nömrələri yüksək qiymətləndirilmişdir. 74-cü Qızıl Qlobus mükafatlarının təqdim edilmə mərasimində yeddi mükafata layiq görülmüş film, ən çox mükafat qazanmış tək film kimi rekord qırmışdır: Ən yaxşı bədii film-myuzikl və ya komediya, Ən yaxşı rejissor, Ən yaxşı aktyor, Ən yaxşı aktrisa, Ən yaxşı ssenari, Ən yaxşı orijinal film musiqisi, Ən yaxşı orijinal mahnıı ("City of Stars").
Los-Ancelesdə sıx avtomobil hərəkəti izlənilən bir şossedə ("Another Day of Sun"), şəhər kafelərindən birində barista olaraq çalışan və yeni fəaliyyətə başlamış aktrisa olan Miya (Emma Stoun), gənc caz musiqiçisi Sebastyanla (Rayan Qoslinq) qarşılaşır. Çox çalışsa da, Miyanın növbəti aktrisa dinləməsi də uğursuzluqla nəticələnir. Həmin axşam Miyanın kefini açmaq istəyən rəfiqələri ("Somone in the Crowd") onu Hollivud təpələrində təşkil edilən şənliyə aparırlar. Şənlikdən çıxan Miya avtomobilini düzgün yerdə saxlamadığına görə aparıldığını görür və xeyli yolu piyada getməli olacağını anlayır.
Yaxınlıqdakı kafelərdən birinin qabağından keçən Miya romantik caz musiqisi eşidir. Kafe sahibinin yalnız təqdim edilən siyahıdakı musiqiləri ifa etmək haqqında xəbərdarlığına baxmayaraq, Sebastyan caz improvizasiyası edir. Miya bu musiqini dinləyir ("Mia and Sebastian's Theme"). Kafeyə girən Miya Sebastyanın işdən azad edilməsinin şahidi olur. Kafedən çıxmağa çalışan Sebastyan, Miyanın onu tərifləməyə çalışmasına əhəmiyyət vermədən kobudluq edir.
Bir neçə ay sonra Miya Sebastyanla şəhər əyləncələrindən birində qarşılaşır. Sebastyan pop-kover qruplarından birinin heyətində çıxış edir, Miya isə onu ələ salaraq əylənir. Daha sonra cütlük şənlikdən bir yerdə çıxaraq avtomobil dayanacağına gedir və söhbət edir ("A Lovely Night").
Miya Sebastyanı film meydançasına dəvət edərək aktrisalıq sənətinə olan sevgisindən danışır. Sebastyan isə Miyanı özü ilə caz kluba apararq caz musiqisinə olan ehtiras və bağlılığını izah edir və caz klub açmaq niyyətindən danışır. Miya və Sebastyan bir-birinə qarşı xoş hisslər yaşamağa başlayırlar ("City of Stars"). Sebastyan Miyanı "Səbəbsiz üsyan" filminə baxmağa dəvət edir, Miya isə oğlan dostunun qardaşı ilə görüşə söz verdiyini unudaraq təklifi qəbul edir. Görüşdə özünü narahat edən Miya məkanı tərk edərək kinoya tələsir və filmin başlamağına kimi özünü çatdırır.Çütlük filmdən sonra Qriffit observatoriyasına gedərək burada romantik rəqs edir ("Planetarium").
Bir neçə dinləməni uğursuzluqla başa vuran Miya, Sebastyanın məsləhəti ilə özü üçün tək aktrisalı tamaşa yazmağa başlayır. Sebastyan müntəzəm olaraq caz klubda ifa etməyə başlayır ("Summer Montage"). Tələbə yoldaşı Keyt (Con Lecend) Sebastyanı caz qrupunda ifa etməyə dəvət etsə də, Sebastyan dərhal dəvəti rədd edir. Sebastyan qrupun pop musiqisi yönümlü fəaliyyətini bəyənməsə də, Miyanın anası ilə telefon danışığı zamanı Sebastyanın karyerası üzərində çalışdığına inandırmaq cəhdini eşitdikdən sonra qrup ilə müqavilə imzalamağa razılaşır. Miya qrupun konsertlərindən ("Start a Fire") birinə gəlir və Sebastyanın ifa etdiyi musiqidən həzz almadığını görür.
Sebastyanın iştirak etdiyi qrupun ilk turnesi zamanı Miya ilə aralarında anlaşılmazlıq baş verir, Miya Sebastyanı xəyallarından imtina etməkdə günahlandırır və Sebastyan isə Miya uğursuz olduğu zaman onu daha çox bəyəndiyini deyir. Özünü təhqir olunmuş hiss edən Miya gedir. Qrupun fotosessiyasında iştirak edən Sebastyan Miyanın tamaşasının premyerasında da iştirak edə bilmir. Tamaşa uğursuz keçir; cəmi bir neçə insan tamaşaya gəlir və onlar da Miyanın ünvanına tənqid edici ifadələr səsləndirirlər. Təzyiqə davam gətirə bilmyən Miya evlərinə — Nevada ştatının Boulder şəhərinə qayıtmaq qərarına gəlir.
Bir gün Sebastyana zəng edən film studiyalarından birinin prodüseri Miyanı dinləmədə iştiraka dəvət etdiklərini çatdırmağı xahiş edir. Sebastyan Boulder şəhərinə gələrək Miyanı iştiraka razı salır. Dinləmə zamanı Miyadan sadəcə bir hekayə danışmağı xahiş edirlər; Miya onu aktrisalığa həvəsləndirən xalası haqqında oxumağa başlayır ("Audition/The Fools Who Dream"). Sebastyan deyir ki, Miya bu imkanı dəyərləndirməli və istifadə etməlidir. Onlar gələcəklərinə əmin olmasalar da, həmişə bir-birlərini sevəcəklərini deyirlər.
Beş il sonra Miya artıq məşhur aktrisadır, o başqa bir kişi ilə evlənib və onların bir qız uşağı var. Bir gün cütlük caz klubun qabağından keçərkən vaxtilə Miyanın Sebastyan üçün dizayn etdiyi "Seb's" loqosunu görürlər. Sebastyan kütlənin içində keçmişi yadına salan Miyanı görür. O, pianino arxasına keçərək sevgi nəğməsini ifa etməyə başlayır ("Epilogue") və hər ikisi, birlikdə necə xoşbəxt ola biləcəklərini xəyallarında canlandırırlar. Nəğmə sona çatır və Miya həyat yoldaşı ilə birgə zalı tərk etməyə hazırlaşır. Zaldan çıxmamış o, Sebastyanın üzünə baxır və onlar hər ikisi gülümsəyirlər.
|
|