İyun üsyanı | |||
---|---|---|---|
Barbarossa əməliyyatı | |||
litvaca: Birželio sukilimas | |||
| |||
Tarix | 22–29 iyun 1941-ci il | ||
Yeri | Litva | ||
Səbəbi | Litvalıların Sovet hakimiyyətindən narazılığı və müstəqillik istəyi | ||
Nəticəsi |
Litvanın qələbəsi Sovet İttifaqı ordusunun geri çəkilməsi Litva Müvəqqəti Hökumətinin elan edilməsi |
||
Münaqişə tərəfləri | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
İyun üsyanı (litvaca: Birželio sukilimas) — Litvada ilk Sovet işğalı ilə 1941-ci ilin iyunun sonlarında baş vermiş nasist işğalı arasında baş vermiş üsyan nəzərdə tutulur.
Üsyandan təxminən bir il əvvəl, 15 iyun 1940-cı ildə Qızıl Ordu Litvanı ələ keçirdi və litvalılar arasında sevilməyən Litva Sovet Sosialist Respublikasının yaradıldığını elan etdi.[4] Yeni rejim özünə qarşı müxalifəti susdurmaq üçün siyasi repressiyalardan və terrordan istifadə edirdi. 22 iyun 1941-ci ildə Nasist Almaniyasının Sovet İttifaqına hücum etdiyi zaman Litva cəmiyyətinin fərqli təbəqələrindən olan şəxslər bolşevik hakimiyyətinə qarşı üsyana qalxdılar. Üsyançılar dövlət istiqlaliyyətinin yenidən bərpa edildiyini elan edərək qısamüddətli Müvəqqəti Hökumət yaratdılar. Vermaxtın gəlişinə qədər Litvanın iki ən böyük şəhəri olan Kaunas və Vilnüs üsyançıların əlinə keçdi. Bir həftə ərzində alman ordusu bütün Litvaya nəzarət etməyə başladı və buralardan bolşevik ordusunu qovdu. Litvalılar almanları qəddar Sovet hakimiyyətinfən onları xilas edən ordu kimi qarşıladılar. Litvalılar ümid edirdilər ki, almanlar onların müstəqilliyinə toxunmayacaq və ya Slovak Respublikasında olduğu kimi müəyyən muxtariyyət tanıyacaqlar.[5] Reallıqda isə nasistlərdən heç bir dəstək gəlmədi və onlar yavaş-yavaş litvalıların administrasiyasını özünkü ilə dəyişdirdilər. 1941-ci ilin iyulunda Reichskommissariat Ostland[a] təşkil edildi. Hər hansısa real gücdən yoxsun olan Müvəqqəti Hökumət 5 avqust 1941-ci ildə özünü buraxdı.
1918-ci ildə Litva Birinci Dünya müharibəsinin nəticəsində öz müstəqilliyini əldə etdi və Litva İstiqlaliyyət müharibəsi, Rus inqilabı nəticəsində onun bu müstəqilliyi ətraf dünya tərəfindən tanındı. İkinci Dünya müharibəsinin başlanmasının əvvəlində Litva özünün neytrallığını elan etdi və Seym bu barədə qərar qəbul etdi.[7]
Molotov-Ribbentrop müqaviləsinin imzalanmasından Almaniyanın SSRİ-ə hücumuna qədərki dövrdə Nasist Almaniyası ilə Sovet İttifaqı müttəfiq şəklində hərəkət edirdilər. 1940-cı ilin may-iyun aylarında Almaniya Qərbi Avropada hərbi əməliyyatlar həyata keçirərkən SSRİ də Baltik ölkələrini ələ keçirdi. 14 iyun 1940-cı ildə sovetlər tərəfindən Litvaya ultimatum verildi və guya hansısa sovet döyüşçülərinin qaçırıldığı iddia edildi. Ultimatumda deyilirdi ki, Litva SSRİ-nin yararsız hesab etdiyi məmurları (xüsusilə Daxili İşlər Naziri və Təhlükəsizlik Departamentinin rəisini) işdən çıxarmalı, hökuməti dəyişdirməli və qeyri-məhdud sayda Qızıl Ordu qoşunlarının ölkəyə daxil olmasına icazə verməlidir. Bu ultimatumun qəbul edilməsi Litvanın öz müstəqilliyini itirməsi anlamına gəlirdi. Lakin bu ultimatumla birlikdə, SSRİ XİN rəhbəri Vyaçeslav Molotov litvalı diplomat Juozas Urbşysa bildirdi ki, Litvanın ultimatuma cavanının nə olub-olmamasından asılı olmayaraq, "ordular sabah Litvaya daxil olacaq".[8] Ultimatum Litva ilə SSRİ arasında əvvəlcədən bağlanmış bütün razılaşmaların və suveren dövlətlərin münasibətlərini tənzimləyən beynəlxalq hüququn pozulması idi.[9]
Litva Respublikası hökuməti son dəfə bu ultimatumu müzakirə etmək üçün toplandı və onun üzvlərinin çoxu ultimatumu qəbul etməkdən yana olduqlarını bildirdilər.[9] 15 iyunda prezident Smetona siyasi vəziyyətin normallaşmasını gözləmək üçün Qərbə getdi və baş nazir Antanas Merkys ölkədə qaldı.[10] Bu əsnada VIII və XI Qızıl Ordu birləşmələri sərhədi keçdi. Sərhədi keçən sovet ordusu ümumilikdə 15 diviziyadan ibarət idi. Hava qüvvələri Kaunas, Radvilişkis və Şiauliaidəki hava limanlarını ələ keçirdi. Sovet Ordusu litvalı döyüşçülərin silahlarını əllərindən alıb, mülklərini müsadirə etdi və yerli kommunistləri dəstəklədi. Moskvanın təzyiqi altında baş nazir Merkys Justas Paleckisi baş nazir təyin edib, özü istefa verdi. Paleckis daha sonra prezidentlik səlahiyyətlərini əlinə aldı və Vinces Kreve baş nazir oldu.[11] Ölkədə kommunist fəaliyyətinə icazə verildi. Kommunist qəzetləri, jurnalları nəşr edilməyə başladı və yerli kommunistlər yeni hökuməti dəstəkləmək üçün mitinqlər təşkil etdilər. Müxalif təşkilatlar və partiyalar ləğv edildi, ölkənin xariclə olan əlaqələri kəsildi. 14-15 iyulda parlamentə seçkilər keçirildi. Seçkilərdə iştirak edən yeganə partiya ifrat solçulardan və onların dəstəkçilərindən təşkil edilmiş Litva İşçilərin Birliyi partiyası idi. Vətəndaşlar səsvermə hüququna malik idilər və seçkilərin nəticələrinin saxtalaşdırıldığı ehtimal edilirdi. İyulun 21-də keçirilən ilk iclasında yeni parlament Litvanın SSRİ-nin tərkibinə daxil olmaq iradəsini ifadə etdiyini bəyan etdi. Elə həmin gün ölkənin sovetləşməsinə başlamaq haqqında qərarlar qəbul edildi. Avqustun 3-də Litvanın SSRİ-yə qoşulması haqqında sənədi imzalamaq üçün Litvanın tanınmış ictimai xadimlərindən ibarət nümayəndə heyəti Moskvaya göndərildi. İmzalanandan sonra Litva SSRİ-yə birləşdirildi. 1940-cı il avqustun 25-də Xalq Parlamentinin növbədənkənar sessiyası forma və mahiyyətcə Sovet İttifaqının 1936-cı il Konstitusiyasına bənzəyən Litva Sovet Sosialist Respublikasının (LSSR) Konstitusiyasını ratifikasiya etdi.[12]
Beləiklə, 1940-cı ilin iyununda Litva şərtsiz olaraq Sovet ultimatumunu qəbul etdi və ələ keçirildi. İşğal edilən Litva bolşeviklər tərəfindən Litva SSR adlandırıldı və Sovet İttifaqına birləşdirildi. Sovetlər ölkəni ələ keçirdikdən sonra müxtəlif sovetləşdirmə siyasətləri tədbiq etməyə başladılar. Ölkədə özəl mülkiyyət milliləşdirildi, siyasi aktivistlərin təqibinə başlanıldı və xeyli sayda insan xalq düşməni adı altında "güllələndi". Bu həbslərin hədəfində məşhur siyasətçilər (məsələn, Aleksandras Stulginskis, Juozas Urbšys, Leonas Bistras, Antanas Merkys, Pranas Dovydaitis, Petras Klimas), hökumət rəsmiləri, hərbçilər, Litva Atıcılar Birliyinin[b] üzvləri daxil idi. Litva ordusu Qızıl Ordunun 29-cu atıcı diviziyası kimi yenidən təşkil edildi. Kommunistlər həmçinin, ölkədəki qeyri-kommunist mədəni, dini və siyasi təşkilatların hamısını bağladılar. Bütün bunlar ölkənin iqtisadi vəziyyətinə də pis təsir etdi və insanların yaşam səviyyəsi də gerilədi. Bir il sonra, üsyandan cəmi bir həftə əvvəl, əsasən ziyalılardan ibarət 17.000-ə yaxın litvalı bütün ailələri ilə birlikdə aparılaraq Sibirə sürgün edildi, burada bir çoxu qeyri-insani həyat şəraiti üzündən həlak oldu. Bu, xalqın üsyana dəstəyini təhrik edən yeganə böyük hadisə idi. Bu faciə ilkin olaraq almanların işğalına müsbət meyl yaratdı. Sürgünlərdən və ya həbslərdən qaçan insanlar kortəbii olaraq silahlı qruplara çevrilərək meşələrdə gizlənir və daha geniş üsyan gözləyirdilər.[15]
1940-cı ilin payızında qurulan Litva Aktivistləri Cəbhəsinin son istəyi ölkələrinin müstəqilliyini yenidən bərpa etmək idi. Berlində olan Kazys Škirpa tərəfindən rəhbərlik edilən LAC Litva müqavimətini birləşdirməyə və Sovetlərə qarşı planlaşdırılan üsyan üçün resursları təşkil etməyə və qorumağa çalışırdı.[17] LAC bir çətir təşkilatı kimi fəaliyyət göstərirdi[18] və bir çox qruplar Berlindəki LAC ilə əlaqəli olmasalar da, onun adından istifadə edirdilər.[19] LAC Vilnüsdə hərbi-siyasi qərargahını və Kaunasda təşkilat qərargahını yaratdı.[17] Berlin, Kaunas və Vilnüsdəki bu mərkəzlər arasında əlaqə və koordinasiya kifayət qədər zəif idi. Vilnüsdəki qərargah sovet həbslərindən, xüsusən 1941-ci il iyunun əvvəlində çox əziyyət çəkdi və əsasən sıradan çıxarıldı. Həbs edilən fəalların əksəriyyəti 1941-ci ilin dekabrında Sovet İttifaqında edam edildi.[20]
1941-ci ilin martında LAC Berlində bir memorandum yayımladı. Brangūs vergaujantieji broliai (azərbaycanca: Əziz qul edilmiş qardaşlar) adlandırılan memorandumda yaxınlaşmaqda olan Almaniya-Sovet İttifaqı müharibəsinə necə hazırlaşmaq lazım olduğu elan edilirdi.[21] Vətəndaşlara həbsxanalar, yollar, körpülər, kommunikasiya qovşaqları, zavodları və s. qorumaq tapşırılırdı, çünki geri çəkilən Qızıl Ordunun bunları məhv edəcəyi gözlənilirdi. Belə olacağı halda, mərkəzi qərərgahlarda Müvəqqəti Hökumət və ölkənin müstəqilliyi elan ediləcəkdi.[22] Aprel ayında ölkənin müstəqilliyini elan edəcək Müvəqqəti Hökumətin siyahısı açıqlandı.[23] Kazys Škirpa baş nazir vəzifəsinə namizəd ikən, 4 nazir postu Vilnüs, 6 nazir postu isə Kaunas üçün ayrılmışdı. Eyni zamanda bir nazir də Berlindən olacaqdı. Hökumətin üzvləri müharibədən öncəki Litva siyasi mühitinə görə fərqli siyasi spektrumlardan gəlməkdə idilər və bu əsas gətirilərək onların əhalinin mütləq əksəriyyətinin dəstəyini aldıqları iddia edilirdi.[24] Belə bir fikir irəli sürülür ki, təyin olunmuş nazirlərin bəziləri Müvəqqəti Hökumətdəki təyinatlarından xəbərsiz idilər. 14 iyun tarixində nasistlər Şkirpa və ya bir başqasının heç bir hökumət qurmamasını, onların əvvəlcədən təstiqləmədiyi heç bir ictimai açıqlama verməməyi qəti bir şəkildə tələb etdilər. Škirpa bununla razılaşsa da, onun özünün də Litvadakı dəstəkçiləri üzərində tam nəzarəti yox idi.[25]
22 iyun 3:15 tarixində Litva SSR ərazisi hücuma keçən iki alman ordu qrupu tərəfindən ələ keçirildi. Şimal Ordu Qrupu Litvanın qərb və şimal tərəflərini ələ keçirərkən, Mərkəz Ordu Qrupu Vilnüs bölgəsinin əksər hissəsini işğal etdi. Almanlar Litvaya hücum üçün 40 diviziyada cəmləşən 700 minlik ordu, 1500 tank və 1200 döyüş təyyarəsi ayırmışdılar.[26] Onlarla döyüşən sovetlərin Baltik Hərbi Dairəsində 25 diviziyada cəmləşən 400 minlik ordusu, 1500 tankı və 1344 döyüş təyyarəsi var idi.[27] VII atıcı və VI motorlaşdırılmış VIII, XI ordular Litva ərazisində yerləşdirilmişdi.[26]
İlk alman hücumu Lüftvaffe tərəfindən hava limanlarına və Litva şəhərlərinə (Şyaulyay, Panevejis, Kėdainiai, Raseiniai, Karmėlava, Jurbarkas, Ukmergė və s.) edildi. Bu hücumlarda 4 min mülki şəxsin öldürüldüyü iddia edilir.[27] Sovet hərbi hava qüvvələrinin çox hissəsi məhv edildi. Sovet təyyarələrindən 322-i havada vurularkən, 1489-u da yerdə məhv edildi.[27] Almanlar sürətlə irəliləyərək Kaltinenay, Raseiniai, Şyaulyay yaxınlığında sovetlərin arabir müqaviməti və litvalıların köməyi ilə qarşılaşdılar. Raseiniai döyüşü ilə sovetlər əks-hücuma cəhd etməyə çalışdılar, lakin yeni tanklarla da gücləndirilmiş sovet ordusu darmadağın edildi.[28][29] Bir həftə ərzində almanlar 3.3362 nəfər itirsələr də, bütün Litvanı ələ keçirməyə nail oldular.[1] Sovetlərin itkiləri çox ağır idi və dəqiq olaraq bilinməməkdədir. Hesab edilir ki, bu say 12-15 diviziyadan ibarət olmuşdur.[1] Qızıl Ordu, həmçinin özünün təyyarə bazalarını, tanklarını, artilleriyasını və digər sursatlarını da itirdi.[29]
Ümumi olaraq litvalıların almanlara qarşı dost yanaşmasına baxmayaraq, almanlar cəzalandırma edamları həyata keçirdilər. Məsələn, iki alman mühafizəçinin Alytusda naməlum şəxslər tərəfindən açılan atəş nəticəsində ölməsndən sonra, Ablinqa kəndində yaşayan 42 mülki şəxs almanlar tərəfindən edam edildi.[30] Alman bu mülki şəxslərin edamı ilə iki alman döyüşçünün öldürülməsinə görə cəza vermək istəmişdilər. Alytusdakı terror növbəti gün də davam etdi. Almanlar 15-20 yaşları arasındakı kişiləri seçərək 2-25 nəfərlik qruplar halında edam etdilər.[21]
Hər bir halda, geri çəkilən Qızıl Ordu daha çox vəhşiliklər törətmişdir. İlk sovet işğalı zamanı ələ keçirilən 4 min nəfərlik siyasi və cinayət məhbusları Sovet İttifaqına köçürüldülər.[31] NKVD-in təşkilatçılığı ilə Rainiai, Pravieniškės, Panevėžysda məhbusların qırğını həyata keçirildi.[32] Ümumi olaraq, Litvada 40 kütləvi edam yeri müəyyənləşdirilmişdir. Bundan da çoxu sovet həbsxanalarına göndərilərkən yollarda öldürülmüşdürlər. Ən böyük .qırğın müasir Belarusiyada yerləşən Çerven bölgəsi yaxınlığında baş vermişdir. Litvada nasist işğalı zamanı tərtib edilmiş NKVD qurbanlarının siyahısına üsyanda iştirak etməyən 769 nəfər daxildir.[33]
Üsyan müharibənin ilk günündı - 22 iyun 1941-ci ildə başladı. LAC əsas qüvvələrini Kaunas ətrafına cəmləşdirmişdi. Saat 10:00-da LAC Zaliakalnisdə toplantı keçirdi və öhdəlikləri öz arasında paylaşdırdı. Bildirildi ki, üsyanın əsas məqsədi sovetlərlə döyüşmək yox, şəhəri qorumaq, təşkilatların, inistitutların və zavod-fabriklərin toxunulmazlığını həyata keçirməkdir. Həmçinin müstəqilliyin elan edilməsi də bura daxil idi.[34] 22 iyun gecəsində litvalılar Prezident Sarayını, poçt mərkəzini, telefon-teleqraf qovşağını, radio stansiyalarını nəzarətə götürmüşdülər.[34] Telefonun idarə olunması litvalılara bütün məlum kommunist nömrələri ayırmağa və parol və kodlar olmadan bir-biri ilə danışmağa imkan verdi.[35] Radio stansiyasına qarşı sovetlərin sabotajı olsa da, 22-dən 23-ə keçən gecə onun fəaliyyəti yenidən bərpa edildi. Ehtiyat hissələri təcili yardım maşını sürən tibb fakültəsinin tələbələri tərəfindən çatdırılmışdı.[36] Radionu mühafizə edən qeyri-adekvat Litva qüvvələrinin qorxusuna baxmayaraq, iyunun 23-də səhər saatlarında Leonas Prapuolenis Litvanın müstəqilliyi haqqında bəyannaməni və Müvəqqəti Hökumət üzvlərinin siyahısını oxudu. Veriliş litva, alman və fransız dillərində bir neçə dəfə təkrarlandı.[36]
23 iyun sabahında üsyançılar Şançiai, Panemune və Vilijampoledəki sovet silah anbarlarına basqın etdilər.[37][38] Artıq silahlanmış litvalılar bütün şəhər boyunca yayıldılar. Neris çayı üzərindəki Vilijampole körpüsü üsyançıların xüsusi diqqətində idi, çünki almanların bu körpüdən şəhərə daxil olacaqları düşünülürdü.[35] Litvalılar körpüyə. çatdıqları zaman artıq oraya dinamit telləri döşənmişdi. 40 sovet əsgəri və 3 zirehli maşın körpünün partlatmağa hazır idi.[39] Litvalılar açdığı atəşdən sonra sovetlər geri çəkilməyə başlayarkən, Juozas Savulionis adlı bir üsyançı qaçaraq dinamitlərin telini kəsdi, beləliklə də, körpünün dağıdılmasının qarşısını aldı. Savulionis geri dönərkən sovet atəşinə məruz qalıb öldü. O, İyun üsyanının ilk qurbanlarından biridir.[39]
Nemunas üzərindəki körpülər geri çəkilən sovetlər tərəfindən vaxtından əvvəl dağıdıldı. Bu, Qızıl Ordunun Suvalkiyadakı hissələrini Kaunasdan yan keçməyə məcbur etdi və bəlkə də şəhərdəki üsyançıları xilas etdi. Şançiaidəki üsyançılar Metalas zavodunu özlərinin qərərgahına çevirərək Neman çayını qayıqlar və müvəqqəti körpülər düzəldərək keçməyə çalışan sovet əsgərlərini durdurmağa çalışdılar. Bu döyüşlər zamanı təxminən 100 üsyançı öldürüldü, zabitlər də daxil olmaqla 100 sovet döyüşçüsü əsir götürüldü.[37] Üsyançıların ələ keçirdiklərinin siyahısına xeyli miqdarda silah-sursat, eyni zamanda 3 tank da daxil idi. Lakin üsyançılar arasında heç kim bu tankların necə istifadə edildiyini bilməməkdə idi.[40] Dİgər qruplar polis mərkəzlərini, dükanları, anbarları qoruyaraq şəhərlərdə nizam-intizamın pozulmamasına çalışdılar. Qısa bir müddət ərzində üsyançılar özlərinin polis təşkilatını qurdular və təxminən 2 min nəfər siyasi məhbusu azad etdilər.[40] Gündəlik nəşr edilən Į laisvę (azərbaycanca: Azadlığa doğru) qəzati çapdan çıxmağa başladı. Qızıl Ordunun 188-ci Atıcı Diviziyasının komandiri polkovnik Pyotr İvanov 11-ci Ordunun qərargahına bildirdi ki, onun diviziyası Kaunasdan geri çəkilərkən “yerli əksinqilabçılar sığınacaqlardan Qızıl Orduya məqsədyönlü və şiddətli atəşə tutub, yığınlar çoxlu əsgər və hərbçi, avadanlıq itkisinə məruz qalıb".[41][42]
24 iyun 1941-ci ildə Qızıl Ordunun tank bölmələrinə Kaunası yenidən ələ keçirmək əmr edildi. Üsyançılar radio ilə almanlardan yardım istədilər və Lüftvaffe şəhərə doğru irəliləyən sovet ordusunu bomdarman edib, geri qayıtmağa məcbur etdi. Bu ilk kordinasiya edilmiş Litva-Alman hərəkatı hesab edilir.[43] 24 iyunda ilk alman bölməsi - leytenant Flohret və 4 əsgərdən ibarət olmaqla - Kaunas şəhərinə daxil oldular və şəhərdə isti qarşılandılar.[44] Bir gün sonra əsas qüvvələr maneəsiz və az qala parad şəklində şəhərə daxil oldular.[45] İyunun 26-da alman hərbi komandanlığına üsyançı qrupları dağıtmaq və tərksilah etmək əmri verildi. İki gün sonra Litva mühafizəçiləri və patrulları da vəzifələrindən azad edildi.[46]
İyulda özünü qeydiyyatdan keçirmə prosesinə görə, Kaunasda kortəbii olaraq 26 qrupa təşkil olunmuş 6000-ə yaxın qiyamçı var idi.[47][26] Ən böyük qruplar 200-250 nəfərdən ibarət idi. Kaunasda litvalıların ümumi itkiləri 200 ölü və 150 yaralı olaraq qiymətləndirilir.[47]
Vilnüsdə LAC (rəhbəri Vytautas Bulviçius idi) müharibənin başlamasından bir müddət əvvəl sovet həbslərinə məruz qalmış və üzvlərinin bir çoxunu itirmişdi, eyni zamanda şəhər əhalisinin çox az bir hissəsi litvalı idi.[3][48] Buna görə də, üsyan miqyas etibarilə qısa idi və 23 iyunda başlamışdı. Üsyançılar poçt mərkəzini, radio stansiyasını və digər mərkəzləri ələ keçirib, Gedimanlar Qalası üzərində Litva bayrağını dalğalandırdılar. Qızıl Ordunun hissələrinin əksəriyyəti Vilnüsdən kənarda yerləşdiyindən və kifayət qədər tez geri çəkildiyi üçün ona nəzarəti ələ keçirmək nisbətən asan idi.[44] İyunun 24-də ilk alman birlikləri şəhərə daxil oldu. Hans Freiherr von Funckın komandanlıq etdiyi 7-ci Panzer Diviziyası Qızıl Ordunun Vilnüsdə müqavimət göstərəcəyini gözləyirdi və şəhəri bombalamaq planları hazırlamışdı.[1]
1940-cı ildə Litva ordusunun dağılmasından sonra yaradılmış 29-cu Atıcı Korpusunda təxminən 7-8 min etnik litvalı var idi.[49] Onların əksəriyyəti fərarilik edərək iyunun 24-dən Vilnüsə toplaşmağa başladılar. Varena yaxınlığında dislokasiya olunmuş 184-cü atıcı diviziyası irəliləyən almanlarla ilk qarşılaşanlardan biri idi.[50] Sovet zabitləri arasında yaranmış xaosdan istifadə edən litvalılar yalnız bir neçə itki ilə əsas korpusdan ayrılaraq Vilnüsə toplaşdılar. 184-cü atıcı diviziyasının cəmi 745 əsgəri Sovet İttifaqına çatdı. 179-cu atıcı diviziyaya Pabrade-Şvençionelyaidən Pskova doğru geri çəkilmək əmri verildi.[50] İyunun 27-də diviziya Litva sərhədini keçdi və Litva əsgərləri qiyam qaldırdı. Ən azı 120 litvalı qaçmağa cəhd edərkən müxtəlif atışmalarda həlak olub. 179-cu atıcı diviziyasının təxminən 1500-2000 əsgəri (6000-dən) Nevelə çatdı.[51] Litvalılar ümid edirdilər ki, bu fərarilər yeni Litva ordusunun əsasını təşkil edəcəklər; lakin, qoşunlar Polis Batalyonları şəklində təşkil edilmiş və Almanlar tərəfindən ehtiyacları üçün, o cümlədən Holokostu törətmək üçün istifadə edilmişdir.[51]
Üsyan digər şəhərlərə, bölgələrə və kəndlərə də yayıldı. Üsyançıların fəaliyyət səviyyəsi Litvada çox fərqli idi və üsyan daha az təşkil edilmiş, daha kortəbii və xaotik idi. Üsyana qatılanların çoxu heç vaxt LAF və ya Kaunasda müqavimət təşkil edilməsi barədə eşitməmişdilər. Bir çox yerlərdə üsyançılar Vilnüs və Kaunasdakı şablon hərəkat planı üzrə hərəkət etdilər. Yerli inistitutların, xüsusən polis mərkəzinin ələ keçirilməsi, strateji əhəmiyyətli yerlərin qorunması bunun əsasını təşkil edirdi. Üsyançılar sovet fəallarını həbs edib, əvəzinə sovetlərin həbs etdiyi siyasiləri azad etdilər. Üsyan baş verən yerlərdə Litva bayrağı dalğalandırılırdı.[52] Silah-sursat çatışmazlığı özünü hər yerdə göstərirdi və bunu ortadan qaldırmağın yeganə yolu geri çəkilən sovet ordusunun silahlarını əllərindən almaq idi.[53] Aktiv üsyançıların çoxu Şvençionys, Mažeikiai,Panevejis və Utena bölgələrində idilər.[2] Şiauliai kimi bölgələrdə hansısa mühüm üsyan hərəkatı baş vermədi.[2] Almanlar bölgələrə daxil olan kimi üsyançıların silahlarını əllərindən alırdılar. Hər bir halda, üsyan zamanı üsyançılar tərəfindən de-fakto təşkil edilmiş bəzi qurumlar - məsələn, polis, müxtəlif komitələr - sonradan de-yure formaya keçdi və fəaliyyətini davam etdirdi.[54]
Sovet dövründə üsyançılar təqib olunurdu və üsyan tarix kitablarından senzura ilə çıxarılırdı. Əsasən litvalı amerikalılar tərəfindən nəşr olunan xatirələr və araşdırmalar litvalı fəalların ümumi sayını 90,000 və ya 113,000, itkiləri isə 2,000 və ya 6,000 olduğunu bildirir.[2] 1990-cı ildə Litvanın yenidən müstəqilliyini qazanmasından və yeni sənədlərin əlçatan olmasından sonra tarixçilər üsyançıların sayınnı təxminən 16-20 min nəfər, onlarında ümumilikdə 600 itkisinin olduğunu bildirdilər.[2] Üsyançılar çoxu 18-25 yaş aralığında olan gənc kişilər idi.[44] Üsyan zamanı sovetlərin 5 min nəfər itirdiyi hesab edilir.[3]
— Leonas Prapuolenis, bu yaxınlarda ələ keçirilmiş Kaunasın radiosu vasitəsilə Litva Müvəqqəti Hökumətinin ilk elanı.[55][56]
23 iyun 1941-ci ildə, 09:28 radələrində Litvanın milli himni olan Tautiška giesmė Kaunasdakı radiodan yayımlandı. LAC üzvü olan Leonas Prapuolenis Atstatoma laisva Lietuva (azərbaycanca:Azad Litva bərpa edilir) adlı istiqlaliyyət bəyannaməsini oxudu. Prapuolenis Müvəqqəti Hökumətin üzvlərini elan etdi və xalqı özəl mülkiyyəti, ictimai asayişi qorumağa çağırdı. İşçilər zavodların, dövlət orqanlarının və s. mühazifəsini təşkil etdilər, polislər ictimai asayişin pozulmasının qarşısını almaq üçün patrul gəzməyə başladılar. Yeni hökumətin mesajı və bəyannamə radiodan dəfələrlə litvaca, almanca və fransızca təkrarlandı.[57][58]
Müvəqqəti Hökumət kabinetinə daxil olan şəxslər bunlar idi (bəziləri hələ Müvəqqəti Hökumət elan edilməmişdən əvvəl sovetlər tərəfindən həbs edilmişdi):[59]
Müvəqqəti Hökumətin ilk toplantısı 24 iyunda həyata keçirildi. LAC aktivisti Juozas Ambrazeviçius Kazys Şkirpanı əvəz etdi, çünki Şkirpa baş nazir kimi Berlində ev həbsində idi. Yeni hökumət ölkənin bütün hakimiyyətini ələ keçirməyə çalışırdı və ölkənin tam müstəqilliyini elan etmişdi. Həmçinin hökumət desovetizasiya prosesinə də başlamaqda idi. Altı həftəlik mövcudluğu ərzində torpaqların, müəssisələrin və daşınmaz əmlakın dövlətsizləşdirilməsi, yerli inzibati vahidlərin bərpası, polisin formalaşdırılması və digər məsələlərdən bəhs edən, bəziləri əvvəlcədən hazırlanmış 100-dən çox qanun qəbul edilmişdir. Hökumətin Vilnüs bölgəsində heç bir hakimiyyəti yox idi, ora müxtəlif ordu qruplarının nəzarəti altında idi. Hökumət sağ qala bilmək üçün nasistlərlə tam əməkdaşlıq etməkdə idi. Almanlar qurulmuş yeni hökuməti tanımasalar da, onu ortadan qaldırmaq üçün hərbi qüvvədən istifadə etmədilər.[61][45]
Halbuki Ukraynadakı Stepan Bandera hökumətini yox etmək üçün hərbi gücdən istifadə edilmişdi. Alman hərbi idarəsi mülki qurumları nəzarətə götürməyə cəhd etmədiyi üçün hökumətin fəaliyyətinə əvvəlcə dözürdü.[54] Alman mülki idaərçilik qurumu olan Reichskommissariat Ostland 17 iyul tarixində yaradıldı.[62] Hərbi qüvvədən istifadə yerinə bu mükki qurum tədricən Müvəqqəti Hökumətin səlahiyyətlərini əlindən aldı. Məsələn, ona öz qərarlarını qəzetlərdə çap etdirmək və ya radio vasitəsiylə elan etməyə imkan vermədi, Beləliklə o, Müvəqqəti Hökuməti ya özünü buraxmağa, ya da kukla qurum olmağa məcbur etməyə çalışırdı.[45] Əgər bu, tanınma və muxtariyyətə bənzəyirsə, əməkdaşlıq etməyə hazır olan hökumət, alman işğalının alətinə çevrilməyə razı olmadı.[45] Avqustun 5-də Almaniyanın Litva hökumətinin səlahiyyətlərini qəsb etməsinə etiraz edən hökumət öz-özünü buraxdı.[63]
İctimai həyatın qəsb edilməsi Müvəqqəti Hökumətin süqutundan sonra da davam etdi. Litva Aktivistlər Cəbhəsi 1941-ci ilin sentyabrında qadağan edildi və onun bəzi liderləri konsentrasiya düşərgələrinə aparıldı. Dekabr ayında Litvanın sonuncu qanuni partiyası olan nasist tərəfdarı Litva Millətçi Partiyası (litvaca:Lietuvių nacionalistų partija) da qadağan edildi.[62] Müvəqqəti Hökumətin qəbul etdiyi qanunların əksəriyyəti kağız üzərində qaldı. Bununla belə, yerli idarəetmə və təhsil də daxil olmaqla, almanlar üçün dərhal maraq kəsb etməyən bir neçə qanunun müəyyən qədər uzunmüddətli təsiri oldu.[64] Hökumət buraxılsa da, litvalılardan ibarət inkişaf etmiş yerli idarəetməni formalaşdırmışdı. Bu, yuxarıdan gələn alman əmrlərinin aşağıdan bloklana bildiyi zaman bəzi passiv müqavimət göstərməyə imkan verdi. Məsələn, litvalılar Waffen-SS bölməsinə işə götürülməyə, Almaniyada məcburi əmək üçün kvotalara və ya Litva məktəblərinin almanlaşdırılmasına müqavimət göstərdilər.[65]
Uzunmüddətli müstəqilliyə və ya böyük nəticələrə nail olunmasa da, üsyan Litva tarixində yüksək qiymətləndirilir. Şkirpanın öz xatirələrində qeyd etdiyi kimi, üsyan litvalıların öz müstəqilliyə nail olmaq üçün nə qədər kökləndiklərini göstərir, eyni zamanda da, guya Litvanın 1940-cı ilin iyununda Sovet İttifaqına könüllü bir şəkildə qatıldığı mifini dağıtmaq üçün böyük əhəmiyyət daşıyır. Üsyan, həm də alman hücumunun fərqli bir sürətlə başa çatmasına yardım etmişdir. Belə ki, almanlar Pskova cəmi 17 günə çatmışdılar.[24] 1941-ci ilin iyun hadisələri həm də bəzi mübahisələrə səbəb oldu. O zaman xaricdəki Litvalı diplomatlar, o cümlədən keçmiş prezident Antanas Smetona və Stasys Lozoraitis qiyamı "nasistlərdən ilhamlanmış" adlandırmışdılar. Bu bəyanatlar ABŞ, Böyük Britaniya və digər qərb güclərini Litvanın nasistlərin müttəfiqi olmadığına inandırmaq cəhdi ola bilərdi. Müvəqqəti Hökumət antisemit şüarları və fərmanları, xüsusən də 1 avqust tarixli Žydų padėties nuostatai (azərbaycanca: Yəhudilərin statusu haqqında Əsasnamə) üçün tənqid olunur. Müvəqqəti Hökumət nasistlər və Litva Aktivistləri Cəbhəsinin antisemit rəhbərliyi tərəfindən təşviq edilən yəhudilərə qarşı zorakılığı dayandırmaq üçün bir şey etməmiş, onun tərəfindən yaradılmış Litva polis batalyonları nasistlərə Holokostu həyata keçirməyə kömək etmişdir.[66] Müvəqqəti Hökumətin formalaşdırdığı hərbi birləşmə olan, daha sonra yardımçı qüvvə, polis və s. kimi xidmətinə davam edən Litva TDA Batalyonları nasistlərin Einsatzkommando[c] qurumu tərəfindən əməkdaşlığa cəlb edildi. Rollkommando Hamann[d] keçirən və çox zaman LAC-dən cəlb edilən yerli litvalı əməkdaşları Kaunas qalasındakı və digər əyalətlərdəki yəhudi qətliamlarına cəlb edildilər. Qurtulmağı bacaran yəhudilər və litvalı tarixçilər bildirirlər ki, LAC üzvləri, xüsusən Kaunasda, amma həm də başqa yerlərdə yəhudi sakinlərə qarşı diskriminasiyaya etmiş və dəhşətli aktlara imza atmışdırlar. Buna qadınlar və uşaqlar da daxil olmaqla, silahsız mülki şəxslərin kütləvi öldürülməsi də daxil idi. Nasistlərin gəlişinə qədər bu hərəkətlər daha çox Kaunas qətliamı ilə əlaqələndirilsə də, eyni zamanda Litvanın digər yerlərində baş vermişdir.