Lui Adamik | |
---|---|
Doğum tarixi | 23 mart 1898[1] |
Vəfat tarixi | 4 sentyabr 1951[2][3] (53 yaşında) və ya 1951[4] |
Fəaliyyəti | yazıçı, jurnalist, romançı, tərcüməçi |
Vikianbarda əlaqəli mediafayllar |
Lui Adamik(23 mart 1898[1] – 4 sentyabr 1951[2][3] və ya 1951[4]) — Sloven əsilli amerikalı yazıçı və tərcüməçi.
Adamik müasir Sloveniya ərazisində, Qrosuple şəhərində anadan olub.[5] Kəndli ailəsinin böyük oğlu olduğu üçün şəhər məktəbində düzgün təhsil almayıb. 1909-cu ildə Lyublyanada tam orta məktəbə daxil olub. [6] Təhsilinin üçüncü ilində gizli bir cəmiyyətə qoşulmuşdu.Bu cəmiyyət Avstriya-Macarıstanın Cənubi Slavyan bölgələrində geniş yayılmış Yuqoslaviya millətçi hərəkatı ilə bağlı yaradılmış bir cəmiyyət idi. 1913-cü ilin noyabrında Adamik nümayişdə iştirak etdi, həbs olundu və məktəbdən qovuldu.Bununla da onun imperiyanın hər hansı ali təhsil müəssisəsinə daxil olması da qadağan edilmişdi. Yazıçı, Lyublyana Cizvit Məktəbinə təyin olundu, lakin o, heç vaxt bu məktəbə gedə bilmədi.[7][8] Adamik 31 dekabr 1913-cü ildə 14 yaşında olarkən ABŞ-a mühacirət etdi. O, əvvəlcə Kaliforniyanın San Pedro şəhəri yaxınlığındakı Xorvatiya kommunasında məskunlaşdı. Daha sonra 1918-ci ildə vətəndaşlıq aldı. Əvvəlcə fəhləlik etməyə başladı, sonra Nyu-Yorkda çıxan Sloveniyanın “Millətin səsi” qəzetinə işə daxil oldu. Birinci Dünya Müharibəsində Qərb Cəbhəsində Amerika Ordusunun tərkibində döyüşdü. Müharibədən sonra isə jurnalist kimi çalışmağa və yazmağa başladı.[9] Adamikin əsərlərinin mövzusu Sloveniyadakı kəndli həyatından, eləcə də onun ABŞ-da fəhlə həyatı ilə bağlı təəssüratlarından qaynaqlanır. Yazıçı 1934-cü ildə nəşr olunan "Doğmaların qayıdışı" əsəri ilə Amerikada tanınmağa başladı. Qısa zamanda bestsellerə çevrilən və Yuqoslaviya kralı I Aleksandrın rejiminə ünvanlanmış bu kitabı yazıçıya böyük şöhrət qazandırdı. 1932-ci ildə o, nüfuzlu bir qrant aldı. İkinci Dünya Müharibəsi illərində yazıçı Yuqoslaviya azadlıq hərəkatını dəstəkləmişdi. 1949-cu ildən Sloveniya Elmlər və İncəsənət Akademiyasının müxbir üzvü idi. 1940-cı illərdən başlayaraq Adamik jurnal redaktoru vəzifəsində çalışıb.[10]
Getdikcə pisləşən səhhətindən yorulan Adamik 4 sentyabr 1951-ci ildə Milfordda, Nyu Cersidəki evində özünü güllələdi. Onun ölümü Yuqoslaviya tarixində siyasi gərgin bir dövrdə baş vermişdi.[11] Ona görə də mətbuatda onun ölümünün Balkan ekstremistləri tərəfindən təşkil oluna biləcəyi ilə bağlı fərziyyələr irəli sürüldü, lakin bu şayiələrin təsdiqi dərc olunmadı.[12]