Macarıstanda 1848-ci il inqilabı | |
---|---|
Tarix | 1848, 1849 |
Başlama tarixi | 15 mart 1848 |
Bitmə tarixi | 4 oktyabr 1849 |
Yeri | Macarıstan, Avstriya imperiyası |
İştirakçılar | Avstriya, Rusiya, Macarıstan krallığı, Macarıstan (aprel-avqust 1848) |
Nəticəsi | İnqilab yatırıldı və inqilabçılar məğlub edildi. |
Vikianbarda əlaqəli mediafayllar |
İnqilab |
---|
Kateqoriya |
Macarıstanda 1848-ci il inqilabı — (mac. 1848–49-es forradalom és szabadságharc) Avropada baş verən 1848-ci il inqilablarından biri olmaqla yanaşı Habsburq imperiyasının ərazisində baş verən digər inqilablarla da yaxından əlaqəlidir. 1848-ci ildə başlayan bu inqilab getdikcə Avstriya imperiyası ilə müharibəyə çevrilmişdi. İnqilabın liderləri Layoş Koşut, Şandor Petöfi, İştvan Seçeni və Josef Bern olmuşdur.[1]
XVIII əsrin son onilliyində zadəgan hrəkatı qismən də burjua maraqlarını təmsil edirdi. Lakin tezliklə XVIII əsrin sonu fransız burjua inqilabı və bunun davamı kimi kəndli hərəkatı, Habsburq imperiyasına daxil olan xorvatlar, srblər, rumınlar və digər xalqlarlın güclənmiş milli azadlıq hərəkatının yayılmasından qorxuya düşmüş iri Macar zadəganları, Vena sarayı ilə ittifaqa girdilər. Yalnız az saylı zadəgan və ziyalılar qrupu burjua islaatlarının keçirilməsini, təhkimçilik hüququnun ləğvini tələb edir, ölkənin müstəqilliyinin bərpasına və respublika elan edilməsinə çalışırdılar. Lakin onların hərəkatı xalq kütlələrinin hərəkatı ilə bağlı deyildi, qiyam xarakteri daşıyırdı. 1794-cü ildə İ. Martinoviçin rəhbərlik etdiyi yakobinçi təşkilatları aşkar edildi və 1795-ci ildə nümayəndələri edam edildi. Macar yakobinçilərinin fəaliyyəti macar tarixçilərinin və ictimai fikir nemayəndələrinin diqqətini cəlb edirdi. 1848–1849-cu il inqilabının ideoloqları da onları dəstəkliyirdi.[2] Napaleon müharibələrindən sonra, Macar və Avstriya hakim sinifləri arasında münasibətlər pisləşdi. Macar dövlət yığıncağının, Avstriya hükumətinin təklif etdiyi yeni vergiləri təsdiq etməməsi, onun buraxılmasına gətirib çıxardı. Sonrakı 13 il ərzində Habsburqlar, dövlət yığıncağının çağrılmasına yol vermir, ölkəni Avstriya məmurları vasitəsilə idarə edirlər. Beləliklə Habsburq rejiminə müxalifətdə olan orta zadəganıar 1825-ci ildə daha mütəşəkkil xarakter aldılar. Bu yığıncaqda, islahatlar uğrunda hərəkatın təşəbbüskarı, Macarıstanda kapitalist dəyişikliklər proqramının müəllifi olan İ. Seçeni ilk dəfə çıxış etdi. Seçeni burjua dəyişikliklərinin geniş bir proqramını hazırladı ki, burada da təhkimçiliyin ləğvi , biyarın muzdlu əməklə əvəz edilməsi, sexlərin ləğv olunması, milli sənayenin genişləndirilməsi, gneiş kredit təşkilatlarının və Milli bankın təsis edilməsi nəzərdə tutulmuşdu. Eyni zamanda o aristokratların və iri torpaq sahiblərinin siyasi və iqtisadi mövqeyini həmçinin macar zadəganları ittifaqını, Habsburqlar sülaləsi ilə birlikdə saxlamağın vacibliyini əminliklə bildirdi.[3]
40-cı illərdə hərəkatın rəhbəri Layoş Koşut oldu ki, o da ixtisasca vəkil idi və zadəganların yoxsul təbəqəsindən çıxmışdı. O Seçeninin əksinə daha qətiyyətli və ardıcıl siyasət yeridirdi. Hərəkatın inqilabi-demokratik qanadı da yaranmağa başlayırdı ki, onun da başında Şandor Petöfi və təhkimli kəndi oğlu Mixay Tançiç dururdular. 1844-cü ildə Peştdə Koşutun rəhbərliyi ilə əyalətlərdə 146 filialı olan " Yerli sənayenin müdafiəsi ittifaqı" adlı ictimai-siyasi təşkilat yaradıldı.[4] İttifaqın üzvləri xarici malları boykot edərək ancaq yerli mal almağı öhdələrinə götürdülər. 1846–47-ci illərdə isə ölkədə dünyəvi və dini aristokratiyanı özündə birləşdirən ilk siyasi- mühafizəkar partiya- Müxalifət partiyası yaradıldı. Həmin illərdə siyasi səhnəyə xalq kütlələri (Mixay Tançiçin siyasi təbliğatı, məhşiur şair Şandor Petöfinin başçılığı ilə "Gənc Macarıstan" təşkilatı) çıxdı. Artıq 1848-ci il mart ayının 3-də dövlət yığıncağı, onun qarşısında məsul olan hökumətin təyin edilməsini tələb etdi. Mart ayının 15-də Şandor Petöfi və Pal Vaşvarinin başçılığı ilə fəhlələr, sənətkarlar, burjua ünsürləri Peştdə üsyan qaldırdılar. Onlar nəşriyyatı ələ keçirərək “12 bənd” manifestini- burjua demokratik islahatların proqramını nəşr etdilər, hakimiyyət tərəfindən həbs edilmiş inqilabçı demokrat Mixay Tançiçi azad etdilər. Hakimiyyət senzuranı ləğv edərək, milli qvardiyanın yaradılmasını elan edən ictimai xilas Komitəsinin əlinə keçdi.[5]
17-də imperator I Ferdinand macar dövlət yığıncağının tələbini qəbul etməyə məcbur oldu. Onlar qarşısında məsul olan hökumətin formalaşması burjua islahatlarının keçirilməsində ifadə edən Layoş Battyaniyə tapşırıldı. Battyani hökuməti təhkimçilik hüququnu, eləcə də biyarı və disyatini ləğv etdi, nadel torpaqlarını kəndlilərə verdi; lakin bu dəyişikliklər bütün kəndlilərə şamil edilmədi. Torpağı olmayanlar yalnız mülkədarlarla fərdi razılaşma əsasında biyarı satın ala bilərdilər. Kəndlilərin narazılığı mülkədar torpaqlarının bölüşdürülməsi cəhdləri ilə, yerli üsyanlarla özünü göstərdi. Lakin inqilabın rəhbər gücü olan orta mülkədar zadəganlığı bütün kəndli çıxışlarının silah gücü ilə yatızdırırdı.[5] Fəhlə hərəkatı bir sıra uğurlar qazansa da hələ də rüşeym xarakter daşıyırdı. Mayın sonun da xorvat saboru Zaqrebdə Xorvatiya və Slavoniya və Dalmatsiyanın milli muxtariyyətini elan etdi. Macar inqilabının zadəgan hökuməti isə slavyanların bərabər hüquqluluğunu tanımaq və slavyan torpaqları üzərində ağalıqdan əl çəkmək istəmirdilər. Bunda istifadə edən Vena sarayı macar-xorvat konfliktini alovlandırmağa nail oldu və ban İosif Yelaçiç komandanlığı altında xorvat qoşunları macar inqilabının üzərinə göndərdi. Hücuma məruz qalmaq təhlükəsi səbəbindən 11 iyulda Koşut "Vətən təhlükədədir" şüarını irəli sürdü. 200 min əsgərin çağrılması haqqında qanunun təsdiqinə və Macar ordusunun yaradılması üçün 42 mln. florint vəsaitin ayrılmasına nail oldu. 1848-ci il sentyabrın 11-də Yelaçiçin qoşunları Macarıstan ərazisinə daxil oldu.[3] 16 sentyabrda Macar parlamenti müdafiənin təşkili üçün rəhbər orqan olan- Koşutun başçılığı ilə vətəni müdaifə Komitəsinin yaradılması haqqında qərar qəbul etdi. Bir neçə gün ərzində 30 min kəndli Koşutun çağırışına cavab olaraq inqilab ordusunun bayrağı altına keçdilər. 29 sentyabrda Macar milli qoşunları Pakozd əndi yaxınlığında Yelaçiçin 45 minlik ordusunu darmadağın etdilər. Yelaçiç Venaya geri çəkildi. Macar ordusunun başında dayanan zabitlərin mürtəce hissəsi Habsurqlarla münasibəti birdəfəlik pozmaq istəmirdilər. Bu səbəbdən qələbədən ruhlanmış ordunu Avstirya sərhədlərində saxlayaraq Avstriya irticasına öz qüvvələrini səfərbər etməyə imkan verdilər. 1848-ci ildə oktyabrın 30-da Avstriya komandanı A. Vindişqrets Vena yaxınlığında Şvexatda Macar ordusunu darmadağın etdi, dekabrınortalarında Avstriya qoşunları Macarıstan ərazisinə daxil oldular və yanvarın 5-də paytaxtı ələ keçirdilər. 1849-cu ildə mart ayının 4-ə dərc olunmuş Olomouts konstutsiyasında, imperator Frants İosif Macarıstanın Avstriya əyalətinə çevrilməsini, 1848-də çıxmış bütün Macar qanunlarının ləğv olunmasını, Xorvatiya, Voyevodina, Transilvaniya və Banatın Macarıstandan ayrılmasını elan etdi. Lakin tezliklə qüvvələr nisbəti dəyişdi. Y. Bernanın Transilvaniyadakı bir sıra qələbələri və Avstriyalıların arxa cəbhəsində partizan dəstələrinin ciddi uğurlarından sonra, Macar ordusu əks hücuma keçdi. Apreldə Avstriya ordusu bir sıra məğlubiyyət yaşayaraq bütövlükdə Macarıstan ərazisindən çıxdı. Macarıstanda parlament, Macarıstanın Avstriyadan tamamilə müstəqil olduğunu və Habsburqların devrildiyini elan etdi.[4]
Aprelin sonuna doğru macar ordusu Venaya doğru irəliləmək və son qələbəni əldə etmək imkanına malik idi. Lakin baş komandan A. Qyörqey növbəti hücumdan imtina etdi, ordunu paytaxta doğru yönəltdi və hələ də düşmən əlində qalmış Buda qalasının uzun müddətli mühasirəsinə başladı. Bu, Avstriya irsticasna, öz qüvvələrini tamamilə darmadağın edilməkdən xilas etməyə və kömək üçün çar Rusiyasına müraciət etməyə imkan verdi. 1849-cu il avqust 13-də Qyörqeyin xəyanəti nəticəsində Macar orudusu Rusiyanın işğalçı qoşunlarına təslim oldu.[6] İnqilabın məğlubiyyətindən sonra Macarıstanda sərt mütləqiyyət rejimi quruldu. Hərbi-səhra məhkəmələri yüzlərlə inqilab iştirakçılarına ölüm hökmü çıxarırdı. Macar inqilabının yatırılmasına rəhbərlik edən Avstriya generalı Haynau, "Macarıstanda yüz il ərzinda inqilabın baş verməyəcəyinə başı ilə zəmanət verirdi". Transilvaniya, Xorvatiya, Slavoniya ve Voyevodina Macarıstandan ayrılaraq qalan ərazi Avstriya vətəndaşlarına və hərbi məmurlara tabe olan 5 dairəyə bölündü. Lakin, feodal-mütləqiyyətçi qaydaların tam bərpası, köhnə rejimə qayıdış baş vermədi. 1849-cu ilin martında imperator tərəfindən konstitusiya leğv edildikdən sonra, 1851-ci ilin sonunda yeni mütləqiyyətçilik sonadak formalaşdı. Təhkimçilik bərpa ola bilmədi. 50-ci illərin əvvəllərində dərc olunan qanunlar, inqilabi islahatları bütövlükdə tesdiq etdi. Lakin, onların reallaşması kəndlilərin maraqlarının zərərinə, mülkədarın isa xeyrinə həyata keçirilirdi ki, hökumət bu torpaqların alınması üçün iri məbləğdə torpaq puluna zəmanət verirdi. Kənd təsərrüfatının kapitalizm yoluna keçməsi, xarici ticarəti sıxışdıran məhdudiyyətlərin ləğv edilməsi, torpaq sahələrinin, mədən və şaxtaların alınmasında dəmiryolu va gəmiçilik kompaniyalarına güzəştli hüquqların verilməsi, iqtisadiyyatın dirçəlməsinə səbəb oldu. Geniş şəkildə dəmir yollarının tikintisinə başlandı.[1]