Maykop mədəniyyəti | |
---|---|
Yeri | |
Coğrafi region | Avrasiya çölləri |
Lokallaşdırılması | Şimali Qafqaz |
Başlama tarixi | e.ə. 3700 |
Bitmə tarixi | e.ə. 3000 |
Vikianbarda əlaqəli mediafayllar |
Maykop mədəniyyəti—Şimali Qafqazda tunc dövrünə aid arxeoloji mədəniyyət.
Maykop mədəniyyəti (rusca: майкоп), Tunc dövründə Qərbi Qafqaz regionunda hökmranlıq edən əsas arxeoloji mədəniyyətlərdən biri idi.
Maykop mədəniyyəti qərbdə Taman yarımadasından, şərqdə indiki Dağıstan sərhədinə və cənubda Kür çayına qədər uzanan ərazidə mövcud olmuşdur. Mədəniyyət öz adını Kuban çayı vadisindəki Maykop kurqanında yerləşən kral türbəsindən almışdır.
2018-ci ildə nəşr olunan genetik tədqiqatlara görə, Maykop mədəniyyətinə mənsub əhali cənubdan, daha dəqiq desək, Qərbi Gürcüstan və Abxaziyadan Maykop mədəniyyəti regionuna gəlib. Bu əhalinin də Qafqazın şimal tərəfini ilk dəfə koloniyalaşdıran eneolit əkinçilərinin nəslindən olduğu güman edilir. Buna görə də Maykop mədəniyyətinə mənsub insanların Şimal-Qərbi Qafqaz dil ailəsinin baniləri olduğu düşünülür.
Maykop mədəniyyətində rast gəlinmiş dəfn mərasimləri Hind-Avropa mədəniyyətlərindəki dəfn mərasimlərinə bənzəyir. Adətən daş çuxurda basdırılmış meyitlərin üstünə kurqan (və ya tumulus) qoyulurdu. Sonrakı dövrdə kurqanların yerini daş yığınları tutmuşdur.
O dövrün digər mədəniyyətlərindən fərqli olaraq Maykop mədəniyyəti qızıl və gümüş sənətkarlığı ilə zəngin olmuşdur.
XX əsrin əvvəllərində aparılan tədqiqatlarla Maykop mədəniyyətinə məxsus insanların özünəməxsus heyvan təsvirlərinin olduğu müəyyən edilmişdir. Maykop mədəniyyətində istifadə edilən heyvan təsvirlərinin sonrakı dövrlərdə yaşamış xalqlar tərəfindən prototip kimi istifadə edildiyi düşünülür: Maykop dövrünə aid heyvan təsvirləri İskit, Sarmat və Kelt heyvan təsvirlərindən təxminən 1000 il daha qədimdir.
Maykop mədəniyyətinə aid edilən petroqliflər bu günə qədər deşifrə edilməmişdir.
Maykop mədəniyyətində yaşayan xalqlar daha çox oturaq həyat tərzi keçirmişlər. Buna görə də atdan çox mal-qara və donuz yetişdirirdilər.
Arxeoloqlar at cilovundakı bürünc yanaq qayışının unikal formasını aşkar ediblər. Yanaq qayışı cilov və yedək qayışını birləşdirən əyilmiş tunc çubuqdan ibarət idi. Yanaq kəmərindəki çentiklər kəmərin burun və alt dodağı bağlamaq üçün istifadə edildiyini göstərir.
Dünyanın ən qədim vaqon təkərlərindən bəziləri Maykop mədəniyyəti arxeoloji zonasında tapılmışdır. Kuban regionundakı Novokorsunskaya kurqanından tapılmış iki taxta təkər eramızdan əvvəl IV minilliyin ikinci yarısına aiddir.
Dağlarda salınmış süni terras kompleksləri sübut edir ki, bu insanlar oturaq həyat tərzi keçirmiş, əhalinin sıxlığı yüksək olmuş, eyni zamanda da əkinçilik bacarıqları yüksək səviyyədə olmuşdur. Eramızdan əvvəl 3000-ci illərdə tikilmiş terraslar sonrakı mədəniyyətlər tərəfindən də istifadə edilmişdir. Regiondakı terraslardan tapılan saxsı qabların böyük hissəsi Maykop dövründə, yerdə qalan qablar isə İskit və Alanlar dövründə hazırlanmışdır. Maykop terrasları dünyanın ən qədimləri arasındadır, lakin onlar haqqında çox az tədqiqat aparılmışdır. Terrasların günümüzə qədər gəlib çatması terrasları tikən insanların yüksək mühəndislik qabiliyyətlərinə və məlumatlarına malik olduqlarını göstərir.
Rus arxeoloqu Aleksey Rezepkinin sözlərinə görə, bu mədəniyyətdə aşağıdakı obyektlər aşkar edilib:
B.e.ə. III minilliyə, tunc dövrünün erkən çağına aid olan Şimali Qafqaz mədəniyyəti Maykop adını almışdır. Maykop mədəniyyəti öz adını 1897-ci ildə Maykop dağının yanında aşkar edilmiş kurqandan götürüb. Kurqanın hündürlüyü 11 metr olub. Ortada dördkünc qəbir quyusu aşkar edilib, bu qəbirdə 1 kişi 2 qadın dəfn olunub. Kişi qəbrindən qızıldan hazırlanmış çoxlu əşyalar, o cümlədən gil qablar da aşkar edilib. Qadın qəbirlərindən isə qızıl üzük və çoxlu boyunbağı tapılıb. Maykop mədəniyyətinə eyni zamanda Kubanyanı ərazilərdə yerləşən Meşoko yaşayış məntəqəsi, şimal-qərb və Mərkəzi Qafqazdakı Vesyolı, Sxala yaşayış məntəqələri də daxildir. Maykop mədəniyyəti Taman yarımadasının şimal-qərbindən Dağıstanın cənub şərqinə qədər yayılmışdır.
Dəfn üsulları Marija Gimbutasın Kurqan fərziyyəsində təsvir edilən dəfn üsullarına bənzəyir. Bəziləri bunu Hind-Avropa mədəniyyətinin Pontik çöllərindən Qafqaza müdaxiləsi kimi qiymətləndirir. Bununla belə, J.P. Malloriyə görə:
təpələrlə əlaqədar sübutların tapıldığı yerlərdə, məhz bu ərazilər sonralar qeyri-hind-Avropa mənşəli əhalinin mövcudluğuna işarə edən zonalardır[1]. |
Mədəniyyət, ən azı, proto-hind-avropalıların nəsilləri ilə güclü etnik və linqvistik əlaqələri olan “kurqanlaşmış” yerli mədəniyyət kimi müəyyən edilmişdir. İqtisadi baxımdan, Aşağı Mixaylovka qrupu və Kemi Oba mədəniyyəti ilə, daha uzaqda isə Qlobal Amfora və İplik əşyalar mədəniyyətləri ilə əlaqələndirilmişdir. Yenə də Malloriyə görə:
Belə bir nəzəriyyədə vurğulanmalı olan şey, olduqca spekulyativ və mübahisəli olsa da, bu mədəniyyətin ən azı iki ənənənin məhsulu hesab olunmasıdır: Novosvobodna mədəniyyətinin qəbul etdiyi yerli çöl ənənəsi və Qafqazın cənubundan gələn yad elementlər hər iki regiondakı idxal ilə göstərilə bilər.[2] |
Mariya İvanovanın dediyinə görə, Maykop İran Yaylasından gəlmə mənşəlidir:
Şimali Qafqazda eramızdan əvvəl V minilliyə aid türbələr və yaşayış məskənləri Şimali və Qərbi Qara dəniz regionundakı müasir arxeoloji komplekslərlə bağlı maddi mədəniyyətdən xəbər verir. Ancaq göründüyü kimi, bu mədəniyyət eramızdan əvvəl IV minilliyin ortalarında birdən-birə mənşəyi hələ də qaranlıq qalan “yüksək mədəniyyət”lə əvəz olunmuşdur. Böyük Maykop kurqanının adını daşıyan bu arxeoloji mədəniyyət yerli arxeotipi olmayan və Balkan-Anadolunun Mis dövrü ənənəsinə aid edilə bilinməyən bütün sahələrdə yeniliklər göstərmişdir. Rus tədqiqatçılarının üstünlük verdiyi nəzəriyyə öz mənşəyini Suriya-Anadolu zonasından götürmüş və tez-tez sözdə “Uruk ekspansiyası” ilə əlaqədar olaraq xatırlanan cənubdan gəlmiş miqrasiyadır. Bununla belə, Maykopla Suriya-Anadolu regionu arasındakı əlaqə haqqında ciddi şübhələr yaranıb. Şimali Qafqazdakı yad cisimlərin Fərat və Dəclə çaylarının yuxarı axarları və ya Mesopotamiyanın selli düzənlikləri ilə heç bir əlaqəsi yoxdur, daha çox İran yaylası və Cənubi Mərkəzi Asiya ilə əlaqəsi mövcuddur. Cənub-Qərbi Xəzər dənizi regionunda aparılan son qazıntılar “Şərq” və Kontinental Avropa arasındakı qarşılıqlı əlaqəyə yeni perspektiv təqdim edir. Bir tərəfdən, getdikcə daha aydın olur ki, eramızdan əvvəl IV minilliyin əvvəllərində Mesopotamiyadan çox-çox uzaqlara yayılan nəhəng qarşılıqlı əlaqə sahəsi inkişaf etmişdir. Digər tərəfdən, bu tapıntılar Mesopotamiyaya verilən ənənəvi əhəmiyyəti nisbiləşdirir, çünki İran və Mərkəzi Asiyada meydana çıxan yeniliklər Suriya-Anadolu regionundan açıq şəkildə müstəqil bir formada yayılmışdır[3] |
.
Bu yaxınlarda Azərbaycanda Soyuqbulaqda çox qədim kurqanlar aşkar edilmişdir. Bu kurqanlar eramızdan əvvəl IV minilliyin əvvəllərinə aiddir və Leylatəpə mədəniyyətinə mənsubdur. Kurqanları tədqiq edənlərin fikrincə, Soyuqbulaq kurqanları ilə Maykop kurqanları arasında mühüm paralellər mövcuddur:
2004-cü ildə Soyuqbulaqın tapılması və sonrakı qazıntılar kurqan dəfninin Cənubi Qafqazda sonuncu Eneolit dövründə yaxşı bir formada oturuşduğuna dair əsaslı sübutlar təqdim etmişdir. Leylatəpə mədəniyyətinə mənsub tayfalar eramızdan əvvəl IV minilliyin ortalarında şimala köç etmiş və beləliklə də Şimali Qafqazdakı Maykop mədəniyyətinin yüksəlişində mühüm rol oynamışdırlar[4] |
.