Maymonid | |
---|---|
ivr. משה בן מימון | |
Doğum tarixi | 30 mart 1138[2] və ya 30 mart 1135[3][4] |
Doğum yeri | |
Vəfat tarixi | 13 dekabr 1204[5] |
Vəfat yeri | |
Dəfn yeri | |
Elm sahələri | fəlsəfə, tibb[1], Tövrat, Alaha, İudaizm[1] |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Maymonid (30 mart 1138[2] və ya 30 mart 1135[3][4], Kordova, Mürabitlər dövləti[6] – 13 dekabr 1204[5], Qahirə, Əyyubilər dövləti[7]) — Böyük yəhudi filosofu və ilahiyyatçısı, elm dünyasında "Maymonid", yəhudi qaynaqlarında isə "Rambam" adı ilə tanınan Moşe ben Maymon.
İspaniyanın cənubundakı Kordova şəhərində yəhudi din xadimi ailəsində dünyaya gəlmişdir. Onun atası dayan (yəhudi dini məhkəməsində hakim) vəzifəsini icra etmişdir. Maymonid azyaşlı ikən, ailəsi İspaniyanı bürümüş müharibələrdən yaxa qurtarmaq məqsədilə Mərakeşə qaçmaq məcburiyyətində qalmışdır. Burada Əl-Qaravun mədrəsəsində təhsil almış, daha sonra Fələstinə, oradan da Misirə köçmüşdür. Misir sultanı Səlahəddin Əyyubinin vəziri Əl-Fadilin şəxsi həkimi olmuşdur. Bu dövrdən ömrünün sonunadək Misir yəhudi icmasına rəhbərlik etmişdir.
Maymonid qədim yunan və müsəlman filosoflarının əsərləri ilə yaxından tanış olmuş, Tövrat qanunları ilə fəlsəfəni uzlaşdırmağa cəhd göstərmişdir. O, həmçinin, yəhudi dini mətnlərinin təfsiri ilə məşğul olmuş, dövrünün ən böyük yəhudi ilahiyyatçısı kimi tanınmışdır. Onun fəlsəfi görüşlərinə Aristotel, İbn Baccə, İbn Sina, İbn Rüşd, Fərabi, Qəzali və başqa filosofların böyük təsiri olmuşdur. Akvinolu Foma, Spinoza, İsaak Nyuton kimi mütəfəkkirlər isə ondan bəhrələnmişlər. Bütün kitablarını o dövrdə elm və fəlsəfə dili hesab edilən ərəb dilində qələmə almışdır.
Onun fəlsəfi fəaliyyətinin əsas prinsipləri mahiyyət etibarilə digər sxolastik düşüncələrlə eynidir, yəni başqa sözlə, Maymonid Tanrının insanlara açıqladığı həqiqətlərlə elm və fəlsəfənin ziddiyyət təşkil etmədiyini irəli sürmüşdür. O, Aristotelin düşüncələrinə əsaslansa da, siyasi fəlsəfəyə dair yazılarında Platonçu kimi görünməkdədir. Maymonid müsəlman peripatetik fəlsəfi prinsiplərin tərəfdarı olmuşdur.
Filosofun əsərlərinin məğzi Tanrı ilə bağlıdır. O, Tanrının vahidliyi, mövcudluğu, qeyri-maddiliyi haqda mülahizələr yürütmüşdür. Məsələn, Maymonidə görə, Tövratda Tanrı vahid qəbul edilmiş, lakin onun sifətlərinə dair məlumatlar da verilmişdir. Əgər vəhdət sadəlik deməkdirsə, onda sifətlərin çoxluğu buna zidd deyilmi? Mütəfəkkir bu suala cavab olaraq yazmışdır ki, Tanrının varlığına aid edilməyən sifətlər onun hərəkətinin sübutudur. Məsələn, Tanrının mərhəmətli olduğunu dedikdə, onun hərəkətlərinin rəhmətlə baş verdiyi nəzərdə tutulur. Bununla bərabər Tanrının mühüm sifətləri inkarın inkarı kimi yozulmalıdır. Uca Yaradanın mövcudluğu bildiriləndə bu Onun varlığı barəsindəki şübhələrin inkarı anlamını daşıyır.
O, müsəlman və yəhudi kəlam alimləri ilə elmi mübahisələrə girərək, onların Tanrının mövcudluğuna dair dəlillərinin qane edici olmadığını, insanın ağlından çox şəxsi təxəyyülünə hesablandığını irəli sürmüşdür. Maymonid Tanrının mövcudluğuna dair iyirmi altı sübut göstərmişdir. O, müsəlmanların bütpərəst hesab olunması fikrinin əleyhinə çıxmış, İslam monoteizmini əsərlərində dəfələrlə vurğulamışdır.
Maymonidin ən əsas fəaliyyəti iudaizmin on üç iman prinsipini hazırlaması olmuşdur. Bunlar Tanrının mövcudluğu, onun vahidliyi, maddiliyinin rəddi, varlığının əbədiliyi, sitayişə layiq yeganə obyekt olması, insanların əməllərindən xəbərdar olması, peyğəmbərlər vasitəsilə insanlara vəhylər yollaması, Həzrət Musanın (ə) peyğəmbərlərin ən üstünü olması, Tövratın Musaya Sinay dağında verilməsi, onun dəyişdirilməsinin mümkünsüzlüyü, İlahi qanunlara riayət edənlərə mükafat, pozanlara isə cəza verilməsi, Məsihin yer üzünə gələcəyinə və ölülərin diriləcəyinə dair məsələlərdir. Bu prinsiplər zaman keçdikcə, bütün yəhudilər tərəfindən iman əsasları kimi qəbul edilmişdir.
Filosof kitablarında peyğəmbərlik mövzusuna da toxunmuş, onun müxtəlif aspektlərini araşdırmışdır. Maymonid peyğəmbərliyi Tanrıdan verilən güc kimi qəbul etmiş, onun İlahi ağlın köməyi ilə əvvəlcə şüura sonra isə təxəyyülə təsir etdiyini bildirmişdir. O, peyğəmbərlərin dövlət xadimi kimi fəaliyyət göstərdiyini bəyan etmişdir. Bu məsələdə Platonun və müsəlman filosoflarının düşüncə tərzi duyulmaqdadır.
Maymonid həmçinin, şər məfhumuyla bağlı tədqiqatlar da aparmışdır. Onun fikrincə, şər insan varlığının maddi əsaslarından qaynaqlandığına görə nəfsin tələblərini cilovlayaraq, onu ağıla tabe etmək mümkündür. Əxlaqsız yaşamaq insanın ağlı ilə bərabər onun bədənini də korlayır. Şər əslində yalnız xeyrin şəkildəyişmiş formasıdır, o, özü-özlüyündə mövcud deyil.
Filosofun astrologiya barəsində də düşüncələri var. Maymonid yazmışdır ki, insan yalnız əqli dəlillərin köməyilə izah olunan məsələləri qəbul etməlidir. O, astrologiyanı öyrəndiyini bildirmiş, lakin onu elm kimi qəbul etməmişdir. İnsanın taleyinin ulduzlardan asılı olması barədə fikir Maymonid tərəfindən gülünc qarşılanmışdır.