Sədri | Benito Mussolini |
---|---|
Qurucu | Benito Mussolini |
Lideri | Benito Mussolini |
Quruluş tarixi | 9 noyabr, 1921-ci il |
Dağılma tarixi | 27 iyul, 1943-cü il |
Baş qərargah | İtaliya, Roma. |
İdeologiya |
Faşizm |
İdeoloji spektr | ifrat sağçılıq |
Gənclər təşkilatı | Gioventù Italiana del Littorio |
Üzv sayı | 6,000,000 (1939-cu ildə) |
Şüar | İnan, itaət et, döyüş |
Himn | Giovinezza |
Mətbuat orqanı | Il Popolo d'Italia |
Vikianbarda əlaqəli mediafayllar |
Milli Faşist Partiyası (it. Partito Nazionale Fascista) — 1921-ci ildə Benito Mussolini tərəfindən yaradılmış, faşizm ideologiyasını reallaşdıran siyasi partiya. Bu partiyanın əsasını 1919-cu ildə Benito Mussolini tərəfindən yaradılan "Faşist mübarizə dəstələrinin ittifaqı" təşkil edib. Məhz bu təşkilat daha da formalaşdırılaraq 1921-ci ilin 9 noyabr tarixində Milli Faşist Partiyasına çevrilmişdi.
Milli Faşist Partiyası 1921-ci ildən etibarən parlamentdə təmsil olunmağa başlayıb. 1924-cü ildən bu partiya parlamentdə üstünlük qazanmışdı. 1928-ci ildə isə Milli Faşist Partiyası ölkənin yeganə qanuni partiyası elan olunmuşdu. Bu vəziyyət 1943-cü ilə kimi, Mussolini rejimi dağılana kimi davam etmişdi. Müasir dövrdə Milli Faşist Partiyasının yenidən yaradılması İtaliya Konstitusiyası tərəfindən qadağan olunub.
İtaliya Birinci dünya müharibəsindən qalib dövlətlər sırasında çıxmışdı. Lakin ölkə xeyli zəifləmişdi. Çünki müharibəyə girərkən nəzərdə tutduqlarına nail olmamışdı. Müharibə başa çatdıqdan sonra ölkədə sosial ziddiyətlər daha da kəskinləşmişdi. Hakim dairələrin müəyyən hissəsi isə narazı xalqın çıxışlarının qarşını güc yolu ilə almaq təklifini irəli sürürdü. Bu məqsədlə xüsusi dəstələr yaradıldı. Bu dəstələrdən biri 1919-cu ildə Milan şəhərində Benito Mussolini tərəfindən yaradılmış "Faşist mübarizə dəstələrinin ittifaqı" idi. Bu təşkilatın bir çox şəhərlərdə yerli bölmələri yaradılmışdı. Belə bölmələrə faşio deyirdilər. Faşio sözünün italyanca mənası dəstə, birləşmə, qrup deməkdir. Təşkilatın proqramının əsasını üç başlıca ideya təşkil edirdi: əməkdaşlıq, onu təmin edən güclü dövlət hakimiyyəti, millətçilik ("Millər hər şeydən üstündür").
1921-ci ilin may ayında parlament seçkilərində Benito Mussolini Liberal partiyasının lideri Covanni Collittini dəstəkləyir. Covanni Coliitti həmin vaxt həm də İtaliyanın baş naziri idi. Məhz bu dəstək sayəsində yenidən qələbə çalan Liberallar öz arxaları ilə Mussolinini də çəkdilər. Belə ki, bu vaxt Mussolini başda olmaq 35 faşist deputatı da İtaliya parlamentində təmsil olunmaq hüququ qazandılar. Həmin ilin 9 noyabr tarixində "Faşist mübarizə dəstələrinin ittifaqı" adlı təşkilat rəsmi olaraq Milli Faşist Partiyasına çevrildi.
Bu vaxt ölkədə sağ və sol yönümlü partiyalar arasında gedən siyasi mübarizə bəzən silahlı toqquşmalara gətirib çıxarırdı. Faşistlərin anti-demokratik, terrorçu hərəkətlərinə qarşı 1921-ci ilin yayında İtaliyanın bir çox şəhərlərində "Xalq cəsurları" adlı təşkilatlar yaranmağa başladı. Bu təşkilatlar faşist dəstələrinə qarşı çıxır, zəhmətkeşlərin nümayiş və tətillərini onlardan müdafiə edirdilər.
1921-ci ilin avqustunda Milli Faşist Partiyası və İtaliya Sosialist Partiyasının rəhbərləri arasında "sakitləşdirmə paktı" imzalandı. Hər iki tərəf öz üzərinə bir-birinə münasibətdə düşmənçilik hərəkətlərindən çəkinmək öhdəliyini götürürdü. Bu səbəbdən İtaliyada anti-faşist birliyinin yaradılması ideyası baş tutmadı.
Ölkə əhalisinin böyük bir hissəsi İtaliyanın müharibə nəticəsində niyyətlərinə çatmamasından narazı idi. Buna görə də 1922-ci ilin oktyabr ayında Neapolda faşistlərin toplanışında Romaya yürüş elan olundu. Mussolini hökümətə başçılıq etmək üçün kral III Viktor Emmanuil tərəfindən Romaya dəvət edildi. O, öz silahdaşları ilə birgə qatarla Romaya gəldi. Beləliklə ölkədə qansız inqilab faşistlərin tam olaraq hakimiyyətə keçməsi ilə sona yetdi.
Əlaqəli mövzular
İstiqamətlər
Doktrinalar
Təşkilatlar
Faşist liderlər
Faşist dövlətlər
|
Faşistlər hakimiyyətə gələn kimi Konstitusiya azadlıqlarını ləğv etməyə başladılar. 1922-ci ilin dekabr ayında Mussolini başda olmaqla "Böyük Faşist Şurasl" (BFŞ) yaradıldı. Bu şura, İtaliya faşist dairələrinin ali hakimiyyət orqanı idi. BFŞ qanunvericilik və icraedicilik funksiyalarını yerinə yetirirdi.
1923-cü ildə parlamentdə Açerbo qanunu qəbul olundu. Bu qanun seçki sistemini tamamilə dəyişdirdi. Açerbo qanununa görə seçkidə faizdən aslı olmayaraq hamıdan çox səs qazanan partiya avtomatik olaraq parlamentdə 66% yerin sahibi olurdu. 1924-cü ilin aprel ayında keçirilən seçkilərdə Milli Faşist Partiyası 63% səs toplayaraq parlamentdə olan yerlərin 66% göstəricisinə sahib oldu. 1924-cü ilin iyul ayında sosialist deputat Cakomo Matteotti faşist partiyasının gizli üzvləri tərəfindən oğurlanaraq qətlə yetirildi. Bu hadisə ölkədə dərhal böhran yaratdı. Xalq parlamenti baykot etməyə başlayaraq Mussolini rejiminin devrilməsini tələb etməyə başladı. 1925-ci ilin 3 yanvar tarixində Mussolini öz çıxışında hakimiyyətdə olan partiya əleyhinə çıxışlar edənlərə qarşı yeni sərt kursun icra ediləcəyini bildirdi. Bununla da XX əsrin 20-ci illərində İtaliyada avtoritar rejim yarandı. Bu sistemin əsas elementi birpartiyalı rejimə keçid idi. Partiya strukturları dövlət səlahiyyətləri qazandılar. Bu ilk olaraq partiyanın silahlı birləşməsinin səlahiyyətlərinin artması ilə nəticələndi. Belə ki, Milli Faşist Partiyasının rəsmi silahlı birləşməsi həm də rəsmi olaraq milli polis funksiyasını daşımağa başladı. 1922-ci ildə yaradılan Böyük Faşist Şurası 1928-ci ildə əldə etdiyi yeni səlahiyyətlər ilə dövlətin ən ali orqanına çevrildi. 1928-ci ildə Milli Faşist Partiyasından başqa digər partiyaların fəaliyyəti rəsmi olaraq qadağan olundu. Seçkilərdə ancaq Böyük Faşist Şurasının seçdiyi namizədlər iştirak edə bilərdilər.
1943-cü ildə müttəfiqlərin Siciliya adasına qoşun çıxartması İtaliyada olan faşist rejimi üçün həyəcan siqnalı oldu və onun gec-tez dağılacağının labüdlüyünü nümayiş etdirdi. Bu zaman böyük dairələrdə Mussolini rejimini devirmək üçün planlar cızılmağa başlandı. 24 iyuldan 25-nə keçən gecə BFŞ-nin əksər üzvləri Mussolininin hakimiyyətdən uzaqlaşması barədə qərar qəbul etdilər. Bununla da kralın əmri ilə Mussolini həbs edilir. Bu vaxt onu əvəz edən yeni baş nazir marşal Pietro Badoglio rəsmi olaraq Milli Faşist Partiyasının fəaliyyətini qadağan edir.
Mussolini 12 sentyabr 1943-cü ildə alman desant dəstələrinin köməyi ilə həbsdən azad olur. Dərhal Almaniyaya göndərilən Mussolini şəxsən Hitler ilə görüşür. Bundan sonra Hitler Mussolinini Almaniyanın İtaliyada işğal etdiyi ərazidə yaradılmış İtaliya Sosialist Respublikasının başçısı vəzifəsinə qoyur. Bu vaxt Milli Faşist Partiyası adını dəyişərək Respublika Faşist Partiyası adı ilə fəaliyyət göstərməyə başlayır. İtaliya Sosialist Respublikasının ömrü az olur. 1945-ci ilin 25 aprel tarixində bu dövlət süquta uğrayır. Beləliklə Respublika Faşist Partiyası da öz fəaliyyətini dayandırır.
Milli Faşist Partiyasının ideologiyası vaxt keçdikcə müxtəlif dəyişikliklərə məruz qalıb. Bu birbaşa olaraq Mussolininin siyasi baxışlarının və ölkədə olan siyasi vəziyyətin dəyişməsinə görə baş verirdi. Yarandığı zamanlardan etibarən ilk vaxtlarda partiyanın ideologiyasında sosialist və sindikalist ideyalar var idi. Buna baxmayaraq partiyanın əsasını millətçilik və faşizm təşkil edirdi və partiya aktiv şəkildə kommunist və sosialistlərə qarşı mübarizə aparırdı. Partiya ölkədə nüfuz qazandıqdan sonra ekstremist sağ yönümlü ideyalar onun əsasını təşkil etməyə başladı. Bundan başqa Milli Faşist Partiyası dinə müsbət şəkildə yanaşırdı. 1929-cu ildə Katolik kilsəsi ilə imzalanan Lateran müqaviləsini buna misal çəkmək olar. Mussolini və Roma papası XI Piy ilə bağlanmış bu müqaviləyə əsasən İtaliyada Vatikan dövləti yaradılmışdı. Bununla da Milli Faşist Partiyası Vatikanın dəstəyini qazanmışdı. Partiyanın əsas ideyalarından biri korporativizm idi. Bu ideya bir-biri ilə müttəfiq olan müxtəlif sosial qrupların dövlət çərçivəsində, hakimiyyət naminə birləşməsini nəzərdə tuturdu.
MFP-nin seçkilərdəki vəziyyəti |
|||||
Tarix | Səs | Faiz | Parlamentdə təmsil olunan deputat sayı | ||
1921 | 31.000 | % 0.5 | 2 | ||
1924 | 4.305.936 | % 61.3 | 356 | ||
1929 | 8.517.838 | % 98.33 | 535 | ||
1934 | 10.026.513 | % 99.84 | 535 |