Milli park

Los Kardones milli parkı (Argentina)

Milli park — mühafizə olunan xüsusi ərazi;[1] xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilər.

Bütün növ insan fəaliyyətinin məhdud olduğu qoruqlardan fərqli olaraq milli parkların əraziləridə turistlərin gəzintisinə icazə verilir. Məhdud miqyaslı ərazilərdə insanların yaşamasına və təsərrüfat fəaliyyətinə yol verilir. Dünyada ilk milli park Yellouston Milli Parkı hesab edilir.[1] 1872-ci ildə ABŞ Konqresində qəbul edilmiş və prezident Uliss Qrant tərəfindən imzalanmış qanunun əsasında əsası qoyulmuş bu milli park hazırda ABŞ-nin Vayominq, Montanaİdaho ştatlarının ərazilərində yerləşir. Sahəsinə görə ən böyük milli park isə 1974-cü ildə yaradılmış Şimal-Şərqi Qrenlandiya Milli Parkıdır ki, onun da sahəsi 972 min km²-dir.[2] Eyni zamanda ABŞ-də yerləşən Hot-Sprinq Milli Parkının sahəsi cəmi 22 km² təşkil edir.

Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin müəyyənləşdirdiyi mühafizə olunan ərazilərin koteqoriyalar üzrə bölgüsünə görə milli parklar II kateqoriyaya aiddirlər.

Dünyada olan bir sıra parların salınmasında dövlət sərhədləri nəzərə alınmamışdır. Məsələn Niger, BeninBurkina Faso ölkələrinin ərazilərində salınmış və UNESCO-nun ümumünya İrsinə daxil edilmiş “W” Milli Parkını göstərmək olar. ABŞ və Kanada sərhəddində də bir-birinə qonşu olan Milli Parklar vardır. ABŞ-dəki Qleyşer MP-ı (Glacier NP) Kanada ərazisində yerləşən Uoterton Gölü MP-ı (Waterton Lakes NP) ilə həmsərhəddir. 1932-ci ildə yaradılmış Uoterton-Qleyşer Beynəlxalq Sülh Parkı dünyada yaradılmış ilk beynəlxalq sülh parkıdır.

11 yanvar Dünya qoruqlar və Milli Parklar Günü olaraq qeyd olunur.

ABŞ-də milli parklar

[redaktə | mənbəni redaktə et]

ABŞ-də bütün Milli Parklar, milli mədəniyyət abidələri və digər tarixi abidələr əsası 1916-cı ildə qoyulmuş Milli Park Xidməti (MPX) (National Park Service) federal agentliyi tərəfindən idarə olunurlar. Bu agentlik Daxili İşlər Departamentinə tabe olan bir qurumdur. Bu quruma ABŞ-də 401 mühafizə olunan ərazi vahidi tabedir ki, bunu da 59-u Milli Parklardır. MPX-nə əsasən ABŞ-də Parkların 20-dən artıq müxtəlif növləri vardır. Milli Hərbi Parklar, Milli Tarixi Parklar, Milli Parklar, Milli Qoruqlar, Milli Abidələr, Milli Rekreasiya Zonaları, dəniz sahilləri, göl sahilləri, çaylar, yollar və s. belə park növləridirlər.

  1. 1 2 Hüquq ensiklopedik lüğəti. Bakı, 1991, "Milli park" məqaləsi, səh. 306.  (az.)
  2. "The National park in North and East Greenland". 2006-04-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]