Mixi yazı

Mesopotamiya

Şuruppakdan tapılmış gil üzərində mixi yazı, eradan əvvəl 2600-cü il

Mixi yazı — Eramızdan əvvəl III minilliyin ortalarında Şumerlərin istifadə etdikləri yazı mixi yazı adlanırdı. Mixi yazını gil lövhəciklər üzərində mıxla yazırdılar. Bu lövhəcikləri günəş şüaları altında qurudurdular. Gil lövhəcik üzərində yazmaq çətin idi, ona görə də ucu şiş çubuqla gili basıb onun üstündə kiçik cib şəklində cızıqlar çəkməyə başladılar.

Qədim yazi növlərindən biridir. Vətəni Şumerdir. Mixi yazinin mənbəyi ideoqrafik yazı olmuşdur. Eradan əvvəl 4-cü minilliyin sonundan etibarən şumerliler müəyyən anlayışları bildirmək üçün daş və ya çiy gil üzərində basma üsulla çəkilmiş mixabənzər xətlərin kombinasiyalı şəkillərindən istifadə etmişlər.

Mixi yazılarının oxunması

[redaktə | mənbəni redaktə et]

Mixi yazi kitabələrinin oxunmasina ilk dəfə alman alimi Q. Qrotefend başlamiş (1802), sonralar İngilis alimi Q. Roulinson, İrland alimi E. Xinks, Fransiz alimləri J. J. Oppert, Ş. Virollo, Alman alimi X. Bauer və s. bu işi davam etdirmişlər.

İnsanlar hələ neolit dövründən piktoqramlar – şəkli yazılar vasitəsilə öz fikirlərinin ifadəsinə çalışmışlar, lakin piktoqramlarla yalnız fikrin mahiyyətini çatdırmaq mümkün idi, mürəkkəb fikirlərin dəqiq ifadəsi çətin idi, çünki piktoqramlarda dilin lüğət tərkibi və qrammatik quruluşu fəaliyyətdə deyildi. Ona görə də tədricən hər biri konkret bir anlayışın ifadəçisinə çevrilmiş ideoqramlar yaranmışdır. E.ə. 3200–3100-cü illərə aid çoxlu şumer ideoqramları tapılmışdır, lakin bu cür yazı forması da rabitəli nitqi ifadə edə bilmirdi. Ona görə də ideoqramlardan loqoqramlara və sonra da fonoqramlara keçilməsi lazım gəlmişdir. Tədricən qrammatik formantların fonetik işarələrlə verilməsi güclənmişdir. "Ardıcıl olaraq qrammatik formantların verilməsi üçün fonetik işarələrin sayı artır və təqribən 2500-cü ildən (Laqaşda Eannatumun hakimiyyəti dövründən), demək olar ki, bütün qrammatik formalar və köməkçi sözlər söz sırası və qrammatik göstəricilərə əməl olunmaqla canlı dilə uyğun şəkildə ifadə edilir. Ancaq bu zaman mə’lumatların qrafik verilməsi həqiqi mənada yazı şəkli alır…" (9; 41–42)

Bu cür yazı növü loqoqrafik-sillabik (söz-heca) yazı növü adlanır və daha etibarlı olub, istənilən mətnin düzgün verilməsinə kömək edir.

Şumer dili tədqiqatçılar tərəfindən bir neçə inkişaf mərhələsinə ayrılır. İ. M. Dyakonov dövrləşdirməni aşağıdakı şəkildə aparmışdır:

  • Arxaik dövr – e.ə.2800–2500-cü illər;
  • Qədim şumer dili dövrü – e.ə.2500–2310-cu illər;
  • Şumer dilinin keçid dövrü – e.ə.2300–2100-cü illərde
  • Yeni şumer dili dövrü – e.ə.2200–2000-ci illər;
  • Sonrakı şumer dili dövrü – e.ə.2000-ci ildən canlı şumer dilinin sonunadək olan dövr. E.ə.1600-cü ildən sonrakı dövr isə şumerdən sonrakı dövr hesab olunur. Şumer dili eramızın I əsrinədək elm və din dili kimi işlədilmişdir.(9; 44–46)

İ. T. Kaneva tərəfindən bu dövrlər bir qədər də dəqiqləşdirilmiş, yazının və Şumer mətnlərinin xarakteristikası verilmişdir:

1. Arxaik dövr (piktoqrafiya dövrü, qrammatik morfemlər qrafik ifadəsini tapmır. İşarələrin sırası yazıda onların oxunuşuna uyğun gəlmir) – protoyazı dövrü -e.ə.3000–2750-ci illər; bu dövrdə Şumer dili danışıq dili və rəsmi dil olmuşdur; bu dövrə aid təsərrüfat, hüquq və məktəb mətnləri qalmışdır;

2. Qədim şumer dili dövrü (vacib qrammatik morfemlərin qrafik işarələri müşahidə olunur; Eannatumun hakimiyyətinə qədər (e.ə.2400-cü il) yazıda işarələrin sırası onların oxunuşuna uyğun gəlməyə bilir) – ilkin sülalələr dövrü – e.ə. 2750–2315-ci illər; Şumer dili danışıq dili və rəsmi dil kimi işlənmişdir; təsərrüfat, hüquq, tikinti mətnləri, şahlara həsr olunmuş mətnlər və ədəbi əsərlər qalmışdır;

3. Keçid dövrü – Akkad sülaləsi dövrü – e.ə.2315–2200-cü illər; şumer dili akkad dili ilə yanaşı, danışıq və rəsmi dil kimi işlənmişdir (məktəblərdə, mə’bədlərdə, dəftərxanalarda); təsərrüfat və çar yazıları (çar yazıları çox vaxt iki dildə – akkad və şumer dillərindədir);

4. Yeni şumer dili dövrü (yazılı mətn demək olar ki, bütün qrammatik morfemləri əks etdirir və canlı nitq axınına uyğun gəlir) – II Laqaş sülaləsi (e.ə.2136–2104-cü illər), III Ur sülaləsi (e.ə. 2100–2000-ci illər) dövrləri; şumer dili məktəblərdə, mə’bədlərdə, dəftərxanalarda rəsmi dil kimi işlənmişdir; saysız təsərrüfat yazıları, hüquq mətnləri, qanunlar, çar yazıları, ədəbi yazılar və s. qalmışdır;

5. Daha gec yaranmış şumer mətnləri (mətnlər demək olar ki, nitqi tam əks etdirir; leksika və qrammatikada akkad dili tə’siri və qrammatik qüsurlar müşahidə olunur); I İssin sülaləsi (e.ə.2017 – 1794-cü illər), Larsa sülaləsi (e.ə.2025 – 1763-cü illər), I Babil sülaləsi (e.ə.1894–1749-cu illər) dövrləri; şumer dili yalnız məktəblərdə öyrənilir; ikidilli çar yazıları, şumer-akkad lüğətləri, leksik, qrammatik və terminoloji sorğular, əvvəlki dövrlərdə yaranmış ədəbi əsərlərin kopiyaları, üz köçürmələri və bu dövrdə yaranan ədəbi əsərlər, çar himnləri, akkad hüquq mətnlərində çoxlu şumer sözləri və s.;

6. Şumerlərdən sonrakı dövr mənbələri (qrammatik səhvlər çox olduğundan bu mətnlər şumer dilinin qrammatikasını öyrənmək üçün əlverişli sayılmır) – e.ə.1749 – e.ə. II əsrlər; Şumer dili yalnız məktəblərdə öyrənilir; əvvəlki dövrlərdə yazılmış mətnlərin kopiyaları; təhrif olunmuş şumer dilində orijinal mətnlər (ağılar, andlar, çar yazıları, məsəllər, akkad dilində şumer ifadə və sözləri və s.). (8; 13–14)

Ön Asiyanın qədim dilləri, xüsusilə qədim şumer yazıları bəşərin uzaq keçmişi, neçə min il əvvəlki inkişaf səviyyəsi barədə misilsiz mə’lumat verir, bizi 5–6 min il əvvəlki əcdadlarımızla qovuşdurur. İ. M. Dyakonov yazır: "Qədim Ön Asiyanın dilləri yalnız dünyanın ilk sivilizasiyası olmaq e’tibarilə maraq doğurmur, belə bir sivilizasiya dilçi üçün həm də ona görə böyük maraq doğurur ki, bu ən qədim sivilizasiyanın yazılı abidələri bəşərin bütün sosial və mədəni inkişafının əsasını qoymuşdur, bizə ən qədim dövrlərdən başlayaraq bir neçə min il müddətində hərəkətdə olan fakt mühafizə edib saxlamışdır. Bu faktlar bizə dilin inkişafını bu inkişafın qısa kəsiyində deyil, uzunmüddətli inkişafı ərzində öyrənməyə imkan verir." (9; 7)

Uruk mədəniyyətinin son mərhələsi (IV minilliyin sonu, III minilliyin əvvəli) protoyazı dövrü sayılır. Gil lövhələr üzərində bu dövrə aid çoxlu yazı tapılmışdır. Bunlar piktoqramlardan (şəkli yazıdan) ibarətdir. Piktoqramları Uruk sakinləri yaratmışlar.

Assuriya-Babil mixiləri

1853-cü ildə Qoyuncuq adlanan ərazidə aparılan qazıntı zamanı Assur hökmdarı Aşşurbanipalın saray kitabxanası aşkar edilmişdir. Kitabxanada mixi yazı ilə 25 mindən artıq kitabə meydana çıxarılmışdır. Bunlar şumerlər, babillilər və assurlar tərəfindən hazırlanmışdır. Gilqameş dastanının bir hissəsi burada, bir hissəsi Nineviyada tapılmışdır.1850-ci illərdə Xorsabat qazıntıları zamanı Assur hökmdarlarının siyahısı tapılmışdır. 1854-cü ildə Ur şəhərinin axtarışları zamanı Qatran-təpə yaxınlığında yeni şumer kitabələri aşkar edilmişdir. 1877–1900-cü illərdə Fransanın Bəsrədəki səfiri Ernest de-Sarzek Laqaş qazıntıları zamanı 30 minə qədər mixi kitabə meydana çıxarmışdır. Suriya, Türkiyə, İran, Misir ərazilərindən də qədim mixi yazılar tapılmışdır. Nineviyadan 25 mindən çox, Arraphadan 4 min, Şuşarradan 150, Aşşurdan 700, Nippurdan 720, Babil, Borsippa, Sippar və s.-dən 10 min, Maridən 20 min, başqa yerlərdən yüzlərlə sənəd tapılmışdır. (7; 58–60) Təkcə Moskvanın A. S. Puşkin muzeyində 2000-dən artıq mixi yazı lövhəsi saxlanılır. (17; 11)

Şumer yazıları təsərrüfata aid sənədlərdən, dövlət sənədlərindən və daha çox bədii ədəbiyyatdan ibarətdir. Bu yazılar içərisində himn və ağlaşmalar, qəhrəmanlıq dastanları, maraqlı hekayələr, zərb-məsəllər, hikmətlər, məktəb hekayələri, elmi biliklərə dair yazılar və s. vardır.

Qədim Şərq ölkələri tarixinin öyrənilməsinə XIX əsrin ikinci yarısından başlanmışdır. Bu sahədə ilk ciddi əsər XIX əsrin sonunda fransız alimi Q. Maspero tərəfindən yazılmışdır. Eduard Meyerin "Qədim tarix" (1895), rus şərqşünası B. A. Turayevin "Qədim Şərq tarixi", V. V. Struvenin "Qədim Şərq tarixinin qısa kursu" (1934), V. İ. Avdiyevin "Qədim Şərq tarixi" (1948) dərsliyi və b. əsərlər arxeoloji qazıntı materialları və digər mənbələr əsasında, mixi yazıların oxunmuş mətnləri əsasında Qədim Şərq haqqında mə’lumatı tədricən genişləndirmiş və dərinləşdirmişdir. V. İ. Kuzişşinin redaktəsi altında 1979-cu ildə çap olunmuş "Qədim Şərq tarixi" dərsliyində qədim Şərq xalqlarının tarixi dövrləşdirilmiş, üç mərhələyə ayrılmışdır: birinci mərhələ – e.ə. IV minilliyin sonu və III minilliyi; ikinci mərhələ: e.ə. II minillik və birinci minilliyin əvvəli; üçüncü mərhələ: e.ə. I minilliyin ortasından eramızın I minilliyinin ortasına qədərki dövrü əhatə edir. Bu cür başqa bölgülər də vardır.

Mixi yazıların oxunması üçdilli (qədim fars, babil və elam dillərində) Bisütun yazılarının oxunması ilə mümkün olmuşdur. Əvvəlcə XIX əsrin 30-cu illərində (1837) H. Raulinson qədim fars mixi yazılarını oxuya bilmişdir. Bundan sonra o, Babil dilində olan mətni oxumağa başlamışdır. Bisütun yazısının elam mətnini 1855-ci ildə K. E. Norris oxuya bilmişdir. Mə’lum olmuşdur ki, qədim fars mixi yazısı 40, elam – 111, babil – 600 işarədən ibarətdir. Və yenə mə’lum olmuşdur ki, mixi yazılar bütöv mə’naya malik işarələrdən, hecayi yazıdan və fonetik yazıdan ibarət olmaqla üç cürdür. (7; 66–68) 1857-ci ildə mixi yazını oxuyanlar – E. Hinks, H. Raulinson, Y. Oppert, F. Talbot birlikdə özlərini sınamış və hamısının eyni mətni ayrılıqda düzgün oxuduğu mə’lum olmuşdur.

Şumer mixi yazısı

Bu da təsdiq olundu ki, mixi yazıları ilk dəfə tətbiq edən xalq şumerlər olmuşdur. Bundan sonra dünyanın görkəmli şumerşünasları şumer dilinin hansı dil ailəsinə məxsus olduğu barədə fikir söyləməyə başlamışlar. Alman alimi Q. Vinkler, fransız alimi E. Reklü, rus alimi L. Reder, türk alimi Ahmet Cavat şumer dilinin türk-turan dillərindən olduğunu söyləmişlər. Q. Vinkler yazmışdır: "Bizə çatmış Şumer mətnlərinin çoxunun dil xüsusiyyətlərini hələlik izah edə bilməsək də, dünyanın bu ilk dili barəsində bizdə müəyyən fikir yaranıb. Bu dil əsas əlamətlərinə görə türk dillərinə uyğun iltisaqi quruluşlu dildir və sami dillərinin quruluşundan tamamilə fərqlənir". (18; 6–7) E. Reklü: "…assuroloqlar… təəccüb içində gördülər ki, ən qədim oxşəkilli yazıların dilində İran və sami dillərinə xas olan cizgilər qətiyyən yoxdur, əksinə, Turan və Ural-Altay dilləri ilə bir qohumluq vardır. Bu ilkin yazılı işarələrin ifadə etdiyi dil iltisaqi dillər tipinə aiddir və öz xarakterinə, özünəməxsus daxili fleksiyasına görə tamamilə başqa dildir".(19; 466)

L. Reder: "Şumerlərin dili ayrıca bir dildir. …Yalnız onu qəti demək olar ki, o, iltisaqi dillər ailəsinə daxildir və öz quruluşuna görə ən çox türk dilləri ilə müqayisə edilə bilər." (20; 150) Ahmet Cavat: "Şumer dilinin turani dillərə bənzədiyi artıq qəbul edilmişdir. Şumerlər haqqında ən yeni və mö’təbər əsər nəşr etdirən Voolley şumerlərin morfoloji cəhətdən "əski türkcəyə bənzər" bir dildə danışdıqlarını qəbul edir." "Şumerlər türkdür, şumerlərin türk olduğu məsələsinin çoxlu sübutları var; bizi bu qənaətə gətirən ən güclü subut ikidir: 1) dil sübutu; 2) geoloji və arxeoloji sübut". (21; 10,58–59) Şumer mətnləri üzərində uzun müşahidələr aparan, onların türk dili əsasında oxusu sahəsində inandırıcı uğurlar əldə edən T. V. Nüvədili yazır: "O ki qaldı şumer dilinin Azəri Türküsü olması faktına, bu, Mütləq həqiqətdir! Aksiomadır!" Hətta müəllifin fikrincə, bu dilə vaxtilə "şumer" yox, "türk dili" deyilib: "Gördüyünüz kimi, bütün Kitab (müəllif özünün "Əcdad" kitabını nəzərdə tutur – Q. K.) isbat edir ki, Şumer deyilən dil olmayıb tarixdə. Vaxtilə "Bu, türk dilidir!" deyib duran azman alimlərin səsi sonradan yəhudi mənşəli alimlərin (xüsusilə Amerika alimi Noy Samuel Kramerin) bütün cidd-cəhdləri ilə tam batırıldı. Səmt azdırıldı. Çünki gil yazılar açılmamışdan öncə dünya elmi ictimai fikrində onların mütləq Assur, Yəhudi kitabələri olduğu ideyası mövcud idi. Dahi fransız Yulies Oppert buna son zərbə endirdi! Odur ki u dil sonradan qəsdən "ölüləşdirildi" və yeni "lüğəti" yaradıldı, lakin Şumer dili təmiz Azəri türküsüdür!" (22; 24,409)

Mixi yazılardan üç min ilə qədər istifadə edilmiş, yeni minilliyin başlanğıcında bu yazı növü sıradan çıxmışdır.

Mixi kitabələri çoxdur, lakin bunların hamısının oxunması mümkün olmamışdır. Tədqiqatçıların fikrinə görə, mixi yazılar düzgün transliterasiya edilir, lakin onların mə’nalandırılmasına həmişə inanmaq olmur. Akkad, babil dillərində olan mixi yazıların varisi olduğu üçün onları əsasən düzgün oxumuşlar, lakin şumer yazılarının "varisi bilinmədiyi" üçün şumer mətnlərini istədikləri kimi oxumuşlar. Əlifbanın özünün də çətinlikləri çoxdur. Eyni bir işarənin bir neçə cür oxunduğu mə’lumdur. Məsələn, "ayaq" mə’nasını daşıyan işarənin du, qin, qub, qup, ra, tum şəkillərində; "dağ" mə’nasını daşıyan işarənin kur, mat, şad, qin, şat, pat, lad, lat hecaları ilə oxunuşları olduğu söylənilir; "sol əl" işarəsi kab, kal, qub, qul, xub, xul kimi oxunmuşdur və s. Eyni əşyanın təsviri müxtəlif mə’nalarda başa düşülmüşdür; məsələn, ‘göz’ün təsviri təkcə göz yox, üz, ön, ön tərəf, keçmiş (əvvəlki) mə’nalarında; iki balaca, bir böyük şaquli ox su ilə yanaşı, oğul mə’nasında başa düşülmüşdür. Bu və ya digər bir mətndə bu işarə gah "a" saitini, gah şumer dilində "su" sözünü (akkad dilində "mu" sözünü), gah da "oğul" sözünü bildirmişdir.(1; 135–136) Y. Yusifov şumer mətnlərinin oxunması ilə bağlı çətinliklər barədə yazmışdır: "Davamı müasir dillərdə təmsil olunmuş və mixi işarələrlə yazılmış qədim dillər (akkad sami dili, het Hind-Avropa dili, qədim fars dili) müəyyən müşküllüyə baxmayaraq, oxundu və başa düşüldü, lakin şumer və müasir dillərdə davamı (qohumluğu) olmayan, yaxud müəyyən edilməyən başqa dillərin mixi yazı növü əsasında oxunulub dərk edilməsi bir çox hallarda şərti xüsusiyyət daşıyır. Şumer mətnlərində işlənmiş mixi işarələrin bir çoxu başqa mə’nada da oxunula bilər. Təəssüf ki, hələlik belə bir vacib araşdırma aparılmamışdır. Bəlkə bu istiqamətdə aparılan tədqiqatlar qədim mixi yazılı dillərin müasir dillərlə qohumluğunu bildirən yeni mühakimələr ortaya çıxara bilərdi". (7; 123) "Cavan və şux Avropa öz fındıq burnunu qırışdıraraq vaqonun pəncərəsindən axsaq və donqar Asiya qarısını təkəbbürlə seyr edir. Tarixdə bir qırpım olan bu vəziyyət onların hər ikisinə əbədi və əzəli görünür. Cavan, özünəvurğun Avropa ağlına belə gətirmir ki, indi seyr etdiyi bu üzüqırış küp qarısı vaxtilə ipə-sapa yatmayan, məğrur, cəsur bir gözəl olub. Onun şaqraq səsini qədim Ellada və Misir müdrikləri dinləyib". (23; 169)

N. Y. Marr yazırdı: "Elmi baxış – bu, aydındır, bəs onda "siyasəti", bəli, məhz "siyasəti" necə başa düşək? Mən bilmirdim ki, alim ən əvvəl strateq, siyasətbaz, diplomat və yalnız bütün bunlardan sonra alim olmalıdır; yə’ni müəyyən sosial biliklərin yaradıcısı və daşıyıcısı, yenilik havası ilə şüurları oyadan, bilikləri vicdanla şərh edən bir şəxs olmalıdır ki, onun da bir borcu var: mövcud biliklərimiz çərçivəsində ya lap əvvəllərdə bilinən, lakin hətta alimlərə də bəlli olmayan, ya da lap indicə mə’lum olan şeylər barədə utanıb-çəkinmədən danışmaq". (24; 144)

Bu sitatları verməkdə məqsədimiz aşkar görünənin siyasətin qurbanı olduğunu göstərməkdir. Şumer mətnləri üzərində az-çox əməliyyat aparan alimlərin türk dillərini şumerin varisi hesab etmələrinə baxmayaraq, hindavropa kökünə əsaslananlar və bir sıra yəhudi alimləri şumeri varissizləşdirmək uğrunda əllərindən gələni əsirgəmirlər.

Dediyimiz kimi, şumer yazılarının transliterasiyası alimləri tə’min etsə də, yazıların mə’nalandırılması qənaətbəxş sayılmır. Eyni mətnləri tamamilə başqa cür oxuyanlar da vardır. Bu cəhətdən Tariyel Vəli Nüvədilinin "Əcdad" kitabında maraqlı faktlarla rastlaşmaq olur. Tariyel Vəli Nüvədilinin "Əcdad" kitabı (Sietl, VA, ABŞ, 1997, 472 səh.) – dörd dildə – azəri (Azərbaycan), türk (Türkiyə türkcəsi), rus və ingilis dillərindədir. Müəllif müxtəlif mənbələrdən götürdüyü şumer mətnlərini özünəqədərki dövrdə edilmiş tərcümələrdən tamamilə fərqli şəkildə, türk-azəri dili zəminində izah etmişdir. Yalnız həqiqi şumer mətnləri sayılan mətnləri deyil, alimlərin akkad mənşəli hesab etdikləri bir sıra mətnləri də türk dili zəminində izah etməyə çalışmışdır. Bu əsərdə azəri dilinə tərcümələrlə yanaşı, rus dilinə tərcümələr də maraq doğurur, ona görə ki bə’zən müəllif şumer mətninin ümumiləşmiş mə’nasını rus dilində daha səlis ifadə etmişdir. İngilis dilinə tərcümələr əlavə izahatları nəzərdən keçirmək və ümumən bu dildə tərcümənin necə alındığını yoxlamaq baxımından maraq doğurur. Müəllifin əsas məqsədi isə böyük zəhmətlə bir neçə dildə hazırladığı bu kitabı və öz fikirlərini dünyanın aparıcı xalqlarına öz dillərində çatdırmaq olmuşdur.

Tariyel Vəlinin "yeni tərcüməsi" dedikdə onu nəzərdə tuturuq ki, o mətnləri Tariyeldən əvvəl də oxumuşlar, lakin Tariyel bunları tamamilə başqa məzmunda tərcümə etmişdir və bu məzmunla əvvəlki tərcümələrin məzmunu arasında, müəllifin öz dediyinə görə, heç bir uyğunluq yoxdur. Şumer mətnlərinin ilk oxucu-tərcüməçiləri onları varisi bilinməyən bir dilin mətnləri kimi oxumuşlar. Tariyel Vəli isə mətnləri qədim türk dili zəminində izah etmişdir. Bə’zən tərcümələr qədim türk formasından çox müasir dilə uyğun gəlir. Müəllif şumer və akkad mətnlərinə fərq qoymamış, bunların hamısını türk mətnləri kimi izah etmişdir. Bu bir həqiqətdir ki, gil lövhələrin ilk oxucuları bə’zən sözlərin sərhədini düzgün müəyyən edə bilməmiş, ya sözü parçalamış, ya da yanaşı sözləri birləşdirmişlər. Ona görə də T. V. Nüvədili ilk növbədə sözlərin sərhədini müəyyənləşdirməyə çalışmış, bundan sonra semantik araşdırmalar aparmışdır. Bu, çox çətin əməliyyatdır, bə’zən müasirləşdirməyə də səbəb olmuşdur, lakin ümumilikdə bu cür araşdırmalar müsbət nəticələr verməkdədir.

Kitabın mühüm bir qüsuru ondan ibarətdir ki, müəllif özündən əvvəlki tərcümələri verməmişdir. İlkin tərcümələr oxucunun əlində olmadığından müqayisələr aparmaq qeyri-mümkündür. Tərcümə olunan mətnin gil lövhədəki fotofaksimili də çox vacib idi. Müəllif bir neçə dildə tərcüməyə zəhmət çəkməkdənsə, imkan daxilində fotofaksimili və mətnin ilkin tərcümələrini əsərə daxil etmiş olsa idi, oxucunu daha çox inandıra bilərdi. Müəllifin fikri aydındır, bildirir ki, mətnlər bütün hallarda düzgün transliterasiya edilmişdir, lakin mə’nalandırma düzgün deyildir. Odur ki bu yeni tərcümədə söz sərhədləri dəyişir, həm də əksəriyyət e’tibarilə dəyişir. Orijinalın verilməsi ilkin tərcümələrdə təbii və şüurlu sapmaları daha aydın üzə çıxara bilərdi. Buna heç bir şübhə yoxdur ki, T. V. Nüvədili son dərəcə böyük zəhmət çəkmiş, üzüntülü axtarışlar aparmışdır. Qədim lüğətlərdən neçə-neçə sözün mə’nasını öyrənməli olmuşdur. Bu, təkcə vətənpərvərlik işi deyil, bəşər mədəniyyətinin keçdiyi yolu düzgün işıqlandırmaq istəyi baxımından da əhəmiyyətlidir və böyük tarixi-mədəni xidmət istiqamətində görülən işdir. Bu cür tədqiq və araşdırmalar yaxşı niyyətlərin köməyi ilə davam və inkişaf etdirilərsə, düzgün istiqamətin havadarları çoxalarsa, bəşər tarixi yenidən yazılmalı və yaradılmalı olardı. Ona görə də tarixçilər, şərqşünas alimlər bu işə son dərəcə ciddi yanaşmalı, tədqiqatı məs’uliyyətlə davam etdirməlidirlər. Belə bir problemə həvəskar sə’yi ilə diqqət yetirmək arzuolunmazdır. Bu sahədə məktəb yaratmaq, gənc elmi işçiləri cəlb etmək, vəsait ayırmaq, dövlət qayğısı göstərmək vacibdir. Əgər mədəniyyət tariximiz üçün yeni və parlaq səhifə açılırsa, üstündə durub açmaq lazımdır. Həqiqi dövlət başçısı-vətəndaş qayğısı olmayınca biz tariximizi əməlli öyrənə bilməyəcəyik.

III minillikdə şumerlərin dili həmin ərazidə – Mesopotamiyada rəsmi dil olmuş, e.ə. I minilliyin sonlarına – II–I əsrlərə qədər bu dildən elm və din dili kimi istifadə edilmişdir. İmkan dairəsində lap bu son məqamlara – e.ə. II–I əsrlərə aid dini və elmi-mədəni mətnlər əldə edilib öyrənilərsə, bu dil "Dədə Qorqud"un və ya qədim türk abidələrinin dilinə yaxın olmalıdır. Tarixçilər belə mətnlərin olduğunu qeyd etmişlər (lakin bu cür mətnlərin qüsurlu olduğunu deyib yan keçirlər, bəlkə də qüsurları aşkar türklüyüdür). Çətinlik orasındadır ki, şumer mətnləri, onların faksimili bizim kitabxanalarda yoxdur. Bəşəriyyət öz keçmişinə səhlənkar yanaşır. Alimlər mətnləri yer altından üzə çıxarmış, min bir əzabla ilkin şərhini vermişlər, lakin bunlar küll halında insanlara çatdırılmamışdır. Bəşəriyyət keçmişi öyrənmək əvəzinə, hələ də uçurub-dağıtmaqla, yandırıb-yaxmaqla, qırıb-tökməklə məşğuldur. Xristian – müsəlman münaqişələri baş alıb gedir. İri dövlətlər kiçik dövlətləri məngənədə sıxır, qanını sormağa çalışır. Bütün xalqlar, bütün dinlər, bütün dillər bir kökdən olduğu halda, insanlar bir-birinə qənim kəsilib, "ali irq" düşüncələri ilə bəşər sivilizasiyasına ləkə gətirir, vəhşilik dövrünün yeni ərazi iddiaları ilə yaşayır. Şumerlərin türk varislərini e’tiraf etməmək də həmin daxili naqisliyin nəticəsidir. Görünür, insanın ağıllanması, kamilləşməsi üçün hələ bir neçə min il də lazımdır.

Hiss olunur ki, T. V. Nüvədili şumer mətnləri ilə məşğul olduğu müddətdə saysız ədəbiyyat nəzərdən keçirməli olmuş, dünya mədəniyyətinin inkişaf yolu barədə zəngin biliklər qazanmışdır və bu bilikləri oxucu ilə paylaşmaq istəyir, lakin müxtəlif dilli mətnlərə fərq qoymaması, Yer üzünü yalnız türk kökü ilə bağlamaq istəyi, şumerin mövcud olduğu dövrdə artıq protodillərin çoxdan parçalanmış olduğunu nəzərə almaması oxucunu az inandırır. Nüvədilinin fikrincə, ulu babalarımız şumerlərin Enlil İsmə Dağan kimi böyük filosof, astronom və şairləri, Hun qızı Bida və Bikə adlı şairələri, Şəmsi Ədəd Abi kimi görkəmli salnaməçiləri olmuşdur. Müəllif şumerləri qəti inamla türk-azərilərin əcdadı saydığından gələcəkdə ədəbiyyatımızın buradan başlamalı olacağına şübhə etmir. Həqiqətən şumerlərdə elm, mədəniyyət, poeziya yüksək inkişaf səviyyəsində olmuşdur və bunlar hansı xalqı isə özünə çəkməlidir. Dil yaxınlığı bir tərəfə, bütün Yaxın Şərqin Azıxdan dirilik tapdığını nəzərə aldıqda bunların bizim aborigenlər olduğuna inam daha çox artır.

Oxucuda bu inamı bir qədər də artırmaq üçün T. V. Nüvədilinin tərcümələrindən bir-iki nümunə veririk. T. V. Nüvədili tərcümə etdiyi parçaları Niderland alimi Marianna Voqelsanq tərəfindən tərcümə və çap edilmiş şumer mətnlərindən götürmüşdür. Müəllif (T. V. Nüvədili) bunları Enlil İsmə Dağanın yudisiyaları hesab edir.

31-ci yudisiya: Mətn:

İt-ta -na-tal-ma a-bi ilani DİNGİR DUR. AN Kİ, uk-kush En-lil-u-ti ish-sha-bat i-na lib-bu-shu An-zu u it-ta-at-tal-ma a-bi ilani DİNGİR DUR. AN Kİ uk-kush En-lil-u-ti ish-h-sha-bat i-na lib-bi-shu.

T. V. Nüvədilinin nəzərincə, sözlərin sərhədlənməsi:

İttan et alma, abi, ilani dingi(r) (n) dur, an ki, Ukkus Enlil, uti ish shabatina libb ishü, Anzu u(y)tta, et alma, abi, ilani dingi(r) (n) dur, an ki, Ukkus Enlil, uti ish shabatina libb ishü.

Tərcüməsi:

İttən ət alma, abi, ilanı dingin dur (sakit burax), an ki, Ukkus (müdrik) Enlil, utu iş şabatına (həftəsinə) libb (qurtar) işü. Anız (ancı-küləş) utta (otta), ət alma, abi, ilanı dingin dur, an ki, Ukkus Enlil utu iş Şabatına libb işü.(22; 214)

Əvvəlki tərcüməçilərdə dingir sözü dinqir-tanrı (türklərin qədim tanrısı) kimi izah edildiyi halda, müəllif sonda -r > -n keçidi ilə bu sözü ‘dinc’, ‘sakit’ mə’nasında başa düşür. Bu cür dəyişiklik mətnin ümumi məzmununun dəyişilməsinə səbəb olmuşdur.

Akkad mətnləri hesab olunan bir sıra hetit mətnlərini də müəllif eyni şəkildə oxumuşdur. Yorqen Laosse və Torkild Yakobsenin "Bir daha Şikşəbbum barədə" məqaləsindən ("Gil lövhələrin tədqiqi" jurnalı, 42–2-ci cild, Payız,1990, s.128–177) götürdüyü mətni müəllif Şəmsi Ədəd Abi tərəfindən yazılmış "Hetitlərin ərəblər tərəfindən soyqırımına elegiya" adlandırmış və böyük bir hissəsinin (bəlkə də hamısının) tərcüməsi ilə məşğul olmuşdur. Müəllif Şəmsi Ədəd Abini ən qədim azəri-türk salnaməçisi adlandırmış və onun düşündüyü xidmətlərini yüksək qiymətləndirmişdir. Yuxarıda adları qeyd edilən müəlliflərin həmin mətnləri necə oxuduğu bizə mə’lum olmadığı üçün bu mətnlərin yeni tərcüməsi barədə qəti söz demək çətindir, lakin bu başdan onu demək olar ki, 3000–3500 il əvvələ aid edilən bu mətnləri müəllif türkcə oxuya bilmişdir. Bunlardan bir neçəsini oxucunun mühakiməsinə veririk:

1-ci məktubun 25-ci mətni:

id-bu-ba-am she-we-ra-am hul-lu-lam sh-a-na Mu-tu-shu mar-shi-ip-ri ad-di-nu a-na it-ti iq-be-em u ta-ap-pe-e Mu-tu-shu E-te-el-li-ni i-na Ar-ra-ap-hi-im ki…

Sözlərin Nüvədili tərəfindən sərhədləndirilməsi:

id, bu baam, shave ram, (H)ullam shaane mutushu. Mar shipri addinu ana ittik beem?
U tappee mutushu Ete elini ina Arraap hiim ki…

Tərcüməsi: İt(d) bu bə(y)əm, sevə raam?! (İtdir ki, bəyəm o, itaət sevə?) hüllü(li) am, şana mütüsü (o Allah mücəssəməsi, şanının-abrının mütisi xalq) Mar sivri adınu ana ittik bə(y)əm? (Sivri – oxabənzər- ilan adını ona biz verdik bəyəm? (şe’rin müəllifi ərəbi nəzərdə tutur) U tappə mütüsü (u dəyənək mütüsü, yə’ni "başına vurulub, çörəyi əlindən alınan" yazıq) Ete (hetit) elini ina (yenə) Arap hiyyim ki…(Deməli, bu, 1-ci dəfə deyil) Ərəb hiyim ki (ərəb qiyim-qiyim edib doğrayıb ki…) (22; 229)

Bu mətndə də ağlabatan şeylər çoxdur. Məsələn, əgər son cümlədəki mutusu və hiyim sözləri düz mə’nalandırılmışsa, tappə sözünü ‘təpmək’, ‘hücum çəkmək’ mə’nasında da anlamaq olar."Sivri ilan adını ona (biz) verdik bəyəm?" tərcüməsi də tam ağlabatandır.

Mətn: a-na Ku-wa-ri qi-bi-ma um-ma be-el-ka-a-ma ash-shum awili mesh Tu-ru-ki-iki

Tərcüməsi: Anaku varı cibimə (O nə ki varı, cibimə). uyma fəlakətə, qəmə (beel-böl – fəlakət), Aşşum (məğlubiyyət) av iləməz Türükü ki…(Cinayət törətmək Türkə başucalığı gətirməz ki…) (22; 258)

Birinci iki misra elegiyada çox təkrar olunur və müəllif onu hər dəfə, demək olar ki, eyni cür tərcümə edir: O nə ki var, cibimə. Sonrakı cümləni aşşum (aşmaq, məğlub olmaq) sözünə əsasən (Bir dəfə) məğlub olmaq türkü av eləməz (başqalarının ovuna çevirməz) kimi də anlamaq olar. Üçüncü misrada umma sözü uyma olmasa da, ona yaxın mə’nadadır: dərdə, qəmə batma, məğlubiyyət türkü ova çevirməz.

Mətn: um-ma a-na-ku-ma lu Tu-ru-ku-u ki sha ki-ma-ish-tu ul-la-num i-la-ku-nim.

Tərcüməsi: Umma una ki, malu Türüki ki, Saki maistü ulanum ilə künim. (Türkü mal yığan hesab eləmə, günüm elə olanım ilə də xoşdu) (22; 255–256)

Namə’lum müəllif tərəfindən yazılmış "Atda saqqo (qabar) xəstəliyinin müalicəsi" şərti adı ilə verdiyi mətnlərin ("D’Assyrologie et D’Arshologie Orientale", LXXXVI, VOL, N 1, rr.79–83 – jurnalından götürülmüşdür) tərcüməsində inandırıcı cəhətlər daha aydın görünür:

Mətn: 19. i-na sha-’al’-shi sha-pa-ri-im a-na-ku ak-bi…

Sözlərin Nüvədiliyə görə sərhədlənməsi: ina Saalsi sap, arim, anaku ağ bi(çilgan)

Tərcüməsi: Yenə Səəlsi səp, arım (arımmaq, təmizlənmək, sağalmaq üçün), o nə ki ağ bıçılqan! Səəlsi təbabətdə işlənən salisal turşusunun adıdır, aspirindir. Həkim məsləhətidir ki: Bıçılqan yaraya salisal – səəlsi səp, yara təmizlənsin, sağalsın. Dörd-beş min ilin o tayından bu cür uyğunluqlar tapılırsa, deməli, araşdırmalar aparmağa böyük ehtiyac vardır. Bu mətnləri türk oxumalıdır. Yoxsa hələ müəmmalı məsələlər çox olacaq.