Mizu şobay (水商売?) və ya hərfi tərcümədə su ticarəti – Yaponiyada seks, bar, gecə klubu, karaoke kimi əyləncələrdən ibarət gecə həyatını bildirən termin.[1] Əsasən kişiləri məmnun etməyə diqqət ayıran bu cür əyləncə şirkətləri Tokionun Akasaka və Qinza rayonlarında cəmlənib.[1]
Edo dövründə Tokuqava şoqunluğu tərəfindən lisenziyalaşdırılan həzz kvartalları "ukiyo" (üzən dünya) adlandırılırdı.[1] Bu kvartallardan ən məşhuru Tokioda yerləşən Yoşivara kvartalı idi.[1] Bir çox kişi samuray və tacir buradakı çay evlərinə, fahişəxanalara, kabuki və bunraku teatrlarına və ictimai hamamlara gəlirdi.[1] "Mizu şobay" (su ticarəti) termini də ilk dəfə Edo dövründə işlədilmişdir.[2] Belə ki, ucuz, lisenziyası olmayan fahişələr müştəri tapmaq üçün çayın sahilində gözləyirdilər və qayıqda müştərilərlə cinsi əlaqəyə girirdilər.[2]
"Su ticarəti" termini ingilis dilində ilk dəfə Con Morli tərəfindən "Su ticarətinin şəkilləri: Bir qərblinin Yaponiya macəraları" (1985) əsərində işlədilmişdir.[1]
Yaponiyada bir çox kişi evdə əylənmək və arvadları ilə çöldə vaxt keçirmək əvəzinə işdən sonra qrup şəklində mizu şobayla məşğul olmağa gedirlər.[1] Karaoke barları, xüsusilə, populyardır.[1] Eləcə də, Yaponiyada minlərlə qadın gecə mizu şobayda işləyərək hostess kimi kişiləri məmnun etməyə çalışır.[1] Hətta bəzi hostesslər qadağan olunmasına baxmayaraq fahişəliklə məşğul olurlar.[1] Bar hostessləri ofisdə işləyən qadınlardan daha az işləyirlər və daha çox pul qazanırlar; qazancları müştərilərə satdırdıqları içkinin sayından asılıdır.[1]
Varlı biznesmenlər və siyasətçilər də mizu şobayla məşğul olurlar; özəl şənliklər keçirir və geyşa tuturlar.[1] Adi işçilər və tələbələr mizu şobay üçün ucuz barlara gedirlər.[1] Qadınların kişi müştərilərə hamam xidmətləri verdiyi yerlər isə "sopurando" adlanır.[1] Bunlarla yanaşı, Yaponiyada minlərlər "sevgi hoteli" fəaliyyət göstərir.[1] Cütlüklər bu hotellərdə seksual məqsədlər üçün saatlıq otaqlar tuta bilirlər.[1] Yaponiyada çikan qadağan olunduğu üçün bəzi mizu şobay klubları müştərilərinə çikan fentezisi xidməti göstərirlər.[3]