Mormonizm

"İsa Məsihin Son Gün Əzizlər Kilsəsi"ndəki mələk Moroniy heykəli

Mormonizm (ing. Mormonism) — rəsmi adı "İsa Məsihin Son Gün Əzizlər Kilsəsi" olan bu cərəyanın əsası 1830-cu ildə Cozef Smit adlı dini lider tərəfindən Nyu-York ştatının La-Feyette şəhərində qoyulmuşdur.

"Mormonizm" termini Mormonların inanc mətnlərindən biri olan Mormon Kitabından yaranmışdır. Buna görə, kitabın adına əsasən, qurucusu Cozef Smitin ilk davamçıları Mormon və inancları isə Mormonizm adlandırılmışdır[1].

Cozef Smit

Mövcud olması

[redaktə | mənbəni redaktə et]

Mormonizm, İkinci Böyük Oyanış olaraq bilinən dinin aktiv dövründə, 1820-ci illərdə Qərbi Nyu Yorkda meydana gəldi.

Dini lider, kilsənin qurucusu və ilk peyğəmbəri olan Cozef Smit 1805-ci ildə Vermont ştatının Jarone şəhərində anadan olmuşdur. O, sistemli təlim-təhsil almasa da özünü yetişdirmişdir. Smitin iddiasına görə Moroniy adlı mələk onun gözünə görünərək, vaxtı ilə torpağa basdırılmış hindu peyğəmbərin qızıl vərəqlərdən ibarət kitabının yerini göstərmiş və Tanrının ona iş tapşırdığı xəbərini çatdırmışdır[2].

Bu vaqedən sonra Smit kilsə təsis etmiş, ətrafına tərəfdarlar toplayaraq, ətraf ştatlarda aktiv dini fəaliyyətə başlamışdır. Onların az müddətdə uğur qazanmasının əsas səbəbi cərəyan mənsublarının təmənnasız dindarlara məsuliyyətlə yanaşmaları idi. Lakin protestanların güclü təqibləri ilə üzləşdikdən sonra əvvəlcə Missuri, ardınca isə əsasını qoyduqları Nauvu şəhərinin yerləşdiyi İllinoys ştatına köçmüşlər.

1843-cü ildə icmanın ilk missioner yığıncağı keçirilmişdi. Yığıncaqda "çoxarvadlılıq" ideyasını irəli sürsələr də, ABŞ hökumətinin güclü təzyiqi nəticəsində 1890-cı ildə bunun qarşısı alınmışdır. Smitin teokratik dövlət qurmaq istəyi də olmuşdur. Lakin 1844-cü ildə o, Vətənə xəyanət və digər cinayətlərdə günahlandırılaraq, həbs edilmiş və Karthaqe şəhər həbsxanasında dustaqlar tərəfindən qətlə yetirilmişdir. Onun ölümündən sonra cərəyanın rəhbərliyi Brayan Yanqın başçılıq etdiyi on iki həvaridən ibarət Məşvərət Şurasına verilmişdir. Bu dövrdə mormonların nüfuzu genişlənmiş və onlar Solt Leyk Siti adı ilə məşhur olan Dezeret (Yeni Yerusəlim) şəhərinin əsasını qoymuşlar.

Cərəyan mənsubları etiqad məsələlərində ənənəvi Xristianlıqdan o qədər də fərqlənmirlər. Onlara görə, din həyat tərzi olduğu üçün Tanrıya ibadət yalnız bazar günü kilsəyə getməklə məhdudlaşmamalıdır. Mormonlar "üç uqnum"un müxtəlif statuslara malik olduğunu bildirirlər. Onlar hesab edirdilər ki, bütün insanlar dünyaya günahsız və xeyirxah gəlmişlər. Sonradan qazanılmış günahlardan yalnız ağıl və güclü iradə sayəsində xilas olmaq mümkündür. Dünyada və axirətdə hər kəs İsa Məsihin xoş müjdəsini eşitmək imkanı əldə edəcək. İnsanlar onu qəbul, yaxud rədd edə bilərlər[3].

Mormonlar yalan və eqoizmi kəskin tənqid edir, siqaret çəkmir, spirtli içki, kofe və qara çay içmir, əməyi əbədi həyatın mənası hesab edirdilər. Onlar üçün inam və optimizm müvəffəqiyyətin əsasıdır. Kilsəni dünyəvi qanunlara hörmət etməyin, dövlət və onun hakimiyyət məsələlərinə bitərəf qalmağın təbliğinə çağırırlar. Kilsə binasını isə təkcə ibadət məkanı deyil, həm də dini tədris, ictimai, idman və mədəniyyət müəssisəsi kimi dəyərləndirirlər.[4]

Mormonların ibadət forması protestantları xatırladır. Bu dini mahnıların ifasında daha açıq nəzərə çarpır. Əsas məbədləri Solt Leyk Sitidə yerləşir. Altı qülləli məbəddə Moroniya mələyinin qızıl suyuna salınmış heykəli var.

Onlar protestantlıqdan ayrılmaqla, Tanrının anası, əziz ikona və təbərrük məfhumlarından da uzaqlaşmışlar. Mormonlara görə, nikahın həm səmavi, həm də dünyəvi forması var. Əgər nikah kahin tərəfindən Allahın evində bağlanıbsa, bu bağlılıq, hətta qəbirdə də qırılmazdır. Mormonlar nikaha böyük əhəmiyyət verərək, qadının yalnız əri vasitəsilə xilas ola biləcəyi inamına tapınmışlar. Məhz buna görə də cərəyan rəhbəri ərə getməmiş qadınlarla dünyasını dəyişmiş kişilərin nikahını kəsirlər[5].

Cərəyan banisinin fikrincə, insan əqli inkişaf sayəsində Tanrı səviyyəsinə yüksələ bilər. O, bildirirdi ki, Tanrı da insan kimi cismanidir. Lakin insandan fərqli olaraq, o, hər şeyi biləndir. Çünki mələklər yerdə baş verən bütün hadisələri vaxtı-vaxtında ona çatdırırlar. Tanrının axirətdə rahatlıq verəcəyi insanlar haqqında müəyyən planı var. Bu insanlar Yer üzərində sevgi təcəssümü olur, "xeyir" və "şər"i öyrənir, ölür və mühakimə olunurlar. Axirətdə isə üç kateqoriyaya bölünürlər: pis insanlar, sadə insanlar, mormonlar.

Mormonlar hesab edirlər ki, vəftiz (xaç suyuna salınma) yalnız səkkiz yaşından sonra icra oluna bilər. Bu, günahlardan təmizlənmə və kilsə üzvlüyünə qəbul mahiyyəti daşıdığından dünyasını dəyişmiş insan da vəftiz oluna bilər. Bunun üçün onun tərcümeyi-halı haqqında ətraflı məlumat olmalıdır.

Mormon təliminin əsasları üç kitabda toplanmışdır:

Bu kitablar mormonlar üçün Bibliyadan da əhəmiyyətlidir.

"Mormon kitabı" onların əsas kitabıdır. Burada Bibliya və "Mormon kitabı"nın mətnləri müqayisə edilir və ikincinin həqiqət olduğu bildirilir. Kitab on beş fəsildən və beş yüz səhifədən ibarətdir. "Təlimlər və cəmiyyətlər", eləcə də "Qiymətli mirvari" kitablarında mormonların peyğəmbər kimi qəbul etdikləri Cozef Smitin həyat barədə fikirləri cəmlənmişdir.

Mormonlar xarici görkəmə xüsusi əhəmiyyət verir, təmiz və səliqəli geyinir, ətrafdakılarda özlərinə qarşı yüksək intellekt daşıyıcıları təəssüratı oyatmağa çalışırlar.

Hazırda Qərbi Avropa ölkələrində "Mormonlar"a maraq artmaqdadır. "Tanrı evi" və mənəvi mərkəz hesab etdikləri Çollikofen İsveçrədə yerləşir.

  1. "Ch. 7. The Holy Ghost // Gospel Principles". 2008-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-05.
  2. "Mormon.org — Home". 2005-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-05.
  3. "Символы веры Церкви Иисуса Христа Святых последних дней". 2017-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-05.
  4. "Church officially registered in the Republic of Azerbaijan". Azerbaijan's State Committee on Affairs with Religious Associations concludes the registration process. 1. 2024-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-30.
  5. Основы Евангелия. — Церковь Иисуса Христа Святых последних дней, 1997. — С. 53.