Muri (斑?) — Toyota İstehsalat Sistemində istifadə olunan termin.[1] Muda və Mura ilə birlikdə onlar aradan qaldırılmalı olan israf səbəblərini təsvir edir.[2]
1950-ci illərdə ortaya çıxan Toyota İstehsal Sisteminin (TPS) yalın istehsalın əsası olduğu düşünülür. İndiki dövrdə də "Toyota" istehsal müddətlərini azaltmağa ciddi şəkildə diqqət yetirir. TİS-in qurucusu və müəyyən dərəcədə yalın istehsalın banisi hesab edilən Tayçi Ohno demişdir: "Bizim etdiyimiz yeganə şey müştərinin bizə sifariş verdiyi andan gəlir əldə etdiyimiz ana qədərki vaxt qrafikinə baxmaqdır. Biz əlavə dəyər yaratmayan tullantıları, israfları azaltmaqla və ya aradan qaldırmaqla vaxt itkisini azaldırıq". Yalın terminologiyada istehsal müddətini artıran bu dəyərsiz tullantı növləri Mura ("balanssızlıq"), Muri ("həddindən artıq yükləmə") və Muda ("tullantı") kimi tanınır. Onların hamısı "M" hərfi ilə başladığı və bir-biri ilə sıx bağlı olduqları üçün "3M" adlandırılmışdır.[3]
Muda, mura və muri iş axınına, məhsuldarlığa və nəticədə müştəri məmnuniyyətinə mənfi təsir göstərən üç növ israf yönümlü hərəkətdir. Terminlər yaponcadır və İkinci Dünya müharibəsindən sonra tələb olunan avtomobilləri yaratmaq üçün Tayçi Ohno tərəfindən hazırlanmış idarəetmə fəlsəfəsi olan "Toyota Way"də mühüm rol oynayır.
Muri avadanlıq və ya operatorların imkanlarından artıq yüklənməsinə aiddir. Məsələn, bir maşını çox böyük bir gərginliyə məruz qoymaq, onun mümkün olduğundan daha çox və daha sürətli istehsal etməsini gözləmək və ya bir işçinin eyni vaxtda bir neçə şöbədə işləməsini tələb etmək. Bu, keyfiyyətsizliyə, yaralanma riskinin artmasına və məhsuldarlığın azalmasına səbəb ola bilər. Murini azaltmaq üçün istehsalçılar təlimlərə, avtomatlaşdırmaya sərmayə qoya və ya əlavə işçilər götürə bilərlər.[4]