"My Old Kentucky Home, Good-Night!" (Azərbaycan dilində, Mənim köhnə Kentukki evim, gecən xeyrə!) Stefan Foster tərəfindən təxminən 1852-ci ildə bəstələnmiş sentimental minstrel mahnıdır.[1] O, 1853-cü ilin yanvarında Nyu-Yorkun Firth, Pond & Company adlı amerikan musiqi şirkəti tərəfindən dərc edilib.[1][2] Foster, güman edilir ki, Harriyet Biçerin Tom dayının daxması romanından ilhamlanıb, buna sübut olaraq Fosterin eskiz dəftərindəki "Yazıq Tom dayı, gecən xeyrə!" adlı eskizi göstərmək olar. Bəziləri iddia etmişdi ki, Foster 1850-ci illərdə Bardstovn,Kentukkidəki ziyarət etdiyi Federal Hill adlı əkin sahəsindən ilhamlanıb.[3][4] Lakin, bu ziyarətə dair birbaşa və ya çağdaş bir dəlil ortaya çıxmadı və bu iddia Vilyam Ostin, Ken Emerson və Con Tasker Hovard da daxil olmaqla ən məşhur Foster alimləri tərəfindən etiraz edildi.
Mahnının şərhləri çox müxtəlifdir. Fosterin əksər alimləri, mahnının "Oh Susanna" və "De Camptown Races" kimi əvvəlki ədəbsiz komik minstrel mahnılarından fərqli olaraq sentimental minstrel mahnısı olduğu ilə razılaşırlar. Frederik Duqlas 1855-ci ildə yazdığı "Əsarətim və Azadlığım" adlı tərcümeyi-halında mahnının "köləyə qarşı simpatiya oyandırdığını və beləliklə köləlik əleyhinə prinsiplərin kök saldığı, böyüdüyü və çiçəkləndiyini" yazdı.[5][6] Lakin, mahnının qaraüzlü minstrel şovlara daxil olması şöhrətinə böyük ölçüdə mənfi təsir göstərdi.