Müqəddəs Ruh

Xristianlıq


Xristianlıq

El-Qreko. "Müqəddəs Ruhun zühuru".

Müqəddəs Ruh və ya Rəbbin Ruhu, Allahın Ruhuxristianlıqda Üç üqnumun üçüncü sifəti.

Bibliyanın ilk sətirlərində Allahın Ruhu ifadəsinə rast gəlinir. Tövratın birinci hissəsi olan Yaradılış Kitabı belə başlanır:

"Başlanğıcda Allah göyləri və yeri yaratdı. Yer quruluşsuz və boş idi. Dərin sular üzərində qaranlıq var idi. Allahın Ruhu suların üzərində dolaşırdı. Allah dedi: "Qoy işıq olsun". İşıq oldu".[1]

Xristian inancına görə, Ata Allah hər şeyin mənbəyi, Oğul Allah İlahi Kəlam olaraq hər şeyi var edən Şəxsdir, Allahın Ruhu isə Kainatın mövcudluğunu davam etdirir, həyatla təmin edir. Buna görə də Müqəddəs Ruh şəxssiz qüvvə deyil, İlahi Şəxs kimi qəbul olunur.

Müqəddəs Ruh və xristian kilsəsinin tarixi

[redaktə | mənbəni redaktə et]

Xristianlıqda Müqəddəs Ruh bəşəriyyətin tarixinə birbaşa təsir göstərən Şəxs olaraq çıxış edir. Xristianlar inanırlar ki, İsa Məsih ölüb dirildi, göyə qalxdı, qısa bir müddət sonra, Əllinci Gün bayramında Onun şagirdləri üzərinə Müqəddəs Ruh endi və xristian kilsəsinin tarixi bununla başlandı. Əhdi-Cədidə daxil olan Həvarilərin İşləri Kitabında o gün baş verənlər belə təsvir olunur:

"Əllinci Gün bayramı zamanı onların hamısı bir yerə yığılmışdı. Birdən güclü külək uğultusu kimi göydən bir səs gəlib onlar oturan evin hər tərəfini bürüdü. Onlara göründü ki, nə isə alov kimi dillərə parçalanaraq hər birinin üstünə düşür. Onların hamısı Müqəddəs Ruhla doldu və Ruhun danışdırdığına görə başqa dillərdə danışmağa başladılar".[2]

Həvari Peter bu səs-küyə gələn yəhudilərə bu hadisəni izah etmək üçün Əhdi-Ətiq peyğəmbərlərindən sitat gətirdi:

"Bu gördükləriniz Yoel peyğəmbər vasitəsilə əvvəlcədən deyilən hadisədir. Allah dedi ki, axır zamanda "Bütün bəşər üzərinə Ruhumdan tökəcəyəm. Oğullarınız və qızlarınız peyğəmbərlik edəcək, cavanlarınız görüntülər, ağsaqqallarınızsa röyalar görəcək. O günlərdə qul və qarabaşların üzərinə də Ruhumdan tökəcəyəm, Onlar da peyğəmbərlik edəcək. Yuxarıda – göylərdə xariqələr, aşağıda – yerdə əlamətlər göstərəcəyəm: qan, alov və tüstü buxarları görünəcək. Rəbbin möhtəşəm və əzəmətli günü gəlməzdən əvvəl günəş qaranlığa və ay qan rənginə dönəcək. Rəbbin adını çağıran hər kəs xilas olacaq"".[3]

Beləliklə, Müqəddəs Ruhla dolu həvarilər və digər ilk xristianlar Məsihin Müjdəsini Qüdsdən başqa bölgələrə yaymağa və cəmiyyətlər (icmalar, kilsələr) yaratmağa başladılar.

İsa Məsihin Müqəddəs Ruh haqqında dediyi sözlər

[redaktə | mənbəni redaktə et]

İsa Məsihin Müqəddəs Ruhun gəlməsi haqqında dedikləri Əhdi-Cədidin Yəhya Müjdəsi hissəsində yer alır. Məsih Müqəddəs Ruhu "Təsəlliverici" yaxud "Vəsatətçi" və "Həqiqət Ruhu" adlandırmışdır.

"Mən də Atadan xahiş edəcəyəm və O sizə başqa bir Vəsatətçi göndərəcək ki, daim sizinlə olsun. O, həqiqət Ruhudur. Onu dünya qəbul edə bilməz, çünki Onu nə görür, nə də tanıyır. Sizsə Onu tanıyırsınız, çünki sizinlə qalır və daxilinizdə olacaq".[4]

"Lakin Vəsatətçi – Atanın Mənim adımla göndərəcəyi Müqəddəs Ruh hər şeyi sizə öyrədəcək və söylədiyim bütün sözləri yadınıza salacaq".[5]

"Atadan sizə göndərəcəyim Vəsatətçi – Atanın yanından çıxan həqiqət Ruhu gəldiyi zaman Mənim barəmdə şəhadət edəcək".[6]

"Mənim getməyim sizin xeyrinizədir. Çünki getməsəm, Vəsatətçi yanınıza gəlməz, amma getsəm, Onu sizə göndərəcəyəm. O gələndə günah, salehlik və mühakimə barədə dünyanı ifşa edəcək: günah barədə, çünki Mənə iman etmirlər; salehlik barədə, çünki Atanın yanına gedirəm və daha Məni görməyəcəksiniz; mühakimə barədə, çünki bu dünyanın hökmdarı mühakimə olunub. Hələ sizə söylənəcək çoxlu sözüm var, amma indi bunlar ağlınıza sığmaz. Lakin O – həqiqət Ruhu gələndə sizə hər həqiqətə yol göstərəcək. Çünki heç nəyi Özündən söyləməyəcək, nə eşidirsə, onu söyləyəcək və gələcəyi sizə bildirəcək. O Məni izzətləndirəcək, çünki Mənim olandan götürüb sizə bildirəcək".[7]

Əhdi-Cədid Məktublarında Müqəddəs Ruh haqqında yazılanlar

[redaktə | mənbəni redaktə et]

Əhdi-Cədid Məktublarının müəllifləri Müqəddəs Ruhun möminlərə İlahi sirləri açdığını, müxtəlif ənamlar payladığını, möminləri qüvvəsi ilə möhkəmləndirdiyini, "möhürlədiyini", möminlərə "girov" olaraq verildiyini, möminləri Allahın övladları etdiyini öyrətmişlər.

"Allah sirri mənə vəhy vasitəsilə bildirdi. Bu sirr… Məsihin müqəddəs həvarilərinə və peyğəmbərlərinə Ruh vasitəsilə açılmışdır".[8]

"Çünki heç vaxt peyğəmbərlik insan iradəsi ilə qaynaqlanmamışdır, lakin Müqəddəs Ruh tərəfindən yönəldilən insanlar Allahdan gələn sözləri söylədi".[9]

"Onların daxilində olan Məsihin Ruhu Məsihin əzabları və onlardan sonrakı izzəti barədə əvvəlcədən şəhadət edirdi. Bunların necə və nə vaxt gələcəyi barədə Ruhun nə göstərdiyini araşdırdılar".[10]

"O (Ata), izzətinin zənginliyinə görə Öz Ruhu vasitəsilə sizi daxili varlığınızda qüvvə ilə möhkəmləndirsin".[11]

"Müxtəlif ənamlar var, amma Ruh eynidir. Müxtəlif növlü xidmətlər var, amma Rəbb eynidir. Müxtəlif fəaliyyətlər də var, amma hamısını hər adamda göstərən Allah eynidir. Lakin Ruh hər kəsə xeyri üçün aşkar olunur. Birinə Ruh vasitəsilə hikmət sözü, başqasına isə eyni Ruhla bilik sözü verilir. Digərinə isə eyni Ruh imanı, o birisinə həmin Ruh şəfa ənamlarını verir. Birinə möcüzə yaratmaq, başqasına peyğəmbərlik, digərinə ruhları ayırd etmək qabiliyyəti, bir başqasına müxtəlif dillərdə danışmaq, o birisinə bu dilləri izah etmək ənamı verilir. Bunların hamısı tək və eyni Ruhun fəaliyyətidir. Ruh bu ənamları hər kəsə Öz istədiyi tərzdə paylayır".[12]

"Həqiqət kəlamını, xilasınızın Müjdəsini eşidib Məsihə iman edən zaman siz də vəd olunmuş Müqəddəs Ruhla Onda möhürləndiniz".[13]

"Allahın Müqəddəs Ruhunu kədərləndirməyin. Çünki satınalınma günü üçün o Ruhla möhürləndiniz".[14]

"O (Allah) bizi möhürlədi və Ruhunu qəlbimizdə girov qoydu".[15]

"O (Allah), Ruhunu bizə girov verdi".[16]

"Lakin vaxt tamam olanda Allah qadından, Qanun altında doğulan Öz Oğlunu göndərdi ki, Qanun altında olanları satın alsın və biz övladlığa götürülək. Övladlar olduğunuz üçün Allah Öz Oğlunun "Abba, Ata!" deyərək nida edən Ruhunu ürəklərimizə göndərdi. Buna görə də sən artıq kölə deyil, övladsan. Əgər övladsansa, həmçinin Allahın təyin etdiyi varissən".[17]

"Allahın Ruhu ilə yönəldilənlərin hamısı Allahın oğullarıdır. Axı siz köləlik ruhunu almadınız ki, yenə də qorxu içində yaşayasınız; övladlıq Ruhunu aldınız. Elə o Ruhun vasitəsilə Allaha "Abba, Ata" deyə nida edirik. Elə Ruh Özü bizim ruhumuzla birgə şəhadət edir ki, biz Allahın övladlarıyıq".[18]

Müqəddəs Ruhun səmərəsi

[redaktə | mənbəni redaktə et]

Əhdi-Cədiddə Müqəddəs Ruhun möminin həyatında əmələ gətirdiyi keyfiyyətlər "Ruhun səmərəsi" olaraq vəsf olunur. Müqəddəs Ruhun səmərəsi 9 keyfiyyətdən – məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət, həlimlik və nəfsə hakim olmaqdan ibarət olan müqəddəs xasiyyətdir. Möminlərin Müqəddəs Ruhla dolu olaraq tədricən dəyişilmələri və bu cür xasiyyəti əks etdirmələri gözlənilir.

“Müqəddəs Ruhun səmərəsi isə budur: məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət, həlimlik, nəfsə hakim olmaq”.[19]

Müqəddəs Ruh kilsənin iman simvollarında

[redaktə | mənbəni redaktə et]

Xristian kilsələrinin böyük əksəriyyəti üç böyük iman simvoluna etiqad edir. Bu simvollarda Müqəddəs Ruh haqqında belə yazılmışdır: Apostol inam rəmzi

"Müqəddəs Ruha, müqəddəs Ümumdünya Kilsəsinə, Müqəddəslərin Ünsiyyətinə, günahların bağışlanmasına, bədənin dirilməsinə, əbədi həyata inanıram. Amin".

Nikeya iman simvolu

"Həyat verən Rəbb, Atadan çıxan, Ata və Oğul ilə bərabər səcdə edilməyə və izzətləndirilməyə layiq olan, peyğəmbərlərin dili ilə danışan Müqəddəs Ruha da inanıram".

Afanasi iman simvolu

"Allahın birinci Sifəti Ata, ikinci Sifəti Oğul və üçüncü Sifəti Müqəddəs Ruhdur.

Lakin Ata, Oğul və Müqəddəs Ruh izzətdə bərabər, əzəmətdə əbədi yeganə bir Allahdır. Ata necədirsə, Oğul da belədir, Müqəddəs Ruh da belədir. Ata yaradılmamış, Oğul yaradılmamış və Müqəddəs Ruh yaradılmamışdır. Ata qeyri-məhdud, Oğul qeyri-məhdud və Müqəddəs Ruh qeyri-məhduddur. Ata əbədi, Oğul əbədi və Müqəddəs Ruh əbədidir. Lakin üç əbədi Varlıq deyil, bir əbədi Varlıqdır… Ata Allah, Oğul Allah və Müqəddəs Ruh Allahdır, lakin üç Allah deyil, bir Allahdır.

Ata Rəbb, Oğul Rəbb və Müqəddəs Ruh Rəbdir, lakin üç Rəbb deyil, bir Rəbdir".

Müqəddəs Ruhun rəmzləri

[redaktə | mənbəni redaktə et]

Su insanın həyatı üçün zəruri bir maddə kimi Müqəddəs Ruhun rəmzi olmuşdur.

"Bayramın sonuncu, təntənəli günündə İsa qalxıb nida edərək dedi: "Kim susayıbsa, yanıma gəlib içsin. Müqəddəs Yazılarda deyildiyi kimi, Mənə iman edənin daxilindən həyat suyu axan çaylar çıxacaq". Bunu Ona iman edənlərin alacaqları Ruh barədə söylədi. Ruh isə hələ yox idi, çünki İsa hələ izzətlənməmişdi".[20]

Allah Musaya yanıb-qurtarmayan kolda görünüb alov içindən xitab etmişdir.[21] Əllinci Gündə İsa Məsihin şagirdləri Müqəddəs Ruhla dolanda, Ruh güclü külək və alov kimi onların üzərinə gəlmişdir.[2] Allah Bibliyada "yandırıb-yaxan alov" kimi vəsf olunur.[22] Od rəmzi həmçinin insanı isidən, köhnə və gərəksiz şeyləri yandıran, enerji verən mənasında şərh oluna bilər.

Vəftizçi Yəhya İsa Məsih barəsində demişdir ki, "O sizi Müqəddəs Ruhla və odla vəftiz edəcək".[23]

Həm ibranicə (רוּח Ruax), həm də yunanca (πνεῦμα Pneuma) kəlməsi eyni zamanda "Ruh", "külək", "yel", "fırtına", "nəfəs" mənalarını verir.[24] Buna görə də, İsa Məsih "Yel istədiyi yerdə əsir, onun səsini eşidirsən, amma haradan gəlib haraya getdiyini bilmirsən. Ruhdan doğulmuş adam da belədir" demişdir.[25] Külək hər yeri əhatə edir, sirli, görünməz şəkildə dünyaya təsir göstərir.

İsrail xalqında qədimdən padşahları müqəddəs yağla məhz etmək adəti var idi. Başına yağ tökülən padşahlar (peyğəmbərlər) "məsh olunmuş" (ibranicə משׁיח maşiyax; ərəbcə مسيح məsih) sayılırdı; padşahın başına yağ tökülən zaman onun üzərinə İlahi Ruhun gəldiyinə inanılırdı.

"Şamuel yağ buynuzunu götürüb qardaşları arasında onu məsh etdi və o gündən başlayaraq Davudun üzərinə Rəbbin Ruhu qüvvə ilə endi".[26]

Yağ tökülmək yolu ilə insanın üzərinə gələn İlahi Ruh insanı lazım olan qüvvə, qabiliyyətlər, biliklər ilə təmin edirdi.

"Xudavənd Rəbbin Ruhu üzərimdədir, çünki fəqirlərə müjdəni bildirmək üçün O məni məsh etdi".[27]

"Yəhya şəhadət edib dedi: "Gördüm ki, Ruh göydən göyərçin kimi endi və Onun (İsanın) üzərində qaldı"".[28]

Məlum olduğu kimi, göyərçin sülh rəmzidir. Bundan əlavə, göyərçin şəfqət və həlimlik, paklıq və dinclik mücəssiməsi sayılır. Beləliklə, Müqəddəs Ruhu qəbul edən insan da bu sifətləri nümayiş etdirir. Bu rəmz Allahın həm qüdrətli, həm də rəhmli olaraq vəsf olunması baxımından xristian simvolikasında xüsusi əhəmiyyət kəsb edir.

  1. Yaradılış Kitabı 1:1–3
  2. 1 2 Həvarilərin İşləri 2:1–4
  3. Həvarilərin İşləri 2:16–21; Bax: Yoel Kitabı 2:28–32
  4. Yəhya Müjdəsi 14:16–17
  5. Yəhya Müjdəsi 14:26
  6. Yəhya Müjdəsi 15:26
  7. Yəhya Müjdəsi 16:7–14
  8. Efeslilərə 3:3–5
  9. 2 Peter 1:21
  10. 1 Peter 1:11
  11. Efeslilərə 3:16
  12. 1 Korinflilərə 12:4–11
  13. Efeslilərə 1:13
  14. Efeslilərə 4:30
  15. 2 Korinflilərə 1:22
  16. 2 Korinflilərə 5:6
  17. Qalatiyalılara 4:4–7
  18. Romalılara 8:14–16
  19. Qalatiyalılara 5:22-23
  20. Yəhya 7:37–39
  21. Çıxış 3:15
  22. İbranilərə 12:29
  23. Matta 3:11
  24. Мень А. протоиерей "Библиологический словарь в 3-х т.". Москва: Фонд имени Александра Меня, 2002. "Пневматология"
  25. Yəhya 3:8
  26. 1 Şamuel 16:13
  27. Yeşaya 61:1
  28. Yəhya 1:32

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]