Mürtəza Mütəhhəri | |
---|---|
fars. مرتضی مطهری | |
Doğum tarixi | |
Doğum yeri | Fəriman, İran |
Vəfat tarixi | (60 yaşında) |
Vəfat yeri | Tehran, İran |
Vəfat səbəbi | güllə yarası[d] |
Dəfn yeri | |
Vətəndaşlığı | İran |
Uşağı | 7 (Əli Mütəhhəri daxil olmaqla) |
Elm sahələri | Fiqh, Kəlam, Fəlsəfə |
İş yeri | |
Təhsili |
|
Elmi rəhbərləri | Seyid Hüseyn Bürucirdi, Ruhullah Xomeyni, Əllamə Təbatəbai |
Tanınmış yetirmələri | Əbdül Rəhim Əqiqi Bəxşayeşi[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Mürtəza Mütəhhəri (fars. مرتضی مطهری; 31 yanvar 1919[1][2], Fəriman, Rəzəvi Xorasan ostanı – 1 may 1979[1][3][…], Tehran) — İranlı ilahiyyatçı, fəqih, kəlamçı, fəlsəfəçi, ayətullah, siyasətçi.
İslam fəlsəfəsinin inkişafında müstəsna rolu olan fəlsəfəçi. İran İslam İnqilabının əsas ideoloqlarından biri.[4]
Mürtəza Mütəhhəri 1919-cu il fevralın 2-də İranın Xorasan vilayətinin Fəriman kəndində ruhani ailəsində dünyaya gəlib. Onun atası şeyx Məhəmməd Hüseyn dövrünün ruhanisi olub.[5] Mürtəza Mütəhhəri doğulduğu qəsəbədə ilkin təhsilini alsa da, 1931-ci ildə, 12 yaşında Məşhəd şəhərinə gələrək mədrəsə təhsili almağa başlayır. Məşhəddə təhsil aldıqdan sonra 1937-ci ildə İslam elmi hövzəsi olan Qum şəhərinə yollanır. M. Mütəhhəri Qumda 15 il İslam elmlərini öyrənir. Bu müddətdə o, Ayətullah Təbatəbai Burucerdi, Ruhullah Xomeyni, Əllamə Təbatəbai Təbrizi, Seyid Muhəmməd Hüccət, Seyyid Sədrəddin Sədr, Seyyid Muhəmmədtəqi Xansari kimi alimlərdən dərs alır. Onun təhsil aldığı elmlərin siyahısı isə çox zəngin idi. Ayətullah Xomeynidən fiqh və üsul, Burucerdidən Molla Sədra fəlsəfəsini, əxlaq, üsul və ilahiyyat, ibn Sina təbabətini və digər mühüm İslam elmlərini isə Məhəmmədhüseyn Təbatəbaidən öyrəndi. Bundan başqa, dövrün böyük irfan ustadı Ayətullah Mirzə Əli Şirazidən irfan dərslərini aldı. M.Mütəhhəri Qumda təhsillə yanaşı, ictimai işlərdə də fəallıq göstərir, şah Məhəmməd Rza Pəhləvinin əleyhinə fəaliyyət göstərən təşkilatla əməkdaşlıq edirdi.[6]
1952-ci ildə ustad Mürtəza Mütəhhəri təhsilini başa vuraraq Tehrana gəlir. Bu zaman o, artıq dövrünün savadlı ruhanilərindən biri idi. Tehranda olduğu müddətdə M.Mütəhhəri həm elmi tədqiqatla məşğul olur, fəlsəfi, elmi mövzuda əsərlər yazır, həm də müsəlmanlar qarşısında müxtəlif dini, elmi mövzularda çıxışlar edirdi. Həmin dövrdə müəllimi Məhəmməd Hüseyn Təbatəbainin qələmə aldığı “Fəlsəfə prinsipləri və realizm metodu” kitabına giriş yazır və 5 cilddə şərh edir. O bu işi 1953-cü ildə sona çatdırır.[6][7]
1955-ci ildən başlayaraq "Tələbə İslam Cəmiyyəti"ndə təfsir dərsləri verir, daha sonra isə Tehran Universitetinin İlahiyyat fakültəsində müəllim kimi fəaliyyətə başlayır. 1959-cu ildə isə Mütəhhəri "Müsəlman Təbiblər Cəmiyyəti"nə spiker kimi dəvət olunur. Orada o günə kimi müzakirə olunmayan “İslam və zamanın ehtiyacları”, “Teizm” mövzusu kimi bir çox elmi əhəmiyyətli çıxışlar edir. Qumda Ayətullah Xomeynidən dərs alan Mürtəza Mütəhhəri ondan həm də inqilab ideyalarını öyrənmişdi. Hələ gəncliyindən ictimai-siyasi proseslərə fəal şəkildə qatılan Xomeyninin bu tələbəsi 1962-ci ildən sonra inqilabi proseslərə qoşulur. "15 xordad" (xordad İranda ay adıdır, xordadın 15-də şah hökumətinə qarşı İranda ciddi etiraz aksiyası keçirilir) hadisələrinin əsas təşkilatçısı olur. Eyni zamanda Tehranda müsəlmanlar qarşısında etdiyi çıxışlarda şah hakimiyyətini sərt şəkildə tənqid edir, insanlar arasında İslam inqilabı ideyalarını yayırdı. Məhz sərt çıxışlarına görə 1963-cü ildə həbs olunur. Ancaq az sonra azad edilərək yenidən inqilabi fəaliyyətini davam etdirir.[6]
Bu dövrdə İranda həm də islam inqilabının nəzəri əsasları hazırlanırdı. Əgər İmam Xomeyni Nəcəfdə xaric dərslərində ruhanilərə siyasi İslam hakimiyyətinin nəzəri əsaslarını işləyib hazırlayır və tədris edirdisə, Mürtəza Mütəhhəri Tehranda sadə xalq kütlələri arasında İslam inqilabının ideya və dəyərlərini açıqlayır, cəmiyyəti yeni dövrə hazırlayır, inqilabı xalqın daxilində yaradırdı. Bu həm də dövrün sərt qanunlarına qarşı ideoloji savaş idi. Mütəhhəri bu savaşdan qalibiyyətlə ayrıldı. 1967-ci ildə onun rəhbərliyi ilə Tehranda "İrşad Hüseyniyyəsi" yaradıldı. Bu mərkəz İslam inqilabının ideya bazası oldu.[6]
1967-ci ildə o dövrün elmi müzakirə mərkəzi sayılan “İrşad” İslam Mədəniyyət Mərkəzi təsis edilərkən Mütəhhəri oranın əsas üzvlərindən biri olur. “İrşad”da Mütəhhəri ilə yanaşı, Dr. Əli Şəriəti kimi dövrün digər ziyalıları da çıxış etməyə başlayır.[6]
Bir neçə il sonra “İrşad” İslam Mədəniyyət Mərkəzindən ayrılsa da, fəaliyyətini, çıxışlarını müxtəlif yerlərdə davam etdirir. Elmi-ictimai fəaliyyəti ilə yanaşı, dövrün problemlərini ələ alan əsərlər üzərində də işləyir.[6]
Ustad Mütəhhəri həm də İslami vəhdət ideyasının ən fəal təbliğatçılarından biri idi. Onun Fələstin və Qüdsün azad olunması mövzusundakı çıxışları bu gün də aktuallığını qoruyub saxlayır. Məhz İsrail əleyhinə sərt çıxışlarına görə şah hökuməti M.Mütəhhərini həbs etdirdi. Amma bütün bu təzyiq və təqiblər Mütəhhərini başladığı mübarizədən kənarlaşdıra bilmədi. Nəhayət şah hökuməti ən sonuncu vasitəyə əl atdı: Mütəhhərinin insanlar qarşısında çıxış etməsi yasaqlandı. Bundan sonrakı dövrdə o, kütlə qarşısında çıxış edə bilmirdi.[6][8]
1976-cı ildə Mütəhhəri İraqa gedərək burada sürgün həyatı yaşayan İmam Xomeyni ilə görüşür. Bu həm də inqilabın yeni dönəminin başlanğıcı idi. Bu tarixdən ömrünün sonuna qədər Mürtəza Mütəhhəri İslam inqilabının əsas təşkilatçılarından biri olur. Tehranda şahın devrilməsi ilə sonlanan böyük xalq üsyanının, İmam Xomeyninin İrana qayıtması hadisəsinin əsas təşkilatçılarından biri Mütəhhəri idi.[6]
1979-cu il mayın 1-i, axşam saat 22:20 radələrində Tehran şəhərində «İrşad Hüseyniyyəsi»nin qarşısında Xalqın Mücahidləri təşkilatının üzvləri tərəfindən öldürülmüşdür.
Mürtəza Mütəhhərinin vəfatından sonra alimin çıxışları onun varisləri tərəfindən (“Sədra” Nəşriyyatı) kağız üzərinə köçürülərək kitab formasına salınmağa başlandı. 30 ildən artıq aparılan işlər nəticəsində alimin kitabları ərsəyə gəldi. Hazırda bu işlər yekunlaşmaq üzrədir. Çıxışlardan hazırlanan və alimin öz sağlığında yazdığı kitabların məcmusu təxminən 60 adda kitabın meydana çıxmasına səbəb oldu. Bu kitabların bəzisi 2-14 arasında dəyişən cildlərdən ibarətdir ki, bunlar da nəzərə alınsa, alimin külliyyatı 100 cildi keçir.
Bu kitabların əksər hissəsi şifahi nitqin məhsulu olduğuna, həmçinin keyfiyyətsiz lent yazılarından köçürülməsinə görə əsərlərdə səthi pərakəndəlik nəzərə çarpır.
Mütəhhəri sağlığında yaşadığı ölkədə, onu dinləyə bilənlər tərəfindən, həmçinin azsaylı çap olunmuş əsərlərinin oxucuları tərəfindən tanınırdısa, ölümündən sonra çıxışlarının kitab halına salınması və bu kitabların müxtəlif dünya dillərinə tərcümə olunması nəticəsində artıq müsəlman dünyasında tanınmağa başladı.
Mürtəza Mütəhhərinin Azərbaycan dilinə tərcümə olunmuş əsərləri:
22.Örtünmə a layışı