Mədinənin mühasirəsi

Mədinənin mühasirəsi
Birinci dünya müharibəsi
Ərəb üsyanı
T.E. Lourens Akkəbə şəhəri ətrafında
T.E. Lourens Akkəbə şəhəri ətrafında
Tarix iyun 1916 – 10 yanvar 1919
Yeri Mədinə, Hicaz vilayəti
Nəticəsi ərəblərin və britaniyalıların qələbəsi
Münaqişə tərəfləri

Osmanlı İmperiyası

Hicaz krallığı
Böyük Britaniya Böyük Britaniya

Komandan(lar)

Fəxrəddin paşa

Şərif Hüseyn
Feysəl ibn Hüseyn
Abdullah ibn Əl-Hüseyn
Böyük Britaniya Edmund Allenbi
Böyük Britaniya Tomas Edvard Lourens T.E. Lourens

Tərəflərin qüvvəsi

Hicaz Ekspedisiya Qüvvələri
1916
3.000[1]
1918
11.000[2]

ərəb üsyançılar
1916
30.000 [3]
1918
50.000 [4]
Böyük Britaniya
Britaniya Hərbi Hava Qüvvələrinin dəstəyi

İtkilər

Qarnizonun 8.000 əsgəri Misirə nəql olundu, bir qismi xəstəliklərdən vəfat etdi, digər bir qismi isə müxtəlif bölgələrə göndərildi[2]
•Bütün silah-sursat üsyançı qüvvələrinin əllərinə keçdi.[2]

Bilinmir (ağır)

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mədinənin mühasirəsi (ərəb. حصار المدينة المنورة‎, türk. Medine Kuşatması, ing. Siege of Medina) və ya Mədinənin müdafiəsi (türk. Medine Müdafaası) — 1916-cı ildən 1919-cu ilə qədər dəvam edən, Fəxrəddin paşanın rəhbərlik etdiyi Osmanlı qüvvələri ilə Britaniya-Hicaz qüvvələri arasında baş vermiş döyüş. Mədinənin mühasirəsi Birinci dünya müharibəsi zamanı baş qaldıran Ərəb üsyanının nəticəsi idi.

Şərif Hüseynin 1916-cı ildə Britaniyanın dəstəyi ilə başlatdığı mühasirə 2 il 7 ay davam etdi. Mühasirə Mudros müqaviləsinin imzalanmasından sonra VI Mehmedin israrı ilə Fəxrəddin paşanın rəhbərlik etdiyi qarnizon qüvvələrinin təslim olması ilə sona çatdı. Mədinədəki Osmanlı qarnizonu sülh müqaviləsinin şərtlərinə görə təslim olan son Osmanlı hərbi birliyi idi. Münaqişə zamanı mədinəlilərin böyük bir hissəsi şəhəri tərk etmişdi. Mühasirə sona çatandan sonra Fəxrəddin paşa britaniyalı komandirlər tərəfindən ələ keçirildi və Maltaya sürgün edildi.

İnzibati mərkəzdən uzaqda yerləşən Mədinədəki Osmanlı qarnizonu Hicaz dəmiryolu üzərində lojistik əlaqələrin qurulmasını təmin edirdi. 1916-cı ilin iyun ayında başlayan üsyana qədər bu vəzifənin yerinə yetirilməsində heç bir problem yox idi.

II Əbdulhəmid dövründə İstanbulda saxlanılan Şərif Hüseyn Konstitusiyalı monarxiyaya əsasən Məkkə şərifi olaraq İttihad və Tərəqqi hökuməti tərəfindən Hicaza göndərildi. İttihad və Tərəqqi hökumətinin "Türkçülük" siyasətini müdafiə edən Şərif Hüseyn 1916-cı ilin iyun ayında üsyan başlatdı.[5]

Britaniyanın rabitə zabiti kimi uzun illər Ərəbistan yarımadasında casusluq fəaliyyəti ilə məşğul olan Tomas Edvard Lourensin səyləri üsyanda böyük rol oynamışdır. Britaniyanın baş verən üsyana yardımının ən əhəmiyyətli səbəbləri, Ərəbistan yarımadasının neft ehtiyatlarına sahib olması və baş verəcək üsyan nəticəsində Osmanlı ordusunun gücünün parçalanacağı idi.

Mühasirədən az əvvəl üsyançıların Mədinə şəhərinə hücum edəcəyini təxmin edən Fəxrəddin paşa şəhərin bütün müqəddəs reliktlərini gizli şəkildə İstanbula göndərdi.

Britaniyanın hər cəhətdən dəstəklədiyi və möhkəmləndirdiyi ən nizamsız bədəvi milisindən ibarət olan Haşimi-ələyhdarı ordu, Ciddə, Məkkə, Taif, YanbuAkkəbə şəhərlərini ələ keçirərək, Mədinə şəhərinin Osmanlı İmperiyasının mərkəzi ilə əlaqəsini mühasirəyə almışdı. Mədinə şəhərinə hücum edən üsynaçılar isə Osmanlı ordusu tərəfindən darmadağın edildilər.

Bu məğlubiyyətdən sonra üsyançılar yeni döyüşlərə girmir, Mədinə şəhərində hərbi mühasirə qura bilmirdilər. Ancaq Mədinənin Osmanlının mərkəzi ilə əlaqəsinin tamamilə kəsilməsi, əsgərlərin sabotaj fəaliyyətləri və vur-qaç tipli partizan hücumları, Osmanlı qarnizonunun şəhərdə çarəsiz qalması ilə nəticələnmişdi.

Üsyan boyunca, xüsusilə şəhərli ərəblər üsyanı dəstəkləməmiş və tanımamışdır. Buna görə, üsyançı qüvvələr şəhərə hücum üçün yeni hərbi güc formalaşdıra bilmədilər və mühasirə zamanı Osmanlı qarnizonuna yenidən hücum etməyə özlərində cəsarət tapmadılar. Britaniya isə Hicaz bölgəsinə simvolik səbəblərdən əsgər qoymaq istəmirdi. Digər tərəfdən, Birinci dünya müharibəsinin gedişi Osmanlı İmperiyasına qarşı çevrildiyinə görə Osmanlının Hicaz əleyhinə hərbi kampaniya təşkil etməsi mümkün olmamışdı. Bu şəraitdə, mühasirə hər iki tərəf üçün çıxılmaz bir vəziyyət halına gəlmişdi.

Şəhəri müdafiə edən Osmanlı qarnizonu üçün şərait daha pis idi. Çünki Fələstin cəbhəsindən pis xəbərlər gəlməyə başlamışdı. 7 noyabr 1917-ci ildə Qəzzə şəhəri, 26 dekabr 1917-ci ildə isə Qüds şəhəri işğal edilmişdi. 21 sentyabr 1918-ci ildə baş verən Meqiddo döyüşündə isə Osmanlının Sinay və Fələstin cəbhəsini təşkil edən 4-cü, 7-ci və 8-ci orduları darmadağın edildi. Beləliklə, Sinay və Fələstin cəbhəsi tamamilə məğlub edildi, Mədinə qarnizonunun yenidən Osmanlı orduları ilə əlaqə qurma ümidi puç oldu.

Mədinə əhalisinin əhəmiyyətli bir hissəsi müqavimət göstərmədən şəhəri tərk etmişdi. Mühasirədən əvvəl qarnizonun ehtiyaclarını qarşılamaq üçün kömək istəməsinə baxmayaraq, bu tələblər imkansızlıqlar bəhanə edilərək rədd edilmişdi. Mühasirənin ilk aylarından etibarən Osmanlı əsgərləri hər baxımdan ciddi çətinliklər yaşadılar. Xüsusilə qısa zaman içində qida ehtiyatı tükənmiş, əsgərlər arasında xəstəliklər yayılmağa başlamışdı. Qarnizon təslim olduğu zaman, haşimi-ələyhdarı ordunun ələ keçirdiyi ərzaq yalnız xurma və qurudulmuş çəyirtkədən ibarət idi. Lakin qarnizon komandiri Fəxrəddin paşa bütün çətinliklərə baxmayaraq, müsəlmanların müqəddəs hesab etdiyi Mədinə şəhərini sonuna qədər müdafiə etmək qərarına gəlmişdi.

1918-ci ilin sentyabr ayında Misirdəki Britaniya kral müvəkkili Edmund Allenbi Fəxrəddin paşanı yola gətirmək üçün ona bir məktub ünvanladı:

" Mədinəni uzun müddət müdafiə etmək üçün siz bir əsgər və bir türk vətənpərvəri olaraq, hökmdarınız, ölkəniz, şəxsi qürurunuz naminə əlinizdən gələni etmişsiniz. Yuxarıda qeyd edilənləri və ümidsiz hərbi vəziyyətinizi nəzərə alaraq, çox sayda qurban verilməsi ilə nəticələnəcək faydasız müqavimətin uzadılmasının doğru olmadığını anlamağınızı sizdən xahiş edirəm.[6] "

Fəxrəddin paşa Britaniya tərəfindən göndərilən bu və bunun kimi digər təslim olma təkliflərinin hamısını rədd etmişdir. Lakin şəraitin çətinliyi və çarəsiz vəziyyət qarnizondan kütləvi əsgər qaçışlarının sayını artırmışdı. Həmçinin zabitlər arasında da narazılıq halları artırdı.

Sonrakı aylarda digər cəbhələrdə məğlubiyyətə uğrayan Osmanlı İmperiyası Birinci dünya müharibəsində məğlub oldu, Mudros sülh müqaviləsini imzalandı və Osmanlı ordusu müqavilənin şərtlərinə əsasən demobilizasiya olundu. Müqavilənin surəti Mədinəyə də göndərilmişdi. Britaniyalılar Fəxrəddin paşa və ordusunun təslim olmasını əmr etdi. Lakin Fəxrəddin paşa bu məğlubiyyəti qəbul etmədi və müqaviməti davam etdirmə qərarına gəldi. Təkrarlanan əmrlərə baxmayaraq, qarnizon müqavilənin imzalanmasından yalnız 3 ay sonra təslim oldu.

Mühasirədən sonra

[redaktə | vikimətni redaktə et]

Mühasirə bitdikdən sonra Fəxrəddin paşa britaniyalılar tərəfindən əsir alınıb Maltaya sürgün edildi. Mədinədə göstərdiyi müqavimət ona yerli əhali arasında böyük hörmət qazandırdı. Buna görə də, Tomas Edvard Lourens ona "Desert Tiger" (azərb. "Səhra pələngi"‎) titulunu vermişdi. İllər sonra Maltadan qaçan Fəxrəddin paşa Anadoluya geri qayıtmış və Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak etmişdir.

Əsir saxlanan Osmanlı əsgərləri Misirdəki həbs düşərgələrinə göndərildi. Yalnız Hilal-i Əhmər təmsilçilərinə bir müddət də Mədinədə qalıb yola çıxa bilməyən yaralı Osmanlı əsgərlərini müalicə etməyə icazə verildi. Müqavimət müddətində Mədinə şəhərində olan Hilal-i Əhmər könüllüsü Fəridun Qandəmir, Osmanlı əsgərlərinin Mədinədən ayrılmasını belə təsvir edir:

" Bəziləri qolsuz, bəziləri ayaqsız əsgərlərin bir-birinə kömək edərək halsız-halsız son dəfə Harəmüşşərifi ziyarətə yollanaraq Rəvzaya üzlərini sürtərək, dualar edərək vidalaşması görülməsi gərəkən bir mənzərə idi. Britaniya qızılları ilə yemlənib türkə diş qıcıdan bəzi dırnaqarası ərəblər belə bu mənzərəni görüb göz yaşlarını tuta bilmirdilər. Bizim ilə bərabər Mədinədə qalıb aylardır dəvam edən mühasirənin hər cür çətinliyini görən, aclığa dözən yerli ərəblər isə əsl matəm içində ağlayırdılar.[7] "

Abdullah ibn Əl-Hüseyn və onun qoşunları 13 yanvar 1919-cu ildə Mədinə şəhərinə daxil oldu. Təslimdən sonra ərəb əsgərləri şəhəri 12 gün talan etdilər. Osmanlı zabitləri tərəfindən kilidlənmiş və qorunmuş ümumilikdə 4 850 ev yağmalandı.[8] Osmanlı əsgərlərinin əlində olan bütün silahlar, döyüş sursatı və materiallar haşimilərin əlinə keçdi. Müqavimətin sona çatmasından sonra Mədinə şəhəri Şərif Hüseynin əlinə keçdi. Lakin az keçmiş üsyan qaldıran Səudlar sülaləsi Mədinəyə yiyələndilər və Şərif Hüseyn məğlub edilərək Hicazı tərk etməli oldu.

  1. Military Intelligence and the Arab Revolt: The first modern intelligence war (azərb. Hərbi Zəka və Ərəb Üsyanı: İlk müasir zəka müharibəsi‎), Polli a. Mohs, ISBN 1-134-19254-1, Routledge, səhifə 40.
  2. 1 2 3 Süleyman Beyoğlu, The end broken point of Turkish - Arabian relations: The evacuation of Medine, Atatürk Atatürk Research Centre Journal (Number 78, Edition: XXVI, November 2010) (Turkish). 8,000 Ottoman troops surrendered at the end of the Siege of Medina and were evacuated to Egypt afterwards.
  3. Spenser S. Taker, Ərəb Üsyanı (1916-1918) Arxivləşdirilib 2014-04-16 at the Wayback MachineI Dünya Müharibəsi Ensiklopediyası, ABC-CLIO, 2005, ISBN 1-85109-420-2, səhifə 117.
  4. Mehmet Bahadir Dördüncü, Mecca-Medina: the Yıldız albums of Sultan Abdülhamid II, Tughra Books, 2006, ISBN 1-59784-054-8, səhifə 29.
  5. Osmanlı'ya ihanet eden aileyi saran lanet çemberi, Mustafa Armağan, 17 aprel 2011 tarixli Zaman qəzeti
  6. Medine Müdafaası, Feridun Kandemir, Nehir Yayınları, s. 530, İstanbul, 1991
  7. a.g.e., Feridun Kandemir, s. 235
  8. Başbakan Erdoğan'ın sır konuşması Arxivləşdirilib 2022-04-15 at the Wayback Machine, Sabah, 24.03.2012 (türk.)

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]