Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Sultanlıq və ənənəyə görə Xilafət | |||||
Məmlük dövləti | |||||
---|---|---|---|---|---|
سلطنة المماليك / دولة المماليك Dawlat al-Mamālīk Saltanat al-Mamālīk | |||||
|
|||||
|
|||||
|
|||||
Paytaxt | Qahirə | ||||
Rəsmi dilləri |
Ərəb dili[1] Kuman-qıpçaq dili[1] çərkəz dili[2] |
||||
Dövlət dini |
Sünni İslam Şiə İslam Xristian azlıqlar |
||||
İdarəetmə forması | Monarxiya | ||||
Sultanlar | |||||
• (1250–1382) | Bahri Məmlükləri | ||||
• (1382–1517) | Burci Məmlükləri | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Məmlük dövləti – Misir, Suriya və Hicazda hökm sürən müsəlman türk dövləti (1250–1517). Misirdə Əyyubi ordusundakı türk əsilli əmirlər tərəfindən qurulan, dövrün tarixçilərinin türk dövləti olaraq adlandırdığı Məmlüklər , Bahrilər və Burcilər olmaqla 2 dövrə ayrılır .
Əyyubi hökmdarı Əs-Saleh Əyyubun qıpçaq ölkəsi və Şimali Qafqazdan gətirdiyi türk əsilli məmlüklərdən ibarət olan və Məmalikül-Bahriyyə adını alan xüsusi birliklər çox keçmədən Əyyubi ordusunun ən önəmli hissəsinə çevrilmişdi. Əs-Saleh Əyyubun ölümünün dərhal ardından Fransa kralı IX Lüdoviqin rəhbərliyindəki səlib ordusuna qarşı qazanılan Mənsurə və kralla birlikdə bir çox xaçlı komandirinin əsir düşdüyü Fariskur (7 aprel 1250) döyüşlərində ən böyük rolu bu hərbi dəstələr oynamışdı. Ancaq yeni Əyyubi sultanı Turan Şah onların qazandığı nüfuzu öz taxtına rəqib hesab etdi və məmlüklər arasındakı güclü komandirləri vəzifədən almağa başladı. Bundan başqa taxta çıxarkən güclü dəstəyini aldığı türk əsilli ögey anası Şəcərəddür Xatunu atasının xəzinəsini gizlətməklə günahlandıraraq sarayda nəzarət altına aldı. Nəticədə Bahri əmirlərindən Baybars Əl-Bunduqdari və yaxın adamları sui-qəsd tərtibləyərək Turan Şahı öldürdülər. Onun ölümüylə Misirdə Əyyubilər dövrü başa çatmış, yerinə Məmlüklər adıyla tanınan yeni bir türk dövləti qurulmuş oldu.
Baybars Əl-Bunduqdari və adamları vaxtilə qulluq etdikləri Nəcməddin Əyyubun dul xanımı Şəcərəddür Xatunu taxta çıxarmış, onun qullarından İzzəddin Aybək Əl-Mənsuru da atabəy elan etmişdilər. Türk əsilli olması səbəbilə bir çox tarixçinin ilk Məmlük sultanı hesab etdiyi Şəcərəddür Xatun əsir tutulan Fransa kralıyla razılığa gələrək Dimyat bölgəsinin boşaldılması, ağır vergi və İslam ölkəsinə hücum edilməməsi şərtiylə onu azadlığa buraxdı. Ancaq bağlanan bu sülh onun taxtını möhkəmləndirə bilmədi. Belə ki, Suriya Əyyubiləri Misir sultanlığını onun əlindən almaq məqsədilə fəaliyyətə başlamışdı. Bundan başqa qadın olması səbəbilə də onun sultanlığı qəbul edilməməkdə idi. Bu əsnada Bağdadda olan Abbasi xəlifəsi Müntəsimin vasitəçiliyi və Bahri əmirlərinin məsləhəti ilə İzzəddin Aybəklə evlənən Şəcərəddür Xatun 80 gün qaldığı taxtını ona təslim etdi. Beləliklə, tarixçilərin qəbul etdiyi ilk Məmlük sultanı İzzəddin Aybək taxta çıxmış oldu və Məmlüklər dövləti rəsmi olaraq quruldu (3 iyul 1250).
Sultan İzzəddin Aybək, taxtından çəkilib yerinə Əyyubilərdən 6 yaşlı Əl-Məlikül-əşrəf Musanı taxta çıxarsa da, Misirə hücum edən Suriya Əyyubilərinin qarşısını ala bilmədi. Ancaq Abbasiyə yaxınlığında Əyyubilər məğlub edilmiş, bu əsnada meydana çıxan monqol təhlükəsi iki tərəf arasında sülh bağlanmasına səbəb olmuşdu (aprel 1253). Əyyubi əmirlərinin Məmlük dövlətini rəsmi olaraq tanıması səbəbilə böyük önəm daşıyan bu sülh razılığı ilə Ürdün çayı iki dövlət arasında sərhəd qəbul edildi.
Daha sonra daxildəki düşmənləri ilə məşğul olan İzzəddin Aybək Bahri əmirlərinə qarşı mübarizəyə başladı. Onlardan xilas olan Sultan Aybək monqolların Bağdada hücum etməsini bəhanə edərək uşaq yaşdakı sultanı devirərək yenidən taxta çıxdı. Ardından Said bölgəsində başlayan üsyanları yatırdı və Əyyubi əmirləri ilə yeni bir sülh bağlayaraq səltənətini möhkəmləndirdi. Ancaq bu əsnada siyasi bir evlilik planlaşdıran Sultan Aybək Mosul əmirinin qızıyla evlilik hazırlığında ikən xanımı Şəcərəddür Xatunun tərtiblədiyi bir saray çevrilişində sui-qəsdlə öldürüldü (9 aprel 1257).
Vəziyyəti ələ alan Sultan Aybəkin məmlükləri, onun əvvəlki xanımından olan oğlu Nurəddin Əlini sultan, öz aralarından seçdikləri Seyfəddin Qotazı isə sultan naibi elan etmişdilər. 15 yaşında taxta çıxan Nurəddin Əli dövründə (1257–1259) bütün səlahiyyətləri əlinə alan Seyfəddin Qotaz, 1258-ci ildə Abbasi xilafətini aradan qaldıran monqolların Suriya istiqamətində irəliləməsinin ardından çağırdığı məşvərət məclisində səsvermə ilə sultan elan olundu (5 noyabr 1259). Bu əsnada İslam tarixinin ən kritik illəri yaşanmaqda idi. Bahri Məmlük əmirlərinin Misirə dönməsi ilə gücünü artıran Seyfəddin Qotaz Hülakü xanın təslim olma təkliflərini rədd edərək ordusuyla birlikdə Fələstinə qədər irəlilədi. Bu bölgədə monqollara qarşı tarixin axarını dəyişəcək döyüşlərdən biri olan Əyn Cəllud döyüşünü qazandı (3 sentyabr 1260) və Suriyanın böyük bir hissəsini Məmlüklərə birləşdirdi. Məmlüklərə təslim olan Həma, Homs və Kərək əmirləri vəzifələrində qaldı. Bu qələbədən sonra Məmlüklər İslam dünyasının ən böyük dövlətinə çevrildi və bu xüsusiyyətlərini Osmanlıların yüksəliş dövrünə qədər davam etdirdilər. Ancaq qələbəsiylə tarixə damğa vuran Seyfəddin Qotaz onu qarşılamaq üçün bəzədilən paytaxtına çata bilmədi. Belə ki, müharibənin qazanılmasında böyük rol oynayan Bahri əmirlərindən Baybars Əl-Bunduqdari və adamları tərəfindən dönüş yolunda qətlə yetirildi (23 oktyabr 1260).
Bahri əmirləri tərəfindən elan edilən və dövlətin həqiqi qurucusu hesab edilən I Baybars ilə birlikdə Məmlük tarixində yeni bir dövr başladı. Səltənətini dini qanunlara əsaslandırmaq və bununla da səltənətini möhkəmləndirmək üçün Sultan Baybars Abbasi ailəsindən bir nəfəri xəlifə elan edərək Abbasi xilafətini Misirdə yenidən təsis etdi. Beləliklə, xilafətin himayədarı olaraq bütün İslam ölkələrində söz sahibi oldu. Məkkə şərifinin də etibarını qazanaraq müqəddəs torpaqları və Qırmızı dəniz sahillərini də hakimiyyəti altına aldı. Dövlətin idarəetmə strukturunu dəyişdirərək özündən sonra gələn sultanların da riayət edəcəyi bir dövlət siyasəti yeritdi. 17 il davam edən səltənəti dövründə (1260–1277) Elxanlılar və səlibçilərlə mübarizə apardı. Kilikiya erməni çarlığını və Nube krallığını illik vergiyə cəlb etmiş, Antakya knyazlığını ortadan qaldırmış, batıniləri özünə tabe etmişdi.
Sultan Baybarsın vəliəhdi olaraq 18 yaşında taxta çıxan Bərkə xanın səltənəti isə qısa oldu (1277–1279). Üsyan qaldıran əmirlərə qarşı mübarizə apara bilmədi və taxtdan öz istəyilə çəkildi. Üsyançıların sultan namizədi olan Seyfəddin Kalavun isə orduda əksəriyyət təşkil edən Sultan Baybars məmlüklərindən çəkindi və onun oğullarından hələ 7 yaşındakı Sulamışı sultan elan etdi və özünü sultanın atabəyi elan etdi. Müdəbbir-ül məmləkə ünvanıyla dövlət idarəsini 3 ay boyunca ələ alan Seyfəddin Kalavun bu müddət ərzində Sultan Baybarsa sadiq məmlükləri vəzifədən alaraq taxta çıxdı (26 noyabr 1279).
Kalavun keçmiş dostu Sultan Baybarsın yeritdiyi siyasəti davam etdirdi və Elxanlılar, Kilikiya erməni çarlığı və səlibçilərlə mübarizə apardı. Suriyaya hücum edən Elxanlı ordusunu Homs yaxınlığında ağır məğlubiyyətə uğratdı (29 oktyabr 1281). Elxanlılarla müttəfiq olan bölgədəki xristian idarəçiləri ortadan qaldırmaq istəsə də, Əkka səfəri üçün Qahirədən ayrıldığı əsnada vəfat etdi (1290). Sultan Kalavunun ən önəmli icraatı isə özünə tabe olan məmlüklər arasından seçib önəmli qalaların bürclərində yerləşdirməsi idi. Bu bürclərdə istehkam olunan əmirlər daha sonra səltənəti ələ keçirəcək, Burci Məmlüklərin baniləri olmuşdur. Sultan Kalavun yeritdiyi yeni torpaq islahatı ilə iqta sistemini də nizamlamış, ticarəti yaxşılaşdırmaq üçün müsəlman və xristian hökmdarlarla hərbi, siyasi və ticarət andlaşmaları bağlamışdır.
Sultan Kalavundan sonra yerinə keçən oğlu Əl-Məlikül-əşrəf Xəlil (1290–1293) atasının hazırladığı orduyla səlibçilərin bölgədəki yeganə mərkəzi olan Əkka qalasını alaraq, bu bölgədə 200 ildir davam edən səlibçi varlığına son qoymuşdur. Ancaq döyüş meydanındakı gücünü dövlət idarəsində göstərə bilmədi və apardığı yanlış təyinat səbəbilə sui-qəsdlə öldürüldü. Sultan Kalavunun ailəsinə sadiq qalan əmirlər, üsyanı yatıraraq onun 9 yaşındakı oğlu Məhəmmədi "Əl-Məlikül-nasir" ünvanıyla taxta çıxardılar. 3 dəfə (1293–1294, 1299–1309, 1310–1341) Misir taxtına əyləşən Əl-Məlikül-nasir Məhəmməd ilk səltənətində sultanlıq tacını iki il daşıya bildi. Onu taxtından endirən Əl-Məlikül-adil Zeynəddin Kitbuğa (1294–1296) müxaliflərlə mübarizə apara bilmədi və taxtdan çəkildi. Sultan elan edilən Əl-Məlikül-mansur Hüsaməddin Laçın (1296–1299) isə bir sui-qəsdə qurban getdi. Nəhayət Əl-Məlikül-nasir Məhəmməd ikinci dəfə taxta çıxdı. 10 il davam edən ikinci səltənətini isə əmirlərin dövlət müdaxiləsindən bezərək özü sonlandırmışdı. Ancaq bir il keçmədən Əl-Məlikül-müzəffər Baybars Əl-Çaşnigirdən taxtını geri aldı (1310). Üçüncü dəfə taxta çıxarkən 25 yaşında idi və bütün səlahiyyətləri əlində cəmləşdirərək 31 il boyunca taxtda qaldı. 17 ildir davam edən siyasi böhranı sonlandıraraq ölkədə sabitliyi bərpa etdi.
Əl-Məlikül-nasir Məhəmmədin ardından onun yerini tuta bilməyən oğulları və nəvələrinin dövrü başladı. Bahri Məmlüklərinin başa çatmasına qədər keçən 42 illik dövrdə 8 oğlu və 4 nəvəsi sultan oldu. Əl-Məlikül-nasirin ilk oğlu iki ay, 8 yaşında taxta çıxan ikinci oğlu 5 ay, üçüncü oğlu 4 ay sultan ola bilmişdi. 17 yaşında taxta çıxarılan dördüncü oğlu da 3 il davam edən səltənətində əmirlərin əlində oyuncağa çevrilmişdi. Əl-Məlikül-nasirin beşinci oğlu Əl-Məlikül-kamil Şaban isə 14 ay davam edən səltənətinin son ayları istisna olmaqla, bütün səltənəti boyunca taxta çıxmasında kömək dən ögey atasının təsiri altında qaldı. Şəxsi mal-mülkünü artıran Əl-Məlikül-kamil təyinatlar və iqta sistemi üçün yeni bir vergi təyin etdi. Ölümü də vergilər səbəbilə çıxan bir üsyan nəticəsində oldu (20 sentyabr 1345). Əl-Məlikül-nasirin 15 yaşında taxta çıxan altıncı oğlu Zeynəddin Hacı da sərt siyasəti və əyləncəyə düşkünlüyü səbəbilə eyni aqibətlə üzləşdi və taxtdan endirilərək öldürüldü (16 dekabr 1347). 11 yaşında taxta çıxan və atasının ünvanını alan Əl-Məlikül-nasir Həsən 8 qardaşı arasında atasının uğurunu təkrarlayan yeganə sultan oldu (1347–1351). İkinci səltənətinin (1354–1361) ilk illərindən etibarən hakimiyyəti ələ alan Həsən atasının məmlüklərini vəzifədən alaraq öz şəxsi ordusunu yaratdı. Ancaq sonda bu fəaliyyətinin qurbanı oldu və öz məmlüklərindən bir dəstə üsyan qaldıraraq onu taxtdan endirdi (mart 1361).
Üsyanı həyata keçirən əmirlərin Sultan Zeynəddin Hacının oğlu Səlahəddini taxta çıxarması ilə Əl-Məlikül-nasirin nəvələrinin dövrü (1361–1382) başlamış oldu. Səlahəddin taxta çıxarkən 12 yaşında idi və 2 il davam edən səltənəti boyunca əsl hakimiyyət, sonda onu taxtdan endirərək əmisi Hüseynin oğlu Şabanı taxta çıxaran Yelboğa Əl-Ömərinin əlində idi. 1363-cü ildə hələ 12 yaşında taxta çıxan Əl-Məlikül-əşrəf 1367-ci ildən etibarən hakimiyyəti ələ ala bildi. Onun dövründə (1363–1376) önəmli hadisələr baş verdi. 1365-ci ildə İsgəndəriyyə səlibçilər tərəfindən işğal edildi. Kipr kralının idarəsindəki səlib donanması böyük qətliam törədərək şəhəri darmadağın etdi və İslam ordusunun yaxınlaşması ilə şəhərdəki qadın və uşaqları gəmilərə yığaraq geri çəkildi. Buna baxmayaraq güclü bir sultan olan Əl-Məlikül-əşrəfin səltənətinin ikinci yarısı olduqca sakit və sabit keçdi. 1375-ci ildə Kilikiya erməni krallığı ortadan qaldırıldı və bu dövlətə aid torpaqlar Məmlüklərin şimal sərhəddini təşkil etdi. Sultanın ölümü də sərt siyasəti səbəbilə oldu. Sərt rejimdən bezən bir qrup əmir, Əl-Məlikül-əşrəf həcc ziyarəti səbəbilə Qahirədən ayrıldıqdan sonra onun ölüm xəbərini yayaraq hələ 7 yaşındakı oğlu Ələddin Əlini sultan elan etdi. Daha sonra sabiq sultanı ələ keçirərək öldürdülər (26 mart 1376). Ələddin Əlinin dövrü (1376–1381) güclü əmirlərin iqtidar mübarizələrinə şahid oldu. Bu mübarizənin qalibi Burci Məmlüklərinin lideri Bərkuk, sultan atabəyi ünvanı alaraq türk əsilli əmirləri vəzifədən aldı. Sultanın vəfatının ardından taxta çıxarılan 11 yaşındakı qardaşı II Zeynəddin Hacı dövründə (1381–1382) idarəni əlində tutdu. Nəhayət, azyaşlı sultanın acizliyini bəhanə edərək şəxsən özü taxt çıxdı (noyabr 1382).
Burci Məmlükləri dövrünün ilk sultanı olan Bərkuk (1382–1399) türk əmirlərin üsyanıyla mübarizə apardı və 1387-ci ildə taxtdan çəkildi. Ancaq mübarizəni davam etdirdi və 8 ay sonra taxtını geri alaraq ölkədə sabitliyi təmin etdi. Əmir Teymura qarşı Osmanlı və digər müsəlman dövlətləri ilə ittifaq qurdu. Qaraqoyunlu və Cəlair sultanlarını ölkəsinə qəbul edərək onlara istədikləri yardımı göstərdi və bununla da, Əmir Teymura qarşı siyasət yürütmüş oldu.
Bərkukun yerinə keçən oğlu Sultan Fərəc dövründə (1399–1412) Əmir Teymurun Suriyaya hücumu və şəhərləri darmadağın etməsi, ardından məmlük qruplarının çıxardığı üsyanlar səbəbilə ölkədə sabitlik pozuldu. Onun çıxan üsyanların birində öldürülməsinin ardından Məmlük dövlətində ilk və son dəfə xəlifəliklə sultanlıq eyni adamda birləşdi. Ancaq sultan elan edilən xəlifə Müstain-billah yalnız 6 ay taxtda qala bildi. Belə ki, əsas hakimiyyəti əlində saxlayan Əl-Məlikül-müəyyəd Şeyx Əl-Mahmudi yerli əmirlərin təklifi ilə sultan elan edildi. Şeyx Əl-Mahmudi (1412–1421) Suriya və Misirdə çıxan üsyanları yatırmış, tabelikdən çıxan Qaramanoğullarını yenidən tabe etmiş və cənub-şərqi Anadoludakı bəyliklərin güclənməsinin qarşısını almışdı.
Şeyx Əl-Mahmudinin hələ 2 yaşında taxta çıxan oğlu Əhmədin səltənəti isə təxminən 7 ay sonra öz hamisi Seyfəddin Tatar tərəfindən sonlandırıldı. Seyfəddin Tatarın 3 ay sonra ölməsinin ardından yerinə kiçik yaşdakı oğlu taxta çıxarıldı. Bu dövrdə dövləti idarə edən Barsbayın dövründə isə (1422–1438) Məmlük tarixinin ən önəmli dəniz səfərləri həyata keçirildi. Kipr adası fəth edildi (1426) və Kipr krallığı vergiyə cəlb olundu. Buna baxmayaraq sarsılan iqtisadiyyatı tənzimləyə bilmədi.
Barsbayın oğlu Yusif isə sadəcə ünvan olaraq çıxdığı Misir taxtında 3 ay qala bildi. Onu taxtdan endirən Əl-Məlikül-zahir Seyfəddin Çaxmaq (1438–1453) ölkədə sabitliyi və sülhü təmin etdi. Malta cəngavərlərinə qarşı güclü mübarizə apardı. Şahrux, Sultan Murad və digər Anadolu bəyləriylə dostluq əlaqələri yaratdı. Çaxmaqın oğlu Osman isə yalnız 2 ay taxtda qala bildi. 73 yaşında sultan elan edilən Əl-Məlikül-əşrəf Seyfəddin İnal 8 il davam edən səltənətində (1453–1461) ölkədə sabitliyi təmin etsə də, Osmanlılarla münasibətlər pisləşdi. Əl-Məlikül-əşrəfdən sonra taxta çıxan oğlu Əhmədi 4 ay sonra devirən əmirlər Sultan Xoşqədəmi taxta çıxardılar. Alban əsilli olan Sultan Xoşqədəm (1461–1467) çıxan üsyanları yatıraraq ölkədə sülhü təmin etdilər. Özünə tabe etdiyi Ağqoyunlu sultanı Uzun Həsəni Qaraqoyunlulara və Dulqədiroğullarına qarşı dəstəklədi. Osmanlılarla piləşən münasibətlər daha da ağırlaşdı. Sultan Xoşqədəmin ölümünün ardından taxt 4 ay içində 4 dəfə dəyişdi. Bu 4 nəfər (Əmir Yelbay, Teymurboğa, Xeyir bəy, Qayıtbəy) arasında 1 gecə sultan ola bilən də vardı.
28 il taxtda qalan (1468–1496) və Burci Məmlüklərinin ən böyük sultanı hesab edilən Qayıtbəysəltənəti boyunca Osmanlılarla mübarizə apardı. Hər iki tərəfin orduları arasında Çuxurovada gedən döyüşlər 5 ildən çox davam etdi və 15 illik bir sülhün bağlanması ilə başa çatdı. Daha da pisləşən iqtisadi vəziyyət nisbətən düzəldi.
Qayıtbəyin ardından ölkədə sabitlik yenidən pozuldu. 5 il içində 5 sultan dəyişdi. Üsyanlarla taxtdan endirilən sultanlardan üçü öldürülmüşdü. Hətta, taxta çıxmaq ölümü gözə almaq hesab edilirdi. Belə ki, Tomanbay Əl-Adili taxtdan endirən əmirlərdən heç biri taxta çıxmaq istəməmişdi. Bu cəsarəti göstərən Kansu Qavri isə istədikləri vaxt taxtdan çəkiləcəyinə söz verərək öldürülməməsi haqqında əmirlərdən söz aldı. Əsgərlərin maaşlarını belə ödəyə bilməyən Kansu Qavri bu səbəblə sərt siyasət yeritdi. İqtisadi böhranı tüşdürmək üçün vergiləri artırdı, vəqf torpaqlarından və digər xeyriyyə müəssisələrindən vergi aldı. Yeritdiyi bu siyasət isə Məmlük iqtisadiyyatını daha da pisləşdirdi. Bundan başqa Hindistan ticarət yolu səbəbilə portuqallarla apardığı mübarizədə qələbə qazana bilmədi. Apardığı dəniz döyüşlərində Osmanlılardan texniki və hərbi baxımdan yardım aldı. Ancaq bir müddət sonra iki ölkə arasındakı münasibətlər yenidən pisləşdi.
Şah İsmayılı məğlub edən Yavuz Sultan Səlimin Məmlüklərə tabe olan Dulqədiroğullarını aradan qaldırması ilə iki dövlət arasındakı münasibətlər müharibə şəraitinə gəldi. Nəhayət, Kansu Qavrinin Şah İsmayılla ittifaq qurmasını bəhanə edən Sultan Səlim Misirə səfərə çıxdı və Osmanlı Mərcidabık döyüşündə (24 avqust 1516) Məmlük ordusunu ağır məğlubiyyətə uğratdı. Xəzinəsi Osmanlıların əlinə keçən Sultan Qavri bu döyüşdən sonra gözdən itdi. Döyüşdən sonra sülh yolu ilə Hələbə daxil olan Osmanlı ordusu Həma, Homs və Dəməşqi aldı.
Qahirədə sultan elan edilən son Məmlük sultanı Tomanbay böyük çətinliklərlə ordu toplamağa başlamış, bu əsnada Dəməşqdə olan Sultan Səlimin tabe olması ilə bağlı yazdığı məktubu aldı. Sultan Səlim, təslim olma şərti olaraq Tomanbayı yenidən Misir hakimi olaraq saxlayacağına söz verirdi. Ancaq göndərilən sülh şərtinin qəbul edilməməsi və Osmanlı elçisinin öldürülməsi müharibəni qaçınılmaz hala gətirdi. Tomanbay maddi çətinliklərə baxmayaraq paytaxtını qorumaq üçün Müqəddəm dağlarından Nil çayı hövzəsinə qədər olan ərazidə istehkamlar qurdu. Avropadan aldığı 200 döyüş topunu Osmanlı ordusunun keçəcəyi istiqamətə yerləşdirdi. Ancaq cəsusları vasitəsilə bu hiyləni öyrənən Sultan Səlim Müqəddəm dağının ətrafından dolaşaraq Məmlük ordusuna arxadan zərbə endirdi və gətirdiyi topları istifadə edə bilməyən Tomanbay məğlub oldu (23 yanvar 1517). Döyüş meydanından qaçdıqdan bir müddət sonra Qahirəyə geri dönən Tomanbay nəhayət, ələ keçirildi və asılaraq edam olundu (13 aprel 1517). Beləliklə, Məmlüklər dövləti tarix səhnəsindən çıxdı və bütün torpaqları Osmanlıların əlinə keçdi.