Mərv

Mərv
37°39′46″ şm. e. 62°11′33″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 353,24 ha
  • 883,3 ha
Xəritəni göstər/gizlə
Mərv xəritədə
Mərv
Mərv
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mərv (türkm. Merw; rus. Мерв; fars. مرو‎, Marv, Çince: 木鹿, Mulu) — bir zamanlar Böyük Səlcuqlu dövlətinin (ərəb. السلاجقة‎ əl-Salācike, fars. سلجوقيان‎ Salcūkiyān), paytaxtı Mərv şəhəri Türkmənistan sərhədləri içində tarixi İpək yolu güzərgahı üzərində qurulmuş bir çöl şəhəridir. Bu şəhər bəzi qaynaqlarda Mərvi-Şahcəhan da adlanırdı.

Bu qədim sivilizasiyanın paytaxtı isə Türkmənistanın Marı şəhərindən 30 kilometr şərqdə yerləşən Mərv şəhəri olub. Eramızdan əvvəl V–III əsrlərdə çiçəklənməyə başlayan Irani-Margian sivilizasiyası Orta Asiya, Cənub-Şərqi Asiya, indiki Əfqanıstan, İran, Ərəbistan yarımadası, Yaxın və Orta Şərqin mədəni inkişafında mühüm rol oynayaraq min illər boyu onlar üçün mədəni, mənəvi, elmi mərkəz rolunu oynayıb. Sonrakı dövrlərdə Parfiya və Oğuz-Səlcuq mədəniyyəti tarixində dərin izlər buraxan bu qədim sivilizasiya mərkəzi bölgədə islamın yayılması ilə bağı yeni bir inkişaf dövrü yaşayıb. Ərəb xəlifələrindən olan Abbasilər dövründə Mərv şəhəri ərəb mədəniyyətinin Türküstandakı mədəniyyət mərkəzinə çevrilmişdi. Burada onlarla kitabxana fəaliyyət göstərirdi. Samanilər və Səlcuqlular dövründə isə Mərv öz inkişafının ən yüksək mərhələsinə çatmışdı. Səlcuqlu sultanı Sultan Səncərin dövründə Mərv şəhəri əhalisinin sayına və gözəlliyinə görə Bağdad və İstanbul (Konstantinopol) şəhərlərini belə geridə qoyurdu. O dövrdə Mərvi dünya şəhərlərinin çarı ("Şahı-cahan") adlandırırdılar.

Məşhur ərəb alimi və səyyahı Əl Makdisi yazır: "Hicazda şəhərlərin anası Məkkə, Xorasanda isə Mərvdir".

IX əsr məşhur ərəb coğrafiyaşünası və səyyahı əl-İstərxi Mərvi gördükdən sonra heyranlıqla: "Mərv Xorasanın ən yaxşı şəhərlərindən biridir",- deyə yazmışdı. O dövrdə Mərvlə müqayisədə qədim Türküstanın (Mərkəzi Asiyanın əvvəlki adı) digər məşhur şəhərləri olan Səmərqənd, Buxara və digərləri əyalət şəhərləri təsiri bağışlayırdılar. İlkin orta əsrlərdə Mərv şəhərinin ərazisi yalnız qala divarları daxilində 235 hektardan artıq idi.

Mərv sivilizasiyasının olduqca yüksək şəkildə inkişaf etməsini burada hazırlanan hərbi silah və geyimlər də təsdiq edir. Xüsusilə Mərvdə hazırlanan zirehlər və digər hərbi silahlar o dövrdə böyük şöhrət qazanmışdı. Məsələn, məşhur tarixçi və çoğrafiyaşünas alim Plutarx "Müqayisəli həyat salnamələri" adlı əsərində yazırdı ki, Mərvdə hazırlanan dəbilqələr və zirehli geyimlərin parıltısı baxanın gözlərini qamaşdırırdı. Digər tanınmış alim Plini isə yazır ki, Roma imperiyasında Mərv poladından hazırlanan silahlardan istifadə etməyə xüsusi əhəmiyyət verirdilər.

Arxeoloji qazıntılar qədimlərdə Mərvin həm də yüksək keyfiyyətli pambıq parça mərkəzi olduğunu üzə çıxardı. Əl-İstəxri yazır ki, Mərv pambığından toxunan parçalar çox yüksək keyfiyyətə malikdir. Bağdad xəlifələri bunu nəzərə alaraq Mərvdə xüsusi parça toxuma müəssisəsi açmışdılar. Xəlifə əl-Mustəkfi vəfat edəndən sonra xəzinədə Mərvdən gətirilən böyük həcmdə pambıq parça və 13 min ədəd çalma aşkar edilmişdi.

Onu da deyək ki, Mərvdə bir çox məşhur simalar, o cümlədən Sasani şahı Xosrovun vəziri, tanınmış diplomat Buzurtmirx, Şərqin ən böyük mütəfəkkirlərindən olan Ömər Xəyyam, İmadəddin İsfəhani, filosof və səyyah Varzuyə, musiqiçi Barbut və digərləri yaşayıblar. IX əsrdə Mərvdəki xəstəxanalardan birində işləyən həkim İbn Masın yanına Şərqin hər yerindən xəstələr gəlirdilər.

Bir sözlə, Şərq mədəniyyəti və sivilizasiyası tarixində Mərv qədər böyük inkişaf yolu keçmiş ikinci bir sivilizasiya mərkəzi tapmaq mümkün deyil.

Mərvin məhvinə səbəb isə 1221-ci ildə baş verən monqol-tatar hücumları oldu. Monqol-tatarlar dünyanın ən gözəl və qədim sivilizasiya mərkəzini başdan ayağa yandıraraq yerlə yeksan etdilər. Yalnız 1407–1409-cu illərdə məşhur sərkərdə Teymurləngin oğlu Şahrux Mərvi yenidən bərpa etmək fikrinə düşdü. Amma o yeni şəhəri qədim Mərvin qalıqlarından xeyli cənubda inşa etdirdi.

Hazırda qədim Mərv şəhərinin qalıqları arasında 5 keçmiş yaşayış məskəni, Ərk-qala, Gavur-qala, Sultan-qala, Abdullaxan-qala və Bayraməli xan-qala var. Onların bəziləri dağılmış vəziyyətdədir.

Şəhərdəki ən möhtəşəm tarixi abidələrdən biri də 1140-cı ildə inşa edilən Səlcuqlu sultanı Sultan Səncərin mavzoleyidir. 40 metr hündürlüyündə olan bu abidə indinin özündə, dağılmış vəziyyətdə belə, görənləri heyran edir. Mavzoleyin yuxarı hissəsində nazik kərpiclərdən incə şəkildə inşa edilən dairəvi qübbə var.

Mərvdəki digər tarixi abidələr isə bunlardır: Sultan-qala, Abdullaxan-qala, əl-Hakim ibn Əmir əl-Cəfəri və Burayda ibn əl-Hüseyn əl-İslami mavzoleyi, Məhəmməd ibn Zeyd (XII əsr), Talxatan-baba mavzoley kompleksi, İmam Qasım, İmam Şafi, İmam Bəkr abidələri, Yusuf Həmədani məscidi (XIII əsr), Ərk-qala qalasının qalıqları (VI əsr), Gavur qaladakı xristian və buddist məbədlərinin, Bəni-Makxan (VII–XII əsrlər) məscidinin qalıqları, Böyük və Kiçik Qız qalaları, Qız Bibi mavzoleyi. Həmçinin şəhərdə qədim dövr padşahlarına və varlı əyanlarına aid sarayların, hamamların və digər möhtəşəm binaların qalıqları yerləşir.

Bundan əlavə, Mərvdəki Dandankan və Talxatan-baba (XII əsr), Akuyli-Kouşuk köşkü (ev-qala, IX–XIII əsrlər) Haram keşk qəsri (IX–XIII əsrlər), Durnalı şəhərciyi (I–II əsrlər), Kebekli şəhərciyi və digərləri də diqqəti cəlb edir.

Mərv və səlcuqlular

[redaktə | mənbəni redaktə et]
Mərvdə Sultan Səncərin türbəsi

Səlcuqlar I Məsudun Hindistanda olmasından istifadə edərək, Bəlx, Tus, Mərv şəhərlərini ələ keçirdilər. Qəznəvi qoşununu məğlub edib, 1038-ci ildə Xorasanın əsas şəhəri Nişapuru tutdular. Beləliklə, 1038-ci ildə mərkəzi Nişapur olan Böyük Səlcuq imperatorluğu yarandı.

I Məsud 50 minlik qoşun, 300 döyüş fili ilə səlcuqlara qarşı çıxdı. Döyüş zamanı səlcuqlar geri çəkildilər. Əhali ağır vergilərə görə Qəznəvi döyüşçülərinə kömək etmədi. 1040-cı il maym 23-də Mərv yaxınlığında Dəndənəkan adlı yerdə Səlcuqlarla Qəznəvilər arasında qanlı döyüş baş verdi. Səlcuq ordusu milli döyüş üsulundan istifadə edərək, qollara ayrıldı. Bir qol vuruşandan sonra geri çəkilir, onu başqası əvəz edirdi. Qəznəvi ordusunda vuruşan 300 oğuz türkü səlcuqların tərəfinə keçdi. Oğuzlar qalib gəldilər.

Mərv və Qacarlar

[redaktə | mənbəni redaktə et]

Mərv qacarlarının məşhur nümayəndələrindən biri Mehrab xandır. I Şah Abbas 1614-cü ildə Mərvin hakimi Bəktaş xan Ustaclını çıxardı. Şah onu Mehrab xan Qacarla əvəz etdi. Mehrab xan 1623-cü ildə Mərvdə vəfat etdi. Mehrab xanın Murtuzaqulu bəy, Gədaəli bəy adlı oğulları vardı. Murtuzaqulu bəy Mərv ətrafında doğulmuşdu. Siyasi yaşama qatılmışdı. I Şah Abbas əvvəlcə ona sultan, sonra xan ünvanı vermişdi. Azərbaycanın bəylərbəyi olmuşdu. Bir müddət Mərvə və Məşhədə başçılıq etmişdi. Murtuzaqulu xan II Şah Abbas Səfəvinin qorçubaşısı olmuşdu. Mehrab xanın ikinci oğlu Gədaəli bəy Mərv yörəsində dünyaya gəlmişdi. Atasının yanında, orduda xidmət etmişdi. Sonra Dəvriqin hakimi olmuşdu. Mehrab xanın Şərifxan bəy adlı qardaşı vardı. I Şah Abbasa xidmət etmişdi. Mərv qacarlarının adlı nümayəndələrindən biri Məhəmmədəli bəydir. Məhəmmədəli bəy Mərvin hakimi olmuşdu. Nadir şah ondan Mərvi alıb qaynı Kəlbəli xan Kosaəhmədli-Avşara vermişdi. Məhəmmədəli bəyin Şahqulu bəy adlı oğlu vardı. Şahqulu bəy şahdan xan ünvanı almışdı. Şahqulu xan Nadir şah Qırxlı-Avşarın hakimiyyəti dönəmində, 1740-cı ildə Mərvin valisi təyin edilmişdi. Şahqulu xan Əliməhəmməd bəy adlı bir satqının iftirasına uğramış, şahın gözündən düşmüşdü. Şaha satmışdılar ki, guya o, Məhəmmədhəsən xan Qovanlı-Qacarla əlbirdir. Şah onu yabaya sancıb hüzuruna gətirtmişdi. Sarayda onu hər gün nəsəkçilər döyür, günahı boynuna almağı tələb edirdilər. Mərv qacarlarının səsli nümayəndələrindən biri də Bayraməli bəydir. Bayraməli bəy Nadir şahın ordusunda qacar qoşunun minbaşısı idi. Şahqulu xanın xəyanəti üzə çıxanda şah Bayraməli bəyə əmr etmişdi ki, Şahqulu xanı tutub saraya gətirsin. Mərv qacarlarının sədalı nümayəndələrindən biri də Məhəmmədsəlim bəydir. Məhəmmədsəlim bəy Şahqulu xanın köməkçisi və bütün Türküstan qoşunun nəsəqçibaşısı idi.

  • Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi. Bakı: "Şuşa", 2008, 334 səh.